Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-870/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, ipoteka müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, daha sonra nümayəndəsi isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsi üzrə banka olan 56317.14 AZN əsas, 2610.74 AZN faiz, 22113.28 AZN cərimə borcu olmaqla, cəmi borcu 81041.16 AZN borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN məbləğində rüsumun, 420 AZN məbləğində mediasiya rüsumunun Cavabdeh2dan tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17 % olmaqla 36 ay müddətinə 105000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS№043/05-21saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 110000 AZN məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylıkredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 55448.19 AZN əsas, 2 610,74 AZN faiz, 22113.28 AZN cərimə borcu olmaqla, cəmi borcu 80172,21 AZN ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, əlavə bildirmişdir ki, iddia tələbindən texniki səhv olaraq borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması tələb olunmuşdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 105000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 17 faiz olmaqla faiz ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 faiz olmaqla cərimə faizi ödəyir. Müqavilənin 2.6-cı bəndinə əsasən əsas borca görə faizlər borcun Banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qərarı/qətnaməsi (və ya notarisun icra qeyri) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmət(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixdə MKOS №043/05-21 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən sonrakı ipoteka qoyan mülkiyyət haququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95,44 kv.m ümumi sahəsindən ibarət 104 nömrəli mənzil sonrakı ipoteka qoyulur. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqavilə üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********52-05101-093002, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Sonralı ipoteka qoyanın mükliyyətindədir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 110000 manat müəyyən edir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyətdə olan 95,44 kv.metr yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir 29 iyun 2021-ci il tarixli 16 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən X3 hesabına 50000 manat pul köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 56317,14 manat, faiz borcu 2610,74 manat və cərimə borcu 22113,28 manat təşkil edir. xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 105000 manat olan illik faiz dərəcəsi 36% olmaqla verilmiş kreditə görə Cavabdeh2 29 mart 2021-ci il tarixdən 06 oktyabr 2023cü il tarixinə qədər hər ayın 29-u olmaqla 3743,43 manat, sonuncu ay 3743,57 manat ödəməlidir. 28 noyabr 2023-cü il tarixli MŞB/14/2023-01139 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2981 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu iddia tələbində göstərilən xx.xx.2023cü il tarixinə əsas borc 56317,14 manat, faiz borcu 1994,57 manat olması müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/58xx-xx/5716 saylı ekspert rəyi ilə ünvan 1 xüsusi mülkiyyətdə olan 95,44 kv.metr yaşayış məntəqələrinin torpaq sahəsinin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 166500 manat (1740,0 x 95,44), 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən (166500-10%) 150000 manat məbləğində müəyyən edimişdir Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17% olmaqla 36 ay müddətinə 105000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə iddiaçı 56317,14 manat əsas borc və 2610,74 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizası ilə iddia ərizəsinin tərtib edildiyi xx.xx.2023-cü il tarixə 56317,14 manat əsas borc, 1994,57 manat faiz borcu olduğu müəyyən edilmişdir. Lakin iddiaçının təqdim etdiyi sonuncu xx.xx.2024-cü il tarixli maliyyə arayışından müqavilənin başa çatdığı xx.xx.2024-cü il tarixə cavabdehin 56317,14 manat əsas və 2610,74 manat faiz borcu olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə, müqaviləyə və qanunvericiliyə əsasən müqavilə müddəti bitənə kimi faiz hesablana biləcəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləği iddia tələbinə uyğun, 56317,14 manat əsas və 2610,74 manat faiz borcu müəyyən olunmalıdır. Bundan başqa iddiaçı, cavabdehdən 22113,28 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2816 manat müəyyən edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5848 saylı ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 150000 manat manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 150000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 420 manat mediasiya xərcinin və ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün ödənilmiş 51 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 50 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 56317 (əlli altı min üç yüz on yeddi) manat 14 (on dörd) qəpik əsas, 2610 (iki min altı yüz on) manat 74 (yetmiş dörd) qəpik manat faiz, 2816 (iki min səkkiz yüz on altı) manat cərimə tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilsin, əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilsin, mənzilin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-870/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-870/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver