Məhkəmə qərarları › İş №e-2-2(113)-8520/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8520/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8520/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz borcu, cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1782.29 manat , faiz borcuna görə 371.00 manat, cərimə borcuna görə 123.13 manat, cəmi 2276.42 manat məbləğində borcun və 42.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün, ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi üçün illik 30.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 140 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-ci il tarixli, **********5542-801371 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlu əsas borc üzrə 1782.29 AZN , faiz borcuna görə 371.00 AZN,cərimə borcuna görə 123.13 manat, cəmi 2276.42 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəfimizdən cavabdehlərə xx.xx.2024-cü il tarixində Pretenziya məktubu göndərilmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi:

4. İddiaçı MMC (“kredit verən”) ilə Cavabdeh1 (“kredit alan”) arasında xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən kredit verən Kredit Alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə 2000.00 manat məbləğində pul vəsaitini (bundan sonra "Kredit") verməyi, Kredit Alan isə verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən kredit üzərində 30.00% illik faiz (bundan sonra "Nominal Faiz") hesablanacaqdır və Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. - 1.3-cü bəndinə əsasən kreditin verilməsinə görə Kredit Alan Kredit Verənə Kreditin məbləğinin 3.8 %-i miqdarında komissiya ödəyir. Kredit Alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, Kredit Alan Kredit Verənə Müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. - 1.4-cü bəndinə əsasən kredit alan Kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" (bundan sonra "Ödəniş Cədvəli" adlandırılacaq) mitvafıq olaraq ödəyir. Ödəniş Cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit Alan Kredit məbləğinin bir hissəsini və Kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. X5 ilə Müqavilənin 1.2 - ci bəndi də daxil olmaqla, bu Müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, Ödəniş Cədvəlində göstərilən rəqəmlər üstün tutulacaqdır. Müqavilə bankın imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. - 3.2.1-ci bəndinə əsasən krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq kredit alanın vəzifəsidir. - 5.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit Alan Kredit Verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% -i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki. dəbbə pulunun miqdarı tənasüblü şəkildə, Kredit Verən və Kredit Alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. - 8-ci bəndinə əsasən sonuncu ödəniş tarixi 14 mart 2025-ci il olmaqla kredit alan tərəfindən kredit verənə ödəyəcək əsas məbləğ 2000 manat,faiz məbləği 515 manat cəmi 2515 manat təşkil edir. Müqavilə kredit verənin imzası və möhürü, kredit alanın isə imzası ilə təsdiq edilmişdir.

5. İddiaçı X2-Bank Kredit Təşkilatı (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2023-ci il tarixli, **********5542-801371 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin xx.xx.2023-cü il tarixli, **********5542 saylı kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərən kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür Kredit Müqaviləsinə əsasən kredit alan 18 ay müddətində 2000 manat məbləğində pul vəsaitini illik 30 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən zamin bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi iizrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur. 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Müqavilə kredit verənin imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC ilə Cavabdeh1 arasında imzalanmış kredit kartının mədaxil (qəbul) aktı ilə təsdiq edilir ki, kredit Alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********913539 saylı kredit kartında ona təqdim edildi.

7. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı MMC-yə 10 oktyabr 2024-cü il tarixə (398 manat ödəniş çıxılmaqla) 1782,29 manat əsas borc, 371 manat faiz borcu (müqavilə müddətinin sonuna olan) və 123,13 manat cərimə borcu olmaqla cəmi 2276,42 manat kredit borcu təşkil edir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh1 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq:

9. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

10. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Məhkəmə hazırki tələb ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməli və faiz borcu həmin tarixə uyğun, pretenziya məktubunda göstərilən tarixə hesablanmalıdır.

V. Məhkəmənin mövqeyi:

12. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC Cavabdeh1 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 2000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

14. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2023-ci il tarixli, **********5542 saylı müqaviləsi üzrə İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh1 xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi üzrə 1782,29 manat əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.

15. Faiz borcuna gəldikdə qeyd edilməlidir ki, birincisi, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə kredit alana borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərməklə mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsi ləğv edilmiş hesab edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün kredit müqaviləsi üzrə faiz borcunu tələb edə bilər.

16. xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsinin 8-ci bəndində göstərilmiş ödəniş cədvəlinə əsasən 11 oktyabr 2024-cü il tarixinə (xx.xx.2023-cü il 50 manat,xx.xx.2023-cü il 49 manat,xx.xx.2023-cü il 45 manat,xx.xx.2024-cü il 45 manat, xx.xx.2024-cü il 42 manat, xx.xx.2024-cü il 37 manat, xx.xx.2024-cü il 37 manat, xx.xx.2024-cü il 33 manat, xx.xx.2024-cü il 31 manat, xx.xx.2024-cü il 28 manat, xx.xx.2024-cü il 26 manat, xx.xx.2024-cü il 23 manat) 465 manat məbləğində faiz məbləği ödənməlidir. Ödəniş cədvəlində göstərilən tarixdən maliyyə arayışında göstərilən faiz üzrə olan 144 manat ödəniş çıxıldıqda 321 manat faiz borcu cavabdehdən tutulmalıdır.

17. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən edilməli və mübahisəli müqavilə üzrə tutulacaq fazi məbləği 321 manat məbləğində müəyyən edilməlidir.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 123.13 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan 100 manat məbləğində müəyyən edilməlidir.

22. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı MMC (“kredit verən”) ilə Cavabdeh1 (“kredit alan”) arasında xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı X2-Bank Kredit Təşkilatı (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2023-ci il tarixli, **********5542-801371 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 kreditor qarşısında borclunun xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

23. Məhkəmə zaminin Cavabdeh2 21 iyul 2023-cü il tarixli xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC kredit müqaviləsi üzrə borcun (kredit və faiz və cərimə olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

24. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 42,77 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

25. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,77 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-ci il tarixli, **********5542 saylı kredit müqaviləsi üzrə 1782,29 manat məbləğində krеdit bоrcu, 321 manat məbləğində faiz bоrcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2203,29 manat və dövlət rüsumu xərcinin əvəzi olaraq 42,77 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar