Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8594/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 918.000 manat və ödənilmiş dövlət rüsumu 1.208 manat, cəmi 919.208 (doqquz yüz on doqquz min iki yüz səkkiz) manat pulun tutulub, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mal mübadiləsi ilə bağlı cavabdeh SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) strukturuna daxil olan “Bail Limanı” (hazırda “X5” Tresti) İddiaçı MMC arasında xx.xx.2006-cı il tarixdə 01 saylı distribütel müqaviləsi bağlanmışdır. Həmin müqavilənin icrası əsasdan İddiaçı MMC 1 ədəd – Vişka BV 53x320, 2 ədəd – BL 1200, 2 ədəd - sürətlər qutusu, 5 ədəd - nasos Y8x6M, 11 ədəd– mühərrik V2-450, 4 ədəd - 1 şkifli aqreqat, 4 ədəd – 2 şkifli aqreqat, 2 ədəd - mərkəzi şkifli aqreqat, 2 ədəd – firlanqıc 250T, 2 ədəd – kranblok 320 t, 2 ədəd - qarmaqdan ibarət avadanlıqları 2007-ci ilin fevral ayında cavabdehə təhvil verilmiş və təhvil vermə ilə bağlı tərəflər arasında xx.xx.2007-ci il tarixli Akt təsdiqlənmişdir. Qeyd olunan avadanlıqların xx.xx.2006-cı il tarixli alış faktura ilə dəyəri 935.716 manat təşkil etmişdir. Hazırda həmin əmlakın qiyməti 5 -6 milyon manat civarındadır. Qeyd olunan avadanlıqlardan 1 ədəd – Vişka, 1 ədəd – BL 1200, 1 ədəd - sürətlər qutusu, 2 ədəd - nasos Y8x6M, 6 ədəd – mühərrik, 9 ədəd - aqreqat, 2 ədəd –firlanqıc, 2 ədəd – kranblok və 2 ədəd - qarmaq elə həmin ayda dənizdə yerləşən 1887 və 11 №-li platformada quraşdırılmışdır. Bunun əvəzində cavabdeh tərəf iddiaçıya 2 ədəd işlənmış “5000 DQU” tipli avadanlıq komplektinin hissələri verilməli idi. Həmin avadanlığın İddiaçı MMC-yə təhvil verilməsi və xaricə çıxarılması üçün ARDNŞ-nin icazəsi tələb edildiyindən, sonuncu isə icazə və buna dair sənədlər vermədiyindən müqavilənin “5000 DQU” tipli avadanlıq komplektinin verilməsi ilə bağlı hissəsinin icrası təmin edilməmişdir. Həmçinin adı keçən “5000 DQU” tipli qurğunun müqavilə tərəfi olan İddiaçı MMC-yə verilməməsinə dair göstəriş verilmiş, bu barədə ARDNŞ-nin Vitse prezidenti qərar qəbul etmiş və Təchizat İdarəsinin rəisinin birgə imzası ilə xx.xx.2008-ci il tarixdə 22/MQ-185Mİ nömrəli məktubla həmin kompleksin hissələrinin saxlanıldığı "xxxx" ASC-nin İdarə Heyətinin sədr əvəzinə ünvanlanmışdır. Sonra tərəflər arasında müqavilənin ləğv barədə cavabdeh SOCAR məhkəmədə iddia qaldırılmış, daha sonra da tərəflər arasında aldıqlarını qaytarılması ilə müqavilə münasibətlərinin ilkin vəziyyətə gətirilməsi razılaşdırılmışdır. Bununla bağlı tərəflər arasında barışıq sazişi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiqlənmişdir. Məhkəmənin adıçəkilən qərardadı ilə təsdiqlənmiş barışıq sazişinə görə cavabdeh yuxarıda qeyd olunan avadanlıqları iddiaçıya qaytarılmalıdır. Lakin cavabdeh tərəf uzun müddət hər dəfə bir bəhanə ilə həmin avadanlıqları qaytarmasını təmin etməmişdir. Ona görə həmin əmlakların borclu Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən tələbkar İddiaçı MMC-yə qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı xx.xx.2021-ci il tarixli icra sənədi verilmişdir. Daha sonra da həmin avadanlıqların qaytarılmasını cavabdeh təmin edə bilmədiyi aşkara çıxmış və əmlak əvəzində onun alış fakturasında qeyd olunan dəyəri 935.716 manat ödənilməsinə dair icra sənədinin icra üsulu dəyişdirilmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi 8-2(103)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Həmin qərardadın qəbul edildiyi xx.xx.2025-ci il tarixdən etibarən, cavabdeh iddiaçıya məxsus əmlakı deyil, ödənilməli olan 935.716 manat pulu özündə saxlamaqla ödəməmişdir. Yalınız məcburi icra qaydasında həmin məbləğ 4 aydan sonra tutulmuşdur. İddianın tələbinin faktiki əsası kimi istinad edilən, ərizənin yuxarıda 1-10 bəndlərində qeyd edilən halların müəyyən edildiyinə dair qanuni qüvvəsində olan məhkəmə aktları mövcuddur. Bu baxımdan yenidən mübahisəsi yol verilməyən mübahisəsiz dəlillərdir. Həmçinin bunlar öz əksini məhkəmə iclas protokollarında, aktlarda, sazişdə, icra vərəqəsində və s. rəsmi sənədlərdə tapmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus və geri qaytarmalı olan yuxarıda adları çəkilən əmlakların qaytarılmasını təmin etməmiş, özündə saxlamaqla, avadanlığı istismar edərək, varlanmışdır. Cavabdehin bu hərəkəti iddiaçı özünə məxsus əmlakları başqasına satmaq və ya icarəyə verə biləcəyindən məhrum edilməsi ilə nəticələnmiş və uzun müddət ziyanların vurulmasına səbəb olmuşdur. Belə ki, alış dəyəri 935.716 manat olan avadanlığın, razılaşdırılımış vaxtda qaytarılması təmin edildiyi halda, başqasına satılaraq, alış məbləği ilə belə minimum 935.716manat əldə etməsi mümkün idi. Həmin müddətdə bu məbləğin manatın devalivasiyasına nisbətdə alıcılıq həcmi 2.039.381 manatdır. 935.716 manat məbləğin əldə edilməsində məhrum olunduğu 17 il müddət ərzində, illik 5% hesabı ilə 795.350 manat təşkil edir. Digər tərəfdən həmin əmlakların minimum aylıq icarə haqqı 25.500 manat hesabı ilə icarəyə verildiyi halda iddiaçı bu müddət ərzində 5.202.000 manat fayda əldəedə bilərdi. Göründüyü kimi hər bir halda cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakla bağlı əmlak sahibinə qarşı törədilmiş və uzun müddət davam edən mülki pozuntular nəticəsində əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. Vurulmuş ziyanın heç olmasa 3 il üçün icarə haqqıya nisbətdə əldən çıxmış fayda olaraq təşkil etdiyi 918.000 manat məbləğində kompensasiya edilməklə aradan qaldırılması ilə bağlı cavabdehə müraciət edilmiş, daha sonra da prenteziya verilmişdir. Lakin məsələnin müsbət həllində nəticə olmamışdır. Ona görə də məsələni məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Cavabdeh tərəfindən törədilmiş mülki pozuntu delikt nəticəsində iddiaçıya dəymiş ziyanın kompensasiya edilməsi məqsədi ilə cavabdehdən ən azından 918.000 manat iddiaçının xeyrinə tutulmalıdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia müddəti keçmişdir - Müqavilə tələbləri üzrə iddia müddətinin (3 il) keçməsi ilə bağlı əsaslandırılmış ərizə bu etiraza əlavə edilir. İddiaçı keçən müddət (2008-2021) ərzində icra ilə bağlı hər hansı tədbir görməmişdir - İddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi tərəflər arasında xx.xx.2008-ci il tarixli barışıq sazişi (Saziş) imzalanmış və həmin barışıq sazişi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı iş üzrə xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiqlənmişdir. İndiki iş üzrə İddiaçı həmin iş üzrə Cavabdeh və indiki iş üzrə cavabdeh həmin iş üzrə İddiaçı kimi çıxış etmişdirlər. Sazişin 1.2-ci bəndinə əsasən Tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı öhdələrinə götürmüşlər. Qərardaddan şikayət verilmədiyi üçün 10 gün sonra xx.xx.2008-ci il tarixdə qüvvəyə minmişdir. Üzərindən 9 il keçdikdən sonra 2017-ci ildə eyni tərəflər, eyni əsas və eyni predmet - “dəymiş ziyanın ödənilməsi” tələbinə dair İddiaçının iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-694/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Ali Məhkəmənin 2-2(102)-211/2018 saylı iş üzrə qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilmiş xx.xx.2008-ci il tarixdən 2017-ci il tarixədək olan dövrdə keçən müddət ərzində Sazişin icrası ilə bağlı iddiaçı tərəfindən hər hansı hüquqi addım atılmamışdır. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-694/2017 saylı iş üzrə xx.xx.2017- ci il tarixli qətnaməsində də öz əksini tapmış və qətnamədə (1-ci abzas, səh. 8) “iddiaçı xx.xx.2008-ci il tarixli barışıq sazişi şərtlərinin cavabdeh tərəfindən icra edilməməsinin ona ziyan vurulmasına gətirib çıxardığını iddia etsə də, işin materiallarından həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən keçən 10 ilə yaxın müddət ərzində məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq müraciət və ya icranın tələb olunması müəyyən edilmir.” faktı öz təsdiqini tapmışdır. Barışıq razılaşmasının qüvvəsi yalnız barışıq sazişində təsbit edilənlər çərçivəsində etibarlıdır. Belə ki, bu çərçivədə hər hansı əlavə tələblər nəzərdə tutulmam işdir. Mülki Məcəlləyə əsasən “Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.” (881.1.) “Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əwəiiər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.” (881.2.) Barışıq sazişinin şərtlərinin icra edilməməsində Cavabdehin təqsiri mövcud deyildir - İddiaçıya verilməli olan Sazişdə nəzərdə tutulmuş əmlaklar iik gündən Cavabdehdə aşkar ediiməmiş və bu günkü gündə də onun axtarışı davam etdirilməkdədir. Qeyd edilmiş əmlakların SOCAR-da aşkar edilməməsi səbəbindən müraciətimiz əsasında Səbail RPİ tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” Qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən cinayət işi başlanılmışdır. 2023- 2024-cü illər ərzində İddiaçı tərəfindən edilmiş müraciətlərə də qeyd edilən vəziyyətə uyğun cavab verilmişdir. Mülki Məcəlləyə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” (1096.1). “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” (1096.2.) “İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.” (445.1.) “Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.” (445.5.) İddiaçı əldən çıxmış faydaya və bununla bağlı gördüyü işlərə dair sübut təqdim etməmişdir - Mülki Məcəlləyə əsasən “Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” (443.4.). Mülki Prosessual Məcəlləyə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” (77.1.) Cavabdehin üzərinə 5bde[jyjj pozmağa görə məsuiiyyət qoyulmamışdır - xx.xx.2008-ci il tarixli barışıq sazişi şərtləri ilə Cavabdehin üzərinə Sazişin şərtlərinin pozulması halında zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır. Mülki Məcəlləyə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” (443.1.)
5. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina barəsində qərar qəbul olunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Səfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Mustafayev iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib, iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Tərəflər arasında imzalanmış 10 dekabr 2008-ci il tarixli barışıq sazişinə əsasən Sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə uyğun olaraq tərəflər razılaşmışlar ki, 04 yanvar 2006-cı il tarixli 01 nömrəli Distribyutor müqaviləsi etibarsız olduğundan, tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa öhdələrinə götürürlər. Cavabdeh Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra 1 (bir) ay ərzində əqd üzrə aldıqlarını həbsdən, girovdan və s. yüklülüklərdən azad etməklə təhvil verəcəyini öhdəsinə götürmüşdür.
10. Azərbaycan Respublikası 1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İddiaçı MMC arasında xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları xx.xx.2008-ci il tarixli barışıq müqaviləsi təsdiq edilmiş, iddianın tərəflərin aralarında bağlanan xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008-ci il tarixli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası 1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı icraya yönəldilmişdir.
12. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2-2(81)-573/2017 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) 935716,40 manat dəymiş zərərin və 10 (on) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işə, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2( 103)-573/2017 saylı, 11 iyul 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-694/2017 nömrəli, 05 dekabr 2017ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(103)-573/2017 saylı, 11 iyul 2017-ci il tarixli qətnaməsi qismən-iddianın qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) 935716,40 manat dəymiş zərərin və 10 (on) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-211/2018 tarixli, 02 may 2018-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2-2(103)-694/17 saylı, 05 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8-2(103)-1/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası 1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadının icra üsulunun dəyişdirilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qaytarılmalı olan avadanlıqların əvəzinə onların dəyəri olan 935716 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır.
16. İş materiallarında olan cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixli icra sənədi üzrə 935716 manat vəsait ödənilmişdir.
17. Bakı şəhəri Səbail RPİ-nin 06 fevral 2025-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərarına əsasən “X5” Trestinin müdiri Pirim İsayev “Bayıl Liman” X6 İdarəsinin akt əsasında “Real” LTD şirkətindən təhvil aldığı avadanlıqların yerində olunmaması ilə əlaqədar avadanlıqların qorunub saxlanılması prosesində pozuntuya yol vermiş şəxslərin dairəsinin müəyyən edilərək barələrində tədbir görülməsi ilə bağlı DİN-in rəhbərliyinə edilmiş müraciətə əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır.
18. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin İddiaçı MMC-yə məxsus qurğu və avadanlıqların orta aylıq icarə dəyərinin müəyyən edilməsi barədə xx.xx.2026-cı il tarixli, H/Ş02 nömrəli mütəxəssis rəyinə əsasən Vışka BV 53x320 4500 manat, BL-1200 3400 manat, Sürətlər qutusu 1000 manat, Nasos Y8x6M 1000 manat, Mühərrik V2-450 500 manat, 1 şkifli aqreqat 700 manat, 2 şkifli aqreqat 700 manat, Mərkəzi şkifli aqreqat 700 manat, Fırlanqıç 250T 300 manat, Qarmaq 200 manat olmaqla avadanlıqların ümumi orta aylıq icarə dəyəri 31800 manat təşkil edir.
19. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
20. Hazırda iddiaçı iddia ərizəsində avadanlıqların vaxtında qaytarılmaması səbəbindən ona maddi zərər dəydiyini, avadanlıqların vaxtında geri qaytarılmış olması halında onların iddiaçı tərəfindən icarəyə verilməklə gəlir əldə edilə biləcəyini göstərib 918000 manat əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürür.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, həmin mübahisə üzrə tərəflər arasında barışıq sazişi imzalanmış, saziş Azərbaycan Respublikası 1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmiş, qərardad xx.xx.2009-cu ildə qanuni qüvvəyə minmişdir. Həmin Saziş könüllü şəkildə borclu (hazırkı cavabdeh) tərəfindən icra edilmədiyi üçün iddiaçının vəsatəti əsasında xx.xx.2021-ci ildə (barışıq sazişinin bağlandığı gündən təxminən 13 il sonra) icraya yönəldilmiş, icra icraatı zamanı borclu tərəfindən tələbkara qaytarılmalı olan avadanlıqların naturada mövcud olmaması səbəbindən tələbkarın vəsatəti əsasında icra üsulu xx.xx.2025-ci il tarixdə dəyişdirilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qaytarılmalı olan avadanlıqların əvəzinə onların dəyəri olan 935716 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmış, həmin vəsait cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə tam şəkildə ödənilmişdir.
22. Göründüyü kimi, sazişin vaxtında icra edilməməsi səbəbindən ona aylıq 25500 manat zərər dəydiyini bildirən iddiaçı barışıq sazişinin bağlandığı gündən keçən təxminən 13 il ərzində həmin sazişin cavabdeh tərəfindən icra edilməsinə nail olmaq üçün hər hansı hüquqi addım atmamış, saziş yalnız xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir.
23. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdehin avadanlıqları ona vaxtında qaytarmamaqla əlaqəli olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini, avadanlıqların ona vaxtında qaytarıldığı halda qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
27. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
28. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
29. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
30. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
31. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
34. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
38. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
39. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər, zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
41. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edir.
42. Belə ki, cavabdehin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığı üçün, onun iddiaçı qarşısında eyni əsasla hər hansı öhdəlikləri də əmələ gəlməmiş, iddiaçı sözügedən əsasla cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa, yəni ondan tələb etmək hüququna və müdafiə hüququna malik olmamışdır.
43. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 1208 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1208 (bir min iki yüz səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova