Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8610/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsinə (açar sözlər:) (icarə müqaviləsi, dəbbə pulu, müqavilənin şərtlərinin qanuniliyi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X4, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 84000 manat icarə haqqının 2 illik aylıq dəbbə pulunun və ödənilmiş 342 dövlət rüsumunun cəmi 84342 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli 0002 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı ş.,Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69-cu Maştağa küçəsi giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv.m olan əmlakı 3 illik müddətinə icarəçiyə verilmişdir. Cavabdeh verilən sahənin istifadəsinə görə icarəyə verənə xx.xx.2027-ci il tarixinədək 3500 manat icarə haqqı ödəməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir. Lakin cavabdeh müqaviləyə birtərəfli qaydada xitam vermiş, icarə obyektini təhvil vermiş və müqavilədə göstərilən kompensasiyanı dəbbə pulunu ödəməmişdir. Beləliklə icarəçi müqavilənin şərtlərini pozmuşdur və cavabdeh icarə obyektindən çıxmışdır. Ona görə də iddiaçının cavabdehdən icarə haqqının 2 illik aylıq dəbbə pulu tələb etmək hüququ yaranmışdır. Müqavilənin 1.5 və 2.2-ci bənddə aydın şəkildə 2 illik aylıq dəbbə pulu dəyərində təzminatdan bəhs edilir. İddiaçı aylıq ödəməni 3500 manatdan götürərək, 2 illik dəbbə pulu hesablamışdır (3500manat x 24 ay=84000 manat).
3. 07.01.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehdən 84000 manat 2 illik icarə haqqına uyğun olan dəbbə pulu, xəbərdarlıq müddətinə riayət etmədiyinə görə bir aylıq icarə haqqı məbləğində 3.500 manatın əlavə olaraq tutulması və 353 manat dövlət rüsumunun cəmi 87 853 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixdə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və cavabdeh İddiaçındən 119.398 manat məbləğində dəbbə pulunun və ödənilmiş 410 manat dövlət rüsumunun cəmi 119.808 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ilkin olaraq 01 sentyabr 2024-cü il tarixdə müqavilə bağlanılaraq cavabdehə məxsus olan Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasında 400 kv/m olan əmlak iddiaçıya aylıq 1500 manat müqabilində icarəyə verilmişdir. Daha sonra 10 dekabr 2024-cü il tarixdə eyni məzmunlu lakin icarə haqqı məbləği dəyişilərək aylıq 3500 manat olmaqla 3 il müddətinə yeni müqavilə bağlanmışdır. İcarəyə götürülmüş əmlakdan kənd təsərrüfatı məhsulların satışını həyata keçirmək məqsədilə istifadə edilmişdir. Cavabdeh 10 dekabr 2024-cü il tarixli müqavilənin şərtlərini qərəzli şəkildə pozduğuna, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə və icarəyə vermiş olduğu əmlaka qanunsuz müdaxilələrinə görə müqavilə birtərəfli qaydada pozularaq icarəyə götürülmüş əmlak cavabdehə təhvil verilmişdir. Belə ki, müqavilənin 2.0 bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik) istifadəyə görə haqlar icarəçi tərəfindən ödənilir. İcarəyə götürülmüş 400 kv/m olan sahə cavabdehin sözügedən ünvanda olan daşınmaz əmlakının bir hissəsi olduğundan (ünvanda başqa bir çox icarəçilər mövcuddur) daxildə ayrıca elektrik sayğacı qurlaşdırılmışdır. Elektrik enerjisindən istifadəyə uyğun ödəniş olunmalı halda cavabdeh əlavə qanunsuz deposit ödənişləri tələb etmiş, dəfələrlə artıq ödənişlər olduğu halda belə ödənişin olduğunu təkzib edərək obyektin elektrik enerjinisi dayandırmış sonradan qəbzlər vasitəsi ilə sübut etdikdən sonra bərpa etmişdir. Respublika üzrə qeyri-əhalinin kənd təsərrüfatı sahəsi ilə bağlı elektrik enerjisinin sərfiyyat qiyməti bir kvt üçün 0.106 manat olduğu halda cavabdeh qanunsuz olaraq iddiaçıdan əvvəl bir kVt üçün 0.115 manat daha sonra bir kVt üçün 0.120 manat ödəniş tələb etmişdir. Bəzən cavabdeh telefonla iddiaçıya zəng etdiyi zaman iddiaçı müəyyən üzrlü səbəblərdən dolayı zəngə cavab verə bilmədiyi halda da cavabdeh obyektin elektrik enerjisini dayandırmışdır ki, iddiaçı məcbur zəngə cavab versin. Bir sözlə cavabdeh müqavilə ilə tənzimlənməyən bu kimi hallardan dəfələrlə sui istifadə edərək iddiaçının normal iş fəaliyyətinə maneçiliklər yaratmış, bu isə müəyyən kənd təsərrüfatı məhsulların elektrik enerjisi olmadığına görə xarab olaraq maddi zərərlə nəticələnməsinə gətirib çıxartmışdır. Müqavilənin 1.8-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı sub icarəyə vermək hüququna malikdir. Cavabdeh müqavilənin bu bəndini də qərəzli olaraq pozmuşdur. Belə ki, icarəyə götürülmüş ərazinin bir hissəsini başqa fiziki şəxsə icarə vermək üçün müqavilə bağlanılmış və icarəyə verən hüquqi şəxs olduğundan “Asan doc” proqramı vasitəsilə cavabdehin həmin sub icarə müqaviləni təsdiq etməli olduğu halda qərəzli olaraq “bu mənə aid deyil” deyərək təsdiq etməmişdir. Cavabdehlə bağlanmış müqavilə notarial qaydada təsdiqlənmiş olsaydı subicarə müqaviləsinin cavabdehin “Asan Doc” proqramından təsdiqləməsinə lüzum olmayacaqdı. Cavabdehə bağlanmış müqaviləni notariusda təsdiq etməyi dəfələrlə təklif edilsə də cavabdeh cavabında “buna ehtiyac yoxdur” deyərək qərəzli surətdə onların hüquqlarını həyata keçirməyə mane olmuşdur. Çünki bilirdi ki, müqavilə notarial qaydada təsdiq olunsa rahatlıqla istədiyi şəxslə müqavilə üzrə sub icarə hüququndan istifadə edəcəkdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəlikdələrini yerinə yetirməmiş, qanunsuz tələblər irəli sürmüş, müqavilə üzrə hüquqların həyata keçirilməsinə bilərəkdən maneələr yaratmış və müqavilənin pozulmasına şərait yaradan qəsdən hərəkətlər etmişdir. Cavabdehin hərəkətləri tərəflərin arasında telefonda vatsap yazışmaları, şahid ifadələri və vergidən daxil olan məktublarla sübuta yetirilir. Qeyd olunanlara əsasən cavabdehin ilkin iddiası rədd edilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsinin dəyərini cavabdeh tərəfindən dəbbə pullu olaraq ödənilməlidir. xx.xx.2025-ci il tarixli 114/2851 nömrəli Bankdan verilmiş arayışdan görünür ki, iddiaçının müqavilə bağlandığı tarixdən ləğv olunan tarixə qədər dövriyyəsi 119,398.94 manat təşkil etmişdir.
6. 26.11.2025-ci il tarixində ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinə dair etiraz təqdim edərək qarşılıqlı iddia ərizəsinin rədd edilməsi xahiş etmişdir.
7. Qarşılıqlı idda ərizəsinə dair etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh müqaviləyə birtərəfli qaydada xitam vermiş, icarə obyektini təhvil vermiş və müqavilədə göstərilən kompensasiya dəbbə pulunu ödəməmişdir. Bununla bağlı iddiaçı cavabdehə dəfələrlə pretenziya məktubu göndərmişdir, nəticədə isə məhkəmədə pul tələbi ilə iddia qaldırmışdır. Cavabdehin qarşılıqlı iddia ərizəsində qaldırdığı məsələlər heç bir həqiqətə uyğun deyil. Belə ki, tərəflər arasında olan icarə müqaviləsi ilkin iddiaçının deyil, qarşılıqlı iddiaçının təşəbbüsü ilə birtərəfli qaydada xitam verilmişdir və könüllü şəkildə həmin sahəni təhvil vermişdir. Sahəni birtərəfli qaydada təhvil verdiyi üçün, təhvil-təslim proseduru onların iştirakı olmadan həyata keçirilmişdir, sahənin təhvil verilməsini video vasitəsi ilə etmişdir və onlara videonu göndərmişdir. Nə həmin videoda, nə yazışma qaydasında onun tərəfindən iddiaçıdan narazı qalması, hər hansı bir ziyana uğraması bildirilməmişdir. Yalnız məhkəməyə iddia ilə müraciət olunandan sonra cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərmişdir. İcarəçi İcarə müqaviləsinin 1.8-ci bəndinə əsasən icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Həmin bəndinə uyğun olaraq, subicarə hüququ icarəçiyə verilmişdir və o, sərbəst şəklində bu hüquqdan istifadə edə bilər. Yazışmalardan göründüyü kimi, icarəçi icarəyə verəndən subicarəçi ilə yeni müqavilənin bağlanılmasını tələb etmişdir, bu da mümkün olan bir şey deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 683.3-cü maddəsinə görə istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Yəni icarə müqaviləsi əsasında icarəçi ilə icarə verən öz üzərinə müəyyən hüquq və öhdəliklər götürüblər, subicarə müqavilə üzrə əsas icarə müqaviləsinin şərtlərindən kənar çıxmamaq şərtilə, subicarə müqaviləsi icarəçi ilə subicarəçi arasında münasibətləri tənzimləyir, icarəyə verənlə subicarəçi arasında münasibətlərə aidiyyatı yoxdur. Cavabdeh iddiaçıdan 119 398 manat pul vəsaiti tələb edir və bildirir ki, bu məbləğ cavabdehin illik dövriyyəsini təşkil edir. Bununla belə aydın görünür ki, icarəçi olmuş cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsini qeydiyyata almışdır, sərbəst fəaliyyət göstərmişdir və illik dövriyyəsi olmuşdur. Yəni icarəyə verənlə mövcud olan icarə müqaviləsi vergi qurumu tərəfindən qanuni hesab edilmişdir, belə olan halda, icarəyə verənin hansı pozuntularından söz gedə bilər. İcarəyə verən icarə müqaviləsini pozmamışdır, nə də xitam verməmişdir, icarəçi icarəyə müqaviləyə birtərəfli qaydada xitam vermişdir və müqaviləni pozmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi yazışmada həmçinin kommunal haqqların ödənilməsi ilə bağlıdır. Belə ki, müqavilənin 2.0 bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik) istifadəyə görə haqqlar icarəçi tərəfindən ödənilir. Elə yazışmadan da görünür ki, icarəyə verən icarəçi tərəfindən işlədilən kommunal haqqlarının ödənilməsini istəyir, məbləğlər dəqiqləşdirilir, kodlar əsasında da ödənişlər həyata keçirilir. Kommunal xidmətlər üzrə haqqların düzgün hesablanmasının sübutu da qarşılıqlı iddia ərizəsində bununla bağlı hər hansı bir tələbin irəli sürülməməsidir. Bu da kommunal haqqlar üzrə ödənişlərin icarəçi tərəfindən sərfiyyata uyğun tam düzgün şəkildə aparılmasını dəlalət edir. II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndələri X4 və Vəkil2 ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər.
9. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun iahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 002 saylı 10 dekabr 2024-cü il tarixli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarəyə verən şəxs, ona məxsus olan, AZ1004/ Bakı ş., Sabunçu ray., Maştağa qəs., 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv.m olan əmlakı, icarəçi Cavabdeh icarəsinə vermişdir. 1.2-ci bəndinə əsasən, bu müqavilə 3 illik nəzərdə tutulur. İcarə müqaviləsi xx.xx.2024-ci il tarixdən qüvvəyə minir və müddəti xx.xx.2027- ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 3 il müddətinə uzadılmış hesab edilir. 1.4-cü bədninə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi icarəyə verənə 3500.00 manat icarə haqqını hər ayın əvvəli əvvəlcədən müəssisənin hesabına və ya nağd qaydada ödəyir. 1.5-ci bədninə əsasən, bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir. 1.8-ci bəndinə əsasən, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. 2.0-cı bəndinə əsasən, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. 2.1-ci bəndinə əsasən, bu müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsini və o anlıq idarədə olan məhsulunun dəyərini tam ödəməlidir. 2.2-ci bəndinə əsasən, bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir.
12. İddiaçı ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 002 saylı 1 sentyabr 2024-cü il tarixli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarəyə verən şəxs, ona məxsus olan, AZ1004/ Bakı ş., Sabunçu ray., Maştağa qəs., 69'cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv/m olan əmlakı, icarəçi Cavabdeh icarəyə vermişdir. 1.4-cü bədninə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi "icarəyə verənə" 1500.00 manat icarə haqqını hər ayın əvvəli əvvəlcədən müəssisənin hesabına və ya nağd qaydada ödəyir.
13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X2 ünvanlanmış “obyektin onlayn qeydiyyatı” ərizəsinin icrasından imtina barədə bildirişdə qeyd olunur ki, təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı ilə bağlı müraciətinizin icrası təsərrüfat subyektinin (obyektinin) adı və fəaliyyəti icarə obyekti olması səbəbindən mülkiyyətin subicarəyə verilməsi barədə mülkiyyət sahibinin razılığını təsdiq edən sənədin əlavə edilməməsi (Notarial qaydada təsdiq edilmiş) və ya icarə müqaviləsində bu barədə maddənin olmaması və icarə müqaviləsinin icarəyə verənin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanmaması və ya notarial qaydada bağlanmaması səbəbindən təmin edilməmişdir.
14. Kapital Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli, 114/2851 nömrəli arayışdan görünür ki, Kapital Bank ASC-də olan hesabların xx.xx.2024 – xx.xx.2025-ci il üzrə dövriyə və qalıq məlumatlarına əsasən debet 119398.94, kredit isə 116276.51 manat təşkil edir.
15. xx.xx.2025-ci il tarixdə elektron sistemə əlavə edilmiş “whatsapp” proqram təminatı vasitəsi ilə aparılan (nömrəsi Nəsib Ramana obyekt adı ilə qeyd olunmuşdur) yazışmaların məzmunundan görünür ki, əmlakın subicarəyə verilməsi üçün müqavilələrin Asan Doc vasitəsi ilə təsdiq edilməsi xahiş olunmuş, qarşı tərəf (icarəyə verən) isə heç kimlə müqavilə bağlamağa məcbur olmadığını bildirmişdir. Yazışmaların qalan hissəsi kommunal xərclərlə bağlı olumuşdur.
16. "xxxx" Kiçik Müəssisəsi tərəfindən Cavabdeh göndərilmiş MT 2504 seriyalı 10375750 nömrəli 04 04.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 1500 manat, MT 2505 seriyalı 11482054 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 2000 manat, MT 2505 seriyalı 11481905 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 2000 manat, MT 2507 seriyalı 10625991 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 7000 manat, MT 2505 seriyalı 10206182 nömrəli
03. 05.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 1500 manat təşkil edir.Hər bir qaimənin əsası olaraq icarə müqaviləsi qeyd olunmuşdur.
17. İlkin iddia üzrə cavabdeh tərəfindən elektron sistemə əlavə edilmiş ödəniş sənədlərinə aşağıdakı məzmunda açıqlama verilmişdir: 2024-cü ilin sentyabr ayı ərzində ümumilikdə 3500 manat ödəniş aparılmış, 3000 manat nağd, 500 manat isə mobil tətbiq vasitəsi ilə ödənilmişdir. 2024-cü ilin oktyabr ayı ərzində 1900 manat nağd qaydada,1600 manat isə mobil tətbiq vasitəsi ilə ödənilmişdir. 2024-cü ilin noyabr ayı ərzində 2500 manat nağd qaydada,1000 manat isə mobil tətbiq vasitəsi ilə ödənilmişdir. 2024-cü ilin dekabr ayı ərzində mobil tətbiq vasitəsi ilə 4000 manat ödənilmişdir. 2025-ci ilin yanvar ayı ərzində 1500 manat qaimə vasitəsi ilə, 2000 manat isə mobil tətbiq vasitəsi ilə ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 1500 manat ödənilmişdir. 2025-ci ilin fevral ayı ərzində 1500 manat qaimə vasitəsi ilə, 2000 manat isə nağd qaydada ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 1500 manat ödənilmişdir. 2025-ci ilin mart ayı ərzində 1500 manat qaimə vasitəsi ilə, 2000 manat isə nağd qaydada ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 3000 manat ödənilmişdir.2025-ci ilin aprel ayı ərzində 1500 manat qaimə vasitəsi ilə, 2000 manat isə mobil tətbiq vasitəsi ilə ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 1500 manat ödənilmişdir. 2025-ci ilin may ayı ərzində 3500 manat nağd qaydada ödənilmişdir.2025-ci ilin iyun ayı ərzində 3500 manat nağd qaydada ödənilmişdir. Açıqlamaya ödəniş sənədləri və mobil tətbiq üzərindən köçürülmə aparılmasına dair sənədlər əlavə edilmişdir.
18. Rəşad Kiçik müəssisəsinin direktoru tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aprel-may ayı üçün kommunal xərcə görə qaz idarəsinə borc yaranmışdır, bununla əlaqədar bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin əməl olunmadığına görə qaz təchizatı xx.xx.2025-ci il tarixdən nəzarətçilər tərəfindən dayandırılmışdır. Belə halların təkrar olunması müqavilənin 2.2-ci bəndinə əsasən şərtlərin pozulması kimi nəzərə alınacaqdır. X6 tərəfindən “borcumuz yoxdur, ödənilib” qeyd olunmaqla imzalanmışdır.
19. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən dəftərxana vasitəsi ilə maddi daşıyıcı (flash kart) təqdim edilmişdir. Təqdim edilmiş maddi daşıyıcıya obyektin və orada yerləşən əmlakların təhvil verilməsi ilə bağlı 9 dəqiqə 37 saniyəlik video yazı əlavə olunmuşdur.
20. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli qəbz əsasında İddiaçı tərəfindən 342 manat, xx.xx.2025-ci il tarixli qəbz əsasında əlavə 11 manat, xx.xx.2025-ci il tarixli qəbz əsasında Cavabdeh tərəfindən isə 410 manat dövlət rüsumu ödənilmişdir.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı mübahisə tərəflər arasındakı 002 saylı 10 dekabr 2024-cü il tarixli icarə müqaviləsindən irəli gəlmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.2-ci maddəsinə əssən bu Məcəllənin vəzifəsi mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
23. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı (icarəyə verən) və X3 (icarəçi) arasında bağlanan 1 sentyabr 2024-cü il tarixli və 10 dekabr 2024-cü il tarixli 002 saylı icarə müqavilələrinə əsasən icarəyə verən mülkiyyətində olan Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsində yerləşən 400 kv/m olan əmlakı icarəçiyə icarəyə vermişdir. İcarə haqqı ilkin müqavilə üzrə aylıq 1500 manat, ikinci müqavilə üzrə isə 3500 manat razılaşdırılmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2027-ci il tarixədək (3 il) müəyyən edilmiş, qeyri-yaşayış sahəsi 2024-cü ilin sentyabr ayından 2025-ci ilin iyun ayına qədər Cavabdeh icarəsində olmuş, 2025-ci ilin iyul ayında müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilərək icarə obyekti icarəyə verənə təhvil vermişdir.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddianın predmetini xx.xx.2024cü il tarixli 002 saylı icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarəçinin müqaviləni yazılı qaydada xəbərdar etmədən, videoçəkiliş əsasında təhvil verməsi səbəbindən 2 illik dəbbə pulunun və əlavə 1 aylıq icarə haqqının tutulması təşkil edir. Qarşılıqlı iddia isə həmin müqavilənin 2.1-ci bəndinə istinadla, müqavilənin vaxtından əvvəl pozulmasına icarəyə verən tərəfindən cəhd göstərilməsi əsasında 119.398,24 manat illik dövriyyə dəyəri həddində dəbbə pulunun tutulmasına yönəldilmişdir. Qarşılıqlı iddiaçı ərizəsində həmin məbləğin də dəbbə pulu olmasını göstərsə, bu tələbin hansı maddi hüquq normasına əsaslandığını qeyd etməmişdir.
25. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanan müqavilənin müvafiq şərtlərinin qanunvericiliyin tələblərinə uyğunluğuna hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
26. Belə ki, hüquqi nəticə doğuran iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələrin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə cavab verməsi zəruridir. Mülki Məcəllə əqdin etibarlı olmasını aşağıdakı şərtlər sistemi daxilində müəyyən edir: 1) əqdin məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradənin ifadəsinin müvafiqliyi; 4) əqdin qanunda nəzərdə tutulmuş formasına riayət edilməsi. Əqd qeyd edilən şərtlərə riayət edildikdə tərəflər üçün hüquq və vəzifələr yaradır.
27. AR Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
28. Göründüyü kimi əqdin hüquqi nəticə doğurmasının ilkin və əsas şərti onun məzmununun qanuniliyidir. Əqdin məzmununun qanuniliyi isə onun şərtlərinin qanunvericiliyin tələblərinə uyğunluğu ilə müəyyən edilir.
29. İş materialları əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli icarə müqaviləsində tərəflər bu müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsini dəyərini tam ödəməsi (2.1) və müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməsi (2.2) bəndlərə istinad edərək bir-birilərinə qarşı hazırkı iddianı irəli sürmüşlər.
30. Məhkəmə bununla bağlı qeyd edir ki, ictimai münasibətlərin nizamlanmasına böyük ölçüdə kömək edən ən önəmli və əsas vasitə olan müqavilənin hüquqi funksiyasını tam mənada yerinə yetirə bilməsi üçün müqavilə azadlığı prinsipinə olan ehtiyac böyükdür. Mülki hüququn fundamental prinsiplərindən biri olan bu prinsip tərəflərə qanunvericiliyin tələbinə zidd olmamaq şərti ilə azad surətdə müqavilələr bağlamaq və onun məzmununu müəyyən etmək imkanı verir. Bu prinsip MM-in bir sıra normalarında (6.1.2, 6.1.5., 6.2, 390.1-ci maddələri və s.) aydın şəkildə öz əksini tapmışdır. Müqavilə azadlığının "müqavilə bağlayıb-bağlamama", "müqavilənin qarşı tərəfini seçmə", "müqavilənin məzmununu müəyyənləşdirmə", müqavilə formasını seçmə", "müqavilə şərtlərini dəyişdirmə", "müqaviləni ləğv etmək" azadlığı kimi müxtəlif alt görünüşləri vardır. Müqavilə azadlığının ən önəmli görünüşlərindən biri müqavilənin məzmununu müəyyənləşdirmə azadlığıdır; nəzərə almaq lazımdır ki, müqaviləyə fərqləndirici xüsusiyyət verən onun məzmunudur (şərtləridir). Buna görə də, müqavilə hüququnun ən əsas prinsiplərindən biri olan bu prinsipin vicdanlı şəkildə və ədalətlə istifadə edilməsi lazımdır. Müqavlə azadlığı prinsipinə müəyyən məhdudiyyətlərin tətbiqi məhz bu zərurətdən doğmuşdur. Başqa sözlə, müqavilə azadlığı mütləq deyildir, qanunvericilik bu azadlığıa müxtəlif səbəblərdən müəyyən məhdudiyyətlər gətirmişdir (Məsələn, MM-in 337.1, 390.2, 420-ci maddələr və s.). Beləliklə, mülki qanunvericilik göstərilən qaydanı müəyyənləşdirməklə bir tərəfdən müqavilə azadlığı prinsipinin təzahür formalarını genişləndirir, digər tərəfdən müqavilənin məcburiliyi və icra edilməsi prinsipini məhdudlaşdırır.
31. Bundan əlavə müasir dövrdə əksər ölkələrin məhkəmələrinə haqsız müqavilə şərtlərini və ya vicdanlılıq və qarşılıqlı etimad prinsiplərinə zidd olaraq tərəflərin hüquq və vəzifələri arasında uyğunsuzluğa gətirib çıxaran şərtləri etibarsız hesab etmək səlahiyyəti verilmişdir. Müqavilə hüququnun bu istiqamətdə inkişafının əsas səbəbi ondan ibarətdir ki, müqavilə azadlığının əsaslandığı öz maraqlarının qayğısına qalan və öz hərəkətlərinin nəticələrini vaxtında və düzgün anlayan (qiymətləndirən) şəxs - müqavilə tərəfi barəsində ideallaşdırılmış təsəvvürlər müasir dövrdə reallığa uyğun gəlməməktədir. Müasir müqavilə hüququn əsas vəzifəsi "müqavilə ədalətliliyi"nin təcrübədə həyata keçirilməsini təmin etmək, eləcə də, müqavilənin zəif tərəfini qorumaq, müqavilə tərəflərinin biri-birinin maraqlarını nəzərə almağa və onları müqavilə münasibətlərini əməkdaşlıq və vicdanlılıq əsasında qurmağa məcbur etməkdən ibarətdir.
32. Məhkəmə icarə müqaviləsinə əsaslanmaqla ilkin iddiaçının cavabdehdən 84000 manat 2 illik icarə haqqına uyğun olan dəbbə pulu, qarşılqılı iddiaçının isə cavabdehdən 119.398 manat dövriyyə həddində dəbbə pulu tələb etməsi müqavilə azadlığı prinsipinə, eləcə də, etimad və vicdanlılıq prinsiplərinə uyğun deyildir. Belə ki, borclu müqavilə öhdəliyini icra etmək üçün yalnız ədalətlilik prinsipinin icazə verdiyi ölçüdə və dərəcədə səy göstərməlidir, kreditor da borcludan yalnız həmin ölçüdə səy göstərməsini tələb etmək hüququna malikdir. Yəni, kreditor borcludan yalnız ədalətlilik prinsipi çərçivəsində öhdəliyinin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflərin öhdəliklərinin ekvivalentliyi qarşılıqlı ədalətliliyin ümumi tələbi kimi qəbul edilməlidir. Bu mənada məhkəmə (hakim) mübahisəyə baxarkən “qarşılıqlı etibar” və mülki dövriyyənin vicdanlı praktikasından çıxış etməlidir. Müqavilə üzrə qarşılıqlı öhdəliklərin balanslaşdırılmamış olması nə qədər nəzərə çarpan olarsa, məhkəmə müqavilənin bağlanması zamanı prisnispial xarakterli səhvlərə yol verilməsini iddia edən tərəfin bu mövqeyini o qədər inandırıcı qəbul edəcəkdir.
33. Beləliklə yuxarıda göstərilən mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, müqavilə bağlamaq kimi müqaviləyə xitam vermək də tərəflərin hüququdur və bu hüququn həyata keçirilməsini faktiki olaraq mümkünsüz edən və ya tərəflər üçün həddindən artıq ağır maliyyə nəticələri yaradan şərtlər (2.1 və 2.2) müqavilə azadlığı prinsipinin mahiyyətinə zidd hesab edilməlidir.
34. Həmçinin müqavilənin istinad olunan şərtlərə əsaslanaraq dəbbə pulunun tələb edilməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-in 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır.
35. Belə ki, AR MM-in: 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Əlavə olaraq məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir. AR MM-in: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
37. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi öhdəliyin icrasının əsas təminat vasitələrindən biri olan dəbbə pulu qanunda və ya tərəflər arasında bağlanan müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icra edilmədiyi, lazımınca icra edilmədiyi və ya icranın gecikdirildiyi təqdirdə borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı işin hallarından isə görünür ki, icarə obyekti icarəçiyə təhvil verilmiş, icarə müddəti ərzində icarə ödənişləri həyata keçirilmiş, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra isə əmlak icarəyə verənə geri qaytarılmışdır. Beləliklə dəbbə pulunun tutulması üçün qanunda nəzərdə tutulmuş əsaslar - öhdəliyin icra edilməməsi, lazımı qaydada icra edilməməsi və ya icranın gecikdirilməsi halı iş materialları əsasında öz təsdiqini tapmamışdır. Bununla yanaşı tərəflər arasında bağlanan icarə müqaviləsinin məzmunu əsasında dəbbə pulunun (penya və ya cərimə) hansı öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halı üçün nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər həmin müqavilədə dəbbə pulunu öhdəliyin icrası ilə deyil, müqaviləyə xitam verilməsinin nəticələri ilə şərtləndirmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, dəbbə pulunun tətbiqi üçün Mülki Məcəllənin 462-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud deyildir.
38. Məhkəmə ilkin iddia tələbinin qalan - müqavilənin yazılı qaydada xəbərdarlıq edilmədən ləğv edilməsi səbəbindən 1 aylıq icarə haqqının tutulması hissəsinə münasibətdə də iddia tələbini əsassız hesab edir və aşağıdakıları edir:
39. Belə ki, icarə haqqı icarə müqaviləsi üzrə icarəçinin icarə obyektindən faktiki istifadə etməsi müqabilində icarəyə verənə ödəməli olduğu sabit pul məbləğidir. Belə ki, iş materiallarından görünür ki, 2025-ci ilin iyul ayında icarə obyekti faktiki olaraq boşaldılaraq icarəyə verənə təhvil verilmiş, nəticədə sonuncunun əmlak üzərində sərəncam və istifadə hüququ bərpa olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istifadə olunmayan dövr üçün (2025-ci ilin iyulu) icarə haqqının tutulması hər hansı hüquqi əsasa söykənmir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, müqavilənin ləğv edilməsi onun hüquqi qüvvəsinə xitam verilməsini nəzərdə tutur. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
41. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanan icarə müqaviləsində onun ləğvi qaydası barədə hər hansı razılaşma əldə olunmamışdır.
42. Əlavə olaraq qeyd edilməlidir ki, icarə müqaviləsinin 1.8-ci bəndində icarəyə götürülən əmlakın icarəçi tərəfindən ikinci əldən (subicarə) icarəyə verilə bilməsi barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, icarəçi subicarə hüququndan istifadə etmək məqsədi ilə icarəyə verənə müraciətlər etmiş, lakin icarəyə verən tərəfindən bu hüququn həyata keçirilməsi üçün zəruri şərait yaradılmamış və müqavilə ilə nəzərdə tutulmuş hüququn faktiki olaraq həyata keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bu icarəçinin icarə müqaviləsinə birtərəfli qaydada xitam verməsi müqavilə üzrə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinin mümkünsüz hala düşməsi ilə şərtlənmişdir.
43. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, mülki qanunvericiliyin ümumi əsaslarından irəli gələn estoppel prinsipi vicdanlılıq prinsipinin xüsusi təzahür forması olmaqla hüquq münasibətləri iştirakçılarının ardıcıl davranışını təmin etməyə yönəlmiş hüquqi mexanizm kimi müəyyən edilir. Estoppel hüquq subyektlərinin hüquqi təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir, lakin bu prinsip yalnız vicdanlı şəxsi qoruyur. Estoppelin tətbiqini tələb edən tərəf, digər tərəfin davranışına ağlabatan və vicdanla etibar etməlidir. Estoppelin tətbiqi zamanı nəzərə alınmalıdır ki, tərəfin təkcə ziddiyyətli davranışı qanunsuz və ya vicdansız hesab edilmir. Belə davranış o zaman vicdansız sayılır ki, bu davranış digər tərəfin ağlabatan etimadını sarsıdır və açıq-aşkar ədalətsizliyə səbəb olur. Prosesdə estoppelin tətbiqi üçün mübahisə tərəflərindən birinin ziddiyyətli davranış faktını müəyyən etmək kifayət deyil, həmçinin bu davranışın digər tərəfdə hansı dərəcədə etimad yaratdığını, həmin tərəfin bu etimada əsaslanaraq özünə zərər vuracaq şəkildə hərəkət edib-etmədiyini (və ya edə biləcəyini) qiymətləndirmək zəruridir. Estoppel prinsipinin əsas məqsədi ondan ibarətdir ki, tərəfin davranışındakı ardıcılsızlıq nəticəsində digər tərəfin zərərinə olaraq üstünlük və fayda əldə etməsinin qarşısı alınır. Estoppel vicdanlılıq prinsipinin xüsusi təzahürü olduğuna görə, onun tətbiqi məqsədilə hər bir tərəfin vicdanlılığının qiymətləndirilməsi tələb olunur.
44. AR MPM-in: 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə qeyd edir ki, ilkin və qarşılılı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov