Məhkəmə qərarları › İş №e-2-2(113)-864/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-864/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-864/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCL00355819- 02saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250000 manat əsas borc, 6544,69 manat faiz borcu, 26376,41 manat cərimə borcu olmaqla, cəmi 282921,10 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən birgə qaydada DCL00355819-02saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250000 manat əsas borc, 6544,69 manat faiz borcu, 59709,75 manat cərimə borcu olmaqla, cəmi 316254,44 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 207 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC (əvvəli adı "xxxx" MMC) (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-05001LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00355819-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində avadanlıqların alınması ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. Borcalan Cavabdeh2 MMC-nin DCL00355819-02 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Qanuni nümayəndə DG**********0128 saylı zaminlik müqaviləsi bağlanmıdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 163 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00355819-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250,000 (iki yüz əlli min) manat əsas borc, 6,544.69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) manat faiz borcu, 26,376.41 (iyirmi altı min üç yüz yetmiş altı manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 282,921.10 (iki yüz səksən iki min doqquz yüz iyirmi bir manat on qəpik) manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 173 (bir yüz yetmiş üç) manat dövlət rüsumu ödəmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.İmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlərr.

6. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Cavabdeh2 MMC (əvvəli adı "xxxx" MMC) ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-05001LE/2019 saylı Razılaşma imzalanmışdır. 10.İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli DCL00355819-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində avadanlıqların alınması ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır.

11. Borcalan Cavabdeh2 MMC-nin DCL00355819-02 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Qanuni nümayəndə DG**********0128 saylı zaminlik müqaviləsi bağlanmıdır. Zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 12.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/BPŞ-OUT-00081-2024 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə DCL00355819-02saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 250000 manat, faiz borcu 6544,69 manat, cərimə borcu 59709,75 manat, cəmi 316254,44 manat təşkil edir. 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DCL00355819-02 saylı saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59709,75 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

24. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 12500 manat müəyyən edilməlidir.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada DCL00355819-02 saylı saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25000 0manat əsas borc, 6544,69 manat faiz borcu, 12500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə, 207 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC-dən birgə qaydada 250000 manat əsas borc, 6544,69 manat faiz borcu, 12500 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 269444,69 (iki yüz altmış doqquz min dörd yüz qırx dörd manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 207 (iki yüz yeddi) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar