Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-867/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: etibarsızlıq, əhəmiyyətsiz əqd, uydurma əqd, lizinq müqaviləsi, alqı-satqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri X2 və Nümayəndə2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası) dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra AKİA) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC), Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh3 ASC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqı-satqı və Cavabdeh3 QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqavilələrinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat, lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində maddi zərərin, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 tütün qurutma kamerasının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 16320 manat lizinq vəsaiti və 16320 manat güzəşt vəsaiti ayrılmış, vəsait müvəkkil kredit təşkilatı Cavabdeh3 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2.2. Azərbaycan Respublikası Hesablama Palatası (bundan sonra Hesablama Palatası) tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda AKİA-da səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsul ilə Cavabdeh1 təsərrüfatına baxış keçirilmiş, baxış zamanı 1 ədəd müvafiq tütün qurutma kamerasının alınması üçün fiziki şəxs Cavabdeh1 ayrılmış vəsaitin 2020-ci ildə maliyyələşdirilməsinə baxmayaraq, təchizatçı "xxxx" MMC ilə olan müqavilə şərtləri əsasında quraşdırılması nəzərdə tutulan Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğunun aşkar edilmədiyi, tütün qurutma prosesinin 2017-ci ildə quraşdırılmış kameralarda həyata keçirildiyi, quraşdırılmamış halda olan digər kameranın isə 2018-ci ildə alındığı göstərilməklə artıq ödəməyə yol verildiyi müəyyən edilmişdir. Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. 2.3. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin və lizinq vəsaitinin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər "xxxx" MMC və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqısatqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqaviləsi, əslində, iddiaçını aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdlərin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə iddiaçıya güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat və lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində ziyan vurulmuşdur. 2.4. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC tərəfindən isə həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş, eləcə də lizinq vəsaiti verilmişdir. Bu səbəbdən iddiaçıya vurulmuş zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı qismində çıxış etmiş Cavabdeh3 ASC-dən də tutulmalıdır. 2.5. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği isə 500 manat müəyyənləşdirilmişdir. Belə olan halda, mediasiya və hüquqi yardım xərcləri məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 340.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 4.1-ci bəndi göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hesablama Palatası məhkəməyə yazılı izahat (münasibət) təqdim edərək bildirmişdir ki: 5.1. Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır (dövlət qurumu olaraq). Dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər kənar dövlət maliyyə nəzarətinin obyektləridir. Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti - kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir. Bu nəzarət mexanizminin tətbiqində fiziki şəxslər və qeyri-dövlət hüquqi şəxsləri kənar dövlət maliyyə nəzarəti tədbirlərində obyekt (tərəf) qismində çıxış etmirlər. Qeyd edilən Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq Hesablama Palatası tərəfindən 2022-ci il üzrə iş planına əsasən AKİA-da (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. 5.2. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin fomalaşdırılması üçün əsas hesab edilir. 5.3. Həmçinin istinad olunan Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. 5.4. X1 2021-ci il 11 oktyabr tarixli AHO/4-3.2-2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimat”ın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin (Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir) tələbindən irəli gələrək ilkin uçot sənədi olan elektron qaiməfaktura tələb olunsa da, lazımi sənədlər təqdim edilməmiş və bununla bağlı yerinə müşahidələr aparılmış və Şəki rayonu, Abbas kənd sakini fiziki şəxs (FİN xxxxxxx) Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanaraq yazılı şəkildə də məlumat verilmişdir. 5.5. Maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq audit təklif və tövsiyələri maliyyə nəzarəti obyekti qismində çıxış edən dövlət qurumuna və digər dövlət qurumlarına verilir. Maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğun olaraq müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılma mexanizmləri isə AKİA tərəfindən Qaydalara uyğun icra edilməlidir. Aşkar edilmiş pozuntuların AKİA tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı AKİA-ya müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahatlar verdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Cavabdeh1 Cavabdeh3 ASC-yə müraciəti əsasında sonuncu güzəşt və kredit məbləğinin ayrılması üçün iddiaçıya müraciət etmiş, 16320 manat güzəşt, 16320 manat kredit məbləği ayrılmışdır. Kredit məbləğini təşkil edən 16320 manat iddiaçıya ödənilmişdir, lakin əqd uydurma olduğundan həmin vəsaitin də tutulmasını tələb edirlər. Məhkəmə tapşırığının icrası ilə bağlı keçirilmiş müayinə zamanı aşkar olunan avadanlığın hansı avadanlıq olması məlum deyil. Belə ki, qeyd olunan avadanlığın üzərində sadəcə “birka” mövcuddur. Qeyd olunan avadanlıq etibarsızlığı tələbi irəli sürülən əqdlərin predmeti olan avadanlıq deyil.
7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, Cavabdeh1 lizinq obyektinin əldə olunması üçün Cavabdeh3 ASC-yə müraciət etmiş, lizinq obyektinə görə 9840 manat ilkin ödəniş etmiş, kredit məbləğini təşkil edən vəsaiti ödəniş cədvəlinə uyğun olaraq tam ödəyib bitirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Cavabdeh1 ilə dəqiqləşdirmişdir və qeyd edir ki, lizinq obyekti olan tütün qurutma kamerası Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən torpaq sahəsində yerləşir, sonuncunun istifadəsindədir. Cavabdeh1 bildirir ki, Hesablama Palatasının təqdim etdiyi məlumat (izahat) onun tərəfindən verilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi.
9. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndələri iddiaya etiraz edərək rədd olunmasını xahiş etdilər. Məhkəmənin suallarına cavab olaraq Nümayəndə1 bildirdi ki, Cavabdeh1 lizinq təşkilatı olaraq onlara müraciət etmiş, iddiaçı tərəfindən müvafiq vəsait ayrılmışdır. Cavabdeh1 ilə 12 ay müddətinə lizinq müqaviləsi bağlanmış, sonuncu öhdəliklərini tam icra etmiş, ilkin ödənişi və ayrılmış kredit məbləğini tam ödəmişdir. Onlar tərəfindən monitorinq də keçirilmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri X2 və Nümayəndə2 yazılı izahatın (mülahizənin) məzmununa uyğun izahat verdilər. Məhkəmənin suallarına cavab olaraq X2 bildirdi ki, yoxlamadan əvvəl vergi sistemində araşdırma aparılmış, 2020ci il tarixli lizinq müqaviləsi üzrə məlumatı əldə edə bilməmişlər. Belə ki, müvəkkil kredit təşkilatı ilə lizinq alan arasında olan elektron qaimə üzrə axtarış aparmışlar. AKİA-nın məhkəməyə təqdim etdiyi sənədlər yoxlama aparılan zaman onlara təqdim olunmamışdır. Təsərrüfata baxış keçirilən zaman 2020-ci il tarixli müqavilənin predmeti olan avadanlıqla bağlı konkret suallar verilməmiş, baxış obyektində olan avadanlıqlara baxış keçirilmiş, köhnə olduqları müəyyən olmuşdur. X6 Mərkəzlərinin əməkdaşları onları baxış yerinə aparmışdır. Məhkəmə tapşırığının icrası ilə bağlı təqdim olunan audio-video yazıda əks olunan ərazidə olmamış, həmin əraziyə baxış keçirməmişlər. Baxış keçirdikləri yerdə olan tütün qurutma kameraları fərqli olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - İddiaçı (agentlik) ilə müvəkkil kredit təşkilatı qismində Cavabdeh3 ASC (əvvəlki Cavabdeh3 QSC) arasında xx.xx.2020-ci il tarixdə agentliyin vəsaitindən istifadəyə dair müqavilə bağlanmış, tərəflər razılaşmışlar ki, agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır (1.4). Müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir (2.1). Borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır (3.3). Müvəkkil kredit təşkilatı müraciətləri müvafiq qaydada araşdırdıqdan sonra, müraciətin edildiyi tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul edir yaxud borcalanlara əsaslandırılmış imtina məktubu göndərir (3.4). Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir (3.5). Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə agentliyə sifariş göndərir (3.6). Agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir (3.7). Borcalanlar tərəfindən ödənilmiş aylıq ödənişlər müvəkkil kredit təşkilatı tərəfindən müəyyən edilmiş qaydada birbaşa sonuncunun hesabına qəbul olunur (3.12). Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir (3.14). - "xxxx" MMC (satıcı qismində) ilə Cavabdeh3 ASC (alıcı və ya lizinq verən qismində) arasında xx.xx.2020-ci il tarixdə AS592 saylı alqı-satqı müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış, müqaviləyə əsasən satıcı lizinq obyektini (tütün qurutma kamerası seriya №001-2020) müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədi ilə lizinq obyektini qəbul etməyi və qiymətini (40800 manat) müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 (lizinq alan qismində) ilə Cavabdeh3 QSC (lizinq verən qismində) arasında xx.xx.2020-ci il tarixdə GL271 saylı lizinq müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış, həmin müqavilə ilə lizinq verən 1 ədəd tütün qurutma kamerasını (seriya №001-2020) müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə ilkin ödənişi və avadanlığın qalıq məbləğini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 43432 manat, ilkin ödəniş məbləği 9840 manat, güzəşt məbləği 16320 manat, kredit məbləği 16320 manat olmuşdur. Lizinq obyekti olan 1 ədəd tütün qurutma kamerası (seriya №001-2020) təhvil-təslim protokolu əsasında xx.xx.2020-ci il tarixdə lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir. - Cavabdeh3 QSC xx.xx.2020-ci il tarixdə AKİA-ya məktub ünvanlayaraq Cavabdeh1 1 ədəd tütün qurutma kamerasını (seriya №001-2020) güzəştli şərtlərlə əldə etməsi üçün müraciət etdiyini, həmin avadanlığı əldə etməsi üçün 16320 manat güzəşt olunacaq vəsaitin, 16320 manat kredit məbləğinin hesablarına köçürülməsini xahiş etmişdir. - Cavabdeh3 ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 EBAQ 972180 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) təqdim olunaraq GL 271 saylı müqavilə üzrə avadanlığın 42432 manat lizinqə verilməsi, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 ASC-yə EBAT 225530 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) təqdim olunaraq AS592 saylı müqavilə üzrə 40800 manat dəyərində avadanlığın təqdim olunması üçün rəsmiləşdirilmişdir. - Cavabdeh1 (lizinq alan) xx.xx.2020-ci il tarixdə ilkin ödəniş məbləğini təşkil edən 9840 manat pul vəsaitini, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə isə 16271,4 manat lizinq ödənişini Cavabdeh3 QSC-nin bank hesabına, Cavabdeh3 QSC alqı-satqı müqaviləsinə əsasən 40800 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürmüşdür.
15. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən kredit məbləği kimi ayrılmış 16320 manat pul vəsaiti iddiaçıya ödənilmişdir.
16. İddiaçı bildirir ki, "xxxx" MMC və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqaviləsi əslində iddiaçını aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamış, nəticədə iddiaçıya güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat və lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də qeyd olunan müqavilələrin etibarsız hesab olunmasını və dəymiş 32640 manat zərərin cavabdehlərdən tutulmasını xahiş edir.
17. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, lizinq obyekti ona təhvil verilmiş, ilkin ödəniş məbləği və lizinq ödənişi tam ödənilmişdir. Lizinq obyekti olan tütün qurutma kamerası Şəki rayonu, Baş Laysqı kəndində ona məxsus olan torpaq sahəsində yerləşir.
18. Cavabdehlər "xxxx" MMC və Cavabdeh3 QSC iddiaya etiraz edir və rədd olunmasını xahiş edirlər.
19. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır.
20. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
21. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. İddiaçı etibarsızlığı tələbini irəli sürdüyü əqdlərin görünüş üçün bağlandığını, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadığını qeyd edir.
24. Məhkəmə Mülki Məcəllənin 337.2 və 337.3-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Bundan fərqli olaraq əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçının qeyd etdiyi faktiki əsaslar əhəmiyyətsiz əqdin növü olan uydurma əqdin dispozisiya şərtini təşkil edən tərkib elementləridir.
25. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
26. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq, sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
27. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
28. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
29. Məhkəmə qeyd edir ki, əqdin uydurma olub-olmamasına hüquqi qiymət verilərkən hər bir halda əqdin bağlanma şəraiti, həmin şəraitdə tərəflərin hüquqi statusu, tərəflərin bir-bir ilə əqdə qədərki münasibətlərinin xarakteri, əqd üzrə maliyyələşmənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aparılıb-aparılmaması, əqdin reallıqda mal, əmtəə dövriyyəsinə səbəb olub-olmaması, üçüncü şəxs və ya şəxslərdə görüntü formalaşdırma zərurətinin əqd iştirakçıları üçün mövcud olub-olmaması, əqdin nəticəsizliyinin onun iştirakçıları tərəfindən şüurlu surətdə dərk edilərək arzu olunubolunmaması kimi meyarlar araşdırılmalıdır.
30. Həmçinin nəzərə alınmalıdır ki, uydurma əqd üçüncü şəxslər üçün görüntü yaratmağa yönəldiyindən və bu cəhət əqdin bütün iştirakçılarının məhz qarşılıqlı iradəsinə əsaslandığından həmin əqdin əhəmiyyətsizliyi halının təsdiqi hər bir halda əqd iştirakçısı olmayan üçüncü şəxslərin subyektiv hüququna əsaslanır.
31. Hazırkı iş üzrə iddiaçı iddiasını məhz Hesablama Palatasının həyata keçirdiyi auditin nəticələrinə dair auditor hesabatına əsaslanmaqla irəli sürür, lakin etibarsızlıq tələbini irəli sürdüyü əqdlərin uydurma əqd olması ilə bağlı tələbinin əsasını təşkil edən halı, yəni müqavilə tərəflərinin müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağladıqlarını sübut edə bilmir.
32. Belə ki, istinad olunan hesabatda qeyd olunmuşdur: “1 ədəd müvafiq tütün qurutma kamerasının alınması üçün fiziki şəxs Cavabdeh1 üzrə 16320,0 manat güzəşt məbləğinin 2020-ci ildə maliyyələşdirilməsinə baxmayaraq, təchizatçı "xxxx" MMC ilə olan müqavilə şərtləri ilə quraşdırılması nəzərdə tutulan Şəki rayonunun Aşağıgöynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğu aşkar edilməmiş, şifahi qaydada toplanmış sübutlar tütün qurutma prosesinin 2017-ci ildə quraşdırılmış kameralarda həyata keçirildiyini, quraşdırılmamış halda olan diger kameranın 2018-ci ildə alındığını göstərməklə artıq ödəməyə yol verildiyini deməyə əsas vermişdir”.
33. Məhkəmə iclasında iştirak edən Hesablama Palatasının nümayəndəsi (audit qrupunun üzvü) X2 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinin obyekti olan tütün qurutma kamerası ilə bağlı lizinq alana konkret sual ünvanlanmamış, ümumi sual olaraq tütünün hansı kameralarla qurudulması soruşulmuş, Cavabdeh1 isə 2017-ci ildə alınan kameralarla tütünün qurudulduğunu bildirmişdir.
34. Bundan başqa, X2 bildirmişdir ki, Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfata X6 Mərkəzinin əməkdaşları tərəfindən aparılmış, təsərrüfatın yerləşdiyi ərazinin hansı kəndə aid olmasını rəsmi sənədlərlə dəqiqləşdirilməmişlər.
35. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1i ünvanında ölçüsü 1 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur.
36. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-867/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinə ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün məhkəmə tapşırığı göndərilərək ***-**** seriya nömrəli tütün qurutma kamerasının ünvan 1ində Cavabdeh1 məxsus torpaq sahəsində mövcud olub-olmadığının yerində müayinə və tədqiq edilməklə müəyyən edilməsi tapşırılmışdır.
37. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında Şəki Kommersiya Məhkəməsinin 10-2(117)-1/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsinə dair məlumat və sənədlər Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
38. İstinad olunan qərardaddan görünür ki, Bakı Kommersiya Məhkəməsinin tapşırığına əsasən məhkəmə tərəfindən “lizinq predmeti olan ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün həmin predmetin olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışda göstərilmiş və ünvan 1ində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 ha torpaq sahəsində 27 ədəd tütün qurutma kamerası quraşdırılmışdır. Bu kameraların 26 ədədi 5 tonluq, 1 ədədi isə 10 tonluq ***-**** nömrəli tütün qurutma kamerasıdır. ***-**** nömrəli tütün qurutma kamerası işlək vəziyyətdə olmaqla təyinatı üzrə istəfadəyə yararlıdır və ***-**** nömrəli tütün qurutma kamerası Şəki rayonu Baş Layısqı kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 ha torpaq sahəsində quraşdırılmışdır.
39. Məhkəmə tapşırığının yerinə yetirilməsi ilə bağlı Şəki Kommersiya Məhkəməsi tərəfindən təqdim olunan audio-video yazılar məhkəmə iclasında tədqiq olunmuş və məhkəmə baxış iclasında iştirak edən audit qrupunun üzvü X2 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, audit qrupu audio-video yazıda əks olunan ərazidə olmamış, bu tütün qurutma kameralarını görməmişlər.
40. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tələbini Hesablama Palatası tərəfindən aparılan auditin nəticələrinə istinad etməklə əsaslandırsa da, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, audit zamanı xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinin obyektini təşkil edən avadanlığa dair suallar ünvanlanmamış, suallara cavab olaraq bildirilənlərə əsasən avadanlığın mövcud olmadığı nəticəsinə gəlinmişdir. Həmçinin yoxlama X6 Mərkəzinin əməkdaşlarının Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisi kimi təqdim etdikləri təsərrüfatda aparılmış, məhkəmə tapşırığına əsasən aparılan müayinə isə Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olub Şəki rayonunun Baş Layısqı kəndində yerləşən torpaq sahəsində aparılmış, müayinə zamanı qeyd olunan sahədə lizinq obyektinin mövcud olduğu təsdiqini tapmış, audit qrupunun üzvü X2 qeyd olunan ərazidə yoxlama aparmadıqlarını təsdiq etmişdir.
41. İddiaçı tərəfin qeyd olunan müayinənin nəticəsi ilə razılaşmayaraq, şübhə altına alması ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan mövqe iddiaçı tərəfin subyektiv mülahizə və ehtimallara əsaslanan mövqeyi olmaqla əsassızdır.
42. Təqdim olunan yazılı sübutlar əsasında təsdiq olunur ki, lizinq alan xx.xx.2020-ci il tarixdə ilkin ödəniş məbləğini təşkil edən 9840 manat pul vəsaitini, xx.xx.2020 – xx.xx.2021-ci il tarixlərdə isə 16271,4 manat lizinq ödənişini Cavabdeh3 QSC-nin hesabına köçürmə yolu ilə ödəmiş, Cavabdeh3 QSC alqı-satqı müqaviləsinə əsasən 40800 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürmüşdür.
43. Hesablama Palatası yazılı izahatında (mülahizə) elektron qaimə-fakturanın tələb olunsa da, təqdim olunmadığını qeyd etmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi yoxlamadan əvvəl vergi sistemində araşdırma aparıldığını, 2020-ci il tarixli lizinq müqaviləsi üzrə məlumat əldə edə bilmədiklərini qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 ASC tərəfindən xx.xx.2020ci il tarixdə Cavabdeh1 EBAQ 972180 seriya və nömrəli elektron qaimə təqdim olunaraq GL 271 saylı müqavilə üzrə avadanlığın 42432 manat lizinqə verilməsi, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 ASC-yə EBAT 225530 seriya və nömrəli elektron qaimə təqdim olunaraq AS592 saylı müqavilə üzrə 40800 manat dəyərində avadanlığın təqdim olunması rəsmiləşdirilmiş, qeyd olunan elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır və ləğv olunmamışdır.
44. Göründüyü kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə müqavilə tərəflərlərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqı-satqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.
45. Bundan başqa, Konstitusiya Məhkəməsi göstərmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
46. Məhkəmə qeyd edir ki, iddiaçı (agentlik) ilə Cavabdeh3 ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış agentliyin vəsaitindən istifadəyə dair müqaviləyə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi borcalanın müraciətinə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır.
47. Göründüyü kimi, iddiaçı keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təşkilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalıdır. Belə olan halda, iddiaçının monitorinq nəticələrinə istinad etməməsi, monitorinq nəticələrinə istinad edərək lizinq obyektinin yerini dəqiq müəyyən edib audit yoxlamasına təqdim etməməsi, Hesablama Palatasının auditə dair hesabatına qanunla müəyyən olunmuş müddətdə qeyd, irad və rəyini bildirməməsi (bununla bağlı məhkəməyə hər hansı sübut – monitorinqin keçirilməsi, onun nəticələri, qeyd, irad və rəyin məzmunu, təqdim olunan sənədlər, araşdırmanın nəticəsi və s. təqdim olunmamışdır) məhkəməyə aydın deyil və məhkəmə iddiaçının bu mövqeyini hüquqdan sui-istifadə hesab edir.
48. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. İddia təmin olunmadığından məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova