Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8565/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, faiz borcu, cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 23 İyun 2023-cü il tarixli, RBYF-7114 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7904,85 (yeddi min doqquz yüz dörd manat 85 qəpik) manat, faiz borcuna görə 442,76 (dörd yüz qırx ikimanat 76 qəpik) manat, dəbbə borcuna görə 61,82 (altmış bir manat 82 qəpik) manat, cəmi 8409,43 (səkkizmin dörd yüz doqquzmanat 43 qəpik) manat məbləğində pulun və 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 23 İyun 2023-cü il tarixli, RBYF-7114 saylı kredit müqaviləsinə əsasən illik 20% dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23 İyun 2023-cü il tarixdə İddiaçıASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 23 İyun 2023-cü il tarixli, RBYF-7114 saylı kreditmüqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 23 İyun 2023-cü il tarixli, RBYF-7114 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 İyun 2023-cü il tarixli, RBYF- 7114 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 23-dan gec olmayaraq hər ay 763,44 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 23 İyun 2023-cü il tarixli, RBYF-7114 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7904,85 manat, faiz borcuna görə 442,76 manat, dəbbə borcuna görə 61,82 manat, cəmi 8409,43 manat təşkil edir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7114 saylı kredit müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 15000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 30 ay müddətinə verilir. Bocalana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 15000 manat çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər.
7. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 18% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 20% təşkil edir.
8. Müqavilənin 2.14.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.
9. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu, girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.
10. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.
11. İddiaçı ilə X1 və X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7114 saylı zaminlik müqavilələrinə əsasən zamin borc verənin qarşısında borc alanın öz öhdəlikərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminlik təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar.
12. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
19. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya üzrə 7904,85 manat əsas borc məbləği, 442,76 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 61,82, manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdehlərin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 61,82 manat məbləğində müəyyən edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 105 manat dövlət rüsumu ödənilmişdir.
31. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 23 İyun 2023-cü il tarixli, RBYF- 7114 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7904,85 (yeddi min doqquz yüz dörd manat 85 qəpik) manat, faiz borcuna görə 442,76 (dörd yüz qırx ikimanat 76 qəpik) manat, dəbbə borcuna görə 61,82 (altmış bir manat 82 qəpik) manat, cəmi 8409,43 (səkkizmin dörd yüz doqquzmanat 43 qəpik) manat məbləğində pulun və 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova