Məhkəmə qərarları › İş №e-2-2(113)-867/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-867/2020

27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-867/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8317,40 AZN manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 10:00-19:30 radələri arasında “X7 X5” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus Abşeron rayonu, Quşçuluq Sovxozu (faktiki olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu) ünvanında yerləşən müəssisəyə gələn təbii qazın verilməsində “Hövsan” QPM-də təmir işləri ilə əlaqədar olaraq fasilə yaranmışdır. Lakin xx.xx.2019-cu il tarixdə səhər saatlarında hələ də təbii qazın verilməməsinin səbəbini aydınlaşdırmaq üçün müraciət edildiyi zaman, təbii qazın verilməsinin xx.xx.2019-cu il saat 19:30-dan etibarən bərpa olunduğu bildirilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan qəsəbəsi ərazisində tikilməkdə olan “Sosial evlər”in tikinitisi zamanı həmin tikintiyə yaxın ərazidən keçərək müəssisəyə gələn qaz xəttinin orada qazıntı işləri aparan tikinti işçiləri tərəfindən qırıldığı aşkar olunmuş, bu barədə akt hazırlanmış və elə həmin işçilər tərəfindən də təmir edilmişdir. Bundan sonra iddiaçı tərəfindən təbii qaz itkisinin hesablanmasından ötrü xx.xx.2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğacının beyninin yoxlanılması üçün müraciət edilmiş və nəticədə 6317.40 AZN (altı min üç yüz on yeddi manat 40 qəpik) dəyərində təbii qaz itkisi və təxminən 2000.00 AZN (iki min manat) dəyərində qaz sayğacına dəymiş zərər müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin ödənilməsi üçün Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə xx.xx.2019-cu il tarixdə İT 110 saylı məktubla müraciət olunmuş, lakin qarşı tərəfin xx.xx.2019-cu il tarixli xx-xx/1070 saylı cavab məktubunda tərəflərindən qaz xəttinin zədələnməsi halına rast gəlinmədiyi bildirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək bildirdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi hazırkı iş üzrə əsl cavabdeh deyil. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tabeliyində olan “xxxx” MMC-yə ayrılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 2 ha ərazinin 19.52 ha hissəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resytrindən verilmiş çıxarış”a əsasən həmin cəmiyyətə məxsusdur. Yəni hazırkı torpaq sahəsi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan müstəqil hüquqi şəxs “xxxx” MMC-yə ayrılaraq onun mülkiyyətindədir və tikinitinin həyata keçirilməsi üzrə sifarişçi funksiyasını da o yerinə yetirir. Bundan başqa tikintiyə başlamamışdan öncə tikinti ərazisinin ilkin planlaşdırması ilə əlaqədar mühəndiskommunikasiya xətləri və qurğularının mövcudluğu barədə aidiyyəti qurumlara ünvanlanmış müraciətlər üzrə həmin məkanın ərazi hüdudları daxilində hər hansı xətt və qurğunun mövcud olması barədə məktub cəmiyyətə daxil olmamışdır. Belə ki, “Azəriqaz” İB “xxxx” MMC-nin xx.xx.2017-ci il 01-02/67 nömrəli müraciətinə cavab məktubunda da cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin yaxınlığından keçən Bakı Regional Qaz X1 xidmət sahəsinə məxsus D-280 mm orta təzyiqli yeraltı qaz kəmərinin mövcudluğunu bildirmişdir. Göründüyü kimi, qırıldığı iddia olunan qaz xətti nəinki tikinti meydançası və ya sahəsi, hətta torpaq sahəsinin ayrıldığı (19,52) tikinti ərazisi hüdudlarından kənarda yerləşir. Bundan başqa nə Mənzil İnşaatı Dövlət Agentliyi, nə də onun tabeliyində “xxxx” MMC tikinti işləri ilə məşğul olmur. “xxxx” MMC nizamnaməsinə və daxili normativ sənədlərə, habelə üstqrumun tapşırıq və razılığına əsasən tikinti işlərinin yalnız sifarişini icra edir. Belə olan təqdirdə Suraxanı rayonu BRQSD-nin Suraxanı TİX-nin nümayəndələri tərəfindən tərtib olunan və Mənzil İnşaatı Dövlət Agentliyinin tikinti ərazisində işləri aparılan zaman texniki vasitə ilə PE-160 mm orta təzyiqli yeraltı qaz xəttinin sındırılması iddia olunan akt da əsassızdır. Ümumiyyətlə həmin akt Mənzil İnşaatı Dövlət Agentliyinin və “xxxx” MMC-nin əraziyə təhkim olunmuş aidiyyəti əməkdaşlarına təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən ünvanlanmış pretenziya məktubunda qaz xəttinin iddiaçıya mənsub olması əsaslandırılmamış, yəni əlavə olunan sənədlərdə təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə Hövsan qəsəbəsi, “Hövsan” QPM-də təmir işləri ilə əlaqədar saat 10:00-dan təbii qazın verilməsində yaranan fasilə təmir işləri yekunlaşdıqdan sonra, saat 19:30-da bərpa olunmuşdur. Təbii qaz bərpa olunduqdan sonra adı çəkilən şirkətin Hövsan qəsəbəsi ərazisində yerləşən müəsissəsində təbii qaz olmamışdır. Növbəti gün xx.xx.2019-cu il tarixdə də təbii qazın verilişi bərpa edilmədiyindən aidiyyəti üzrə müraciət edildikdən sonra cavab olaraq Hövsan QPM-də kollektordan qidalanan həmin şirkətə məxsus G-********** qaz sayğacında və bağlayıcı, tənzimləyici qurğuda təbii qazın verilmə rejimində problem olmadığı bildirilmişdir. Yenidən QPM-də yerləşən sayğacdan sonrakı PE160 mm-lik qaz xəttində vizual yoxlama aparan zaman müəyyən olunmuşdur ki, həmin xəttin Hövsan qəsəbəsində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus tikinti ərazisində işlər aparılan zaman texnika vasitəsi ilə PE160 mm-lik qaz xətti sındırılmışdır. Bu səbəbdən də qəzanın aşkarlanıb təbii qazın verilməsinə qədər xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cü il tarixədək təbii qazın verilişində fasilə yaranmışdır. Bundan sonra aşkar olunmuş PE160 mm-lik qaz xətti sındığı hissədən qazın havaya uçması baş vermişdir. Qəza yeri təyin olunan zaman “Hövsan” QPM-də yerləşən G-********** qaz sayğacına daxil olan təbii qaz siyirtmədən bağlanaraq axıntının üzərindəki son göstərici elektron ******* kub metr, elektron ******* kub metr olmuşdur. Akt Suraxanı TİX-nin müavini Murad Məmmədov, Suraxanı rayonu BRQSD-nin Suraxanı xidmət sahəsinin mühəndisi Əliyev Rasim, “X7 X5” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Aktda Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 19.52 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ (qeydiyyat nömrəsi **********) “xxxx” MMC-yə məxsusdur. - “Azəriqaz” İstehsalat Birliyinin Mənzil İnşaatı Dövlət Agentliyi “xxxx” MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Regional Qaz X1 xidmət sahəsinə məxsus D-280 mm orta təzyiqli yeraltı qaz kəmərinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yaşayış kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yaxınlığından keçdiyi qeyd olunmuş və həmin ərazinin planı təqdim olunmuşdur. - **********16 nömrəli ödəmə qəbzindən görünür ki, iddiaçı “xxxx” MMC-yə 2100 manat ödəniş etmişdir. - xx.xx.2019-cu il tarixli, 30 nömrəli hesab fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə həmin ay üzrə iddiaçının borcu 10643, 60 manat təşkil edir. - “X7 X5” şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2019-cu il tarixli İT 110 saylı məktubla cavabdehə müraciət edilərək dəymiş ziyanın ödənilməsi xahiş olunmuşdur. - Mənzil İnşaatı Dövlət Agentliyi “X7 X5” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2019-cu il tarixli İT 110 saylı məktubuna xx.xx.2019-cu il tarixli xx-xx/1070 nömrəli məktubla cavab verərək, bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi - Hava limanı 12-ci km 22 ünvanında hal-hazırda tikintisi davam etditilən yaşayış kompleksinin ərazisində “X7 X5” şirkətinə və digər təşkilatlara məxsus komunikasiya xətləri mövcüd deyildir. Bundan başqa əldə olunmuş məlumata görə şirkətinizə məxsus kommunikasiya xətti ərazinin kənarından keçir. Eyni zamanda ərazidə işləyən mütəxəssislər və podratçı təşkilatlar da tərəfimizdən qaz xəttinin zədələnməsi halının olmağını təsdiq edirlər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə saat 10:00-19:30 radələri arasında “X7 X5” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus Abşeron rayonu, Quşçuluq Sovxozu (faktiki olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu) ünvanında yerləşən müəssisəyə gələn təbii qazın verilməsində “Hövsan” QPM-də təmir işləri ilə əlaqədar olaraq fasilə yaranmışdır. Lakin xx.xx.2019-cu il tarixdə səhər saatlarında hələ də təbii qazın verilməməsinin səbəbini aydınlaşdırmaq üçün müraciət edildiyi zaman iddiaçıya xx.xx.2019-cu il saat 19:30-dan etibarən təbii qazın verilişinin bərpa olunduğu bildirilmişdir. İddiaçı qeyd olunan müddət ərzində iddiaçıya məxsus müəssisəyə verilmiş qazın itirilməsi, habelə sayğaca dəymiş ziyanın ödənilməsi ilə əlaqədar olaraq ilk növbədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəf müəssisəyə dəymiş ziyanla əlaqəli olmadıqlarını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. (MPM, maddə 77-78) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı halda, iddia ərizəsində istinad olunan halları sübut etmək vəzifəsi qanunvericiliyin tələbinə görə iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən həmin zərərin cavabdeh tərəfindən vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddiaçıya zərərin cavabdehin təqsiri ucbatından vurulması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə qaz borusunda baş vermiş qəza nəticəsində təbii qazın verilişinin dayanması işin mübahisəsiz halıdır. İş üzrə mübahisəli hal cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulmasıdır. İddiaçının məhkəməyə bununla bağlı təqdim etdiyi, yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli akt cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. İddiaçının təqdim etdiyi fotoşəkillər də cavabdeh tərəfindən ziyan vurulmasını sübuta yetirmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, qaz kəmərinin yaxınlığından keçdiyi ərazidə olan torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan müstəqil hüquqi şəxs “xxxx” MMC-nin mülkiyyətindədir və tikinitinin həyata keçirilməsi üzrə sifarişçi funksiyasını da o yerinə yetirir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı”şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşıəmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar