Məhkəmə qərarları › İş №e-2-2(113)-8582/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8582/2025

16.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8582/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi, akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, 005892 saylı aktın və həmin aktla əlaqədar olan, xx.xx.2025-ci il tarixli, ********* nömrəli və xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqinin ləğv edilməsi, hesablanmış 1235,39 manat məbləğində sərfiyyatın silinməsi, ticarət obyektinə elektrik verilişinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 17 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən elektrik sayğacına baxış keçirilərək, 005892 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, güya obyekdə olan elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, obyektdə sayğac sxemindən kənar xətdən istifadə edilir. Kənar xətt binanın həyətindəki paylayıcı şitdən 2X6 mm en kəsikli naqillə çəkilmişdir. Bundan sonra həmin akta əsasən xx.xx.2025-ci il tarixli, ********* nömrəli və xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqi tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqinə əsasən əlavə sərfiyyata görə 0,09 manat tariflə hesablanmaqla 339,02 manat, xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqinə əsasən əlavə sərfiyyata görə 0,11 manat tariflə hesablanmaqla 896,38 manat məbəğdə cərimə hesablanmışdır. Həm xx.xx.2025-ci il tarixli akt, həm də xx.xx.2025-ci il tarixli, ********* nömrəli və xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqlərində istehlakçı qismində İsmayılov Əfrayıl adlı şəxsin adı qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən obyekt iddiaçıya məxsusdur və onun VÖEN-i vardır. Lakin buna baxmayaraq, nədənsə həm akt, həm də hesab ödəniş vərəqələri başqa şəxsin adına tərtib edilmişdir. Bu səbəbdən də hesab edilir ki, həmin sənədlər düzgün tərtib edilmədiyinə görə ləğv edilməlidir. Bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri akt və ödəniş vərəqi tərtib etsələr də, həmin aktı hansı dövrə görə hesablama apardıqlarını, sonuncu dəfə obyekti nə vaxt monitorinq etdikləri barədə heç bir məlumatı nə aktda, nə də ödəniş vərəqində qeyd etməmişdirlər. Aktda ümumiyyətlə hesablamanın nəyə əsasən, hansı müddətə aparmaları qeyd edilməmişdir. Hesab ödəniş vərəqlərində isə yalnız hansı tariflə hesablanma və cərimənin (sərfiyyatın) məbləği qeyd edilmişdir. Bu sərfiyyat hansı dövrü əhatə edir, neçə ay üzrə hesablanıb və s. bu kimi məsələlər isə aktda qeyd edilməmişdir. Halbuki, qanunvericiyə əsasən ötən 3 aylıq dövr üzrə sərfiyyatın hesablanmasına yol verilir. Bu isə aktın qanunsuz və əsassız tərtib edilməsini deməyə əsas verir. Çünki uzunluğu 2.5 metr, eni 1.5 metr, ümumi sahəsi 3.75 kv.m olan obyektdə 1235.39 manat sərfiyatın olması mümkün deyil. Obyekt binaların həyətində kiçik kioskdur, o, gündəlik təlabat mallarının satışı ilə məşğul olur. Bir nəfər satıcı mağazanın içərisinə güclə yerləşir. Axı bu obyektdə hansı avadanlıq yerləşə bilər ki, bu qədər böyük məbləğdə sərfiyyat mümkün olsun. Aktda obyektin ərzaq köşkü olduğu qeyd edilsə də, hesab ödəniş vərəqlərində obyektin gözəllik salonu olması yazılmışdır. Bu sənədlər arasında uyğunsuzluq da həmin aktın ləğvinə və cərimənin silinməsinə hüquqi əsas verir. Bundan əlavə, aktın tərtibatında da qanunsuzluğa yol verilmişdir. Belə ki, qeyd olunan aktlar hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, əlavə kabel xətti ilə bağlı foto, video çəkiliş, hal şahidi və s., ümumiyyətlə pozuntunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Hətta aktda onun və ya digər şəxsin imzası qeyd edilməmişdir. Şablon formada qeyd edilmişdir ki, güya atı imzalamaqdan imtina edilmişdir. Pozuntuya yol vermiş olsaydı belə, yenə də cavabdehin nümayəndələri aktı tərtib edərkən qanunsuzluğa yol vermişlər. Əvvəla, hesablamanı düzgün aparmamışlar, sayğacın fəaliyyətinin dayanması ilə əlaqədar hər hansı bir qeyd yazmamışlar, ünvanın sahibi kimi tamam başqa şəxsin adını qeyd etmişlər, eləcə də 3.75 kv.m-dan ibarət obyekti gözəllik salonu kimi qeyd etmişlər. Həmçinin aktda və hesab vərəqində sərfiyyatın hansı dövrə əsasən hesablanması da qeyd edilməmişdir. Odur ki, hesab edilir ki, həm 17 sentyabr 2025-ci il tarixli, 005892 saylı akt və eləcə də onunla əlaqədar olan hesab vərəqələri ləğv edilməlidir. Bununla yanaşı, bildirilir ki, cavabdehin nümayəndələri obyektə daxil olan elektrik naqilini sayğacdan ayırıblar və obyektə faktiki olaraq elektrik verilmir. Obyekt mağaza kimi fəaliyyət göstərdiyi və bəzi süd məhsulları soyuducuda saxlandığı üçün elektrik verilişinin dayandırılması xeyli zərər vurur. Buna görə də hesab edilir ki, qeyd edilən aktların ləğvi ilə yanaşı, həmçinin obyektə elektrik verilməsi də bərpa olunmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı, “X1 Qaydaları”nın 7.6, 8.15-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasına izahat verərək, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmadığı üçün iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 005892 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən X2 məxsus obyektdə sayğac yoxlanılmış, obyektdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi, kənar xəttin binanın həyətindəki paylayıcı şitdən 2X6 mm en kəsilmiş naqillə çəkildiyi qeyd edilmiş, kənar xəttin ləğv edilməsi tələb edilmlişdir. Aktda “abonentin nümayəndəsi” kimi Əsədov Möhsüm göstərilmiş, aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqində qeyd edilmişdir ki, 09/3064 nömrəli sayğacda qeydə alınmış xx.xx.2025ci il tarixə qalıq borc 339,02 manat təşkil edir. Borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Aktda abunəçi kimi X3 qeyd edilmişdir.

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqində qeyd edilmişdir ki, 09/3064 nömrəli sayğacda qeydə alınmış xx.xx.2025ci il tarixə qalıq borc 1235,39 manat təşkil edir. Borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Aktda abunəçi kimi X3 qeyd edilmişdir.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********9 nömrəli arayışın məzmunundan müəyyən olunur ki, bu arayış İddiaçı (VÖEN **********) tərəfindən AZ1132 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir.

11. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, 1235,39 manat borc məbləğinin silinməsi, ticarət obyektinə elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi

16. İddiaçı yuxarıda qeyd edilən iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.

17. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına əsasən məhkəmə tərəfindən hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən sübut qismində iş materiallarına əlavə edilmiş və iddianın əsası kimi istinad edilən "xxxx" ASC tərəfindən tərtib edilmiş hesab ödəniş vərəqləri və aktda abonent kodu kimi 09/3064, abonent kimi başqa şəxsin adı qeyd edilmişdir. Məhkəmə iclasları zamanı iddiaçıya onun əsl cavabdehlə əvəz olunması təklif edilsə də, o, etiraz etmişdir. Tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasına, öhdəlik hüquq münasibətlərinin yaranmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi də iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Beləliklə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı subyektiv hüquqa malik olmadığından iddia təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar