Məhkəmə qərarları › İş №e-2-2(113)-844/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-844/2025

07.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-844/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, stansiya xidmətlərinin göstərilməsi, tapşırıq müqaviləsi, təbii inhisar fəaliyyəti, qanuni faiz, estoppel prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2023-cü ilin iyul, avqust və sentyabr aylarında göstərilmiş xidmətlər üzrə 119 830,36 manat əsas borc, 5500,07 manat faiz borcunun və ödənilmiş 416 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin iyul, avqust və sentyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının “Çarxı” stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “ünvandəyişmə üzrə yığım”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə 119 830,36 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.2. Stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatı”nın 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdehin direktorunun imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmişdir və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Qeyd olunmalıdır ki, 2023-cü ilin iyul ayında iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsi, xx.xx.2023-cü ildə isə 13-1/2- 8038/2023 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair yazılı müqavilə bağlanmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 445.7-ci maddələri, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.4-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1, 3.2.4, 3.2.25-ci və s. bəndləri göstərilmişdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. işin faktiki vəziyyəti bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixində 5 ədəd yeni alınmış X2lar “Xudat” stansiyasına daxil olmuşdur. "xxxx"a məxsus dalan dəmir yolu hazır olmadığına görə vaqonların “Xudat” stansiyasında dayandığı halda cərimə tətbiq ediləcəyi cavabdehə məlum olmuşdur. Buna görə də vaqonları müvəqqəti dayandırmaq barədə yaxınlıqda yerləşən “Çarxı” stansiyasının ərazisində olan "xxxx" MMC ilə müqavilə bağlanılmışdır. 3 gün həmin yerdə vaqonlar qaldıqdan sonra xx.xx.2023-cü ildə vaqonlar “Çarxı” stansiyasına çatmışdır. Bununla belə iddiaçıya müqavilə imzalanması üçün cavabdeh tərəfindən müraciət edilmiş və xx.xx.2023-cü ildə cavab olaraq kontragent kimi tanınma haqqında sənəd təqdim edilmişdir. Həmçinin cavab məktubunda bildirilmişdir ki, sözügedən məktubda göstərilən məbləğin silinməsi iddiaçıda büdcə kəsrlərinin yaranmasına, iqtisadi fəallığın pozulmasına, hamının digər sahibkarlıq subyektlərinə münasibətdə cavabdehin üstün hüquqlar əldə etməsinə şərait yaradacağından qaldırılan iddia ilə bağlı məsələlərin müsbət həlli cavabdehin imkanı xaricindədir. 5.2. İddiaçı 23 may 2023-cü ilədək olan tarixə 5 vaqona görə 119 830,36 manat cərimə hesablamışdır. Halbuki vaqonlar iddiaçıya məxsus heç bir yolda dayanmamışdır və tətbiq edilən cərimələr qapalı vaqon kimi yox, refseksiyalı vaqon kimi 4 dəfə baha hesablanmışdır. Lakin cavabdehin vaqonları refrejerator seksiyadan ibarət deyil, avtonomdur. Bu o deməkdir ki, vaqonlar qapalı vaqon bazasında yığılmışdır. Refseksiyalılar isə 5 vaqondan ibarət olur, ortada olan bir vaqonda isə mexaniklər olur, insan faktoru olduğuna görə refseksiyalılar baha hesablanır. Cavabdehin vaqonlarda isə, ümumiyyətlə, xidmət etmək üçün insan olmur. Tərəflər arasında bağlanmış müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin A bəndinə isə göstərilmişdir ki, sifarişçi “Çarxı” stansiyasına birləşən "xxxx" MMC-yə məxsus olan dəmir yolunda qarşılıqlı maraqların mövcudluğuna əsaslanaraq yük əməliyyatı aparmaq niyyətindədir. 5.3. Göründüyü kimi, iddiaçının müqavilə üzrə tələbetmə hüququ ona məxsus olan dəmir yollarının əhatə dairəsi ilə məhdudlaşdırılmışdır. Bu mənada iddiaçının başqa hüquqi şəxsə məxsus olan sahədə yerləşən dəmir yoluna görə subyektiv hüququ yoxdur. Xüsusi olaraq vurğulanmalıdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 8.5-ci maddəsinə görə dalan dəmir yolu stansiyasına birbaşa yox, bilavasitə başqa dalan dəmir yolu xətti vasitəsi ilə birləşərsə, marşruta müvafiq həmin dalan dəmir yolu xətti üzrə xidmətin icrasına maneə ola biləcək və gedişatını məhdudlaşdıran hərəkət və hərəkətsizlik, sifarişçi və birləşdiyi həmin dalan dəmir yolu sahibi arasında olan münasibətlər, mübahisələr, fikir ayrılıqları, tələblər və ya hər hansı anlaşılmazlıqlar yarandıqda sifarişçi tərəfindən dərhal aradan qaldırılmalıdır və bu cür halın baş verdiyi andan aradan qaldırıldığı anadək icraçı xidmətin icrasını dayandıra bilər. Sözügedən məsələlərin aradan qaldırılması üçün də qabaqlayıcı preventiv tədbirlər görülmüş, "xxxx" MMC ilə vaqonlara dair icarə müqaviləsi bağlanılmışdır. Tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq öz öhdəliklərinin həcmi barədə razılığa gəlmiş, öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı müqavilənin ziddinə olaraq hüquqdan sui-istifadə edərək başqa şəxsin mülkiyyətində olan sahəyə dair göstərilən xidmətə görə pul tələb edir ki, bu tamamilə əsassızdır.

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 387.3, 390.1, 399.1, 560.1, 560.3.5-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli Qərarlarına istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdehin istəyi ilə vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyasına ünvanının dəyişdirilməsinə görə yığım hesablanmışdır. Hesablamalar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”na uyğun olaraq aparılmışdır. Həmçinin xidmət haqqının ödənilməməsi ilə bağlı Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq faiz borcu hesablanmışdır.

8. Məhkəmənin xidmət haqqının hesablanmasının əsası ilə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, cavabdehlə “Çarxı” stansiyasından istifadə ilə bağlı müqavilə 23 may 2023-cü ildə bağlanıb. 08 aprel 2023-cü ildən 22 may 2023-cü ilə kimi vaqonlar "xxxx" MMC-yə məxsus dalan dəmir yolunda saxlanılıb. Adıçəkilən Qaydalara əsasən vaqonların "xxxx" MMC-yə məxsus dalan dəmir yolunda saxlanılmasına baxmayaraq, vaqonlar cavabdehə məxsus olduğundan ona yığım hesablanır. Vaqonlar "xxxx" MMC-yə məxsus olsa idi, ona yığım hesablanmayacaqdı. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün məxsusluğundan asılı olmayaraq verilən bütün vaqonlara (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonları istisna olmaqla) dalan yolunda dayanmasına görə Qaydaların 7.1-ci bəndinə əsasən 1068 saat üzrə 71002,84 manat (ƏDV daxil) istifadə haqqı hesablanmışdır. Bundan başqa, Qaydalara görə, hər ox üçün 30 manat yığım hesablanır. Bir vaqonun 4 oxu olduğundan bir vaqona görə 120 manat hesablanmışdır. Boşdayanmaya görə isə hesablama aparılmamışdır. Müqavilə bağlandıqdan sonrakı tarixlərdə də yığımlar hesablanmış, sənədlər təqdim olunmuşdur. Həmçinin, iddia ərizəsində iyul, avqust və sentyabr aylarında göstərilən xidmət qeyd olunmasının səbəbi odur ki, göstərilmiş xidmətlər həmin tarixlərdə rəsmiləşdirilmişdir.

9. Məhkəmənin cavabdehin vaqonlarının növü ilə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, hər bir halda vaqonlar refrejerator vaqonlardır və yığım da düzgün hesablanıb. Refrejerator vaqonlar soyutma funksiyası olan vaqonlardır. Cavabdehin vaqonları soyutma funksiyasına malikdir.

10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdehin vaqonları avtonom olub, lakin hesablama refrejerator vaqonlara uyğun aparılıb. Belə ki, cavabdehin vaqonları yeni tip vaqonlar olduğundan Qaydalarda həmin tip yoxdur, analogiya tətbiq edib refrejerator vaqonlara uyğun hesablama aparıblar. "xxxx" MMC ilə cavabdeh arasında icarə müqaviləsi var. Belə çıxır ki, cavabdeh həm "xxxx" MMC-yə icarə haqqı, həm də iddiaçıya pul ödəməlidir. Halbuki vaqonlar məhz "xxxx" MMC-nin dalanında saxlanılmışdır. Qaydalarda xidmətlərin göstərilməsi üçün yığımlar nəzərdə tutulub, lakin hər hansı xidmət göstərilməyib.

11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, Qaydalara əsasən izotermik termos vaqonlar kimi bağlı 6-cı qrupa uyğun hesablama aparılmalı idi. Lakin 5-ci qrup vaqonlara, yəni refrejerator vaqonlara uyğun olaraq hesablama aparılıb. İddiaçı tərəfindən hüquqdan sui-istifadə olunub. Hazırkı vəziyyətdə bu tip vaqonlara münasibətdə Qaydalarda qeyd olunan 6-cı qrup vaqonlara uyğun yığımların hesablanması aparılır. Bununla yanaşı, iddiaçı tərəf müraciətlərə cavab verməyib, müqavilə bağlamayıb və cavabdehi əlverişsiz vəziyyətə qoyub.

12. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı çıxış təqdim edərək göstərmişdir ki: – cavabdeh tərəfindən alınmış vaqonlar iddiaçının smart proqramında izotermik (termos) vaqon olaraq qeydiyyata alınmasına, yığımlar kitabında Vİ qrupa daxil olmasına baxmayaraq, “Çarxı” stansiyasının yük kassiri tərəfindən vaqonlar refrejerator vaqonları kimi V qrup vaqon olaraq yığımların hesablanması aparılmış və nəticədə cavabdehə maddi ziyan vurulmuşdur. – Vaqonları istehsal edən Qazaxıstan Respublikasının “Cool İnfinity” şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:00-da “Xudat” stansiyasına göndərilmiş 83349019, 83349001, 83349043, 83349035, 83349027 nömrəli izotermik vaqonlar xx.xx.2023-cü il tarixdə saat 10:30-da cavabdehin dalan yolunun hazır olmaması səbəbindən ünvan dəyişmə edilərək “Çarxı” stansiyasına göndərilmişdir. Xüsusi olaraq vaqonlar “Xudat” stansiyası üzrə ümumi istifadə yolunda 59 v/s boş dayanmasına görə yığımlar kitabının tələbinə əsasən 1976,30 manat ƏDV daxil istifadə yığımı, ünvan dəyişməyə görə 206,50 manat ƏDV daxil ünvan dəyişmə yığımı və ünvan dəyişməyə görə verilmiş 17,70 manat ƏDV daxil teleqraf yığımı, cəmi 2200,50 manat yığım hesablanmışdır və hesablanan məbləği cavabdeh qəbul edir. – “Çarxı” stansiyasına xx.xx.2023-cü il tarixdə saat 12:10-da daxil olmuş həmin vaqonların “Qala Construction’’ MMC-nin yazılı razılığı əsasında 007922 saylı YKX seriyalı yaddaş vərəqəsi ilə xx.xx.2023-cü il saat 12:20-də dalan yoluna verilməsi qeydə alınmışdır. xx.xx.2022-ci il tarixində iddiaçının rəhbərliyinə 0604/001 saylı məktubla “Qala Construction’’ MMC-nin dalan dəmir yollarından istifadə edilməsinə dair müqavilənin bağlanmasına köməklik göstərilməsi ilə bağlı müraciət olunmuşdur. Müraciətə 15 gün ərzində rəsmi cavab verilməli olduğu halda, yalnız xx.xx.2023-cü il tarixdə cavab olaraq “Qala Construction’’ MMC-nin dalan yoluna verilmiş güzəştlərdən istifadəyə razılıq verilmişdir. Yığımlar kitabının, yəni “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 7.5-ci bəndinin tələbinə əsasən dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarışılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmamalıdır. Bu dalan yolunun istismar edilməsi barədə müqaviləyə edilmiş əlavələrlə tənzimlənir. – xx.xx.2023-cü il tarixdə, saat 21:15-də “Çarxı” stansiyasına daxil olmuş 83349027, 83349001, 83349035, 83349043 və 83349019 nömrəli izotermik vaqonlar stansiyanın ümumi istifadə yolunda 10 v/s boş dayanma ilə 196033 saylı YKX seriyalı yaddaş vərəqəsi ilə dalan yoluna verilmiş və qeydiyyata alınmışdır. Vaqonların dalan yoluna verilib-götürmə yığımı 181,72 manat (ƏDV daxil) və vaqondan istifadə yığımı 122,58 manat (ƏDV daxil) cəmi 304,30 manat hesablanmışdır. Cavabdeh tərəfindən həmin məbləğ qəbul edilir. xx.xx.2023-cü il tarixdə saat 12:04-də “Xudat” stansiyasına daxil olmuş 83349076, 83349084, 83349100, 83349118, 83349126 nömrəli izotermik vaqonlar cavabdehin dalan yolu vaqonların qəbuluna hazır olmadığına görə xx.xx.2023-cü il tarixdə saat 04:00-da “Çarxı” stansiyasına göndərilmişdir. Vaqonların “Xudat” stansiyası üzrə ümumi istifadə yolunda 64 v/s boş dayanmasına görə yığımlar kitabının tələbinə əsasən 2199,76 manat (ƏDV daxil) istifadə yığımı, ünvan dəyişməyə görə 206,50 manat (ƏDV daxil) ünvan dəyişmə yığımı və ünvan dəyişməyə görə verilmiş 17,70 manat (ƏDV daxil) teleqraf yığımı olmaqla cəmi 2423,96 manat yığımı cavabdeh qəbul edir. – “Çarxı” stansiyasına daxil olmuş həmin vaqonlar məlum olmayan səbəbdən stansiyanın ümumi istifadə yolunda xx.xx.2023-cü il tarixdən saat 04:00-dan xx.xx.2023cü il saat 14:00-a olan müddətdə saxlanılmasına və 196040 saylı YKX seriyalı yaddaş vərəqəsi ilə dalan yoluna verilərək qeydiyyata alınmasına baxmayaraq, hesablanmış istifadə yığımı qəbul edilmir. Ümumi istifadədə olan stansiya yolunda dayandığı vaxtda nəyə görə istifadə yığımı hesablanıb? Lakin “Çarxı” stansiyası üzrə 181,72 manat (ƏDV daxil) vaqonların dalan yoluna verilib-götürülmə yığımı hesablanmış və qəbul edilir. – Bundan başqa, yığımlar kitabının 6.9-cu bəndinə əsasən cərimə hesablanıb: hər oxa görə 30 manat. Bu o deməkdir ki 007922 saylı yaddaş vərəqində həm oxa görə, həm də istifadəyə görə hesablama aparılıb. 2022-ci il tarixli 534 nömrəli texniki pasportdan görünür ki, dalan dəmir yolu "xxxx" MMC-yə məxsusdur. Həmçinin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehə məxsus avtonom vaqonlar "xxxx" MMC-yə məxsus dalan dəmir yolunda saxlanılmış və vaqonlara görə iddiaçı tərəfindən hər hansı xidmət göstərilməmişdir. Yəni 3 tərəfli müqavilənin bir digər subyekti birbaşa iddiaçı tərəfindən heç bir stansiya xidmətinin göstərilmədiyini bildirmişdir. İddiaçının istinad etdiyi “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın İ bölməsinin 1-ci maddəsində göstərilmişdir ki, X9, X5, X4 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərədən, yükalanlardan və dalan dəmir yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Lakin işdən göründüyü kimi, heç bir xidmət göstərilməmişdir. Daha sonra iddiaçının istinad etdiyi “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın İ bölməsinin 4-cü bəndinə görə bu xidmətlərə görə yığımlara əlavə dəyər vergisi daxil edilməmişdir. Lakin iddiaçı tərəfindən bütün yığımlara ƏDV daxil edilərək hesablanmışdır. İddiaçının istinad etdiyi “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın Vİ bölməsinin 3-cü bəndinə görə dəmir yolu tərəfindən icarəyə verilmiş ümumi istifadə yoluna vaqonların verilib-götürülməsinə görə yığım (dalan dəmir yoluna xidmət göstərilən xidmət şərtlərindən və bağlanmış müqavilədən asılı olaraq) cədvəl 6-ya əsasən hesablanır. Lakin işdən göründüyü kimi, Vİ deyil, V cədvələ əsasən yığımlar hesablanmışdır. “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 1.5-ci maddəsində göstərilmişdir ki, beynəlxalq istiqamətdən daxil olmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilir. İşdən də göründüyü kimi, belə bir təqdimat olmadan yaddaş vərəqəsi bağlanılmışdır. Bu isə sübut kimi istinad edilən həmin yaddaş vərəqəsinin əhəmiyyətsiz olduğuna, bağlanmamış sayılmasına dəlalət edir. – İddiaçı tərəf "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etsə və işə əlavə edildiyini bildirsə də, həmin müqaviləni əlavə etməmişdir. İddiaçının iddia etdiyi məbləğlər isə hüquqi əsası olmayan hesablanmış cərimə məbləğləridir. Xüsusilə, iddiaçı öz iddiasının hüquqi əsası kimi xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etsə də, guya həmin müqavilədən əvvəl, yəni həmin ilin iyul, avqust, sentyabr aylarındakı stansiya xidmətlərinə pul tələb edir. Hansı ki, nə istinad edilən müqavilə üzrə, nə də müqavilə bağlanmadan öncə iddiaçı tərəfindən hər hansı stansiya xidmətləri göstərilmişdir. Tərəflər arasında xx.xx.2023-cü ildə üçtərəfli müqavilə bağlanmışdır ki, müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin sübuta, yəni xx.xx.2023-cü il tarixli müqaviləyə iddiaçı tərəfindən ümumiyyətlə istinad edilməmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə pul tələb edə bilməz. Belə ki, müqavilə bağlandığı andan qüvvəyə minmiş və özündən əvvəlki münasibətlərə şamil edilmir. Cərimə müqavilə bağlanan anadək, yəni 23 may 2023-cü ilədək olan tarixə hesablanmışdır. – X8, X6 və s. kimi iri cəmiyyətlər vaqon tariflərini qapalı vaqon kimi hesab edirlər, yalnız iddiaçı vaqonlara yüksək tarif şamil edir. Bunun izahı kimi X2ların yeni tip vaqon olduğuna görə Azərbaycan Dəmir Yolunun reqlamentində müvafiq paraqrafın olmadığını bildirirlər. Tərəflər arasında bağlanmış müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Təsisçiləri "xxxx" MMC (“X10” MMC və "xxxx" MMC-nin malliyələşdirdiyi) və "xxxx" MMC olan "xxxx" MMC yükdaşıma sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 32 ədəd ARV (X2) vaqonun istehsal edilərək təhvil verilməsi üçün Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Cool İnfinity” OOO şirkəti ilə xx.xx.2022 tarixində 105/45 saylı müqavilə imzalamışdır. Müqaviləyə əsasən "xxxx" ASC vasitəsilə xx.xx.2022-ci il tarixində 362 554 294,25 rubl və xx.xx.2022-ci il tarixində 4 279 480,64 rubl olmaqla ümumilikdə 366 833 775 rubl məbləğində vəsait 100 faiz avans ödənişi olaraq “Cool İnfinity” OOO ödənilmişdir. Müvafiq olaraq 2 il ərzində 21 ədəd vaqon böyük çətinliklərə baxmayaraq, artıq təhvil verilmişdir. Baxmayaraq ki, müqavilə üzrə razılaşmaya əsasən ümumilikdə 32 ədəd vaqonun 2023-cü ilin noyabr ayınadək təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin qarşı tərəfin vaqonların istehsalı üçün xammal materialları və avadanlıqları Rusiya Federasiyasından idxal olunduğundan, Rusiya ilə Ukrayna arasında baş vermiş və bu günədək davam edən müharibə və həmçinin Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar olaraq xammal olmadığı üçün istehsal prosesi ləngimişdir. Ləngimə proseslərinə uyğun olaraq müqaviləyə əlavələrlə vaqonların təhvil alınma tarixləri müvafiq olaraq uzadılmışdır. Hal-hazırkı vəziyyətdə 11 ədəd vaqon ölkəyə idxal olunmamışdır. – Nəticə etibarilə, sözügedən işlər dövlət nəzarətində olan, İqtisadiyyat Nazirliyinin razılığı, "xxxx" ASC-nin dəstəyi ilə həyata keçirilməkdədir. Həmçinin qeyd edildiyi kimi, hazırda cavabdeh vaqonların ölkəyə gətirilməsi ilə bağlı çətinliklər, maliyyə itkiləri yaşayır. Bu azmış kimi iddiaçı da hazırkı iddia ilə öz mülkiyyətində olmayan ərazi ilə bağlı cavabdehi dövlət xətti ilə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi əlavə maliyyə yükünə məruz qoyur.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – cavabdehin xx.xx.2023-cü il tarixli FA0604/003 nömrəli məktubuna əsasən xx.xx.2023-ci il tarixində “Xudat” stansiyasından 5 ədəd refrejerator tipli vaqonun (83349019, 83349001, 83349043, 83349035, ********) ünvanı dəyişdirilərək “Çarxı” stansiyasına cavabdehin ünvanına göndərilmişdir. Qeyd edilən vaqonlar cavabdehin xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubuna əsasən "xxxx" MMC-nin dalan yoluna verilmişdir. Dalan yoluna verilmiş vaqonlara dair tərtib edilmiş YKX 007922 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 12:25-də verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 16:20-də götürülməsi (hər iki tərəf məhkəmə iclasında qeyd olunan tarixin xx.xx.2023-cü il tarix olduğunu, yanlışlıqa “06” qeyd olunduğunu təsdiq etmişdir) cavabdehin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: a) 5.2-ci bəndinə əsasən vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyası ünvanına dəyişdirilməsinə görə hər vaqon üçün 41,3 manat olmaqla cəmi ƏDV daxil olmaqla 206,5 manat; b) 5.12-ci bəndinə əsasən müraciət əsasında vaqonların ünvan dəyişdirilməsi üzrə yazılı teleqramın verilməsinə görə ƏDV daxil olmaqla 17,7 manat; c) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; d) 6.7-ci bəndinə əsasən dalan yoluna vaqonların verilib-götürülməsi barədə müqaviləsi olmayan digər hüquqi və fiziki şəxslərin ünvanına gəlmiş vaqonların həmin dalan yoluna yazılı icazə ilə verilib-götürülmə əməliyyatlarının aparılmasına görə ƏDV daxil olmaqla 59 manat; e) 6.9-cu bəndinə əsasən dalan yolunda dalan yolu sahibindən başqa yük əməliyyatı aparan digər hüquqi şəxs olduğu üçün dalan yoluna verildiyi vaxtdan 24 saat müddətindən sonrakı hər gün hesabına oxa görə ƏDV daxil olmaqla 31152 manat (44 gün üçün); f) 7.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün məxsusluğundan asılı olmayaraq verilən bütün vaqonlara (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonları istisna olmaqla) dalan yolunda dayanmasına görə istifadə haqqı olaraq 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığım hesablanmışdır. – Adıçəkilən vaqonların təkrarən xx.xx.2023-cü il tarixində “Çarxı” stansiyasına gəlməsi ilə bağlı tərtib edilmiş YKX 196033 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 21:15-də gəlməsi, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da götürülməsi cavabdehin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: g) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; h) 6.8-ci bəndinə əsasən dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (məxsusluğundan asılı oımayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların ümumi istifadə yollarında dayanmasına görə xx.xx.2023-cü il tarixi saat 21:00-dan xx.xx.2023-cü il tarixi saat 09:00-dək 10 saat üçün ƏDV daxil olmaqla 304,62 manat yığım hesablanmışdır. – Cavabdehin xx.xx.2023-cü il tarixli FA0307/001 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixində “Xudat” stansiyasından 5 ədəd refrejerator tipli vaqonun (83349084, 83349118, 83349100, 83349076, ********) ünvanı dəyişdirilərək “Çarxı” stansiyasına cavabdehin ünvanına göndərilmişdir. Dalan yoluna verilmiş vaqonlara dair tərtib edilmiş YKX 196040 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 04:00-da gəldiyi, xx.xx.2023-cü il tarixdə, saat 14:00-da verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da götürülməsi cavabdehin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: i) 5.2-ci bəndinə əsasən vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyası ünvanına dəyişdirilməsinə görə hər vaqon üçün 41,3 manat olmaqla cəmi ƏDV daxil olmaqla 206,5 manat; j) 5.12-ci bəndinə əsasən müraciət əsasında vaqonların ünvan dəyişdirilməsi üzrə yazılı teleqramın verilməsinə görə ƏDV daxil olmaqla 17,7 manat; k) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; l) 6.8-ci bəndinə əsasən dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (məxsusluğundan asılı oımayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların ümumi istifadə yollarında dayanmasına görə xx.xx.2023-cü il tarixi saat 04:00-dan xx.xx.2023-cü il tarixi saat 14:00-dək 130 saat üçün ƏDV daxil olmaqla 16318,34 manat yığım hesablanmışdır.

17. İddiaçı 16-cı paraqrafın a – l bəndlərində göstərilmiş stansiya xidmətlərinin dəyərinin – 119 830,36 manat məbləğində pulun tutulmasını tələb edir.

18. Cavabdeh təqdim etdiyi yekun mövqe ilə yalnız 16-cı paraqrafın a, b, c, g, i, j, k bəndlərində əks olunmuş stansiya xidmətlərini qəbul edir. Digər hissədə isə etirazının əsası olaraq göstərir ki: (1) xidmət göstərilməmişdir, lakin yığım tətbiq edilmişdir; (2) “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nda ƏDV nəzərdə tutulmadığı halda tətbiq edilmişdir; (3) cavabdehə məxsus X2lar iddiaçının smart proqramında izotermik (termos) vaqon kimi qeydə alınsa da, yığımlar refrejerator vaqon kimi aparılmışdır; (4) iddiaçıya vaxtında məlumat verilsə də, sonuncu müraciətə gec cavab vermiş, nəticədə iddiaçıya məxsus olmayan dalan yolunda vaqonların dayanmasına görə yığım tətbiq edilmişdir; (5) vaqonların ümumi istifadədə olan dalan yolunda dayanmasında cavabdeh təqsirli deyildir, lakin yığım tətbiq edilmişdir; (6) həm vaqonların oxuna görə, həm də istifadəyə görə ikiqat yığım – cərimə tətbiq edilmişdir; (7) qəbul-təhvilçisinin yaddaş vərəqələri (Forma QU-45-lər) əhəmiyyətsizdir, belə ki, beynəlxalq istiqamətdən daxil olmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilir, lakin belə bir təqdimat olmadan yaddaş vərəqəsi bağlanılmışdır.

19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İddiaçı tərəfindən göstərilməsi iddia olunan və cavabdeh tərəfindən mübahisələndirilən dəmiryolu xidmətləri zamana görə 2 qrupa bölünür: tərəflər arasında dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilənin bağlandığı xx.xx.2023cü il tarixədək göstərilmiş xidmətlər – 16-cı paraqrafın d, e, f bəndləri və xx.xx.2023-cü il tarixdən sonra göstərilmiş xidmətlər – 16-cı paraqrafın h, l bəndləri.

21. Tərəflər (iddiaçı İcraçı qismində, cavabdeh Sifarişçi qismində) arasında bağlanmış dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə Əlavədə nəzərdə tutulduğu kimi İcraçı “Çarxı” stansiyasında (stansiya) məntəqəsi (ünvanı) Dalan yolu sahibinə ("xxxx" MMC-yə) məxsus olan dalan dəmiryolunun yükləmə-boşaltma yerinə vaqonların verilib-götürülməsi və verilib-götürülmə zamanı manevr işinin (zərurət yarandığı təqdirdə eyni vaxtda ötürülən vaqonların ayrı-ayrı yükləmə-boşaltma yollarına paylanılması), eyni zamanda Sifarişçinin müraciəti əsasında dalan dəmir yollarında digər əlavə manevr işlərinin (yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların bir yükləmə-boşaltma yerindən, başqa yükləmə-boşaltma yerinə, digər əlavə dayanma yoluna və ya əksinə verilib-götürülməsi və s.) həyata keçirilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri yerinə yetirməyi, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürləri ilə təsdiq edildiyi andan qüvvəyə minir və xx.xx.2026-cı il tarixinədək qüvvədədir.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

23. Tərəflər arasında formalaşmış münasibətin konkret nəticə tələb edilməyən xidmətlərin göstərilməsi ilə bağlı yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, Mülki Məcəllənin 777.1 – 771.3-cü maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu mənada xx.xx.2023-cü il tarixdə qədər münasibətlər şifahi qaydada formalaşmış, həmin tarixdən sonra isə yazılı qaydada rəsmiləşdirilmişdir.

24. Bu əsaslarla iddia tələblərinin hüquqi əsasını MM-in 783.2 – 783.3-cü maddələri təşkil edir. Həmin maddələrə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

25. Məhkəmə muzdun məbləği ilə bağlı isə göstərir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əlavələrlə ayrı-ayrı xidmətlərin dəyəri razılaşdırılmışdır. Həmin tarixəqədərki xidmətlər üçün isə tariflər müəyyən edilmişdir.

26. Belə ki, zamana görə qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aiddir.

27. Zamana görə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu bəndinə əsasən, magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin inhisarındadır.

28. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanın 3.4-cü bəndi ilə müəyyən edilmişdir ki, dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu bəndinə əsasən, dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətinə daxildir.

30. Qeyd edilən normativ hüquqi aktların tələblərinə uyğun olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin 24 aprel 2017-ci il tarixli 44/S nömrəli əmri ilə “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları” təsdiq edilmişdir.

31. Həmin Qaydalarda iddiaçı tərəfindən göstərilən xidmətlər: yükün mühafizəsi və müşayiət olunması; yükün tərəzidə çəkilməsi; ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və s.) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi və digər xidmətlər üzrə yığımların hesablanması və tətbiqi ilə bağlı tənzimləmə aparılmışdır.

32. Məhkəmə xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsində göstərilən xidmətlərin dəyərinin hesablanması ilə bağlı bəndlərin “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nı təkrarladığını, həmin tarixəqədərki xidmətlərin tariflərinin isə bilavasitə Qaydalarla tənzimləndiyini nəzərə alaraq hesab edir ki, göstərilmiş xidmətlərin dəyəri məhz Qaydalara əsasən ödənilməlidir.

33. Bu zaman cavabdehin etirazının ilkin dəlili də o səbəbdən əsassız olur ki, cavabdehin iddiaçının hərəkətlərini xidmət hesab edib-etməməsindən asılı olmayaraq Qaydalarda yükün mühafizəsi və müşayiət olunması, yükün tərəzidə çəkilməsi, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və s.) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi, dalan yolunda boşdayanma, dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması və s. xidmət hesab olunaraq həmin xidmətlər üçün yığımlar tətbiq edilmişdir. Qeyd edilən yanaşma iddiaçının təbii inhisar subyekti kimi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyətinə bilavasitə cavabdeh olmasından irəli gəlir. Bu səbəbdən də iddiaçının bəzi yığımları cərimə adlandırması da düzgün olmamışdır.

34. Qaydalarda ƏDV-nin nəzərdə tutulması ilə bağlı göstərilməlidir ki, Qaydaların 1.4-cü bəndinə əsasən, xidmətlərə görə yığımlara əlavə dəyər vergisi daxil edilməmişdir və ödəmələr Azərbaycan manatı ilə həyata keçirilir. Başqa sözlə, Qaydalarda göstərilmiş tariflər ƏDV nəzərə alınmadan göstərilmişdir. Lakin qeyd edilən hal vergi qanunvericiliyinə müvafiq olaraq ƏDV ödəyicisini məsuliyyətdən azad edə bilməz. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilənin 4.1-ci bəndində də razılaşdırılmışdır ki, müqavilədə nəzərdə tutulmuş xidmətin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməklə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qaydada dalan yolu sahibinə uyğun əsaslara görə hesablanır. Həmçinin cavabdehin bir tərəfdən qətnamənin 16-cı paraqrafın a, b, c, g, i, j, k bəndlərində əks olunmuş stansiya xidmətlərinin dəyərini ƏDV daxil olmaqla qəbul etməsi, digər tərəfdən ƏDV-nin onun tərəfindən ödənilməli olmaması barədə mövqeyi də özüözlüyündə ziddiyyətdədir.

35. Cavabdehə məxsus vaqonların hansı qrupa aid olmasına münasibətdə qeyd edilməlidir ki, Qaydaların 7.1-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. Vaqonlar aşağıdakı qruplara bölünürlər: İ qrup - yarımvaqon, bağlı vaqon, platforma; İİ qrup - avtomobil daşıyan vaqonlar və dumkarlar; İİİ qrup - çən vaqonları, taxıldaşıyan vaqonları, fitinqli platformalar; İV qrup - sement daşıyanvaqon, konteyner daşıyan vaqon, İ, İİ, İİİ, V, Vİ qruplara daxil olmayan digər vaqonlar 12 oxlu transportyorlar; V qrup - refrejerator vaqonlar, 16-və yuxarı oxlu transportyorlar; Vİ qrup - vaqon termoslar.

36. Göründüyü kimi, növündən asılı olmayaraq refrejerator vaqonlar V qrupa daxil edilmişdir. Cavabdeh də həmin vaqonların refrejerator vaqonlar olduğunu qəbul edərək onların X2lar olduğundan digər qruplara aid edilməli olmasını bildirmişdir. Halbuki Qaydalarda refrejerator vaqonun hansı növdə olmasından asılı olmayaraq birmənalı surətdə V qrupa aid olması təsbit edilmişdir. Eləcə də məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-23/3-5- 2331/202 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən güzəştlərin tətbiq edilməsinin əmr edildiyi, həmin güzəştlərdən birinin X2larla yük əməliyyatı həyata keçirərkən yığımların hesablanması və tətbiqi zamanı həmin vaqonların qapalı vaqon hesab edilməsi olduğu görünür. Qeyd edilən yanaşmanın iddiaçı tərəfindən tətbiq edilən güzəşt olduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərini əhatə etdiyi isə aydın məqamdır. Bu isə hazırkı iddia tələbinə həmin əmrin tətbiqini istisna edir.

37. Cavabdehin digər etirazlarına münasibətdə isə aşağıdakılar göstərilməlidir.

38. Əvvəla məhkəmə göstərir ki, iş materiallarında olan əlavə yığımlar üçün yığım vərəqələrindən görünür ki, xx.xx.2023-cü il tarixli vərəqə ilə 102 619,76 manat, xx.xx.2023-cü il tarixli vərəqə ilə 16724,26 manat məbləğində yığım hesablanmış, hər iki vərəqənin 14-cü sütununa cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən imza edilmiş, vərəqələrdə yığımların hesablanması ilə bağlı hər hansı qeyd-şərt cavabdehin nümayəndəsi tərəfindən verilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

39. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

40. Bu mənada məhkəmə cavabdehin hazırkı mövqeyini hüquqdan sui-istifadə hesab edir.

41. Bundan başqa, Qaydalarda dəmir yoluna məxsus olmayan dalan yoluna vaqonların verilib-götürülməsinə görə yığım və vaqon və konteynerlərdən istifadəyə görə yığım (müvafiq olaraq 6 və 7-ci hissə) bir-birindən fərqləndirilmiş, nəinki birinin tətbiqi digərini istisna etmiş, eləcə də həmin başlıqlar altında ayrı-ayrı yığımlar da fərqləndirilmişdir. Qaydaların 6.7-ci bəndinə əsasən, dalan yoluna vaqonların verilibgötürlməsi barədə müqaviləsi olmayan digər hüquqi və fiziki şəxslərin müraciəti əsasında, ünvanlarına gəlmiş vaqonların həmin dalan yolu sahibinin müvafiq yazılı icazəsi ilə hər verilib-götürülmə əməliyyatının aparılması zamanı əlavə 50 manat yığım hesablanlanmalıdır. 6.8-ci bəndinə əsasən, dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prosesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl №8 və cədvəl №9-dakı qiymətlərə 1.5 əmsalı tətbiq edilməklə hesablanmalı və əgər stansiyanın işində çətinliklər yaranarsa, Cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. 6.9-cu bəndinə əsasən, dalan yolunda dalan yolu sahibindən başqa yükləməboşaltma əməliyyatı aparan digər hüquqi və fiziki şəxslərin ünvanlarına daxil olan yüklü və boş vaqonlara (mənsubiyyətindən asılı olmayaraq), vaqonların dalan yoluna verildiyi vaxtdan 24 saat müddətindən sonrakı hər gün hesabına oxa görə 30 manat yığım tətbiq edilməlidir.

42. Hazırkı halda cavabdeh vaqonların ümumi istifadə yollarında ondan asılı olmayan səbəblərdən gecikdirildiyini bildirsə də, təqsirli olmadığına dair nə iddiaçıya ünvanladığı məktublarda, nə də məhkəmə iclaslarında hər hansı sübut təqdim etmişdir. Belə olan halda, Qaydaların 6.8-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixi saat 21:00-dan xx.xx.2023-cü il tarixi saat 09:00-dək 10 saat və xx.xx.2023-cü il tarixi saat 04:00-dan xx.xx.2023-cü il tarixi saat 14:00-dək 130 saat üçün vaqonların ümumi istifadə yollarında dayanmasına görə yığım tətbiq etməkdə iddiaçı haqlı olmuşdur. Digər tərəfdən, hər gün hesabına oxa görə tətbiq edilən yığım isə təqsirlə bağlı olmayıb ümumi yığım kimi çıxış edir. Bu səbəbdən hər gün hesabına oxa görə ƏDV daxil olmaqla 44 gün üçün 31152 manat da cavabdehdən tutulmalıdır. Eyni zamanda qeyd edilən səbəblərdən dalan yoluna yazılı icazə ilə verilib-götürülmə əməliyyatlarının aparılmasına görə ƏDV daxil olmaqla 59 manat da hesablanmalıdır.

43. Qaydaların 7.3-cü bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yükləmə-boşaltma əməliyyatı üçün verillən məxsusluğundan asılı olmayaraq bütün vaqon və konteynerlərin (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonlar, konteynerlər istisna olmaqla) dalan yolunda boşdayanmasına görə istifadə haqqı cədvəl №8 və cədvəl №9-da verilmiş qiymətlərə görə hesablanmalıdır.

44. Qaydaların 7.5-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmasın. Bu dalan yolunun istismar edilməsi barədə müqaviləyə edilmiş əlavələrlə tənzimlənsin.

45. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin ondan asılı olmayan səbəblərdən gec bağlandığını, bu səbəbdən də 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımın əsassız olduğunu bildirir.

46. Məhkəmə həmin arqumentlərlə razılaşmır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli FA0604/001 nömrəli məktubla müxtəlif adda və çeşiddə meyvətərəvəz yükləri göndərişlərinin həyata keçirməsi zamanı cavabdehə məxsus (eləcə də icarəyə və istifadəyə götürülmüş) vaqonların saxlanılması (eləcə də yükləmə və ya boşalma əməliyyatları aparılması) üçün “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-nə məxsus dalan dəmir yollarından istifadə edilməsi nəzərdə tutulduğu bildirilərək, dəmir yolu kodu ******* olan cavabdehin “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarında tam hüquqlu (statuslu) kontragent qismində qeydiyyata alınması, uyğun olaraq "xxxx" MMC və "xxxx" QSC arasında imzalanmış “dalan dəmir yollarında xidmətlərin göstərilməsinə dair” müqavilə hüquqi qüvvədə olduğu bütün müddət ərzində dalan yol sahibinə tətbiq edilən bütün güzəştli şərtlərin və imtiyazların cavabdehə tətbiq edilməsi üçün müvafiq müqavilənin imzalanması iddiaçıdan xahiş edilmişdir.

47. Həmin tarixli FA0604/003 nömrəli məktubla “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi xahiş edilmişdir.

48. xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubla isə stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir.

49. Göründüyü kimi, cavabdeh müqavilə bağlamaq barədə ofertasının nəticəsini gözləmədən dərhal stansiya xidmətlərinin göstərilməsini xahiş etmiş, ofertanın göndərilməsinin sabahı günü dəyərinin ödəniləcəyinə zəmanət verərək 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdehin hazırkı halda müqavilə bağlanmasının gecikdirilməsi səbəbindən əlavə yığımla üzləşməsini bildirməsi əsassız olmuşdur. Cavabdeh sahibkarlıq fəaliyyətinin peşəkar subyekti kimi oferta üzrə 1 gün ərzində müqavilənin bağlanmasının və nəticədə hər hansı güzəştin tətbiq edilməsinin mümkün olmadığını bilməli idi. Həmçinin məhkəmə göstərir ki, müqavilə bağlanmasının gecikdirilməsi nəticəsində cavabdehə zərər dəyməsi və onun həcmi hazırkı mübahisənin predmeti qismində çıxış edə bilməz. Həmin hal yalnız cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin faktiki əsası qismində çıxış edə bilər.

50. Belə olan halda məhkəmə Qaydaların 7.5-ci bəndinə əsasən Dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması üçün tərəflər arasında xx.xx.2023-cü il tarixə qədər dalan yolunun istismar edilməsi barədə müqavilə və ona edilmiş əlavənin olmadığını nəzərə alaraq, 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımı da doğru hesab edir.

51. Cavabdehin qəbul-təhvilçisinin yaddaş vərəqələrinin (Forma QU-45-lərin) əhəmiyyətsizliyi ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Qaydaların 1-ci hissəsində beynəlxalq istiqamətdən daxil olunmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilməsi təsbit edilmişdir. Hazırkı halda isə cavabdeh özünün təsdiq etdiyi xx.xx.2023-cü il tarixli FA0604/003 nömrəli və xx.xx.2023-cü il tarixli FA0307/001 nömrəli məktublarda vaqonların boş olduğunu bildirir. Həmçinin, yaddaş vərəqələrinin məlumatlarına əsasən yığım vərəqələrində hesablamalar aparılmış, cavabdeh də sonuncunu imzalamış, etiraz etməmişdir. Belə olan halda cavabdehin qanuni təmsilçisi tərəfindən təsdiq edilmiş yaddaş vərəqələrinin əhəmiyyətsizliyi ilə bağlı mövqeyi də əsassızdır.

52. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının istinad etdiyi xidmətlərin bir hissəsini bütövlükdə mübahisələndirsə də, iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli EBDN 193933 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələrə etiraz etməmiş, qaimələr sistem və cavabdeh tərəfindən təsdiq edilmişdir.

53. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

54. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

55. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

57. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

58. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

59. Beləliklə, cavabdeh şifahi və yazılı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

60. Məhkəmə göstərilməsi müəyyən edilən xidmətlərin ümumi dəyərinə münasibətdə isə göstərir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı ümumi dəyəri 119 830,34 manat olan xx.xx.2023-cü il tarixli EBDL 616510 seriya və nömrəli (ləğv olunsa belə xidmətin dəyəri iddiaçı tərəfindən hesablanmışdır), xx.xx.2023cü il tarixli EBDN 193933 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmişdir. Bu səbəbdən də iddia məhz həmin hissədə təmin edilməlidir.

61. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 119 830,34 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 119 830,34 manat əsas borc tutularaq iddiaçı "xxxx" QSCyə ödənilməlidir. b) Xidmət müqaviləsi üzrə qanun faizin tutulması tələbi ilə bağlı

62. İddia ərizəsində iddiaçı əsas borca illik 5 faizlə hesablanan 5500,07 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

63. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).

64. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

65. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

66. Cavabdeh tərəfindən təqdim olunan 102619,76 manat dəyərində elektron qaimənin düzəlişə qaytarılması səbəbinin qeyd olunduğu çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron qaimə göndərilmiş, həmin elektron qaimə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təkrarən 102619,76 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL 616510 seriya və nömrəli göndərilmiş, həmin elektron qaimə də yenidən düzəlişə qaytarılmışdır. Beləliklə aydın olur ki, 102619,76 manat xidmət haqqı cavabdehdən mütəmadi tələb olunmuşdur. Həmçinin iş materiallarından görünür ki,16905,97 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN 193933 seriya və nömrəli və 304, 61 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmiş, həmin qaimələr təsdiqlənmişdir.

67. Məhkəmə iddiaçının hesablamanı apardığı tarixləri nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə 102619,76 manat əsas borca illik 5 faizlə hesablanmaqla 335 gün üçün 4709,3 (102619,76 manat*5%/100/365 gün*335 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə 16905,97 manat əsas borca illik 5 faizlə hesablanmaqla 304 gün üçün 704,03 (16905,97 manat*5% /100/365 gün*304 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə 304,61 manat əsas borca illik 5 faizlə hesablanmaqla 274 gün üçün 11,4 (304,61 manat*5% /100/365 gün*274 gün) manat olmaqla ümumilikdə 5500,07 manat (4709,3+704,03+11,4) pul Cavabdeh MMCdən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

68. İddiaçı həmçinin ödənilmiş 416 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

69. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 416 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

70. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

71. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

73. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir.

V. Nəticə:

74. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 119 830,34 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 5500,07 manat olmaqla ümumilikdə 125330,41 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar