Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-866/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının Hesablama Palatası müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əqdin etibarsızlığı, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra AKİA) Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikasının Hesablama Palatası müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli 16 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 8500 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 9100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8500 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş "xxxx" ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturaların mövcudluğu müəyyən edilməmişdir. Eləcə də, auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 8500 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş ləğv prosesində olan Muğanbank ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, iddianın əsası dəymiş zərərin ödənilməsidir. İddiaçı aldadılaraq uydurma əqd bağlanılıb, vəsait əldə olunub, lakin məbləğdən təyinatı üzrə istifadə olunmamışdır. Hesablama Palatası tərəfindən araşdırma aparılarkən məlum olub ki, əqd uydurmadır. Müqavilə bir növ görünüş üçün bağlanılıb, heç bir avadanlıq alınmamışdır. Orda quraşdırılan suvarma sisteminin baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Hesablama Palatasının verdiyi rəylə bu təsdiqini tapır. Hal-hazırda rəyə əsasən bağda suvarma sisteminin olduğu müəyyən olunur. Lakin alqı-satqı müqaviləsinin predmetinə uyğun olan avadanlıq yoxdur. Kredit ayrılan zaman suvarma sisteminə baxış keçirilməsi məsələsi Agentliyin hüququ kimi nəzərdə tutulub, vəzifəsi deyil, baxış keçirilibkeçirilməməsi barədə məlumatı yoxdur. Hesablama Palatasının verdiyi rəyi şübhə altına almırlar, bu rəy kifayət edirdi, onların təkrar gedib ora yoxlama keçirməklərinə ehtiyac yox idi. Hal-hazırda e-qaimənin olmaması bütün sualların cavabını vermiş olur. İlkin olaraq kredit ayrılan zaman əməkdaşlar tərəfindən həmin əraziyə baxış keçirilməsi barədə onun dəqiq məlumatı yoxdur. Cavabdehlərin nümayəndəsi, vəkili Vəkil2 tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmiş və etirazını onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından biri odur ki, cavabdehlər Cavabdeh1 Zəbuyulla oğlu ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli 16 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 məxsus 7.0925 ha bağ sahəsində 22.500 manat dəyərində 1 dəst damlama sulama sistemi alınıb gətirilib quraşdırılması nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulan damlama suvarma sistemi (MASNA PLASTİK VE METAL İML. NAK. SAN VE TİCARET. A.S.) müqavilə üzrə təhcizatçı tərəfindən ölkəyə gətirilmiş, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi əsasında gömrükdə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə görə icraçı damlama suvarma sistemini sifarişçiyə məxsus bağ sahəsinə gətirmiş, quraşdıraraq istismara vermiş, bu barədə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə alınacaq “damlama sulama sistemi”nin qiymətləndirilməsi "xxxx" MMC tərəfindən aparılmış, qiymətləndirilən avadanlığın satış üzrə əmlakın real dəyəri müəyyən edilmiş, qiymətləndirmənin nəticələrinə dair yekun rəy verilmiş, işdə olan sənədlərə əlavə olunmuşdur. Damlamasulama sistemi quraşdırılmış bağ sahələri üçün dövlət büdcəsindən hər il qanunla müəyyən edilmiş məbləğdə hər hektar üçün 700 manat olmaqla subsidiya ayrılmışdır. Ayrılmış subsidiyalar bağ sahəsi monitorinq edildikdən sonra, yəni damlama-sulama sistemi quraşdırılan sahələr yoxlanıldıqdan sonra bağ sahiblərinə ödənilmişdir. Güzəştli kreditlərin ödənişini həyata keçirən müvəkkil bank tərəfindən bağ sahələrinin monitorinqi aparılmışdır. Damlama sulama sistemlərinin alqı-satqısının aparılmasını təsdiq edən elektron vergi qaimələri mövcuddur və bu qaimələr iş materiallarına əlavə edilmişdir. İddia ərizəsində göstərilənlərdən fərqli olaraq iddianın predmeti olan bağ sahələri, həmin bağ sahəsində quraşdırılmış damlama sulama sistemləri monitorinqə daim açıqdır və məhkəmə də zərurət olarsa həmin bağ sahəsinə yerli baxış keçirə bilər. İstinad etdiyi, təkzibedilməz faktlar, mötəbər sübutlar işin mübahisəsiz hallarıdır və bu əsaslar iddia tələbinin rədd edilməsi üçün əsasdır. İddia tələbinin əsassız olmasını göstərən əsaslardan biri də tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsidir. İddiaçı əqdin etibarsızlığını onunla əsaslandırır ki, mübahisələndirilən bağ sahəsi ya mövcud deyil, ya da mövcuddursa həmin bağ sahəsində damlama sulama sistemi quraşdırılmamışdır. Yuxarıda istinad etdiyi bütün mötəbər sübutlar iddiaçının tələblərinin əsassız, qərəzli və qanunsuz olduğunu göstərir. Belə ki, bütün damlama sulama sistemlərinin ölkəyə gətirilməsi həmin malların gömrükdə rəsmiləşdirilməsi ilə öz təsdiqini tapır. Bundan başqa müqavilə tərəflərinin alqı-satqı predmeti olan malı alıb satmalarını əks etdirən elektron vergi bəyannaməsi mövcuddur və həmin bəyannamə iş sənədlərinə əlavə edilib. Belə olduğu halda əqdin etibarsızlığından söhbət gedə bilməz. İddia ərizəsindən belə görsənir ki, iddiaçı özünün məsuliyyət dairəsinə aid olan işləri, əsasnaməsi ilə nəzərdə tutulan hərəkətləri, yəni güzəştli kredit ayrılması nəzərdə tutulan bağ sahələrinin əvvəlcədən monitorinqini aparmadığı üçün belə bir absurd tələblə iddia qaldırmışdır. Necə olur ki, iddiaçı güzəştli krediti ayırmazdan əvvəl kredit verilməsi nəzərdə tutulan bağ sahələrinə baxış keçirməyib? Əgər keçirməyibsə bunun səbəbini izah etməlidir. İşdə olan sənədlərdən görünür ki, iddianın qaldırılmasına səbəb AR Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələrinə dair Auditor hesabatı"ndan arayış olmuşdur. Arayışda qeyd olunur ki, audit zamanı 2020-2021-ci illərdə AR Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq təsərrüfatın texnikalarının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eyni zamanda hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə fakturaların mövcudluğu müəyyən edilməmişdir. X3ndan görünür ki, Palata iki əsas məsələni, yəni damlama sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğun gəlmədiyi və alınmış avadanlığın elektron qaimələrinin olmadığını qeyd edir. Göründüyü kimi Hesablama Palatası avadanlıqların alındığını, həmin bağ sahələrində quraşdırıldığını və istismar olunduğunu təsdiq edir. Başqa bir məqam da Hesablama Palatasının bağlarda seçmə üsulla monitorinq aparmasıdır. X9 bütün mübahisəli bağ sahələrində yoxlama aparmamışdır. Seçmə üsulla 2 şəxsə məxsus bağ sahəsində apardığı yoxlamanı formal olaraq bütün sahibkarlara şamil etmişdir. X3 bir daha təsdiq edir ki, bağ sahələrində damlama sulama sistemləri var və istismar edilir. Belə olduğu halda iddiaçı hansı əsasla əqdin etibarsızlığını mübahisələndirir? Yoxsa iddiaçı Hesablama Palatası qarşısında öz məsuliyyətsizliyini məhkəmə vasitəsilə sığortalayır? Belə olmasaydı iddiaçı əsassız, absurd bir tələblə çıxış etməzdi. İddiaçının təbirincə desək əgər doğrudan da cavabdehlər uydurma bir əqd imzalamışdırlarsa nədən bu əqdin reallaşmasına iddiaçı göz yummuşdur? İddiaçı nədən güzəştli krediti ayırmadan əvvəl bağ sahələrinə baxış keçirməmişdir? Maraqlıdır ki, Hesablama Palatası seçmə üsulla baxış keçirdiyi bağ sahələri ilə yanaşı digər bağ sahələrinə ayrılmış güzəştli kredit alan bütün sahibkarlara qarşı iddia qaldırılmışdır. Bunu anlamaq mümkün deyil. İddiaçı X3ndan sonra da həmin bağ sahələrinə baxış keçirməmişdir. Bu bir daha sübut edir ki, iddiaçı sadəcə məhkəmədə iddia qaldırmaqla Hesablama Palatası qarşısında öz məsuliyyətini sığortalamışdır. Nə üçün iddiaçı Hesablama Palatasının aşkar etdiyi nöqsanlara dair iddia tələbi ilə çıxış etmir? Axı avadanlıqların bağ sahələrində quraşdırıldığını Hesablama palatası təsdiq edir. "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli "Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilənin 3.5-ci bəndinə görə müvəkkil kredit təşkilatı (Aqrarkredit QSC) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədləri tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil Kredit təşkilatına rəsmi məlumat verir. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik Müvəkkil Kredit təşkilatı ilə birlikdə kredit almış Borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması hallan aşkar edildikdə. Müvəkkil Kredit təşkilatı həmin borclardan kredit və faiz borclarını vaxtından əwəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə Agentliyin vəsaiti hesabına kredit verilməsi qadağan edilir. Müqavilənin şərtlərindən də göründüyü kimi borcalandan kredit vəsaitini qaytarmaq vəzifəsi bilavasitə Müvəkkil Kredit təşkilatı qismində "xxxx" QSC-yə aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi başa düşülən deyil. Qeyd olunmalıdır ki, "xxxx" QSC ilə kredit alan sahibkarlar arasında kreditin qaytarılmasında heç bir problem yoxdur və ayrılmış bütün kreditlər ödəmə qrafikinə uyqun olaraq gecikmə olmadan ödənilir. Başqa bir vacib məqam iddiaçının cavabdehləri seçərkən hüquqdan sui-istifadə etməsidir. Belə ki, iddiaçı bütün məhkəmə mübahisələrində onunla hər hansı müqavilə bağlantısı olmayan satıcını cavabdeh kimi göstərməsi anlaşılan deyil. Qeyd etdiyi kimi avadanlıq satan şəxsin iddiaçı ilə hər hansı hüquqi bağlantısı yoxdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 3.0.1-ci bəndində qeyd edilir –“aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatına müvəkkil kredit təşkilatlan vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək”. Əsasnamədən də görünür ki, Agentlik verilmiş kreditlərə nəzarət funksiyası daşıyır. Agentlik isə bu günədək ayırmış olduğu kreditlərin təyinatı üzrə sərf olunmadığına dair hər hansı pozuntu aşkar etməmişdir. Lakin indiki halda məhkəmədə belə bir iddia tələbi ilə çıxış etməsi başa düşülən deyil. Əgər doğrudan da belə bir hal mövcud idisə nədən bu barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görməmişdir? İddiaçı hazırkı iddiası ilə cavabdehləri cinayət törətməkdə yəni cinayət məcəlləsi ilə nəzərdə tutulan “Yalançı sahibkarlıq” (CM-nin 193-cü maddəsi) və “Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” (CM-nin 195-ci maddəsi) maddələri ilə ittiham edir. Əgər doğrudan da iddiaçının iddia etdikləri doğrudursa nədən bu əsaslarla prokurorluğa müraciət edilmir? Nəhayət müqavilənin etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir: iddiaçının Mülki Məcəllənin 340.1-ci maddəsinə istinadı tamamilə absurddur. Yuxarıda istinad etdiyi mötəbər sübutlar əqdin etibarsızlığını istisna edir. İddiaçı ya səriştəsizlikdən ya da bilərəkdən bu cür absurd tələblərlə çıxış edir. İş üzrə əllərində olan sübutlar əqdin etibarsızlığını mümkünsüz edir, iddia tələbi əsaslı olmalı, formal mülahizələrə əsaslanmalı deyildir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi eitrazda göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, nə zaman alğı-satqı olubsa, o zaman da e-qaimə kəsilmişdir. İddiaçının tələbi üzrə əqdin etibarsızlığına e-qaimənin heç bir aidiyyatı yoxdur. Mübahisə baş verməsəydi, onlar gedib vergilərdən həmin qaiməni soruşası deyildilər. İddiaçı mediasiya prosesinə başladığı anda onlar gedib e-qaiməni vergilərdən almışlar. Alğı-satqı müqaviləsi üzrə alınması nəzərdə tutulan suvarma dəstinin qiyməti müqavilə üzrə 22500 manat müəyyən olunmuşdur. E-qaimədə məbləğ 13000 manatdır, çıünki güzəşt olunan məbləğə vergi tutulmur. 24 may 2020-ci il təhvil-təslim aktında təsvir olunub ki, bu avadanlıq müqavilədə alınması nəzərdə tutulan avadanlıqdır. Güzəştli vəsaiti AKİA tərəfindən müraciət olunduqdan sonra ayrılmışdır. Cavabdeh2 noyabrda avadanlığı quraşdırmış, həmin vaxt güzəştli kreditin ayrılacağını sonuncu bilə bilməzdi. Cavabdeh2 avadanlığı alıb quraşdırdıqdan sonra məlumat verildi ki, artıq sonuncuya güzəştli kredit verilə bilər. 2020-ci ildə artıq avadanlıq quraşdırılmışdı və müqavilə üzrə təhvil-təslim artıq baş tutmuşdu, avadanlığı R.Məsanov şəxsən şəxsi hesabına almışdır. Cavabdeh2 vəsait çatışmazlığı olmuş və sonuncuya belə bir təklif olunduğu üçün götürmüşdür, böyük təsərrüfatı olan hər kəsə ödənişlər təklif olunurdu. Hesablama Palatası gəlib yoxlama keçirdikdə Cavabdeh2 iştirak etmiş, əraziyə daxil olub baxış keçirilməmiş, Cavabdeh2 tərəfdən heç kim iştirak etməmişdir. İş üzrə üçüncü şəxs tərəfindən məhkəməyə iddia ərizəsinə münasibət daxil olmuş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır (dövlət qurumu olaraq). Dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər kənar dövlət maliyyə nəzarətinin obyektləridir. Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti - kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir. Bu nəzarət mexanizminin tətbiqində fiziki şəxslər və özəl hüququn hüquqi şəxsləri kənar dövlət maliyyə nəzarəti tədbirlərində tərəf qismində çıxış etmirlər. Yuxarıda qeyd edilən Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş Planına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, bir qayda olaraq bir maliyyə nəzarəti tədbiri minlərlə maliyyə əməliyyatlarını, o cümlədən böyük həcmli dövlət vəsaiti dövriyyəsini özündə əks etdirən sənədləşmənin emalını özündə əhatə edir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin formalaşdırılması üçün əsas hesab edilir. Həmçinin həmin Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. Auditor hesabatından çıxarış: 6.3.3.6.3. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün (o cümlədən, fermer Cavabdeh2 üzrə müvafiq torpaq sahəsində intensiv bağın 2019-cu ildə salındığı EKTİS-də bəyan olunduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020,0 manata (fermerlər Cavabdeh2 üzrə 2021-ci ildə 8500,0 manata, 2020-ci ildə X6 üzrə 18360,0 manata və X8 üzrə 8160,0 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020- 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli AHO/4-3.2- 2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimafın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1 -ci maddəsinin (Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir) tələbindən irəli gələrək ilkin uçot sənədi olan elektron qaimə-faktura tələb olunsa da lazımı sənədlər təqdim edilməmiş və bununla bağlı yerində müşahidələr aparılmış və “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar 20 iyul 2022-ci il tarixli baxış aktı tərtib edilmişdir (akt əlavə edilir). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası’nın (bundan sonra-Qayda) 6.1.2-ci yarımbəndinə əsasən idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Auditor hesabatından çıxarış: Ümumilikdə audit 01 yanvar 2020-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 2022-ci ilin 10 may tarixindən 13 avqust tarixinədək olan müddətdə həyata keçirilmişdir. Auditin gedişatında Xaçmaz, Qusar, Quba, Bərdə, Lənkəran, Cəlilabad, Neftçala, Tovuz, Ağcabədi və Şəki rayonlarındakı təsərrüfatlarda aparılmış müşahidələrlə toplanmış audit sübutları bir sıra hallarda əsasən maliyyələşdirilmiş güzəşt məbləği üzrə damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020- 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, suvarma sistemlərinin qabaqcadan quraşdırılması nəzərdə tutulmuş sahələri tam əhatə etməməsi və ya quraşdırılmasına baxmayaraq bağların salınmaması (torpaqların əkilməməsi), suvarma sisteminin potensialının faktiki olaraq 10,0%-indən istifadə olunması, intensiv bağ üzrə subsidiyalaşdırma meyarlarının (tam və ya qismən əvvəlki illərdə salınması, sahəsinin artıq bəyan edilməsi, suvarma sisteminin tam və ya qismən quraşdırılmaması, əmsalların səhv təbiqi və s.) pozularaq əkin subsidiyası adı altında artıq vəsaitlərin ödənilməsinə yol verilməsi, alınmış kənd təsərrüfatı istehsal vasitələrinin (tınglərin, suvarma dəstlərinin, tütün qurutma kameralarının və s.) keyfiyyətsiz olması və ya vaxtında çatdırılmaması, subsidiya məbləğləri ödənilmiş əkin sahələri üzrə müxtəlif, o cümlədən normalara uyğun aqrotexniki qulluğun göstərilmədiyi, qış mövsümündə bitkilərin şaxtalı havadan qorunması üçün infrastrukturun yaradılmadığı səbəblərindən məhsuldarlığın tam və ya əhəmiyyətli səviyyədə təmin edilməməsi, eyni zamanda dövlət ehtiyat fonduna aid edilən dəmyə əraziləri üzrə əkinlərin subsidiyalaşdırılması barədə qərarların qəbul edilməsində risklərin düzgün qiymətləndirilməməsi, əkin sahəsinin bəyan etmə tarixlərinə əməl olunmayan müraciətlərin təsdiqlənməsi, EKTİS-dəki məlumatların natamamlılığı, iki növ subsidiya dəstəyi ilə əhatə olunan bitki növlərinin eyni təsərrüfata münasibətdə əkin və məhsul subsidiyaları üzrə əhəmiyyətli uyğunsuzluqların mövcud olması, eləcə də fermerlərin maarifləndirmə səviyyəsinin aşağı olması kimi hallara rast gəlindiyini təsdiq etmişdir. Auditin gedişatında EKTİS bazası üzərindən tətbiq edilmiş prosedurlarla, eyni zamanda regionlarda həyata keçirilmiş müşahidələrlə toplanmış audit sübutları auditlə əhatə olunan dövrdə bir sıra hallarda dövlət vəsaitin fermerlər üzrə artıq ödənilməsi hallarına yol verilməsini deməyə əsas vermişdir. Aşkar edilmiş pozuntuların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı Agentliyə müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq audit təklif və tövsiyələri maliyyə nəzarəti obyekti qismində çıxış edən dövlət qurumuna və digər dövlət qurumlarına verilir. Maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğun olaraq müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılma mexanizmləri isə Agentlik tərəfindən Qaydalara uyğun icra edilməlidir. Göstərilənlərin işə baxılması zamanı nəzərə alınmasını xahiş edirik. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 mülahizədə göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, onların audit qrupu əraziyə gedərkən baxış keçirdib və 30 oktyabr 2020-ci il tarixli müqavilə üzrə olan avadanlığı deyil, 2020-ci ilin may ayında təhvil verilmiş başqa bir avadanlığı aşkar etmişlər. Onların nümayəndələri əraziyə baxış üçün 2022-ci ilin avqust ayında getmişlər, bununla bağlı yoxlama aktı tərtib olunmuş, həmin aktı Hesablama Palatasının səlahiyyətli nümayəndələri tərtib etmişdir. Həmin ərazilərə baxış keçirilən zaman fotoşəkillər videolar çəkilib, lakin həmin akt üzrə hansı ərazinin olmasını nümayəndələr aydınlaşdırmamışlar. Ona görə də onlar həmin sübutları məhkəməyə təqdim edib çaşqınlıq yaratmaq istəmirlər. Palata olaraq pozuntuya yol vermiş sahibkara hər hansı xəbərdarlıq edilməsi ilə bağlı vəzifə qoymaq səlahiyyətləri yoxdur. Onlar dövlət qurumu olaraq, AKİA-nın fəaliyyətini yoxlayır, dövlət tərəfindən aldığı vəsaitin səmərəli istifadə edilib-edilməməsi məsələsini aydınlaşdırırlar. Akt tərtib edilərkən qarşı tərəfdən hər hansı bir şəxs iştirak etməmişdir, yekun auditor hesabatı təsdiqlənənə kimi pozuntu aşkar etdikdən sonra əgər sahibkar avadanlığı alıb yerinı qoyursa onlar akt tərtib etməmişlər. Pozuntu aşkar olunduqdan sonra avadanlığın alınıb yerinə qoyulması və mübahisənin həll olunması barədə onun məlumatı yoxdur, lakin belə halın olması mümkündür. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, sahibkarlar onların yoxlamalarının birbaşa subyekti deyillər. İlkin olaraq sənədlərə baxılır və məlum olur ki, bu hal üzrə e-qaimə yoxdur. Bu zaman AKİA tərəfindən onlara məlumat verilir və DAİM-in nümayəndəsi sifarişçi ilə əlaqə saxlayıb danışır və sahəyə gəlib baxış keçiriləcəyini sonuncuya bildirir. Onlar birbaşa AKİA-nın fəaliyyətinə nəzarət edirlər. Onlar Qusar DAİM-in nümayəndəsi ilə birgə sahəyə getmişlər. Prezidentin 2019-cu il fərmanına əsasən kənd təsərrüfatı sistemində subsidiya ilə bağlı elektron kənd təsəsrüfatı sistemi yaradılmışdır. Bütün dövlət orqanları da həmin məlumatlardan mötəbər məlumat kimi istifadə edirlər. Burada hər bir fermer öz məlumatlarını qeyd edir və daimi nümayəndə də bunu təsdiq edir. Hazırkı məsələ ilə bağlı da Cavabdeh2 məlumatları orada qeyd olunmuşdu və 2010-cu ildə intensiv bağ salındığı göstərilmişdir. İntensiv bağ kimi salınması odur ki, həmin bağın suvarma sisteminə ehtiyacı var. Onlar faktiki olaraq sahədə olmuşlar, video çəkiliş var telefondadır. Əraziyə baxış keçirdərkən ərazidə sahənin nümayəndəsi yox, DAİM-in nümayəndəsi var idi, həmin nümayəndə qapını açdı sahəyə girmişlər. Onlara orada bir avadanlıq göstərmişlər və məlum oldu ki, müqavilədəki avadanlıq deyil, onların vəzifəsi olmadığı və sahibkarla birbaşa əlaqədə olmadıqları üçün orada başqa bir avadanlıq olmasını aydınlaşdırmamışlar, DAİM-in nümayəndəsi bildirmişdir ki, burada bir avadanlıq var. AKİA vəsaiti ayırdıqdan sonra gedib bu vəsaitin düzgün istifadə olunub olunmadığı halı aydınlaşdırmaq üçün sahəyə birmənalı şəkildə getməli idi, avadanlıqdan qabaq və alındıqdan sonra sahəyə baxılmalı idi. Onlara bağın qapısını açan adam Qusar DAİM-in nümayəndəsi olmuşdur. Büdcə hesabından 40% vəsait ayrılıb və həmin vəsaitin səmərəli istifadə olunub-olunmamasını aydınlaşdırmışlar. Əgər həmin avadanlıq bugün yerində varsa onlar onu qəbul edirlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: 30 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, icraçı Cavabdeh1 sifarişçi Cavabdeh2 məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən bağ sahəsinə) 1 set damla suvarma sistemi (bundan sonra mal adlandırılacaq) ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh2 məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 7.0925 ha torpaq sahəsinin 7.0927 ha-da 1 dəst damlama sulama sistemi quraşdırılacaqdır. Müqavilənin 2.1-ci bəndinə əssaən malların çatdırılması, quraşdırılması, gömrük rüsumları və o cümlədən yol xərci daxil olmaqla ümumi dəyəri 22500 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" ASC arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2021-ci il tarixli, 01 saylı Müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır. Müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir. Müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanalr üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatının öz öhdəliklərini icra etməməsi nəticəsində agentliyin tələbləri ilə bağlı çəkidiyi bütün xərcləri müvəkkil kredit təşkilatının vəsaiti hesabına ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bir-birinə və üçüncü tərəfərə təqdim etdikləri sənədlərin, məlumatların düzgünlüyünə, aparılacaq əməliyyatların qanunverciliyə uyğunluğuna, habelə qaydada və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabatı”ndan arayışdan görünür ki, 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 'Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (Agentlik) səmərəlilik auditi həyata keçirilmişdir. Audit zamanı 2020-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq təsərrüfatı texnikalarının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar qeyd edilmişdir. Müvafiq audit hesabatında Cavabdeh2 Qusar rayonu, Kuzunqışlaq kəndində, X2 Qusar rayonu, Balaqusar kəndində və X5 Qusar rayonu, Suvacal kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemi ilə əlaqədar aşağıdakılar qeyd edilmişdir (hesabatdan çıxarış): "Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün (o cümlədən, fermer Cavabdeh2 üzrə müvafiq torpaq sahəsində intensiv bağın 2019-cu ildə salındığı EKTİS-də bəyan olunduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020.0 manata (fermerlər Cavabdeh2 üzrə 2021-ci ildə 8500.0 manata, 2020-ci ildə X6 üzrə 18360.0 manata və X8 üzrə 8160.0 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur”. Eyni zamanda, hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Qanunvericiliklə maliyyələşmə daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixli “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Baxış Aktında qeyd edilmişdir ki, “Bitkiçilik sahəsində yem subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində güzəşt məbləği (40%-i) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirinin müavini-sektor müdiri, Audit qrupunun rəhbəri Nümayəndə2, Hesablama Palatasının baş məsləhətçisi, Audit qrupunun üzvü X7 və Hesablama Palatasının böyük məsləhətçisi, Audit qrupunun üzvü X10 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X13 Mərkəzinin Heyvandarlıq sektorunun müdiri X4 iştirakı ilə Qusar rayonunun Kuzunqışlaq kəndində alıcı Cavabdeh2 7,09 hektar təsərrüfatına baxış keçirildi və aşağıdakılar müəyyən olundu: Alıcının faktiki əkin sahəsi 3,5 hektar olduğu qeyd edilmiş, damcılı suvarma sisteminin və intensiv meyvə bağının (gilas) 2018-ci ildə salındığı bildirilmişdir. Bundan əlavə, damcılı suvarma sisteminin güzəşt tətbiq olunan 40% dəyərinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi üzrə avadanlıqların adlı siyahısı, markası və buraxılış ili üzrə yerində (əkin sahəsində) mövcudluğu təsdiqini tapmamışdır. Güzəşt tətbiq olunan məbləğ 8500 manat olmaqla 2021-ci ildə maliyyələşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 449277 nömrəli elektron qaiməyə əsasən 13000 manat Cavabdeh1 tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2020-ci ilin noyabr ayında fərdi sahibkar Cavabdeh1 tərəfindən Cavabdeh2 məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 7.0925 ha torpaq sahəsinin 7.0927 ha-da 22500 manat dəyərində 1 dəst damlama sulama sistemi quraşdırılaraq təhvil verilmişdir və Cavabdeh2 təhvil almışdır. 23 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Cavabdeh1 hesabına 9000 manat ödəmişdir. 13 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Cavabdeh1 hesabına 5000 manat ödəmişdir. **********7796 nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. Ve Tic.AŞ.” tərəfindən Cavabdeh1 kənd təsərrüfatı və ya bağçılıq üçün suvarma qurğuları damla sulama sistemi 4 dəst göndərilmişdir. xx.xx.2020-ci il tarixli “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyəlşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh2 agentlyin vəsaiti hesabına ona verilən Türkiyə istehsalı 1 dəst Masna Plastik markalı damlama suvarma sistemini təyinatı üzrə istifadə edəcəyinə və tələbləri pozduqda ona verilmiş güzəşt məbləğinin qaytarılması barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla AKİA-ya müraciət edərək qeyd etmişdir ki, Cavabdeh2 həmin bankda olan heabına Türkiyə istehsalı 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin alınması məqsədi ilə onun ümumi dəyəri olan 22500 manatın 60%-i həcmində vəsait, yəni 14000 manat ilkin ödəniş kimi daxil edilmişdir. Bunu nəzərə alaraq fiziki şəxs Cavabdeh2 həmin suvarma sisteminin alınması üçün 8500 manat subsidiyanın ayrılması məsələsinə baxasınız. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 5 saylı Vəkil Bürosunun hesabına 500 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyi 100 manat mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci madəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 iddiaçı tərəfindən kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8500 manat məbləğində subsidiya ayrılmış, müvəkkil kredit təşkilatı "xxxx" ASC vasitəsilə ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmiş, baxış zamanı damlama suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damlama suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Məhkəmə göstərilən normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin uydurma, əhəmiyyətsiz olduğunu bildirsə də, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi təhvil-təslim aktından, iltizamdan, bankın məktubundan, həmçinin cavabdehlərin nümayəndələrinin təqdim etdiyi ödəniş tapşırıqlarından, gömrük bəyənamələrəindən və e-qaimədən Cavabdeh2 tərəfindən Cavabdeh1 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin həqiqətən alındığı məlum olur. İddiaçı Hesablama Palatasının aktına və arayışına istinad edərək cavabdehlər arasında müqavilədə nəzərdə tutulmuş damlama suvarma sisteminin alqı-satqısının olmadığını bildirmişdir. Halbuki, Hesablama Palatasının audit yoxlamasına rəhbərlik etmiş nümayəndəsi Nümayəndə2 məhkəmədəki izahatında həqiqətən Cavabdeh2 məxsus sahəyə baxış keçirilməsi və müqavilədəki damalam suvarma sisteminin olmamasını təsdiq edə bilməmişdir. Nümayəndə2 baxış keçirdiyi sahəyə girişin Qusar rayon X13 Mərkəzinin nümayəndəsi tərəfindən təşkil olunduğunu, sahənin sahibinin orada olmadığını, DAİM nümayəndəsinin təqdim etdiyi sistemin müqavilə üzrə sistemə uyğun gəlmədiyini, başqa sistem olmasını araşdırmadıqlarını bildirmişdir. Göründüyü kimi Cavabdeh2 sahəsinə baxış keçirilməsi və orada müqavilə üzrə nəzərdə tutulmuş damlama suvarma sisteminin olmaması sübuta yetirilməmişdir. Hətta cavabdehlər arasında imzalanmış müqavilədə alınacaq damlama suvarma sisteminin konkret markası, ili və s. qeyd edilməmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi təhvil-təslim aktını, iltizamı nəzərə alaraq məhkəmə hesab edir ki, artıq iddiaçıya subsidiya ayrılması barədə müraciət edilərkən damalama suvarma sistemi cavabdehin sahəsində olmuş və iddiaçı tərəfindən müraciət əsasında müvafiq araşdırma aparılaraq fakt öz təsdiqini tapdığı üçün müraciət təmin edilərək subsidiya verilmişdir. Çünki iddiaçı ilə "xxxx" ASC arasında imzalanmış müqavilənin 3.5-ci bəndinə əsasən "xxxx" ASC müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri AKİA-ya təqdim edir. AKİA 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. AKİA ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə "xxxx" ASC-yə rəsmi məlumat verir. Hazırkı vəziyyətdə Cavabdeh2 subsidiyanın verilməsi AKİA tərəfindən aparılmış ekspertiza nəticəsində müraciətin təmin olunduğunu göstərir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Qanuni tərifdən də göründüyü kimi uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1- əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır, 2- Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. Beləliklə, məhkəmə cavabdehlərin etirazını əsaslı hesab edərək və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianın rədd edilməsi qənaətinə qəlir. Əlavə olaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilə eibarsız olmadığı üçün tələb olunan pulun cavabdehlərdən tutulmalı olması məsələsinə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmışdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikasının Hesablama Palatası müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-866/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-866/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver