Məhkəmə qərarları › İş №e-2-2(113)-868/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-868/2024

29.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-868/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Cavabdeh1 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Cavabdeh1 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2483 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 3083 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 2483,0 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh2 QSC vasitəsilətəchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının,buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1251 nömrəli alqısatqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır (alqı-satqı müqaviləsi əizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 2483,0 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh2 QSC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş,digər cavabdehlərlə yuxarıda adıçəkilən alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən Agentliyə vurulmuş 2483,0 manat məbləğində zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş Cavabdeh2 QSC-dən də tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi Nümayəndə3 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 məxsus təsərrüfat sahəsinə tərəflərindən baxış keçirilmiş, həmin sahədə olan suvarma sisteminin adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, habelə satıcı Cavabdeh3 MMC tərəfindən alıcı Cavabdeh1 elektron qaimə təqdim edilmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntuların iddiaçı tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı iddiaçıya müvafiq tapşırılıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və Cavabdeh2 QSC arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair 18 avqust 2020-ci il tarixli 03 nömrəli müqaviləyə əsasən agentliyin müraciəti əsasında müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı üçün 1.000.000 manat məbləği həddində əlavə kredit xətti (limit üzrə vəsait) müəyyən edilir.

9. Müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilarının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır.

10. Müqavilənin 4.2.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanların mütəmadi olaraq monitorinqini aparır və agentliyə bu barədə müvafiq rüblük hesabat təqdim edir.

11. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə (ziyana) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri (ziyan) tam həcmdə ödəmlidir.

12. Cavabdeh3 MMC (satıcı), Cavabdeh2 QSC (alıcı) və Cavabdeh2 MMC (müvəkkil kredit təşkilatı) arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli ASİ21 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60 % hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə satıcının hesabına ödəməyi öhdəsinə götürür.

13. Müqaviləyə 01 nömrəli Əlavəyə əsasən damlama tipli suvarma sistemi ünvan 1i ərazisində 2 ha-lıq sahədə 7006,83 manat məbləğində quraşdırılır.

14. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəst və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizama əsasən Cavabdeh1 ona verilən 1 dəst damlama suvarma sistemini 2 ha-lıq saxlanma şəraitinə və istifadə qaydalarına uyğun qulluq etməsi, avadanlığın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcək, habelə avadanlığı 5 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyini və ölkə hüdudlarından kənara çıxarmayacağına iltizam vermişdir.

15. 02 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 MMC-yə AS 1251 saylı müqaviləyə əsasən ilkin ödəniş qismində 4524,10 manat köçürülmüşdür.

16. 19.03.2021-ci il tarixli OD3 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh2 ASC tərəfindən Cavabdeh3 MMC-nin hesabına subsidiya üçün 2482,73 manat köçürülmüşdür.

17. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair auditor hesabatı”ndan arayışdan görünür ki, Cavabdeh1 Quba rayonu Hacıqaib kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyətləşdirilən damcılı suvarma sistemləri ilə əlaqədar güzəşt məbləği 2483 manat olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur.

18. Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 QSC arasında agentliyin vəsaitindən istifadəyə dair 18 avqust 2020-ci il tarixli müqavilə imzalanmış, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 2483 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh2 QSC vasitəsilə iddiaçı tərəfindən təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur.

20. İddiaçı hazırda cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsız hesab edilməsini və Agentliyə dəymiş 2483 manat ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

21. Belə ki, materiallardan görünür ki, Cavabdeh3 MMC (satıcı) və Cavabdeh1 (alıcı) arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalansa da, cavabdehlər tərəfindən məhkəməyə həmin müqavilənin predmetinin faktiki mövcud olmasını, satıcı tərəfindən həqiqətən alınmasını təsdiq edən alış sənədləri, habelə texniki pasportu və sairə məhkəməyə təqdim edilməmişdir.

22. Belə ki, materiallardan görünür ki, Cavabdeh2 QSC xx.xx.2020-ci il tarixdə iddiaçıya yazılı müraciət edərək (i.v.10) Z.Ramazanov tərəfindən güzəştli şərtlərlə 1 dəst damlama suvarma sisteminin əldə edilməsinə razılıq verilməsini xahiş etmişdir.

23. Cavabdehlər Z.Ramazanov və Cavabdeh2 QSC arasında müqavilə müraciətdən öncə xx.xx.2020-ci il tarixdə imzalanmış, avadanlıqların ünvan 1i ünvanında quraşdırılması razılaşdırılmışdır.

24. Əvvəlki məhkəmə iclasında cavabdeh Z.Ramazanov ünvan 1i ünvanında təsərrüfatının olmadığını, təsərrüfatının Xaçmaz rayonu ərazisində yerləşdiyini bildirmiş, müqavilə və əlavə edilən sənədləri imzalayarkən oxumadığını bildirmişdir.

25. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə1 cavabdeh Z.Ramazanova suvarma sisteminin müqavilə bağlanmazdan əvvəl təhvil verildiyini, həmin avadanlığın Xaçmaz rayonu, Aşağı Xuç kəndində quraşdırıldığını, müqavilənin avadanlıq quraşdırıldıqdan sonra bağlandığını bildirmiş, müqavilə və onun əlavələrində texniki səhvə yol verildiyini, ünvan 1i ünvanı əvəzinə ünvan 3flərindən üçüncü şəxslərdən alındığını, alış sənədlərinin olmadığı üçün təqdim edə bilməyəcəyini göstərmişdir.

26. Məhkəmə müqavilədə texniki səhvə yol verilməsi barədə cavabdehlərin dəlillərini ağlabatan hesab etmir.

27. Belə ki, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsində də sığortaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 məxsus ünvan 1ində yerləşən suvarma sistemi xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci ilədək sığorta edildiyi göstərilmişdir (halbuki Cavabdeh1 məhkəmə iclasında həmin ünvanda ona məxsus suvarma sisteminin olmaması faktını təsdiq etmişdir).

28. Bundan əlavə, Cavabdeh1 (sifarişçi) və Cavabdeh2 QSC (icraçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli XM741 nömrəli xidmət müqaviləsinə əsasən icraçı bu müqavilədə müəyyən edilmiş şərt və müddəalara uyğun olaraq sifarişçinin müraciətinə əsasən Cavabdeh3 MMC-nin mülkiyyətində olan və Əlavə 1-də sadalanan texnikanın əldə olunması ilə əlaqədar olaraq konsaltinq və vasitəçilik xidmətlərini yerinə yetirməyi, sifarişçi isə göstərilmiş müvafiq xidmətlərə görə icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür.

29. Müqaviləyə 01 saylı Əlavəyə əsasən damlama tipli suvarma sisteminin ümumi məbləği 7006,83 manat təşkil edir. Güzəşt məbləği 2482,73 manat təşkil edir. İlkin ödəniş məbləği 4524,10 manat təşkil edir. Xidmət haqqı 165.36 manat təşkil edir.

30. Adıçəkilən həmin müqavilə və onun əlavəsində də, habelə Cavabdeh2 QSC tərəfindən kreditləşməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatda da texnikanın quraşdırılacağı yer kimi ünvan 1i göstərilmişdir.

31. Məhkəmə, Cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş zəmanət talonunu da alqı-satqı müqaviləsinin predmeti olan malların alıcıya təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qəbul etmir.

32. Belə ki, Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli zəmanət talonundan görünür ki, Cavabdeh1 istifadəsinə verilən Quba rayonu Aşağı Xuç kənd ərazisində quraşdırılması nəzərdə tutulan 1 ha kənd təsərrüfatında istifadə olunan quraşdırılmamış halda damlama tipli suvarma qurğusu istehsal xətalarına qarşı 3 il müddətinə Cavabdeh3 MMC tərəfindən zəmanət verilir.

33. Həmin zəmanət talonunda mübahisə predmeti olan müqavilə üzrə deyil, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh1 təhvil verilmiş suvarma sisteminə zəmanət verildiyi göstərilmişdir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 QSC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə malların ümumiyyətlə mövcud olmasını, habelə alıcıya təhvil verilməsini təsdiq edən mötəbər sübutlar qismində qəbul edilə bilməz.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

41. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

42. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

44. Məhkəmə iddia tələbinin ikinci, 2483 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, materiallardan görünür ki, həmin vəsait iddiaçı tərəfindən müvəkkil kredit təşkilatı olan Cavabdeh2 MMC-yə tərəflər arasında olan agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2020-ci il tarixli 03 saylı müqavilə əsasında köçürülmüşdür.

46. Adıçəkilən həmin müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və tam riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada Agentlik qarşısında məsuliyyət daşıyır.

47. Müqavilənin 5.1-ci maddəsinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin vəsait müvəkkil kredit təşkilatına ödənildiyindən, habelə həmin vəsaitlə bağlı iddiaçı qarşısında müvəkkil kredit təşkilatı məsuliyyət daşıdığından 2483 manat pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər cavabdehlərə dair həmin hissədə təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, 2483 manat məbləğində pul vəsaiti Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir.

51. Belə ki, xx.xx.2023-cü il tarixli 000İPX12335626C1 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına 500 manat vəsait köçürülmüşdür.

52. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat mediasiya xərci də Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən 2483 manat məbləğində pul vəsaiti, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, 100 manat mediasiyaya dair xərc, ümumilikdə 3083 (üç min səksən üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar