Məhkəmə qərarları › İş №e-2-2(113)-852/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-852/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-852/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlunun iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3340.02 manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli TC57S-2023 saylı müqaviləyə əsasən satıcı alıcıya qiymətlərin razılaşdırma protokolunda göstərilən avadanlıqla təmin edilməsindən, alıcının isə avadanlığının dəyərinin satıcıya tam şəkildə ödəməsindən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixli TC57S-2023 saylı müqavilə əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli TC57S-2023 saylı protokolda 3 ədəd ACER A315-59 i5-1235U/15GB/512/15.6 məhsulun dəyəri 3840.02 manat göstərilmiş və Cavabdeh MMC-i həmin məhsulları qəbul edərək götürmüşdür. Ancaq cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq heç bir öhdəlik yerinə yetirilməmişdir. Qeyd olunan alğı-satqı müqviləsinə əsasən və cavabdehlə olan yazışmalarda 15 iş günü ərzində ödəniş olunmasını öhdəsinə götürməyinə baxmayaraq heç bir ödəniş olunmamış və müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Müqavilənin şərtlərinə görə ödənişlərin həyata keçirilməsi Sifarişçi tərəfindən ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq İcraçının təqdim etdiyi hesab faktura əsasında 30 gün müddətində bank hesabına nağdsız şəkildə ödənilməli olmuşdur. Həmçinin tərəflər arasında bağanmış müqavilənin 2.4-cü bəndinə əsasən bü müqavilə ilə nəzəzrdə tutulmuş ödənişlərin vaxtında ödənilməməsinə görə, Sifarişçi hər gecikdirilmiş gün üçün 1% miqdarında dəbbə pulu ödəməli omuşdur. Lakin keçən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır və elektron qaimə üzrə onun borcu 3840.02 manat borcu yaranmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu barədə cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş və bundan sonra xx.xx.2024-cü il tarixində 500 manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin 3340.02 manat əsas borcu qalmışdır. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iddiaçı şərtləri tam şəkildə icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyul 2023-cü il tarixli TC57S-2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilənin predmeti satıcının alıcını hazırkı müqavilənin ayrılmaz hissəsi olan Qiymətlərin razılaşdırılması protokollarında (bundan sonra Əlavə adlanacaq) göstərilən avadanlıqla təmin edilməsindən, alıcının isə avadanlığın dəyərini satıcıya tam şəkildə ödəməsindən ibarətdir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı Avadanlıqları və göstərilən xidmətləri Əlavədə qeyd edilmiş müvafiq texniki şərtlərə uyğunluğunu təmin edir və razılaşdırılmış müddət ərzində Alıcının qeyd etdiyi ünvana çatdırır.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı Əlavədə qeyd olunan malları Təhvil qəbul aktı əsasında qəbul edir. Əlavədə və Təhvil-qəbul aktında qeyd edilən dəyəri bu Müqavilənin 4 2-cı bəndinə uyğun olaraq malın (avadanlığın) dəyərim tam şəkildə ödəyir.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı təchiz edilən avadalığın zəmanət şərləri və istifadə qaydaları barədə alıcını məlumatlandırır və alıcı təsdiqləyir ki, zəmanət müddəti ərzində malın istehsalçısı tərəfindən müəyyən edilən istifadə şərtlərinə tam şəkildə riayət edəcəkdir.

13. Müqavilənin 4.1-ci bəndinə əsasən malların (avadanlığın) dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna (Əlavə) müvafiq surətdə muəyyən olunur.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malları Alıcıya əlavə №-1 də göstərilmiş müddət ərzində (əlavə imzalandıqdan sonra) ödənişi həyata keçirdikdən sonra təhviltəslim aktı əsasında təhvil verir.

15. İddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 3840,02 manatlıq satışa dair xx.xx.2023-cü il tarixli, EBDJ958103 saylı e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Tərəflər arasında bağlanmış 14 iyul 2023-cü il tarixli TC57S-2023 nömrəli alqısatqı müqaviləsinə əsasən müqavilənin predmeti satıcının alıcını hazırkı müqavilənin ayrılmaz hissəsi olan Qiymətlərin razılaşdırılması protokollarında (bundan sonra Əlavə adlanacaq) göstərilən avadanlıqla təmin edilməsindən, alıcının isə avadanlığın dəyərini satıcıya tam şəkildə ödəməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdehin alınmış mallara g nilməmiş borcu qalmışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə və e-qaimə ilə təsdiq olunduğu üçün 3340,02 manat borca dair iddia tələbi təmin edilməlidir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3340,02 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3340,02 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 54 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.

26. Azərbaycan Respublikası MPM-in:

27. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

29. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 54 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3340,02 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 54 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar