Məhkəmə qərarları › İş №e-2-2(113)-8631/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8631/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8631/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 20744,4 (iyirmi min yeddi yüz qırx dörd manat, qırx qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 38862,95 (otuz səkkiz min səkkiz yüz altmış iki manat doxsan beş qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 141,8 (yüz qırx bir manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik), toplam 60372,33 (altmış min üç yüz yetmiş iki manat otuz üç qəpik) manatın alınaraq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış AV-211/2021 №li, xx.xx.2021-ci il tarixli uzun müddətliavtomobil icarə müqaviləsinə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1670(min altı yüz yettmiş) manat olmaqla 2 (iki) ədəd Mitsubishi L200 MİD 4x4 markalı, illik sürülmə limiti 50.000 (əllimin) kilometr, aylıq icarə haqqı 1350(min üç yüzəlli) manat olmaqla 1 (bir) ədəd Mitsubishi Pajero və 1 (bir) ədəd Toyota Prado markalı avtomobillər 24 ay müddətinə, həmin müqaviləyə edilmiş xx.xx.2022-ci il tarixli AV-224/2022 №li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1750(min yeddi yüzəlli ) manat olmaqla 2 (iki) ədəd Mitsubishi L200 MİD 4WD markalıavtomobil 12 ay müddətinə, xx.xx.2022-ci il tarixliAV-220/2022 №li, xx.xx.2022-ci il tarixliAV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1720(min yeddi yüziyirmi) manat olmaqla 1 (bir) ədəd X3 GLS 2018 markalıavtomobil 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050(iki min əlli) manat olmaqla 2 (iki) ədəd Mitsubishi L200 Mid 4WD markalıavtomobil 12 ay müddətinə, xx.xx.2022-ci il tarixli AV-187/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050(iki min əlli) manat olmaqla 2 (iki) ədəd Mitsubishi L200 Mid 4WD markalıavtomobil 12 ay müddətinə , xx.xx.2022-ci il tarixli AV-192/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050(iki min əlli) manat olmaqla 1 (bir) ədəd Mitsubishi L200 Mid 4WD markalıavtomobil 12 ay müddətinə, xx.xx.2022-ci il tarixli AV-105/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1645(min altı yüz qırx beş) manat olmaqla 1(bir) ədəd Mitsubishi L200 Low 4WD markalı avtomobil 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli,AV-138/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1550(min beş yüz əlli) manat olmaqla 1(bir) ədəd Toyota Prado markalı avtomobil 24 ay müddətinə və xx.xx.2022-ci il tarixliAV- 152/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050(iki min əlli) manat olmaqla İddiaçı mülkiyyətində olan 5 (beş) ədəd Mitsubishi L200 MİD 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olmuş avtomobillərin icarəsinə görə icarə haqqı borcunu, icarə haqqının ödənişinin gecikdirilməsinə görə hesablanmış faiz borcunu və həmin avtomobillərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə borcunu tam olaraq ödəməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçın6ə0372,33 (altmış min üç yüz yetmiş iki manat, otuz üç qəpik) manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin 10-cu bəndinə əsasən ödəmə aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə “İcarəyə verən” “İcarəçi”yə illik 12% cərimə tətbiq edir. Müqavilənin 6.4-cü bəndinə əsasən “İcarəçi” avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. Müqavilənin 8-ci maddəsinin üçün abzasına əsasən “icarəçi” yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir,əks təqdirdə cərimələr İcarəyə verən tərəfindən ödəniləcəkdir və “İcarəçi”yə faktura ediləcəkdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 16586,33 (on altı min beş yüz səksən altı manat, otuz üç qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 18802,5 (on səkkiz min səkkiz yüz iki manat əlli qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 190,8 (yüz doxsan manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik), toplam 36202,81 (otuz altı min iki yüz iki manat səksən bir qəpik) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (bundan sonra “Cavabdeh”) İddiaçı Otokoç Azərbaycan LLC (bundan sonra “İddiaçı”) tərəfindən icarə müqaviləsi üzrə mübahisələr ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-8631/2025 saylı iş üzrə kommersiya mübahisəsi mövcuddur. İddiaçı tərəfindən yenilənmiş formada təqdim edilən xx/xx/2025-ci il tarixli “mühasibat arayışı”mda borc məbləği toplam 36.202.81 AZN olaraq müəyyənləşdirilib. Maliyyə arayışına əsasən iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirilmə verilmişdir. Dəqiqləşdirmə ərizəsinə əsasən iddia tələbi aşağıdakı məbləğlərdə müəyyənləşdirilib. Belə ki, əsas icarə haqqı borcu: 18 802,50 AZN (ƏDV daxil), vurulmuş zərər: 16 586,33 AZN (ƏDV daxil) inzibati cərimə: 190,80 AZN, gecikdirmə faizi: 623,80 AZN ümumi tələb: 36 202,81 AZN. Vurulmuş zərərlə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq. Belə ki, təqdim edilən mühasibatlıq arayışının 1 və 2-ci bəndləri üzrə EBEB 421938 və EBEB 421940 saylı qaimələr qaimələrin ilk təqdim edildiyi tarixdən etibarən ləğvə göndərilmişdir. Ləğv edilmə əsası kimi aktın olmaması və tələb edilən borc məbləğinin tərəfimizdən qəbul edilməməsi olmuşdur. Müvafiq e-taxes.gov.az saytından çıxarılmış hər iki qaimə üzrə tarixçə qoşma olaraq əlavə edilmişdir. Mühasibatlıq arayışının 3, 4, 5, 6, 7, 9, 10-cu hissələri üzrə ödənişlər tərəfimizdən icra edilib, həm əsas, həm də ədv hesabı üzrə köçürməni təsdiq edən müvafiq ödəniş tapşırıqlarını ardıcıl olaraq diqqətinizə çatdırılır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, İddiaçı zərərin vurulması ilə bağlı təqdim etdiyi sənədlərdə yalnız birtərəfli qaydada servisə müraciət edərək qiymət təklifləri almışdır. Təqdim edilmiş Aktlarda qüsurun nədən ibarət olduğu dəqiq göstərilmir və həmin qüsurların həqiqətən Cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə təsdiq olunmur. Həmçinin qeyd edilməlidir ki, əgər nəqliyyat vasitələrində guya hər hansı qüsur mövcud idisə, bu halda Tərəflər arasında həmin qüsurların qeydə alındığı, müvafiq surətdə imzalanmış “qüsur aktları” tərtib edilməli idi. Lakin belə aktlar iş materiallarında mövcud deyildir. Eyni zamanda, təqdim edilmiş sənədlərdən nəqliyyat vasitələrinin həmin dövrdə həqiqətən də Cavabdehin istifadəsində olması faktı da görünmür və sübuta yetirilməmişdir. İcarə haqqı üzrə qalıq borc məbləği təqdim edilən mühasibatlıq arayışına əsasən toplam ədv daxil 12 324.52 azn təşkil edir. Belə ki, MT2405 11418597 saylı qaimə üzrə ədv ödənişi ödənilib (ədv 601.20 azn), əsas ödəniş icra edilməmişdir. Həmin qaimə üzrə qalıq borc 3340,00 AZN təşkil edir. Digər MT2407 10009796, MT2407 12123315 nömrəli qaimələr üzrə müvafiq olaraq ədv daxil 4246.03 və 1398.49 azn təşkil edir. İnzibati cəriməyə münasibətdə təqdim edilən ödəniş tapşırıqlarına əsasən toplam 54 azn məbləğində cərimə ödənişini göstərən ödəniş tapşırıqları və 64.80 azn dəyərindəki hesab faktura iş üzrə materiallarda mövcuddur. Lakin həmin cərimələrin hansı nəqliyyat vasitəsinə aid olması iş üzrə materiallarla sübuta yetirilmir. Ümumiyyətlə, həmin nəqliyyat vasitəsinin icarəçinin istifadəsində olubolmaması məsələsi də öz təsdiqini tapmır. Həmin ödənişlər fiziki şəxs Nicat Tağızadə tərəfindən ödənilmişdir, həmin cərimələrin Otokoç tərəfindən ödənilməsi sübuta yetirilmir. İddiaçı tərəfindən təqdim edilən mühasibatlıq arayışında müvafiq olaraq 45, 64.80 və 81 azn qeyd edilib. Lakin həmin cərimələrin həqiqətən də icarəçi tərəfindən törədilməsi faktı öz təsdiqini iş üzrə metariallarla sübuta yetirilmir. Bundan əlavə, Müqavilənin 8-ci maddəsinə əsasən Yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələr 15 iş günü müddətində ödənməlidir, əks təqdirdə icarəyə verən tərəfindən ödəniləcəkdir. Və icarəçiyə faktura ediləcəkdir. Qeyd edilən müddəaya əsasən Otokoç tərəfindən belə bir bildirişin verilməsi, yəni hesab fakturanın təsdiqi iş materialları ilə sübuta yetirilməmişdir. Gecikdirmə faizinə münasibətdə isə qeyd edək ki, nə iddia ərizəsində, nə də ki dəqiqləşdirmə barədə ərizədə gecikdirmə faizinin hansı formada hesablanması barədə heç bir faktiki və ya hüquqi əsas müəyyən edilməmişdir.

6. Cavabdeh xx.xx.2026-cı il tarixdə yazılı etiraza əlavə təqdim edərək, iddia tələbinin yalnız icarə haqqına dair 8.984,52 (səkkiz min doqquz yüz səksən dörd manat 52 qəpik) AZN məbləğində olan hissədə təmin edilməsini, digər hissələr üzrə isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Əlavə onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (bundan sonra “Cavabdeh”) İddiaçı Otokoç Azərbaycan LLC (bundan sonra “İddiaçı”) tərəfindən icarə müqaviləsi üzrə mübahisələr ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-8631/2025 saylı iş üzrə kommersiya mübahisəsi mövcuddur. Etirazda texniki səhvlik olduğundan xahiş edirəm ki, aşağıdakı hissədə etiraz nəzərə alınsın. İcarə haqqı üzrə qalıq borc məbləği toplam ədv daxil 8984.52 AZN təşkil edir. Belə ki, MT2405 11418597 saylı qaimə üzrə ədv ödənişi ödənilib (ədv 601.20 azn) (bildiriş nömrəsi **********876585), əsas ödəniş icra edilməmişdir. Həmin qaimə üzrə qalıq borc 3340,00 AZN təşkil edir. Digər MT2407 10009796, MT2407 12123315 nömrəli qaimələr üzrə müvafiq olaraq ədv daxil 4246.03 və 1398.49 azn borc məbləği qalıb. Beləliklə, müqavilə üzrə icarə haqqı qalığı 3340.00+4246.03+1398.49 =8984.52 AZN təşkil edir. Bundan başqa, əlavə olaraq diqqətinizə çatdıraq ki, etirazda da bildirdiyimiz kimi mühasibatlıq arayışının 1, 2 və 14-cü hissələrində olan vurulan zərərlə bağlı iddia tələbi tərəfimizdən qəbul edilmir. 5-ci hissədə olan zərərlə bağlı ödəniş isə tərəfimizdən qəbul edilərək xx.xx.2025-ci il tarixində əsas məbləğ (MVshROg19 saylı ödəniş tapşırığı) və **********876585 saylı ədv ödənişi 2024- 07-01 tarixində ödənilmişdir. Müvafiq ödəniş tapşırıqları etirazda məhkəmənin diqqətinə çatdırılımışdır. Lakin digər zərərlə bağlı irəli sürülmüş tələblər tərəfimizdən tam şəkildə qəbul edilmir. Belə ki, İddiaçının qüsur aktı tərtib etdiyini iddia etdiyi 6 (altı) ədəd nəqliyyat vasitəsi ilə bağlı aşağıdakı halları diqqətinizə çatdırırıq: ** PX *** və ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdehdən hansı formada təhvil alınması faktı müvafiq aktlarda öz əksini tapmamışdır. Buna baxmayaraq, İddiaçı həmin nəqliyyat vasitələri üzrə iddia edilən qüsurlarla bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində qiymət təklifləri əldə etmişdir. ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə təhvil-təslim aktına əsasən avtomobil xx.xx.2024-cü il tarixində təhvil verildiyi halda, xx.xx.2024-cü il tarixində Cavabdehin iştirakı olmadan qiymət təklifi alınmışdır. Bundan əlavə, ümumi olaraq bildiririk ki, təqdim edilmiş qüsur aktları və dəymiş zərərə dair qiymət təklifləri qüsuru müəyyən etməyə və müvafiq qiymətləndirmə aparmağa səlahiyyəti heç bir sənədlə təsdiq olunmayan şəxslər tərəfindən tərtib edilmişdir. H027031 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə predmeti olsa belə, təqdim edilmiş sənədlərdən göründüyü kimi, həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ "xxxx" Ltd MMM-ə məxsusdur və bu səbəbdən iddia edilən zərəri tələb etmək barədə iddia tələbi irəli sürülə bilməz.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X.Abidova yazılı etirazlarını müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın qismən təmin edilməsini, cavabdehdən yalnız icarə haqqı olaraq 8984,52 manat pulun tutulmasını, qalan hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən Mitsubishi Pajero markalı avtomobil aylıq 1.350 manat, Toyota Prado markalı avtomobil aylıq 1.350 manat, Mitsubishi L200 Mid 4x4 markalı 2 ədəd avtomobil isə aylıq 1.670 (min altı yüz yetmiş) manat məbləğində icarəyə verilmişdir. Əgər icarəçi vergilərdən azad deyilsə, qiymətlərə 18% ədv əlavə olunacaq. 2 aylıq depozit öncədən icarəçi tərəfindən ödənilməlidir.

12. Həmin müqavilənin 3-cü bəndinə əsasən mövcud razılaşmanın müddəti avtomobilin təhvil verildiyi gündən 24 ay müddətinə müəyyən edilir. Əgər İcarəçi müqavilə bitdiyi tarixdən sonra avtomobillərdən istifadəni davam etdirərsə, bu müqavilə növbəti 12 ay müddətinə uzadılacaqdır.

13. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçinin təqsirli əməli nəticəsində icarə predmeti olan avtomobilə zərər dəydikdə və/və ya sığortaçı tərəfindən avtomobilə vurulmuş zərər sığorta ödənişi ilə qarşılanmadıqda, avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyə verən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.

14. Müqavilənin 8-ci bəndində göstərilmiş icarə şərtlərinə əsasən icarəçi yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələr icarəyə verən tərəfindən ödəniləcək və icarəçiyə faktura ediləcəkdir.

15. Müqavilənin 10-cu bəndində göstərilmiş faktura və ödəmə şərtlərinə əsasən ödəniş aylıq olmaqla, faktura təqdim edildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə, icarəyə verən icarəçiyə illik 12% cərimə tətbiq edəcəkdir. Bütün ödənişlər AZN ilə, Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə nağd və ya icarəyə verənin aşağıdakı bank hesabına bank köçürməsi ilə həyata keçiriləcəkdir.

16. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli AV-224/2022 №li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1750 manat olmaqla 2 ədəd Mitsubishi L200 MİD 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilir.

17. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixliAV-220/2022 №li, xx.xx.2022ci il tarixliAV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1720 manat olmaqla 1 ədəd X3 GLS 2018 markalı avtomobil 24 ay müddətinə cavabdehə icarəyə verilir.

18. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 2050(iki min əlli) manat olmaqla 2 ədəd Mitsubishi L200 Mid 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilir.

19. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli AV-187/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 2 ədəd Mitsubishi L200 Mid 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilir.

20. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli AV-192/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 1 ədəd Mitsubishi L200 Mid 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilir.

21. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli AV-105/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1645 manat olmaqla 1 ədəd Mitsubishi L200 Low 4WD markalı avtomobil 24 ay müddətinə cavabdehə icarəyə verilir.

22. Tərəflər arasında imzalanmış AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli, AV-138/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1550 manat olmaqla 1 ədəd Toyota Prado markalı avtomobil 24 ay müddətinə və xx.xx.2022-ci il tarixliAV-152/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla İddiaçı mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilir.

23. İddiaçı tərəfindən cavabdehdehə xx.xx.2024-cü il tarixli, EBEB 421938 nömrəli – 13.782,40 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 421940 nömrəli – 3.799,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 421945 nömrəli – 623,18 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 756814 nömrəli – 3.941,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 647139 nömrəli – 3.162,40 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2405 10484791 nömrəli – 1.617,58 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 10484794 nömrəli – 1.829,00 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 11156933 nömrəli – 1.829,00 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 11418597 nömrəli – 3.941,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli – 64,80 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10009796 nömrəli – 4.246,03 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 12123315 nömrəli – 1.398,49 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11211363 nömrəli – 5.310,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

24. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh iddiaçıya xx.xx.2025-ci il tarixdə 9983,18 manat, xx.xx.2024-cü ildə 20975,83 manat vəsait ödəmişdir.

25. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən H027031 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1680 manat, xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 90PT692 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1445 manat, xx.xx.2024cü il tarixli qüsur aktına əsasən 77PX644 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat, xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 77PX604 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat,

26. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 77PX419 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1239 manat,

27. xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən H028798 saylı nəqliyyat vasitəsinə dəymiş zərər 3220 manat təşkil edir.

28. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Məhkəmə iddia tələbini birinci – 18802,50 manat icarə haqqı borcunun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

31. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

32. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında AV-211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının mülkiyyətində olan müxtəlif nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir.

33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrinin təhvil aktlarından və icarə haqqı ilə bağlı cavabdehə təqdim etdiyi elektron qaimələrdən görünür ki, cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 18802,50 manat borcu yaranmışdır.

34. İddiaçı iddia ərizəsində cavabdehdən icarə haqqı ilə bağlı yaranmış həmin borcu tələb etsə də, iddiaçı tərəfindən iddia tələbinin bu hissədə əsasına dair təqdim etdiyi elektron qaimələr üzrə cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmiş, ödənişlərin təyinat hissəsində məhz maliyyə arayışında göstərilmiş həmin qaimələrə istinad edilmişdir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla qalıq 8984,52 manat (18802,50 manat – 9817,98 manat) icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə iddia ərizəsini ikinci, 623,80 manat dəbbə pulunun tutulması hissəsində də qismən əsaslı hesab edir.

37. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsasən hesablanmış 623,80 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 440 manat müəyyən edilməlidir.

42. Məhkəmə iddia tələbini üçüncü – 16586,33 manat dəymiş zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab edir.

43. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində icarəyə verilmiş nəqliyyat vasitələrinə icarə müddəti ərzində cavabdehin təqsiri nəticəsində zərər dəydiyini, həmin zərərin aradan qaldırılması xərcinin ümumilikdə 16586,33 manat təşkil etdiyini bildirir.

44. Materiallarda olan təhvil aktlarından görünür ki:

45. - 90PT692 saylı avtomobil xx.xx.2023-cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda hər hansı zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə xx.xx.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 1 il sonra) aparılmışdır.

46. – 77PX644 saylı avtomobil xx.xx.2023-cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə xx.xx.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 7 ay sonra) aparılmışdır.

47. – 77PX604 saylı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə 2 müxtəlif tarixli qüsur aktı (xx.xx.2023 və xx.xx.2024) təqdim edilmişdir.

48. – 77PX419 saylı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixli qüsur aktı təqdim edilmişdir.

49. Göründüyü kimi nəqliyyat vasitələrinin bəziləri cavabdehdən geri alındığı tarixdən etibarən iddiaçının sahibliyində olduğu halda avtomobilin qiymətləndirilməsi uzun müddət sonra həyata keçirilmiş, nəqliyyat vasitələrində sonradan aşkar edilmiş zərərlərin məhz avtomobillərin cavabdehin istifadəsində və sahibliyində olduğu dövrdə yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfdən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

50. Bu səbəbdən məhkəmə hesab edir ki, adıçəkilən nəqliyyat vasitələrinə dəymiş zərərlə bağlı iddia tələbi təmin edilə bilməz.

51. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş H027031 saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (baqajın kranşteyneri yoxdur qeydi yazılmışdır), nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə geri alınmış, xx.xx.2023-cü ildə avtomobillə bağlı qüsur aktı tərtib edilmişdir.

52. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş H028798 saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (fara qırıq, cızıq qeydi yazılmışdır), nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə geri alınmış, həmin tarixdə də avtomobillə bağlı qüsur aktı tərtib edilmişdir.

53. Materiallardan görünür ki, dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə 4 elektron qaimə göndərilmiş, həmin elektron qaimələrdən ikisi (xx.xx.2024-cü il tarixli) cavabdeh tərəfindən ləğvə göndərilmiş, hazırda da təsdiq edilməmiş, dəymiş zərərlə bağlı cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə isə cavabdeh tərəfindən ödənilmiş, ödənişi təsdiq edən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.

54. Dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə (5310 manat) cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdehin bilavasitə özü tərəfindən təsdiq edilmiş, həmin qaimə cavabdeh tərəfindən yalnız xx.xx.2026-cı il tarixdə (qaimənin özü tərəfindən təsdiq edilməsindən 1 il 1 ay sonra) ləğv edilməsi iddiaçıdan tələb edilmişdir.

55. Cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında bunun səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.

56. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.4-cü bəndində göstərilmişdir ki, avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyə verən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.

57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

58. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

59. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

60. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

61. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

62. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

63. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

64. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

65. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

66. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

67. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

68. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

69. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

70. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən nəqliyyat vasitələrinə dəymiş zərərin əvəzi qismində 5310 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

71. Məhkəmə iddia tələbini sonuncu - 190,80 manat inzibati xətaya görə tətbiq edilmiş cərimənin əvəzinin tutulması hissəsində də qismən əsaslı hesab edir.

72. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, icarəyə götürülmüş nəqliyyat vasitələrini idarə etmiş və cavabdehin əmək müqaviləsi üzrə işçiləri olmuş Hafis İbrahimov və Nicat Tağıyev tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta törədilmiş, onlar bu səbəbdən cərimə edilmiş, iddiaçı tərəfindən bununla bağlı 32 manat və 54 manat olmaqla ümumilikdə 86 manat vəsait ödənilmişdir.

73. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarəçi yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələr icarəyə verən tərəfindən ödəniləcək və icarəçiyə faktura ediləcəkdir.

74. İddiaçı tərəfindən məhkəməyə tələbin bu hissəsi ilə bağlı başqa sübut təqdim edilməmişdir.

75. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən 86 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir.

76. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 8984,52 manat icarə haqqı borcu, 5310 manat dəymiş zərərin əvəzi qismində vəsait, 86 manat inzibati xətaya görə tətbiq edilmiş cərimə üzrə ödənilmiş məbləğ, 440 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 134,46 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 136,74 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından 8984,52 manat icarə haqqı borcu, 5310 manat dəymiş zərərin əvəzi qismində vəsait, 86 manat inzibati xətaya görə tətbiq edilmiş cərimə üzrə ödənilmiş məbləğ, 440 manat dəbbə pulu, 134,46 manat dövlət rüsumu, ümumilikdə 14954,98 (on dörd min doqquz yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 136,74 (bir yüz otuz altı manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar