Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-855/2022 01.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “29.11.2019-cu il tarixli, 106842-809552/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12508.88 manat məbləğində əsas borc və 3236.32 manat faiz borcu olmaqla, ümumilikdə 15745.2 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 106842-809552/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bocluya 30 ay müddətinə, illik 24 % dərəcəsi ilə 15,000 manat məbləğində kredit verilmişdir.Eyni zamanda, bank və digər cavabdehlər-Cavabdeh1 arasında 29 noyabr 2019-cu il tarixli, 106842-809552/1 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən 29 noyabr 2019-cu il tarixli, 106842-809552/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığııması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər.06 dekabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12508.88 manat məbləğində əsas borcu və 3236.32 manat faiz borcu olmaqla, ümumilikdə 15745.2 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlu verdiyi izahatda bildirdi ki, ölkədə hökm sürən pandemiya səbəbindən İddiaçı ASC-dən götürdüyü kredit məbləğinin ödənişini həyata keçirə bilməmişdir. Belə ki, ümumilikdə kredit müqaviləsi üzrə 5000 manata yaxın ödəniş həyata keçirmişdir. Lakin onun borc məbləğində heç bir azalma olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasının Cavabdeh1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra “Bank” adlandırılacaq İddiaçı ASC ilə digər tərəfdən bundan sonra “borcalan” adlandırılacaq Cavabdeh2 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 106842-809552/1 nömrəli müqaviləyə əsasən bank borcalana 15000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 24 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.1.2. Kredit 30 ay müddətinə verilir. 1.3. Kredit avadanlıq alınması və digər investisiya xərcləri məqsədi üçün verilir. - Bir tərəfdən bundan sonra “Bank” adlandırılacaq İddiaçı ASC ilə digər tərəfdən bundan sonra “zamin” adlandırılacaq Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 106840- 809552/1 nömrəli müqaviləyə əsasən zamin borc alanın 29 noyabr 2019-cu il tarixli, 106840- 809552/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 2.1. Bankla borc alan arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədi ilə illik 24 faiz dərəcəsi ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verir. - İddiaçı ASC tərəfindən verilmiş 06.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Bank ilə bağlanmış 29 noyabr 2019-cu il tarixli, 106842-809552/1 nömrəli kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsi ilə, 30 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Belə ki, 06 dekabr 2021-ci il tarixə borcalanın banka 12508.88 manat əsas borc və 3236.32 manat faiz borcu olmaqla, cəmi 15745.2 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 403 gün təşkil edir. - 29.11.2019-cu il tarixli, 106842-809552/1 nömrəli müqaviləyə edilmiş 1 nömrəli əlavəyə (ödəniş cədvəli) əsasən 29 noyabr 2019-cu il tarixdən 29 may 2022-ci il tarixədək Cavabdeh2 oğlu tərəfindən 15000 manat məbləğində əsas borc və illik 24% dərəcəsi ilə 5,091.38 manat məbləğində faiz ödənişi həyata keçirilməli idi. - İddiaçı ASC tərəfindən 12.04.2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 106/106/0346/2021 nömrəli xəbərdarlıq ünvanlanaraq ümumilikdə 13,793.83 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 29.11.2019-cu il tarixli, 106842-809552/1 nömrəli kredit müqavilədən irəli gəlmişdir. İddia kontragentin müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh2 oğlu ilə İddiaçı ASC arasında 29.11.2019-cu il tarixdə bağlanmış 106842-809552/1 saylı kredit müqaviləsi üzrə cavabdehə 30 ay müddətinə illik 24% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmiş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə həmin tarixdə 106840-809552/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş və borc məbləğinin çox hissəsinin ödənişini həyata keçirməmişdir.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlunun özü də məhkəmə iclasında verdiyi izahatda ödənilməmiş borcunun olmasını təsdiq etmişdir. Belə ki, sözügedən müqavilə üzrə 12508.88 manat əsas borc və 3236.32 manat məbləğində faiz borcu ödənilməmiş qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 29.11.2019-cu il tarixli, 106842-809552/1 nömrəli müqavilə üzrə ödənilməmiş borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mediasiyaya görə ödənilməmiş 200 manat məbləğində mediasiya xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12508.88(on iki min beş yüz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 3236.32 (üç min iki yüz otuz altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15745.2 (on beş min yeddi yüz qırx beş manat iyirmi qəpik) manat borc məbləği və 200 (iki yüz) manat məbləğində ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-855/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-855/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver