Məhkəmə qərarları › İş №e-2-2(113)-859/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-859/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-859/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiqoğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh «X4 İnvestisiya Koorporasiyası» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 104627,06 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 104627,06 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən iddiaçının “Qurğular”ı cavabdehə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək davam etmişdir. Müqavilə üzrə cəmi icarə haqqı 104627,06 manat hesablanaraq xx.xx.2018-ci il tarixində elektron vergi hesab fakturası təqdim edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, «X2» Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli Qurğuların icarəyə verilməsi haqqında Müqavilənin surətindən görünür ki, müqaviləyə və müqaviləyə əlavə edilən təhvil-təslim aktına (01 saylı Əlavə) uyğun olaraq, iddiaçı, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını (bundan sonra “Qurğular’’) hər təqvim ayı 5900 manat məbləğində (ƏDV daxil) icarə haqqı olmaqla cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqaviləyə uyğun olaraq aylıq icarə haqqını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxx 2018-ci il tarixli, EAAJ seriyalı, 984716 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş istehsalat avadanlıqlarının icarə haqqı məbləği 104627,06 manat təşkil edir. xx xxxxx 2016-cı il tarixli Aktın surətindən görünür ki, iddiaçı tərəfindən 1713 adda maddi qiymətlilər cavabdehə təhvil verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2016-cı il tarixli Qurğuların icarəyə verilməsi haqqında Müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını hər təqvim ayı 5900 manat məbləğində (ƏDV daxil) icarə haqqı olmaqla cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqaviləyə uyğun olaraq aylıq icarə haqqını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 104627,06 manat borcu vardır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, istehsalat avadanlıqlarını cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx xxxxx 2016-cı il tarixli Qurğuların icarəyə verilməsi haqqında Müqavilə üzrə yaranmış 104627,06 manat icarə haqqı borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238,241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «X4 İnvestisiya Koorporasiyası» Açıq Səhmdar Cəmiyyətindən 104627,06 manat pul və 30 manat dövlət rüsumu tutularaq «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar