Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8408/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2310,24 manat əsas borc, 322,01 manat faiz borcu və 138,14 manat cərimə olmaqla, ümumilikdə cəmi 2770,15 manat borcun və 47,70 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən 120 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il may ayının 21-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2310,24 manat əsas borc, 322,01 manat faiz borcu və 276,27 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2908,52 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 276,27 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 138,14 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 284-1, 442, 448.1, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər toplusu (Əlavə 1) razılaşma (1 nömrəli Əlavə) bağlanmışdır.
6. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1- 1428-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, 10000 (on min) manat məbləğində kredit limiti ayrılmışdır.
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1- 1428-22/2 nömrəli (kreditin verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,92% olmaqla, 6000 (altı min) manat məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1- 1428-22/2 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 İddiaçı ASC-yə müqavilə üzrə xx.xx.2025-ci il tarixə qədər 6000 manat əsas, 1541,76 manat faiz məbləği olmaqla, ümumilikdə 7541,76 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Z/19852/22 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış Z/19851/22 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 2310,24 manat əsas borc, 322,01 manat faiz, 276,27 manat cərimə borcu olmaqla, ümumilikdə 2908,52 manat borcu vardır.
12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
13. İddiaçı ASC tərəfindən X1, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun 5 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci bəndinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış və həmin razılaşmaya görə Cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22/2 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmış və həmin razılaşmaya görə Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,92% olmaqla, 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında Z/19852/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4-MCR-1-1428-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında Z/19851/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4- MCR-1-1428-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Beləliklə, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmişdir.
17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2310,24 manat əsas borc, 322,01 manat faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (boc alan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2310,24 manat (iki min üç yüz on manat iyirmi dörd qəpik) əsas borc, 322,01 manat (üç yüz iyirmi iki manat bir qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
19. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 138,14 manat cərimənin tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada 138,14 manat (yüz otuz səkkiz manat on dörd qəpik) cərimə məbləği tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
22. Eləcə də, iddiaçı 47,70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,70 manat (qırx yeddi manat yetmiş qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2310,24 manat (iki min üç yüz on manat iyirmi dörd qəpik) əsas borc, 322,01 manat (üç yüz iyirmi iki manat bir qəpik) faiz borcu, 138,14 manat (yüz otuz səkkiz manat on dörd qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,70 manat (qırx yeddi manat yetmiş qəpik) olmaqla, cəmi 2818,09 manat (iki min səkkiz yüz on səkkiz manat doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova