Məhkəmə qərarları › İş №e-2-2(113)-8514/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8514/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8514/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 növdə müxtəlif miqdarda mallar təhvil verilmişdir.

3. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 560,5 manat, 975,62 manat və 1181,18 manat olmaqla, cəmi 2717,3 manat məbləğində elektron-qaimə göndərilmişdir.

4. Bundan başqa, materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən 40 manat və 1674,69 manat olmaqla, cəmi 1714,69 manat məbləğində pul iddiaçının bank hesabına, 535,76 manat məbləğində pul onun ƏDV hesabına köçürülmüşdür.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı 2262,8 manat pul vəsaitinin, 43 manat dövlət rüsumunun və 320 manat məbləğində vəkil xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Alqı satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə 2717,30 manat məbləğində müxtəlif mallar təqdim edilmişdir. Mallar təqdim edilərəkən tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Təqdim edilmiş mallara görə Cavabdeh MMC tərəfindən malların bir hissəsinin ödənişi edilmiş lakin digər hissə ödənilməmişdir. Hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə 2262,80 manat borcu qalmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

16. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

24. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

25. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada razılaşma olmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısına dair müqavilələrin yazılı formada bağlanılması istisna olmaqla, alqı-satqı müqaviləsinin mütləq yazılı formada bağlanılmasına dair qanunda məcburi şərt nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən təhvil-təslim aktları və qaimə-fakturalardakı daşınar əşyaların yazılı formada bağlanılması qaydası qanunla tələb edilmədiyindən, məhkəmə hesab edir ki, təhvil-təslim aktlarının və elektron qaimələrin mövcudluğu, habelə orada göstərilən əşyaların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edir. Beləliklə, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi məlumdur.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən ödənişlər etsə də, aldığı malın dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

27. İş materiallarından görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən Bakı şəhəri 1 saylı Vəkil Bürosunun Vəkil Bürosunun hesabına 320 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 43 manat dövlət rüsumu ödənilmişdir.

28. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 2262,8 manat məbləğində pul, hüquqi yardımla bağlı ödənilmiş 320 manat vəkil xərci və 43 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar