Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8513/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, avans) X1 Zakir oğlunun sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 3360,64 manat pul vəsaitinin, 54 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCdən müxtəlif malların alınması üçün danışıqlar aparılmışdır. Danışıqların nəticəsinə uyğun olaraq alınacaq mallara görə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 2848 manat əsas məbləğ və 512,64 manat ƏDV avans şəkilində köçürülmüşdür. Tərəflər arasında razılıq olmuşdur ki, İddiaçı MMC malın dəyərinin bir hissəsini avans şəklində köçürdükdən sonra tərəflər arasında müqavilə bağlanacaq, mallar Cavabdeh MMC tərəfindən təhvil verilərkən digər dəyəridə ödəniləcəkdir. Qeyd edilən avans köçürüldükdən sonra Cavabdeh MMC müqavilə bağlamaqdan və malları təqdim etməkdən imtina etmişdir. Hazırda İddiaçı MMC-nin avans şəkilndə ödənilmiş 2848 manat əsas məbləğ və 512,64 manat ƏDV-yə görə borcu yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə üvanlayaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2848 manat əsas məbləğ, xx.xx.2022-ci il tarixli, **********991123 saylı köçürmənin aparılması barədə bidirişə əsasən ƏDV üzrə 512,64 manat məbləğində pul "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənmişdir. xx.xx.2025-ci il tarixli, EM-1920VK-53745/25 nömrəli “hüquqi yardımın göstərilməsi haqqinda müqavilə”nin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 (sözlə: üç yüz iyirmi) manat müəyyən olunur. Bakı şəhəri 1 saylı Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə hüquqi xidmətin dəyərinin ödənilməsi üçün MT2509 seriyalı, 12298499 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 320 manat olan elektron qaimə-faktura göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 20,50 manat, xx.xx.2025-ci il tarixdə 960 manat məbləğində pul hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq Bakı şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 54 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyəri qabaqcadan ödənilsə də, cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən qabaqcadan ödəniş edilməsi iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırıqları) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, pulun geri qaytarılmasına və ya maln verilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə qanunvericilik normalarını, cavabdehin öhdəliklərini icra etməyərək dəyəri ödənilmiş malları iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququna malik olmasını, iddiaçının haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3360,64 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54 manat dövlət rüsumunun əvəzi və hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3360 (üç min üç yüz altmış) manat 64 (altmış dörd) qəpik pul vəsaiti, ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat hüquqi yardım üzrə vəkil xərcinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8513/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8513/2025
28.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver