Məhkəmə qərarları › İş №e-2-2(113)-8600/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8600/2025

23.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8600/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin yerinə yetirilməməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6133,81 manat (altı min yüz otuz üç manat səksən bir qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 82 (səksən ik) manat və vəkil xidmət haqqı olaraq ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 11 (malların təhciz edilməsi barədə) nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satq müqaviləsi əsasında cavabdehə mal-material satışı həyata keçirilmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə EBBJ seriyalı, 994161 nömrəli, xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 1662,31, EBBK seriyalı, 909115 nömrəli, xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 106,2 manat, EBBL seriyalı, 043517 nömrəli, xx.xx.2021cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 500 manat, EBBM seriyalı, 807378 nömrəli, xx.xx.2021-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 274,5 manat, EBBO seriyalı, 496501 nömrəli, xx.xx.2021-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 802,04 manat, EBBQ seriyalı, 218013 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaya əsasən 1410,48 manat, EBBT seriyalı, 065710 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 80,24 manat, EBBW seriyalı, 541776 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 80,24 manat, EBBX seriyalı, 019042 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 481,44 manat və EBBY seriyalı, 392345 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 736 manat borcu vardır. Cəmi borc 6133,81 manatdır. "xxxx" MMC-yə rəsmi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 568.2, 569.1, 569.2, 570.1, 570.2, 572.1, 579.1, 596.1, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) MMC tərəfindən "xxxx" (VÖEN **********) MMC-yə qarşı borc tələbi üzrə məhkəmədə iddia qaldırılmışdır. Lakin təqdim edilmiş iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin iddia müddətlərinə dair tələblərinə uyğun deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni, müqavilə tələbləri üzrə, uçotda olan borclara görə 3 ildən artıq müddətdə heç bir tələb, təqdimat və ya hüquqi hərəkət edilmədikdə həmin tələbin icrası hüquqi əsasını itirmiş sayılır. İddiaçı MMC tərəfindən son EBBY seriyalı, 392345 saylı elektron qaimə faktura (əsas məbləğ 623,73 AZN, ƏDV məbləği 112,27 AZN) xx.xx.2022-ci ildə göndərilmişdir. Pretenziya məktubu xx.xx.2025 tarixində, iddia ərizəsi isə xx.xx.2025 tarixində göndərilmişdir. Halbuki tərəflər arasında göstərilən borc öhdəliyi üzrə son 3 il ərzində heç bir tələb, yazışma və ya hüquqi tədbir görülməmişdir. İddia müddəti bitdiyinə görə iddianın icrası hüquqi baxımdan qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, iddia müddətinin buraxılmasını qəbul etmirlər, hesab edilir ki, iddia müddəti xx.xx.2025-ci ildən hesablanmalıdır. Qarşı tərəf qeyd edir ki, borclar ödənilib. Lakin ödənişlər edilsə idi, bununla bağlı sənədlər olardı. Qalıq məbləğ 6133 manatdır. Təhvil-təslim aktları yoxdur. Sadəcə elektron qaimələr göndərilmiş və sistem tərəfindən qəbul edilmiş, qarşı tərəfdən də hər hansı etiraz edilməmişdir. Sadəcə 1 qaimə üzrə ödəniş edilmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu, eləcə də iddia müddətini tətbiqi barədə ərizə verdiyini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müqavilə 2021-ci ildə bağlanmışdır. Müqavilənin vaxtının uzadılması ilə bağlı tərəflər arasında bir razılaşma olmamışdır və müqavilənin şərtlərinə əsasən müqavilə 1 il müddətinə bağlanmışdır və onun müddəti bitmişdir. Ən son qaimə 2022-ci ilin iyul ayında gəlmişdir və həmin vaxt ödəniş edilmişdir. O vaxtdan indiyə qədər heç bir iddia qaldırılmamış, ümumiyyətlə hər hansı bir ödəniş tələb edilməmişdir. Buna görə də hesab edilir ki, iddia müddəti keçmişdir.

7. Məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satq müqaviləsi, iddia ərizəsində qeyd olunan elektron qaimələr təqdim edilmişdir.

8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu (ümumi 9 elektron qaimə üzrə) 5198,18 manat əsas, 935,63 manat ƏDV borcu olmaqla, ümumilikdə 6133,81 manat təşkil edir.

9. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin bağlanması, alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi, elektron qaimələrin göndərilməsi mübahisələndirilməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı göndərilmiş elektron qaimələrdən yalnız biri üzrə ödənişin edildiyini iddia etsə də, cavabdeh bütün ödənişlərin edildiyini qeyd edir.

13. İddia tələbi "xxxx" MMC-dən 6133,81 məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

14. Məhkəmə qanunvericilik normalarını, işin müəyyən olunmuş hallarını, tərəflərin mövqelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

15. Belə ki, əvvəla qeyd olunmalıdır ki, cavabdeh ödənişlərin edildiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə hesab olunur ki, iddia əsaslıdır. Lakin cavabdeh həmçinin hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd edilir ki, iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür.

16. Beləliklə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, müddət keçdikdən sonra cavabdehin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

17. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar