Məhkəmə qərarları › İş №e-2-2(113)-863/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-863/2021

19.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-863/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı1 Kiçikbəy oğlunun, İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi və ziyanın tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 Kiçikbəy oğlu, İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin 2522,67 manat borcun İddiaçı1 **********9 saylı abunə hesabından silinməsini cavabdeh “xxxx”ASC-yə həvalə edilməsi və cavabdeh “xxxx” ASC-dən ümumilikdə dəymiş 28512 (manat məbləğində ziyan tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlarr ki, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin elektrik sayğacında yanğın baş vermişdir və bu yanğın nəticəsində obyekdə verilən elektrik enerjisi kəsilmiş və obyekt elektrik şəbəkəsindən ayrılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olmaqla obyektin xaricində, divarda quraşdırılmış LUNA LUN21 tipli, 76948536 nömrəli 3 fazalı elektrik sayğacı “xxxx” ASC-nin məlumat bazasında **********9 abonent kodu ilə İddiaçı1 adına qeydiyyatdadır. Şimal X9 və Satışı İdarəsinin rəisinin təsdiq etdiyi və X10 Şəbəkəsi əməkdaşlarının tərtib etdiyi xx xxxx 2020-ci il tarixli 027951 saylı aktdan görünür ki, abonentin müraciətinə əsasən yoxlama aparılan zaman məlum oldu ki, elektrik sayğacı yanaraq yararsız vəziyyətə düşmüşdür. Yoxlama aparılan zaman obyekt şəbəkədən açılmışdır. Elektrik sayğacının yenisi ilə əvəz olunması qərara alınmışdır. Edilmiş cox saylı şikayətlərə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Xaçmaz filialından verilmiş xx xxxxxx 2020-ci il tarixli, AERA-23-452\20 və xx xxxxxx 2020-ci il tarixli, AERA-23-482\20 saylı məktublarında görünür ki, elektrik sayğacının abonentin təqsirindən yanaraq sıradan çıxması barədə sübut olmadığı və istehlakçının fiziki şəxs olması nəzərə alınmadan enerji təchizatı müəssisəsi tərəfindən yeni quraşdırılmış sayğaca görə 138 manat məbləğ xx.xx.2020-ci il tarixində hesaba əlavə edilmişdir. Eyni zamanda obyektin orta göndəlik elektrik enerji sərfi, həmçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək (67 gün) elektrik şəbəkəsindən açıq olduğu nəzərə alınmadan itirilmiş elektrik enerjisi 29563kVt\s, dəyəri 2660,67 manat hesablanaraq xx.xx.2020-ci il tarixində hesaba əlavə edilmişdir. Elektrik sayğacının quraşdırılmasına görə hesablanmış 138 manat məbləğ xx.xx.2020-ci il tarixində hesabdan silinmiş, itirilmiş elektrik enerjisinə görə aparılmış hesabata isə “xxxx” ASC-nin nəzdində fəaliyyət göstərən “X2 Komissiyasında” baxılmaqdadır. Lakin bu Komissiyanın qərarı bu günə kimi verilməmişdir. Bundan başqa, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə İddiaçı2 arasında xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi çəkisi 47530 kq təşkil edən skumbriya (dondurulmuş 200-300 qr) balığın sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektdə saxlanılması tapşırılmışdır. xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin elektrik sayğacında yanğın baş vermişdir və bu yanğın nəticəsində obyektdə verilən elektrik enerjisi kəsilmişdir. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar obyektdə yerləşən dondurucularda saxlanılan dondurulmuş skumbriya balıqlarına ziyan dəyməkdədir. Baxış nəticəsində müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixə xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsinə əsasən Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektdə tapşıranın ümumilikdə 119.232 manat dəyərində olan 24840 kq dondurulmuş skumbriya balığı saxlanılmaqda idi. Elektrik enerjisinin dərhal bərpa olunmaması nəticəsində 198 qutuda saxlanılan, yəni 5940 kq dondurulmuş balıq məhsulunun donu açılmış və yararsız hala düşmüşdür. Beləliklə, tapşırana xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 28.512 manat məbləğində ziyan dəymişdir. Qeyd olunan ziyan İddiaçı2 tərəfindən tam olaraq “xxxx” MMC-yə ödənilmişdir. “X3 Qaydaları”nın 9.15-ci bəndinə əsasən qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə sonradan istehlakçıya açılmanın səbəbləri haqqında məlumat verməklə, enerji təchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir. Göründüyü kimi məhsulun kütləvi zay olması halında (enerji təchizatı müəssisəsi) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malik deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli R 027951 saylı aktdan görünür ki, Xaçmaz şəhəri, Aran küçəsi ünvanında yerləşən İddiaçı1 məxsus obyektdə elektrik enerjisi uçotu və “X3 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı yanaraq yararsız vəziyyətə düşmüşdür. Elektrik sayğacının yenisi ilə əvəz edilməsi tələb edilmişdir. Yoxlama aparan zaman obyekt şəbəkədən açılmışdır. -Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə xx.xx.2020-ci il tarixli, 145809 saylı aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, 027951 saylı akta və xx.xx.2020-ci il tarixli,172(ax) saylı ərizəyə əsasən sayğac tam yanaraq yararsız hala düşdüyü üçün yenisi ilə əvəz edilmişdir. - xxxx ASC-nin aktlar komissiyasının sədri tərəfindən tərtib edilmiş və “Şimal” RETSİin rəisi tərəfindən təsdiq edilmiş tarixsiz aktdan görünür ki, “xxxx” ASC tərəfindən 027951 saylı akta əsasən abonent İddiaçı1 29.563 kvts elektrik enerjisinin dəyərində 2.660,67 manat məbləğində borc hesablanmışdır. -xx.xx.2020-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı1 027951 saylı akta əsasən hesablanmış 2.660,67 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. xx.xx.2020ci il tarixə olan qalıq borcu 2.660,93 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə abonent İddiaçı1 borcu 720,54 manat təşkil edir. -Abunə haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixləri arasındakı dövrdə abonent İddiaçı1 tərəfindən sərf edilmiş elektrik enerjisi 5055 kvts. olmaqla həmin sərfiyyata görə hesablanmış borc 454,95 manat; xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixləri arasında dövrdə abonent İddiaçı1 tərəfindən sərf edilmiş elektrik enerjisi 8583 kvts. olmaqla həmin sərfiyyata görə hesablanmış borc 772,47 manat təşkil etmişdir. -Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Xaçmaz Filialı tərəfindən İddiaçı2 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, AERA-23-482/20 saylı müraciətin araşdırılması barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş və X4 Agentliyinə ünvanlanmış ünvan 2jisi verilişinin dayandırılması və obyektdə istifadə olunan elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar şikayət ərizəsi araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı2 müraciətinə əsasən X7 nümayəndələri tərəfindən obyektin elektrik sayğacına baxış keçirilərkən sayğacın yanaraq sıradan çıxdığı məlum olmuşdur. Bununla əlaqədar 027951 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və sayğacın giriş kabel xətti şəbəkədən açılaraq obyektə elektrik enerjisinin verilişi dayandırılmışdır. Yanmış elektrik sayğacı xx.xx.2020-ci il tarixində yenisi ilə əvəz olunaraq obyektə elektrik enerjisinin verilişi bərpa edilmişdir. Elektrik sayğacının abonentin təqsirindən yanaraq sıradan çıxması barədə sübut olmadığı və istehlakçının fiziki şəxs olması nəzərə alınmadan enerjitəchizatı müəssisəsi tərəfindən yeni quraşdırılmış sayğaca görə 138 manat məbləğ xx.xx.2020-ci il tarixində hesablarına əlavə edilmişdir. Eyni zamanda obyektin orta gündəlik elektrik enerjisi sərfi, həmçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (67 gün) elektrik şəbəkəsindən açıq olduğu nəzərə alınmadan itirilmiş elektrik enerjisi 29563 kVt/s, dəyəri 2660,67 manat hesablanaraq xx.xx.2020-ci ıl tarixində abonentin hesabına əlavə edilmişdir. “Şimal” X9 və Satışı İdarəsindən daxil olmuş 21,08.2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, elektrik sayğacının quraşdırılmasına görə hesablanmış 138 manat məbləği xx.xx.2020-cı il tarixində abonentin hesabından silinmiş, itirilmiş elektrik enerjisinə görə aparılmış hesabata isə “xxxx” ASC-nin nəzdində fəaliyyət göstərən “X2 Komissiyası”nda baxılır. “xxxx” ASC Müştəri Xidmətləri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MXİ 0224 saylı razılaşma protokolundan görünür ki, abunə haqqında bildiriş vərəqinin təhlili və AR-in Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialının müraciəti, həmçinin Rİ 027951 saylı aktdakı qeydiyyat nəzərə alınaraq akta üzrə hesabata yenidən baxılmışdır. 859 manat ödəniş nəzərə alınaraq, akta əsasən hesablanmış borc 20026 kvts (1.802,34 manat) məbləğində azaldılmışdır. “xxxx” MMC (tapşıran) ilə İddiaçı2 (saxlayıcı) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən, saxlayıcı saxlama haqqı müqabilində tapşıranın ona verdiyi ümumi çəkisi 47.530 kq skumbriya (dondurulmuş 200-300 qr) balığını ona məxsus olan Xaçmaz şəhəri, Aran küçəsi ünvanında yerləşən obyektdə saxlamaq üçün qəbul etməyi öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən saxlayıcıya çatacaq saxlama haqqı hər ay üçün 400 manat təşkil edir. 2.1.3-cü bəndinə əsasən mallarda zədələnmə aşkar etdikdə bu barədə akt tərtib etmək və tapşırana dərhal məlumat vermək saxlayıcının borcudur. Müqavilə hər iki tərəfin imzası və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir. xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsinin şərtlərinə əsasən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin elektrik sayğacında yanğın baş vermişdir və bu yanğın nəticəsində obyektə verilən elektrin enerjisi kəsilmişdir. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar obyektdə yerləşən dondurucularda saxlanılan dondurulmuş skгmbкiya balıqlarına ziyan dəyməkdədir. xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsinin şərtlərinə əsasən saxlancda saxlanılan malların götürülməsi və ziyanın müəyyən olunmasına dair xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx xxxx 2020-ci il tarixə xx xxxxxx 2019cu il tarixli malların saxlama müqaviləsinə əsasən Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektdə tapşıranın ümumilikdə 119232 manat dəyərində olan 24840 kq dondurulmuş skumbriya balığı saxlanılmaqda idi. Elektrik enerjisinin dərhal bərpa olunmaması nəticəsində 198 qutuda saxlanılan, yəni 5940 kq dondurulmuş balıq məhsulunun donu açılmış və yararsız hala düşmüşdür. Beləliklə, tapşırana xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 28.512 manat məbləğində ziyan dəymişdir. xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC ilə İddiaçı2 arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin predmetini tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsi üzrə vurulmuş ziyanın ödənilməsi üzrə mübahisənin həll edilməsi təşkil edir. xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş barışıq sazişinin tam icrasına dair aktdan görünür ki, tərəflər arasında imzalanmış xx xxxx 2020-ci il tarixli barışıq sazişi İddiaçı2 tərəfindən qarşılıqlı razılaşmalar nəticəsində icra olunub başa çatdırılmışdır və sazişdə nəzərdə tutulmuş ziyan məbləği, yəni 28.512 manat məbləğində ziyan tam olaraq ödənilmişdir. -xx.xx.2019 və xx.xx.2019-ci il tarixli Gömrük bəyannamələrindən görünür ki, “X8” şirkəti tərəfindən “xxxx” MMC-yə çatıdırılması üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına ümumilikdə qablaşdırılmamış çəkisi 55.724 kq olan dondurulmuş başı kəsilmiş skumbriya balığı göndərilmişdir. Əsaslandırıcı hissə: İddiaçı1 borcun silinməsi tələbi: Göstərilən tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Aran küçəsində yerləşən İddiaçı1ov oğlunun istifadəsində olan obyektdə elektrik enerjisinin uçotu və EEİQ riayət edilməsinin yoxlanılması məqsədilə baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının yanaraq yararsız vəziyyətə düşdüyü müəyyən edilmiş və obyekt elektrik şəbəkəsindən ayrılmışdır. xx.xx.2020-ci il tarixdə sayğac yenisi ilə əvəz edilmiş və obyektə elektrik enerjisi verilişi bərpa edilmişdir. Sayğacın işlək vəziyyətdə olmadığı müddət üçün abonentə akt əsasında 2.660,67 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı1 həmin borcun 2522,67 manat hissəsinin silinməsini tələb edir. Əvvəla iş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli MXİ 0224 saylı razılaşma protokoluna əsasən mübahisəli akt əsasında aparılmış hesabata yenidən baxılaraq iddiaçının silinməsini tələb etdiyi borcun 1.802,34 manat hissəsi cavabdeh ”xxxx” ASC tərəfindən silinmiş, yeni hesabata əsasən İddiaçı1 hesablanmış borcun yalnız 858,33 manat hissəsi saxlanılmışdır. Borcun saxlanılan 858,33 manat hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, razılaşma protokoluna əsasən həmin borc hesablanarkən abonentin yeni sayğac quraşdırıldıqdan sonrakı dövrdəki orta günlük sərfiyyatı əsas götürülməklə 30 gün müddətinə hesabat aparılmışdır. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”-nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi hesablaşma elektrik sayğacının işi abonentin təqsiri olmadan pozulduğu halda hesabatın uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta sərfiyyatına əsasən hesablanması tərəflərin razılığına əsasən aparılmalıdır. Hazırkı halda hesabatın uçot bərpa edildikdən sonrakı dövrün orta sərfiyyatına əsasən hesabat aparılması ilə bağlı abonentin razılığı alınmamışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan isə aydın görünür ki, mübahisəli obyektdə sərfiyyat mövsümdən asılı olaraq kəskin dəyişir və yay aylarında qış aylarına nisbətən iki dəfə çox olur. Bu halda məhkəmə hesab edir ki, fevral ayının ikinci yarısı-mart ayının 1-ci yarısı arası dövr üçün hesabatın iyun ayının orta gündəlik sərfiyyatına əsasən hesablanması MM-in 425-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipinin tələblərinə cavab vermir və hesabatın uçot pozulana qədərki dövrün - yanvarfevral aylarının sərfiyyatına uyğun aparılması daha ağlabatandır. Digər tərəfdən hesabatın müddətinə gəldikdə isə iş materiallarından görünür ki, sayğacın yanmasından əvvəl mübahisəli obyektdə sonuncu dəfə sayğac göstəriciləri xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmış, xx xxxx 2020-ci il tarixdə isə obyekt şəbəkədən ayrılmışdır. Belə olan halda isə “xxxx” ASC tərəfindən həmin hesabat 30 günlük müddət üçün deyil, 25 günlük müddət üçün (17 fevral tarixdən 14 martadək olan dövr üçün)aparılmalı idi. Belə olan halda, uçot pozulanadək abonentin sonuncu 33 günlük sərfiyyatının 5055 kvt olan dövr üçün olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sayğac göstəricilərinin qeydə alınmasının mümkün olmadığı - xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət üçün hesabat aşağıdakı qaydada aparılmalı idi: 5055 kvt:33günx25günx0,09 manat=344,66 manat. Göründüyü kimi İddiaçı1 513,67 manat məbləğində borc (858,33-344,66) artıq hesablanmışdır. Beləliklə, mhəkəmə belə qənaətə gəlir ki, İddiaçı1 borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı1 artıq hesablanmış 513,67 manat (858,33-344,66) məbləğində borc silinməlidir. Qalan hissədə İddiaçı1 iddiası rədd edilməlidir. İddiaçı2 dəymiş maddi zərərin ödənilməsi tələbi: Göstərilən tələbin qanuni əsasını Mülki Məcəllənin 21 və 1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd, təqsirli əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə İddiaçı2 ona maddi zərər dəyməsi barədə istinad etdiyi halları “xxxx” MMC ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli malların saxlama müqaviləsinə əsasən saxlamaya verilmiş dondurulmuş balıq məhsulların sayğacın yanması nəticəsində (nəticədə elektrik enerjisinin verilişin kəsilməsi) yararsız vəziyyətə düşməsi ilə əsaslandırsa da, nə hadisənin baş verdiyi 2020-ci ilin mart ayında anbarda balıq məhsullarının saxlanılmasını, nə həmin məhsulların miqdarını, nə onların bir hissəsinin yararsız vəziyyətə düşməsini sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarından göünür ki, İddiaçı2 dondurulmuş balıqların hadisə zamanı anbarda saxlanılmasını sübuta yetirmək üçün məhkəməyə “xxxx” MMC ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış saxlama müqaviləsini təqdim etmişdir. Məhkəmə balıqların yararlılıq müddəti olan yeyinti məhsulu olmasını nəzərə alaraq hesab edir ki, həmin müqavilə hadisənin həmin müqavilənin bağlanmasından 5 ay sonra baş vermiş hadisə zamanı balıqların iddiaçının anbarında saxlanılması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyil. Ziyanın vurulması barədə aktlara münasibətdə isə qeyd edilməlidir ki, həmin aktlar cavabdehin nümayəndələrinin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş, eləcə də həmin aktların tərtib edilməsində yalnız mübahisənin nəticəsində marağı olan şəxslər - iddiaçının işçiləri və “xxxx” MMC-nin direktoru və işçiləri) iştirak etmişlər. Belə olan halda isə həmin aktlar obyektdə elektrik enerjisinin kəsilməsi nəticəsində balıq məhsullarının yararsız vəziyyətə düşməsi faktının müəyyən edilməsi üçün kifayət etmir. Bundan əlavə İddiaçı2 tərəfindən dondurulmuş balıqlara dəyməsi ehtimal edilən zərərə görə “xxxx” MMC-yə ödəniş etməsinə dair ödəniş sənədini də (ödəniş tapşırığı, kassa məxaric orderi və s.) məhkəməyə təqdim edilməmişdir. İkincisi, İddiaçı2 iddia etdiyi məbləğdə maddi ziyan vurulması faktının mövcud olmasını ehtimal etsək belə maddi zərərin cavabdeh “xxxx” ASC-nin təqsirli hüquqazidd əməlləri nəticəsində yaranması da məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı sayğacın yanması hadisəsinin xx.xx.2020-ci il tarixdə baş verdiyini iddia edir. İddiaçı2 ilə “xxxx” MMC-nin arasında tərtib edilmiş ziyanın vurulması barədə aktın tarixi kimi isə xx.xx.2020-ci il tarixi göstərilmişdir. Yəni iddiaçının istinad etdiyi hallara görə anbarda saxlanılmış dondurulmuş balıqlar artıq xx.xx.2020-ci il tarixdə sayğacın yanması ilə bağlı elektrik enerjisinin kəsilməsi nəticəsində yararsız vəziyyətə düşmüşdür. Digər tərəfdən İddiaçı2 xx.xx.2020-ci il tarixinədək sayğacın yanması ilə bağlı “xxxx” ASC-yə məlumat verilməsini, eləcə də xx.xx.2020-ci il tarixdə “xxxx” ASC tərəfindən obyekt şəbəkədən ayrılarkən və ya ayrılıqdan sonra anbarda xarab ola biləcək malların olması barədə məlumat verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı sayğacın yanmasının “xxxx” ASC-nin təqsirli əməlləri nəticəsində baş verməsi də iş materialları ilə öz təsdiqini tapmır. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı2 vurulması iddia olunan ziyana görə məsuliyyətin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması üçün hər hansı əsas mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 25 manat hissəsi iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 Kiçikbəy oğluna “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixli 027951 saylı akt əsasında xx.xx.2020-ci il tarixdə hesablanmış 513,67 manat məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi “xxxx” ASC-dən tutularaq İddiaçı1 Kiçikbəy oğluna ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar