Məhkəmə qərarları › İş №e-2-2(113)-8640/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8640/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8640/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 oğuna və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icrası, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 004A********** saylı kredit müqaviləsi üzrə 6702,37 manat məbləğində kredit bоrcu, 1327,07 manat məbləğində faiz bоrcu və 247,26 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8276,70 manat məbləğində bоrcun və ödənilmiş 102,77 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1297,63 manat ödəniş etmiş və оnun iddiaçıya 6702,37 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 194 gün üçün hesablanmış faiz borcu 1327,07 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 194 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 247,26 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən Borc alana 36 ay müddətinə 8000 manat məbləğində kredit ayırmışdır. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. "xxxx" QSC ilə borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün "xxxx" QSC-nin “Badamdar” filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq xx.xx.2023-cü il tarixli 004G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən Cavabdeh1 tərəfindən ödəniləcək əsas məbləğ 8000 manat, faizin məbləği 4808,90 manat, cəmi ödəniləcək məbləğ 12808,90 manat məbləğində müəyyən edilmiş, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixinə qədər hər ayın 16-sı (vəya 14-ü olmaqla) 355 manat, sonuncu ay 383,90 manat ödəməlidir. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən müəyyən edilir ki, 8000 manat kredit Cavabdeh1 AZ29ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 6702,37 manat məbləğində əsas bоrcu, 1327,07 manat məbləğində faiz bоrcu və 247,26 manat məbləğində cərimə borcu, cəmi 8276,70 manat borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 102,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən 8000 manat məbləğində aylıq faiz dərəcəsi 2,75% olmaqla 36 ay müddətinə kredit vermişdir. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit öhdəliyinicra edilməməsinə görə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2023cü il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən 6702,37 manat məbləğində əsas bоrc və 1327,07 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən hesablanmış 247,26 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 247,26 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 102,77 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 004A********** saylı kredit müqaviləsi üzrə 6702,37 manat məbləğində kredit bоrcu, 1327,07 manat məbləğində faiz bоrcu və 247,26 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8276 (səkkiz min iki yüz yətmiş altı) manat 70 (yətmiş) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 102 (yüz iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar