Məhkəmə qərarları › İş №e-2-2(113)-859/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-859/2024

03.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-859/2024 03.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) Cavabdeh1 ASC-yə, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, uydurma əqd, mediasiya və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdeh1 ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) Cavabdeh1 ASC-yə, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 42160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 42860 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3ndən və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 42160 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh1 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının,buraxılış ilinin və cari vəziyyətinin 2020 -2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, "xxxx" MMC və Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır (alqısatqı müqaviləsi əizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 42160,0 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh1 QSC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş, digər cavabdehlərlə yuxarıda adıçəkilən alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən Agentliyə vurulmuş 42160 manat məbləğində zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş Cavabdeh1 QSC-dən də tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir (arayış ərizəyə əlavə edilir). Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib. Bu məbləğ də məhkəmə xərci kimi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsi ilə bağlı iddiaçının məhkəmədə iddia qaldırmaqla bağlı heç bir subyektiv hüququ yoxdur. Qeyd olunan 3 tərəfli alqı-satqı müqaviləsi üzrə tərəflər "xxxx" MMC (satıcı), Cavabdeh2 (alıcı) və Cavabdeh1 QSC (müvəkkil təşkilat) çıxış edir. Həmin müqavilə üzrə tərəflər üzərinə düşən öhdəlikləri icra edərək, müvəkkil təşkilat Cavabdeh1 QSC-nin satıcı "xxxx" MMC-nin hesabına köçürdüyü ödəniş tapşırığı əsasında "xxxx" MMC alıcı Cavabdeh2 elektron-qaimə əsasında müqaviləyə 1 saylı Əlavədə qeyd olunmuş 22.3 ha Gilas bağı üçün Damlama tipli kompleks suvarma sistemini (133 ədəd avadanlıq hissəsi) xx.xx.2021-ci il tarixli Təhvil-Təslim aktı ilə təhvil vermişdir. Beləliklə müqavilə predmeti üzrə öhdəliklər 3 tərəfli icra edilmişdir. Belə olan halda müqaviləyə aidiyyatı olmayan bir subyekt olaraq AKİA-nın həmin müqavilə üzrə etibarsızlığı mübahisələndirməsi subyektiv hüququn olmaması baxımından tam olaraq əsassızdır. Baxmayaraq ki, köçürülən vəsaitin bir hissəsini AKİA maliyyələşdirmiş, malın ümumi məbləğinin 40% hissəsini müvəkkil təşkilat olan "xxxx" QSC-nin hesabına köçürmüşdür. Lakin mübahisələndirilən müqavilə üzrə cavabdehlər İSFA MMC (satıcı) və Cavabdeh2nm (alıcı) AKİA qarşısında heç bir öhdəlik yaratmamışdır. Satıcı İSFA MMC alqı-satqı müqaviləsi və 1 saylı Əlavədə qeyd olunmuş malları Təhvil-Təslim Aktı tam olaraq alıcıya təhvil vermiş və sonuncu isə həmin malları təhvil almışdır. Digər tərəfdən AKİA tərəfindən həmin alqı- satqı müqaviləsninin predmeti üzrə ayrılmış 40% subsidiya müvəkkil təşkilat olan "xxxx" QSC-nin hesabına köçürülmüş, yəni nə alıcı Cavabdeh2, nə də ki, satıcı İSFA MMC-nin hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə 40% subsidiyanı satıcı İSFA MMC- nin hesabına köçürən məhz “Global Leasing QSC olduğu üçün, AKİA qarşısında həmin subsidiyanın hər cür riskini daşıyan da məhz Global Leasing QSC- dir. Belə ki, AKİA ilə Global Leasing QSC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə dair” xx.xx.2021 -ci il tarixli Müqavilənin 2.1 -ci (predmet) bəndində əsasən, “Bu müqavilənin predmetini Qaydaya və Müqaviləyə uyğun olaraq Agentlik tərəfindən Müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətləri çərçivəsində vəsaitin ayrılması, Müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. ” Müqavilənin predmetindən də göründüyü kimi AKİA- nın dövlət hesabına maliyyələşdirdiyi subyekt və bunun əsasında AKİA qarşısında yeganə öhdəlik daşıyan subyekt kimi məhz Global Leasing QSC çıxış edir. Belə olan halda, iddia olunan hər hansı bir pozuntuya görə subyektiv hüquq üzrə aidiyyatı olmayan şəxsin Alqı-müqaviləsinin etibarsızlığını mübahisələndirməsi tamamilə absurd və əsassızdır. Xüsusən də, AKİA ilə Global Leasing QSC arasında bağlanmış “Agentliyin vəsaitimdən istifadəyə dair” xx.xx.2021 -ci il tarixli Müqavilənin 5-ci bəndinə (tərəflərin məsuliyyəti) əsasən, “Agentik müvəkkil kredit təşkilatının Qayda və bu Müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, müvəkkil təşkilatı dərhal lahiyədən kənarlaşdırır. Bu halda borcalanlar tərəfindən öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq, Müvəkkil təşkilat aldığı kredit (subsidiya) üzrə əsas borcu, vəsaitdən istifadəyə görə faiz borclarını və bu Müqavilə üzrə digər xərcləri 15 (on beş) gün müddətinə Agentliyə ödəyir. ” Göründüyü kimi, hazırkı iş üzrə iddia olunan hər hansı bir hüquq və öhdəlik pozuntusu əslində etibarsızlığı mübahisələndirilən və AKİA-nın heç tərəf kimi çıxış etmədiyi xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsi ilə yox, məhz AKİA ilə Cavabdeh1 QSC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqaviləsi ilə tənzimlənir ki, bu da ayrıca bir iddianın predmetidir və xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda, güman edilən hüquq pozuntusu üzrə xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqısatqı müqaviləsinin etibarsızlığını iddia etmək tamamilə əsassız və absurddur. AKİA “vəsaitin geri qaytardması (bərpa edilməsi) ilə bağlı” xx.xx.2023-cü il tarixli pretenziya məktubunu məhz Cavabdeh1 QSC-yə ünvanlamışdır. Bundan əlavə, iddiaçı AKİA öz iddiasını həm də onunla əsaslandırmışdır ki, guya AR Hesablama Palatasının AKİA-da aparılan yoxlamalarla bağlı audit qrupu tərəfindən Cavabdeh2 təsərrüfatında aparılmış monitorinqin nəticələrinə əsasən guya bəzi ayrılmış subsidiya hesabına alınmış avadanlıqlar arasında bəzi uyğunsuzluqlar aşkar edilmişdir. İş üzrə AKİA-nın maliyyələşdirdiyi subsidiya hesabına alınmış avadanlıqların bəzilərində uyğunsuzluqların aşkarlanması mübahisələndirilən Alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir halda əsas ola bilməz. Güman edilən uyğunsuzluq əgər sübut olunarsa, bu ən yaxşı halda AKİA ilə Global Leasing QSC arasında bağlanmış “Agentliyin vəsaitimdən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilə üzrə öhdəliyin pozuntusudur ki, buna görə də AKİA qarşısında məsuliyyət daşıyan yeganə subyekt maliyyələşdirdiyi Global Leasing QSC-dir. Satıcı "xxxx" MMC alıcı Cavabdeh2 təsərrüfatına baxış keçirdikdən sonra "xxxx" MMC və alıcı Cavabdeh2 AKİA-ya ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavə üzrə təhvil verilmiş 133 ədəd avadanlıq hissəsindən yalnız 3 avadanlıq hissəsi (4-inc 60 m/3 otomotik gravel filter sistem, Su pompası marşlı antor, Plastik gübrə tank) quraşdırılmayaraq anbarda saxlanılmışdır. Həmin avadananlıq hissələri də quraşdırılmış və suvarma sistemi tam təmin olunmuşdur. Belə olan halda, 133 avadanlıq hissəsindən yalnız 3 ədədinin işlək vəziyyətdə olmaması bu ümumilikdə "xxxx" QSC-nin AKİA qarşısında aralarında bağlanmış “Agentliyin vəsaitimdən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilə üzrə öhdəliyin pozulması üçün əsas ola bilməz. Xüsusən də nəzərə alınsa ki, sonradan müvəkkil təşkilat Cavabdeh1 QSC satıcı İSFA MMC-nin iştirakı ilə xx.xx.2023-cü il tarixində alıcı Cavabdeh2 təsərrüfatında - Qusar ray., Nəcəfkənd kəndində 22.3 ha ərazidə yerləşən Gilas bağında monitorinq keçirmiş, avadanlıqlara yerli baxışlar aparılmış və müvafiq foto-şəkillər çəkilmişdir. Həmin monitorinqin nəticələrinə dair Global Leasing QSC tərəfindən AKİA-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda damcılı- suvarma sisteminin tam olaraq quraşdırılmış və tam işlək vəziyyətdə olması və heç bir nöqsanın aşkar olunmaması qeyd olunmuşdur. İddia üzrə etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktından göründüyü kimi həmin əqd üzrə hüquq və öhdəliklər xx.xx.2021-ci il tarixində icra edilmiş və həmin əqdin etibarsızlığı ilə bağlı 1 illik müddətin axını məhz həmin tarixdən başlayaraq xx.xx.2022-ci ilə kimi davam etmişdir. Belə olan halda, AR MM-nin 354.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, hazırkı iddia üzrə etibarsızlığı mübahisələridirilən müqavilə - icra edilmişlərin geri Qaytarılması üzrə əqd olduğu üçün bu cür əqdlərin etibarsızlığına 1 illik müddət tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı AR KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (“AKİA”) cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, 42860 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq AR KTN Aqrar Kredit və İnkişaf Agenliyinə (“AKİA”) ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikası Hesablama Palatasının iddia ərizəsinə yazılı münasibətindən görünür ki, Azərbaycan Respublikasının Hesablama Palatası "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır (dövlət qurumu olaraq). Dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər kənar dövlət maliyyə nəzarətinin obyektləridir. Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir. Bu nəzarət mexanizminin tətbiqində fiziki şəxslər və qeyri dövlət hüquqi şəxsləri kənar dövlət maliyyə nəzarəti tədbirlərində obyekt (tərəf) qismində çıxış etmirlər. Yuxarıda qeyd edilən Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş Planına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyində (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, bir qayda olaraq bir maliyyə nəzarəti tədbiri minlərlə maliyyə əməliyyatlarını, o cümlədən böyük həcmli dövlət vəsaiti dövriyyəsini özündə əks etdirən sənədləşmənin emalını özündə əhatə edir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin formalaşdırılması üçün əsas hesab edilir. Həmçinin həmin Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. Auditor hesabatından çıxarış: 6.3.3.6.2. Müvafiq torpaq sahələrində intensiv bağların 2017-ci və 2018-ci illərdə salındığı EKTİS-də bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat (fermer Cavabdeh2) üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47784,0 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 2021 -ci il 11 oktyabr tarixli AHO/4-3.2- 2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimafın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən aidiyyəti sənədlər tələb olunsa da lazımı sənədlər təqdim edilməmiş və bununla bağlı yerinə müşahidələr aparılmış və “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymət!əndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar baxış aktı tərtib edilmişdir (akt əlavə edilir). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının (bundan sonra-Qayda) 6.1.2-ci yarımbəndinə əsasən idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Auditor hesa!)atından çıxarış: Ümumilikdə audit 01 yanvar 2020-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 2022-ci ilin 10 may tarixindən 13 avqust tarixinədək olan müddətdə həyata keçirilmişdir. Auditin gedişatmda Xaçmaz, Qusar, Quba, Bərdə, Lənkəran, Cəlilabad Neftçala, Tovuz, Ağcabədi və Şəki rayonlarındakı təsərrüfatlarda aparılmış müşahidələrlə toplanmış audit sübutları bir sıra hallarda əsasən maliyyələşdirilmiş güzəşt məbləği üzrə damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, suvarma sistemlərinin qabaqcadan quraşdırılması nəzərdə tutulmuş sahələri tam əhatə etməməsi və ya quraşdırılmasına baxmayaraq bağların salınmaması (torpaqların əkilməməsi), suvarma sisteminin potensialının faktiki olaraq 10,0%-indən istifadə olunması, intensiv bağ üzrə subsidiyalaşdırma meyarlarının (tam və ya qismən əvvəlki illərdə salınması, sahəsinin artıq bəyan edilməsi, suvarma sisteminin tam və ya qismən quraşdırılmaması, əmsalların səhv təbiqi və s.) pozularaq əkin subsidiyası adı altında artıq vəsaitlərin ödənilməsinə yol verilməsi, alınmış kənd təsərrüfatı istehsal vasitələrinin (tinglərin, suvarma dəstlərinin, tütün qurutma kameralarının və s.) keyfiyyətsiz olması və ya vaxtında çatdırılmaması, subsidiya məbləğləri ödənilmiş əkin sahələri üzrə müxtəlif, o cümlədən normalara uyğun aqrotexniki qulluğun göstərilmədiyi, qış mövsümündə bitkilərin şaxtalı havadan qorunması üçün infrastrukturun yaradılmadığı səbəblərindən məhsuldarlığın tam və ya əhəmiyyətli səviyyədə təmin edilməməsi, eyni zamanda dövlət ehtiyat fonduna aid edilən dəmyə əraziləri üzrə əkinlərin subsidiyalaşdırılması barədə qərarların qəbul edilməsində risklərin düzgün qiymətləndirilməməsi, əkin sahəsinin bəyan etmə tarixlərinə əməl olunmayan müraciətlərin təsdiqlənməsi, EKTİS-dəki məlumatların natamamlılığı, iki növ subsidiya dəstəyi ilə əhatə olunan bitki növlərinin eyni təsərrüfata münasibətdə əkin və məhsul subsidiyaları üzrə əhəmiyyətli uyğunsuzluqların mövcud olması, eləcə də fermerlərin maarifləndirmə səviyyəsinin aşağı olması kimi hallara rast gəlindiyini təsdiq etmişdir. Auditin gedişatında EKTİS bazası üzərindən tətbiq edilmiş prosedurlarla, eyni zamanda regionlarda həyata keçirilmiş müşahidələrlə toplanmış audit sübutları auditlə əhatə olunan dövrdə bir sıra hallarda dövlət vəsaitin fermerlər üzrə artıq ödənilməsi hallarına yol verilməsini deməyə əsas vermişdir. Aşkar edilmiş pozuntuların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı Agentliyə müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə1 etiraz ərizələrinin məzmununa uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, bütün hərəkətlər qanuna uyğun olaraq icra edilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı mübahisəsiz haldır. Birinci növbədə iki monitoring aktı vardır. Onlara Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən monitoringin keçirilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin onlar özü iştirak etməmişdir. Aqrar Kredit və İnkişaf Agentliyinin onlara verdiyi xidməti müqavilə vardır. İlk öncə vətəndaş Global Leasing ASC-yə müraciət edir, daha sonra baxış keçirilr, yoxlanış aparılır, sənədlər toplanaraq Aqrar Kredit və İnkişaf Agentliyinə göndərilir. Son qərar Aqrar Kredit və İnkişaf Agentliyinin olur. Maliyyə vəsaitini müvəkkil təşkilat olaraq onlar təchizatçıya verir. Lakin onlar sadəcə xidmət göstərir, artıq burda məsuliyyət Aqrar Kredit və İnkişaf Agentliyinin və alıcının üzərində olur. Satış prosesində texnikanın qiymətinin 20 faizini vətəndaşın ödəmə qabiliyyətindən asılı olarq qeyd olunur, Prezidentin Fərmanına uyğun olaraq 40 faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. Bir neçə dəfə yoxlanışdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən onlara ödəniş edilib. Daha sonra alınan avadanlığa dair təhvil-təslim olmuşdursa, heç bir mübahisə ola bilməz. Eyni zamanda onlar avadanlığın başqasının istifadəsində olub-olmadığını yoxlamaq üçün dövri olaraq yoxlama aparırlar, hazırda həmin ərazində gilas bağı vardır, avadanlıqlar quraşdırılmışdır. Qeyd edilənlərə əsasən hazırki iddia rədd olunmalıdır.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim olunmuş yazılı münasibətin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmalı olduğunu bildirdi.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh1 QSC arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2021-ci il tarixli, 01 saylı müqaviləyə əsasən:

11. Müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır.

14. Müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

15. Müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir.

16. Müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanalr üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

18. Müqavilənin 5.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatının öz öhdəliklərini icra etməməsi nəticəsində agentliyin tələbləri ilə bağlı çəkidiyi bütün xərcləri müvəkkil kredit təşkilatının vəsaiti hesabına ödənilir.

19. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bir-birinə və üçüncü tərəfərə təqdim etdikləri sənədlərin, məlumatların düzgünlüyünə, aparılacaq əməliyyatların qanunverciliyə uyğunluğuna, habelə qaydada və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

20. 01211000205113 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “ADN X3 X4. Ve Tic.LTD. ŞTİ” tərəfindən "xxxx" MMC-yə meyvə bağı sahəsi üçün damlama üsulu ilə suvarma sistemi göndərilmişdir.

21. "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 QSC (müvəkkil kredit təşkilatı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinə əsasən 22.3 ha-lıq Gilas bağı üçün Damlama tipli Suvarma sistemi 111.000 manata alıcı qismində Cavabdeh2 satılmışdır.

22. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmişqaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil Kredit Təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vasitəsi ilə satıcının hesabına ödəməyi öhdəsinə götürür.

23. xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən 133 hissədən ibarət 22.3 ha-lıq Gilas bağı üçün Damlama tipli Suvarma sisteminin toplam giyməti 111000 manat müəyyən edilmişdir.

24. xx.xx.2021-ci il tarixli “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyəlşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh2 agentlyin vəsaiti hesabına ona verilən 1 dəst 22.3 ha-lıq gilas bağı üçün damlama tipli suvarma sistemini təninatı üzrə istifadə edəcəyinə və tələbləri pozduqda ona verilmiş güzəşt məbləğinin qaytarılması barədə xəbərdarlıq edilmişdir.

25. “xx.xx.2021-ci il tarixli, M-MB-0679/21 saylı dəzgah sınması sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən 22.3 ha gilas bağı üçün 1 dəst damalama suvarma sistemi Cavabdeh2 tərəfindən "xxxx" ASC-də sığortalanmış və sığorta məbləği 111000 manat müəyyən edilmişdir.

26. xx.xx.2021-ci il tarixli M-MB-0679/21 saylı səhadətnamənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavəyə əsasən sığortalı qismində Cavabdeh2 olmaqla sığorta müddəti xx.xx.2021-xx.xx.2026-cı ilə kimi qeyd olunmaqla, cəmi avadanlığın məbləği 111.000 manat göstərilmişdir.

27. 24.08.2021-ci il tarixli EBBG855587 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh2 111000 manat dəyərində damlama tipli suvarma sistemi satılmışdır.

28. xx.xx.2021-ci il tarixli, 013 saylı təhvil-təslim aktına əsasən damlama tipli suvarma sistemi "xxxx" MMC tərəfindən Cavabdeh2 İsyevnaya təhvil verilmiş və 2 tərəfin imzası ilə təsdiq edilmişdir.

29. Cavabdeh1 QSC xx.xx.2021-ci il tarixli məktubla AKİA-ya müraciət edərək Cavabdeh2 Gilas bağı üçün Damlama tipli Suvarma sistemini əldə etməsi üçün 42160 manat güzəşt olunacaq vəsaitinin hesablarına köçürülməsini xahiş etmişdir.

30. 11.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 ASC tərəfindən "xxxx" MMC-nin hesabına 42160 manat Cavabdeh2 üçün subsidiya ödənişi kimi köçürmə edilmişdir.

31. Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli XS 945/23 saylı məktubdan görünür ki, Cavabdeh1 ASC-nin əməkdaşı və təchizatçının "xxxx" MMC nümayəndəsinin iştirakı ilə Cavabdeh2 təsərrüfatının monitorinqi təşkil olunmuşdur. Monitorinq zamanı aşkar olunmuşdur ki, damcılı suvarma sistemi tam quraşdırılıb və işlək vəziyyətdədir, fotoşəkilləri də çəkilmişdir. Monitorinq aktı üç tərəfin imzası ilə təsdiq edilmişdir.

32. Azərbaycan Respublikası Hesablama Palatasının auditor hesabından çıxarışa əsasən müvafiq torpaq sahələrində intensiv bağların 2017-2018-ci illərdə salındığı EKTİSdən bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47784 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunduğu qeyd olunmuşdur.

33. “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktına əsasən baxış zamanı alıcı Cavabdeh2 damcılı suvarma sisteminin dəyərinin 40% güzəşt tətbiq olunan hissəsinin maliyyələşdirilməsi üzrə AKİA-ya təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmamışdır.

34. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

35. Belə ki, iddiaçı məhəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 42160 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh1 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020 -2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir.

36. İddiaçı hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsızlığına (əhəmiyyətsizliyinə, uydurma əqd olmasına) istinad edir və Agentliyə dəymiş 42160 manat ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh tərəflər isə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının, elektron qaimənin, gömrük bəyannaməsinin, hətta suvarma sisteminin alıcı tərəfindən sığortalanmasına dair sığorta şəhadətnaməsinə, mönitorinq aktlarına istinad edərək iddianın tamamilə əsasız olduğunu qeyd edirlər.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

41. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

43. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:

44. - əqdin subyekt tərkibinə dair şərtlər;

45. - əqdin məzmununa dair şərtlər;

46. - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;

47. - əqdin formasına dair şərtlər.

48. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

49. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

50. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

51. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

52. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

53. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

54. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

55. Qanuni tərifdən də göründüyü kimi uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1- əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır, 2- Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır.

56. Məhkəmə araşdırılması zamanı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədi. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair akt və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcüd suvarma sistemi alıcı tərəfindən hətta "xxxx" ASC-də sığortalanmış, satılan suvarma sisteminin satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri belə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiada qeyd olunan dəlillərdən biri kimi - “elektron-qaimənin” mövcüd olmaması tamamilə əsassızdır (elektron-qaimə məhkəməyə təqdim edilmişdir). İddiaçının (AR Hesablama Palatasının auditor hesabatına/baxış aktına istinadən) Cavabdeh2 istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmaması arqumenti də tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş AR Hesablama Palatasının “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktından müəyyən olunur ki, baxış zamanı sahibkar Cavabdeh2 iştirakı təmin olunmamış, akt yalnız Hesablama Palatasının və AKİA-nın əməkdaşı tərəfindən tərtib olunmuşdur. Digər tərəfdən məhkəmə iclaslarında iştirak edən AR Hesablama Palatasının nümayəndəsi bildirdi ki, əraziyə baxış keçiriən zaman süvarma sistemi həqiqətən də mövcüd idi, lakin, yerə basdırılan avadanlıqların bəzilərinin paslanması səbəbindən hesab edirlər ki, həmin suvarma sistemi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə alınmış avadanlıq deyil. Məhkəmə hesab edir ki, bu arqumenti də təsdiq edən heç bir sübut təqdim edilmədiyi, yalnız şifahi mülahizə və ehtimallara əsaslandığı üçün tamamilə əsassız hesab edilməlidir. Satıcı "xxxx" MMC tərəfindən alıcı- Cavabdeh2 yalnız bir dəfə (2021-ci il tarixində) suvarma sistemi satılmış, alqı-satqı qanunvericiliyin tələblərinə tam riayyət edilməklə aparılmış, əksini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir.

57. Beləliklə, məhkəmə cavabdehlərin etirazını əsaslı hesab edərək və "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 QSC (müvəkkil kredit təşkilatı) arasında bağlanmış xx.xx.2021ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianın rədd edilməsi qənayətinə qəlir.

58. Əlavə olaraq, məhkəmə cavabdehlərin nümayəndəsinin yazılı etirazında göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

59. Belə ki, iddianın mahiyyətindən göründüyü kimi iddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız olduğunu mübahisələndirmir, əqdin əhəmiyyətsizliyi (uydurma əqd olması) faktının təsbiti və aldadılaraq onun tərəfindən ayrılmış subsidiyadan (maraq və hüquqununa toxunulan şəxs olaraq) təyinatı üzrə istifadə edilmədiyi üçün pulun (zərər olaraq) qaytarılması üçün məhkəmədə iddia qaldırmışdır. Belə olduğu halda cavabdehlər Cavabdeh2, və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən etirazında göstərdiyi “iddiaçının bu cür iddia qaldırmaq üçün sübyektiv hüquqa malik olmaması” arqumenti əsaslı hesab edilə bilməz. Digər tərəfdən, cavabdehlərin nümayəndəsi etirazında qeyd edir ki, iddiaçı bu cür subyektiv hüquqa malik olmuş olsa belə iddiaçı həmin subsidiya məbləğini iddiaçı ilə cavabdeh-QSC arasında bağlanmış müqaviləyə əsasən yalnız QSCdən tələb edə bilər. İddiadan da göründüyü kimi pulun geri tələb edildiyi cavabdehlərdən biri kimi Cavabdeh1 QSC-də göstərilmişdir və məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün tələb olunan pulun hansı cavabdeh və ya cavabdehlərdən tutulmalı olması məsələsinə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmış olur.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

62. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

63. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 42160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 42860 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3ndən və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar