Məhkəmə qərarları › İş №e-2-2(113)-847/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-847/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-847/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, borc tələbi, faiz, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada 24662,37 manat əsas, 3932,30 manat faiz borcu və gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2164,81 manat, ümumilikdə 30759,48 manat borc və iş üzrə ödənilmiş 182,28 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “FALCON M.G MMC”arasında bağlanmış 21 İyun 2022-ci il tarixli 072/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 30 Dekabr 2022-ci il tarixinədək illik 20 (iyirmi) faiz dərəcəsi ilə 40.000 (qırx min ) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Cavabdeh “FALCON M.G MMC”kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 MMCilə Bank arasında 21 İyun 2022-ci il tarixli 072/M saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Bundan başqa Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixdə Zəmanət məktubu ilə Banka müraciət edərək “Falcon M.G MMC”-ilə Bank arasında bağlanmış 21 İyun 2022-ci il tarixli 072/M nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün öz aktivləri ilə, o cümlədən bank hesablarında olan pul vəsaitləri ilə məsuliyyət daşıdıqlarını yazılı surətdə bildirmişdilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-3246/2024 saylı 18 oktyabr 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02 oktyabr 2024-cü il tarixə Cavabdeh1 MMC kredit üzrə cəmi borcu 30759,48 manat təşkil edir. Bundan 24662,37 manat əsas, 3932,30 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2164,81 manat təşkil edir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,427.3, 442, 445, 445.2.1,445.2.2, 445.3, 448.1, 449.1,449.4, 470.1, 472.2- 474.2, 739.1-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 21 İyun 2022-ci il tarixli 072/M nömrəli kredit xətti müqaviləsinə əsasən Borc verən Borc alana "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 40000 manat məbləğində 30 dekabr 2022-ci il tarixinədək bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kreditin cari məbləğinin üstünə faizlər gündəlik qaydada, müvafiq olaraq ildə 360 gün və ayda 30 gün hesabından hesablanır. Kreditin məbləğinin üstünə faizlərin hesablanması kreditin Borc alanın xüsusi hesabına daxil olduğu gündən başlanır və Borc alan tərəfindən borcun əsas məbləğinin qaytarıldığı gün başa çatır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kreditin ödənilməsi Borc verən tərəfindən bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Borc alan kreditdən istifadə üçün faizləri hər ayın sonuna kimi əsas məbləği isə xx.xx.2022-ci il tarixinə kimi tam ödəməlidir. Kredit bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə Borc alan tərəfindən ödənilməzsə, Borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən Borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 40 (qırx) % dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır. Kredit müqaviləsinin təminatı kimi LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh2 MMC (zamin) arasında bağlanmış 21 İyun 2022-ci il tarixli 072/M saylı zaminlik müqaviləsinə əsasən Zamin “Borc verən” qarşısında borcalanm öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə «Borclu» kimi tam məsuliyyət daşıyır. Cavabdeh2 MMC tərəfindən LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixdə zəmanət məktubuna əsasən Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış 21 İyun 2022-ci il tarixli 072/M nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün öz aktivləri ilə, o cümlədən bank hesablarında olan pul vəsaitləri ilə məsuliyyət daşıdıqlarını yazılı surətdə bildirdiyi qeyd edilmişdir. Əmanətlərin Sığortalanması Fond tərəfindən 18 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 072/M saylı kredit müqaviləsi üzrə 02 Oktyabr 2024-cü il tarixinə yaranmış borc 24662,37 manat əsas, 3932,30 manat faiz borcu və gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2164,81 manat təşkil edir. Əmanətlərin Sığortalanması Fond tərəfindən cavabdehlərə ünvanlanmış 12-5/2- 3246/2024 saylı 18 oktyabr 2024-cü il tarixli bildiriş məktubuna əsasən xx.xx.2024-cü il tarixinə LPO Banka 24662,37 manat məbləğində əsas borc, 3932,30 manat məbləğində faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2164,81 manat faiz məbləği, ümumilikdə isə 30759,48 manat məbləğində borc məbləğinin qaldığı və borcun ödənilməsi barədə cavabdehlərə müraciət edildiyi görünür. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh1 MMC-nin hesabına 40000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 03 iyul 2025-ci il tarixli, 3-16-16/2- 9/1300/2025 №-li ekspert rəyi ilə Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 072/M saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 40000 manat, faiz borcu üzrə 3549,37 manat ,xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23549,37, faiz borcu üzrə 0 manat, illik 5 %-lə hesablanmış faiz borcu 2320,10 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC 183 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli 072/M saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalana illik faiz dərəcəsi 20% olmaqla xx.xx.2022-ci il tarixədək 40000 manat məbləğində kredit xətti ayrılmışdır. Həmçinin Cavabdeh2 MMC zamin kimi xx.xx.2022-ci il tarixli 072/M kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 40000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər müqavilə üzrə öhdəlikləri tam icra etməyərək aylıq ödənişləri ödəməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Buna baxmayaraq məhkəmə xx.xx.2022-ci il tarixli 072/M saylı kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixli 072/M saylı kredit müqaviləsi əsasən 24662,37 manat əsas borc, 3932,30 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin müqavilə müddəti başa çatdığı xx.xx.2022-ci il tarixə 40000 manat əsas, 3549,37 manat faiz, maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə 23549,37 manat əsas, 0 manat faiz borcu vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, ekspert rəyində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, müddət bitdikdən sonra ödənişlər nəticəsində hazırda faiz borcunun qalmadığını nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu olmadığından iddia tələbi 3932,3 manat faiz borcu tutulması hissəsində təmin edilməməlidir. Çünki Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2023-cü il tarixədək ümumilikdə 20428,41 manat məbləğində ödəniş aparılmış, rəydə olan cədvəldən məlum olur ki, müqavilə müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdən sonra ekspert tərəfindən faiz hesablanmamış, aparılmış ödənişlər faizdən, sonra isə əsas borcdan çıxılmış və faiz borcu qalmamışdır. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən kredit xətti üzrə xx.xx.2022-ci il tarixdə 40000 manat hesabına köçürülmüş və istifadə edilmişdir. Borcalan tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 20428,41 manat məbləğində ödəniş edilmişdir. Həmçinin Ekspert rəyinin əsaslandırıcı hissəsindəki qrafikdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 28 manat, xx.xx.2022-ci il tarixdə 400,41 manat ödəniş etdikdən sonra müqavilə müddəti bitdiyi xx.xx.2022-ci il tarixə cavabdehin 40000 manat əsas və 3549,37 manat faiz borcu olmaqla cəmi 43549,37 manat borcu qalmışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat olmaqla müqavilə müddəti bitdikdən sonra 20000 manat ödəniş etmiş, ekspert də haqlı olaraq müqavilə müddəti bitdiyi tarixə qalan cəmi 43549,37 manatdan həmin 20000 manatı çıxmışdır. Çünki qanunvericiliyin tələblərinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra faiz hesablanması dayandırılmalıdır. Odur ki, xx.xx.2024-cü il tarixə cavabdehlərin yalnız 23549,37 manat əsas borcu qalmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 MMC-yə qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Bu baxımdan, Cavabdeh2 MMC-yə qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2022-ci il tarixindən bir il ərzində LPO İddiaçı ASC zamin Cavabdeh2 MMC-yə qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 MMC-yə qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, cavabdeh "xxxx" MMC-nin öhdəliklərini icra etmədiyini, nəticədə sonuncunun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdeh "xxxx" MMC-dən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh "xxxx" MMC-dən kredit razılaşması üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 2164,81 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 3 ildən artıq gecikdirdiyinə və iddiaçı öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə 3 il üçün illik beş faizin (23549,37x5%=1177,47x3il=3532,41) 3532,41 manat etməsinə baxmayaraq, məhkəmə, bir daha, MPM-in 218.3-cü maddəsinin tələbini, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olmasını nəzərə alaraq hesab edir ki, illik 5% ilə hesablanmış pul vəsaiti iddia tələbinə uyğun, 2164,81 manat müəyyən olunmalı və buna görə də iddia həmin hissədə təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 23549,27 manat əsas borc və illik 5 faiz məbləğində hesablanmış 2164,81 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 183 manat dövlət rüsumunun 167,14 manatının əvəzi cavabdeh Falcon M.G.” MMC-dən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 35 manat məbləğində hissəsi cavabdeh "xxxx" MMC-dən, 15 manat məbləğində hissəsi isə iddiaçı LPO İddiaçı ASC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 23549,27 manat əsas, illik 5 faiz məbləğində hesablanmaqla 2164,81 manat pul vəsaiti olmaqla ümumilikdə 25714 (iyirmi beş min yeddi yüz on dörd) manat 18 (on səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun 167 (yüz altmış yeddi) manat 14 (on dörd) qəpiyinin əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 35 (otuz beş) manatı cavabdеh "xxxx" MMC-dən, 15 (on beş) manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar