Məhkəmə qərarları › İş №e-2-2(113)-8475/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8475/2025

11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8475/2025 11.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində X2 və “AZERSUN” LLC arasında imzalanmış “Sundance Azərbaycan" MMC-nin səhmlərinin idarə edilməsi və mənfəətinin bölüşdürülməsi haqqında” müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə gəlirlərinin X1 düşən hissəsinin 50% hissəsinin və sözügedən Müqavilə üzrə yaranmış borcun gecikdirildiyi üçün MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən borc məbləğinin illik beş faizinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə gəlirləri tərəflərindən müəyyən edilə bilmədiyi üçün iddianın qiyməti ərizədə göstərilməmişdir, belə ki, həmin gəlirlər məhkəmə tərəfindən müəyyən edildikdən sonra iddia ərizəsi dəqiqləşdilərək tələb edilən əsas borc, ona uyğun illik 5 faizlə hesablanan zərər iddiada göstəriləcəkdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Belə ki, iddia ərizəsində iddiaçı cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə gəlirlərinin digər cavabdehin payına düşən hissəsinin 50% hissəsinin və sözügedən Müqavilə üzrə yaranmış borcun gecikdirildiyi üçün MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən borc məbləğinin illik beş faizin iddiaçının xeyrinə ödənilməsini xahiş etsə də, irəli sürülmüş tələblər dəqiq ifadə edilməmiş, məbləğlər (iddianın qiyməti) ümumiyyətlə ərizədə göstərilməmiş, həmin məbləğlərin məhkəmə tərəfindən hesablanması və müəyyən edilməsi xahiş edilmişdir. Bu səbəbdən tələbin nədən ibarət olduğu qeyri-müəyyən olaraq qalmışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsində iddianın qiyməti, hər bir cavabdehə qarşı yönələn tələb iddiaçı tərəfindən müəyyən edilməli və iddia ərizəsində konkret olaraq göstərilməlidir. Məhkəmə tərəfindən iddiaçıya həmin nöqsanların aradan qaldırılması təklif edilsə də, iddiaçının nümayəndəsi həmin tələbi icra edə bilməyəcəyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə1 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar