Məhkəmə qərarları › İş №e-2-2(113)-8470/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8470/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8470/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 403829-CNS-51316 saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 9923.98 manat məbləğində əsas borc, 819.64 manat məbləğində faiz borcu cəmi 10743.62 manat məbləğində borcun və ödənilmiş 122.23 dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs V(ÖEN **********) Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1 və ya cavabdeh) arasında bağlanmışxx.xx.2023-cü il tarixli, 403829-CNS-51316saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 36 aymüddətinə 15000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Eyni zamanda, BanklaCavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 403829-1-6090 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, 403829-CNS-51316 saylı kredit müqaviləsi üzrə öhdəlik zaminliklə təmin edilmişdir. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 10743.62 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 122.23 manat təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

Mülki Prosessual Məcəllənin:

6. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

7. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

8. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

9. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 403829-CNS- 51316 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit vermişdir. Kredit dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilmişdir.

12. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 403829-CNS- 51316 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə bank ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 403829-1-6090 saylı zaminlik müqaviləsi imzalanmışdır.

13. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 13 avqust 2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə əsas borcu 9923,98 manat, faiz borcu 819,64 manat, cərimə borcu 0 manat olmaqla, cəmi borcu 10743,62 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini xx.xx.2025-ci il tarixdən etibarən icra etmir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/5450 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Rüstəmov Tünzalı nizami qızının İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borcu 9923,42 manat, faiz borcu 2587,89 manat, xx.xx.2025-ci il tarixə əsas borcu 9923,42 manat, faiz borcu 2915,37 manat təşkil edir.

15. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

18. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsinə əsasən illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15000 (on neş min) manat məbləğində kredit verilmiş, xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 403829-1-6090 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 krеdit müqaviləsinin tələbini pоzaraq krеdit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) yaranmış kredit borcu məbləğləri tutulmalı, xx.xx.2023-cü il tarixli 403829-CNS- 51316 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq əsas borcun məbləği xx.xx.2026-cı il tarixli, 9/5450 saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

23. Belə ki, xx.xx.2026-cı il tarixli, 9/5450 saylı tarixli ekspert rəyində cavabdehin xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsi üzrə faiz borcu iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 403829-CNS-51316 saylı kredit müqaviləsi üzrə 9923,42 manat əsas borc, 819,64 manat faiz borcu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 2,23 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

27. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat manat təşkil edir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən birgə qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada 9923,42 manat əsas borc, 819,64 manat faiz borcu, 120 manat dövlət rüsumu, ümumilikdə 10863,06 (on min səkkiz yüz altmış üç manat sıfır altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,23 (iki manat iyirmi üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar