Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-856/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər LPO Cavabdeh2 ASC, Cavabdeh1, Cavabdeh3 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdehlər LPO Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 5624 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 6224 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh3 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 5624 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş Muğanbank ASC vasitəsilətəchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh3 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının,buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturaların mövcudluğu müəyyən edilməmişdir. Eləcə də, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. (alqı-satqı müqaviləsi əizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 5624 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş cavabdeh ləğv prosesində olan Muğanbank ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh3 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən Agentliyə vurulmuş 5624 manat məbləğində zərərin müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan da tutulmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-856/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.Yusubov iddia tələbinə etiraz edib iş üzrə icraata onlara aid hissədə xitam verilməsini xahiş etdi.
6. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi Nümayəndə3 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh3 məxsus təsərrüfat sahəsinə tərəflərindən baxış keçirilmiş, həmin sahədə olan suvarma sisteminin adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, habelə satıcı Cavabdeh1 tərəfindən alıcı Cavabdeh3 elektron qaimə təqdim edilmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntuların iddiaçı tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı iddiaçıya müvafiq tapşırılıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
8. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Cavabdeh1 (icraçı) və Cavabdeh3 (sifarişçi) arasında bağlanmış 10 avqust 2021ci il tarixli 36 saylı alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu Qaratoba kəndində yerləşən bağ sahəsinə) 1 set damla suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən 5 ha torpaq sahəsinin 5 ha-da 1 dəst damlama sulama sistemi quraşdırılacaqdır.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çatdırılması, quraşdırılması, gömrük rüsumları və o cümlədən yol xərci daxil olmaqla ümumi dəyəri 15000 manat təşkil edir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə 2.1-ci bənddə qeyd edilən malların dəyərinin yəni 9380 manat müqavilə imzalandıqdan sonra təqdim olunan hesabfaktura əsasında 20 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq icraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür.
14. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan, yəni 5620 manatı Türkiyə Respublikasından çıxdıqda ödənilməlidir.
15. İddiaçı və cavabdeh LPO Cavabdeh2 ASC arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqaviləyə əsasən agentliyin müraciəti əsasında müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı üçün 40000 manat məbləği həddində ilkin kredit xətti (limit üzrə vəsait) müəyyən edilir.
16. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəst və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizama əsasən Cavabdeh3 ona verilən Türkiyə istehsalı 1 dəst KEB Muhendislik LTD ŞTİ damlama suvarma sistemini təyinatı üzrə istifadə edəcəyini, suvarma sisteminin verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə suvarma sistemini 60 ay ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmayacağına və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə xx.xx.2021-ci il tarixdə iltizam vermişdir.
17. 17 avqust 2021-ci il tarixli XAC/05 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 hesabına xx.xx.2021-ci il tarixli 36 saylı alqı-satqı müqaviləsinin alınması üçün 9380 manat köçürülmüşdür.
18. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair auditor hesabatına dair arayışdan görünür ki, Cavabdeh3 Qusar rayonu Nəcəfkənd kəndində və Qaratova kəndində olan təsərrüfatlarına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemləri ilə əlaqədar müvafiq torpaq sahələrində intensiv bağların 2017-2018-ci illərdə salındığı EKRİS-də bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47784 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020- 2021-ci illərdəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eyni zamanda hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir.
19. “Grand Baku” Qiymətləndirmə və Sığorta Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə dair yekun rəydən görünür ki, Cavabdeh1 məxsus olan “Damlama suvarma sisteminin” bazar dəyəri 15000 manat, likvid dəyəri isə 13500 manat təşkil edir.
20. Cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə 5624 manat məbləğində vəsait Cavabdeh3 hesabına köçürülmüşdür.
21. Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh LPO Cavabdeh2 ASC arasında agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqavilə imzalanmış, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh3 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 5624 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş LPO Cavabdeh2 ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh3 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur.
23. İddiaçı hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsız hesab edilməsini və Agentliyə dəymiş 5624 manat ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
24. Belə ki, materiallardan görünür ki, Cavabdeh1 (satıcı) və Cavabdeh3 (alıcı) arasında 10 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalansa da, cavabdehlər tərəfindən məhkəməyə həmin müqavilənin predmetinin faktiki mövcud olmasını, satıcı tərəfindən həqiqətən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri, habelə texniki pasportu və sairə məhkəməyə təqdim edilməmişdir.
25. Materiallarda olan cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən KEB Muhendislik LTD ŞTİ tərəfindən Cavabdeh1 8 dəst damlama suvarma sistemi (ümumi dəyəri 56568,45 ABŞ dolları) göndərilmişdir.
26. Göründüyü kimi, gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixlidir.
27. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan, yəni 5620 manatı Türkiyə Respublikasından çıxdıqda ödənilməlidir.
28. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin dəyərinə gömrük rüsumları və sairə də daxildir.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı gömrük bəyannaməsi 10 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə malların ölkəyə idxal edilərək alıcıya təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.
30. Bundan əlavə, Cavabdeh1 və Cavabdeh3 arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 2021-ci ilin avqust ayında fərdi sahibkar Cavabdeh1 tərəfindən Cavabdeh3 məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən 5 ha torpaq sahəsinin 5 ha-da 15000 manat dəyərində 1 dəst damlama suvarma sistemi quraşdırılaraq təhvil verilmişdir.
31. Məhkəmə həmin aktı da mötəbər sübut qismində qəbul etmir.
32. Belə ki, 10 avqust 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə malların (Türkiyə Respublikasından idxal edilməsi nəzərdə tutulmuş) cəmi 2 gün sonra satıcı tərəfindən alıcıya quraşdırılaraq təhvil verildiyini məhkəmə inandırıcı və ağlabatan hesab etmir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
39. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
40. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
42. Məhkəmə iddia tələbini ikinci, 5624 manat məbləğində vəsaitin cavabdehlərdən tutulması hissəsində əsassız hesab edir.
43. Belə ki, materiallardan görünür ki, həmin vəsait iddiaçı tərəfindən müvəkkil kredit təşkilatı olan Cavabdeh2 ASC-yə tərəflər arasında olan agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqavilə əsasında köçürülmüşdür.
44. Adıçəkilən həmin müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və tam riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada Agentlik qarşısında məsuliyyət daşıyır.
45. Müqavilənin 5.1-ci maddəsinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin vəsait müvəkkil kredit təşkilatına ödənildiyindən, habelə həmin vəsaitlə bağlı iddiaçı qarşısında müvəkkil kredit təşkilatı məsuliyyət daşıdığından 5624 manat vəsaitin cavabdehlərdən (satıcı Cavabdeh1 və alıcı Cavabdeh3) müştərək qaydada tutulması hissəsində iddia təmin edilə bilməz.
47. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehlərə aid edilməlidir.
49. Belə ki, xx.xx.2023-cü il tarixli 000İPX1233562E09 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına 500 manat vəsait köçürülmüşdür.
50. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat mediasiya xərci cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat, 100 manat mediasiyaya dair xərc, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova