Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-870/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X8 X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X12 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X8 X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qalıq "borcun silinməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Abşeron Kənd X3 Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron KTMİM-nin elektrik enerjisi hesabatında xx.xx.2002-ci il tarixədək əsassız hesablanmış 10468,19 manat borcun silinməsinə dair cavabdeh "xxxx" ASC-nin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayında müəssisəyə 2002-ci il tarixədək borc hesablanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasını xahiş ediblər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, 03/2-857 nömrəli abunə kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsinin elektrik enerji hesabatı təhlil olunarkan məlum olmuşdur ki, xx.xx.2002-ci ilədək 10468,19 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödəniş aparılmamışdır. Məktubda o da qeyd olunmuşdur ki, həmin borcun ödənişi abonentdən yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə Arayış alınarkan tələb edilir. Göründüyü kimi cavabdeh cavab məktubunda həmin borcun hansı əsaslarla yarandığını, Qanunun, Əsasnamənin və ya Təlimatın hansı normasına əsasən bu günədək tələb edilmədiyini, borcun hesablanmasına aid müvafiq aktın olub-olmadığını göstərməmişdir. Halbuki, əgər həqiqətəndə 2002-ci ilədək müəssisənin qeyd olunan məbləğdə elektrik enerjisinin istehlakına görə borcu yaranmışdısa və ya bir aydan artıq müddətdə həmin borc ödənilməmişdirsə, o halda elektrik enerjisinin fasiləsiz verilməsi hansı əsaslarala təmin edilmişdir. Yəni bu faktdır ki, bir ayda yaranmış borcun ödənilməməsi səbəbindən növbəti ayda cavabdeh tərəfindən elektrik enerjisinin verilməsi və dayandırılmaması mümkün deyildir. Bundan başqa cavabdeh tərəfindən müəssisəyə 2002-ci ildən bu günədək borcun ödənilməsinin təmin edilməsinin tələbi barədə hər hansı bir bildiririş göndərilməmişdir. Borcun yaranmasının, nə üçün tələb edilmədiyinin əsasları barədə cavabdeh heç bir arqument gətirməmişdir. Əsassız hesablanan borcun silinməsi xahiş olunsa da əhəmiyyət verməmişdir. Halbuki, Qanunvericiliyin tələblərinə görə, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Mülki Qanunvericilik müqavilə tələbləri üzrə iddia müddətini 3 il, həmçinin də vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətini də 3 il müəyyən etmişdir. Birincisi, müəssisənin 2002-ci ilədək borcu olmamışdır, əgər belə bir borcun hesablanması aparılmışdısa, o halda müəssisəyə həmin dövrdə rəsmi məlumat təqdim etməli idi. Eyni zamanda, cavabdehin borcun tələb edilməsinə görə əsassız arqumenti olan, “həmin borcun ödənişi abonentdən yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə Arayış alınarkan tələb edilir” kimi yanaşmanın da heç bir hüquqi əsası yoxdur. Çünki nə faktiki, nə də hüquqi əsaslar buna imkan vermir. Ona görə də hesab edirlər ki, cavabdeh borcun silinməsini təmin etmirsə, o halda əsassız hesablanan borcun silnməsi məhkəmə qaydasında təmin edilməlidir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, iddiaçınında qeyd etdiyi kimi borc "xxxx" ASC-nin fəaliyyətindəndən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Lakin, borcun əvvəlki dövrdə yaranmış olmağı o demək deyil ki, məbləğ silinməlidir. Belə ki, borc cərimə deyil, baxış aktı əsasında hesablanmış məbləğ deyil, iddia tələbində silinməsi qeyd edilən 10468,19 manat məbləğində borc elektrik enejisindən istifadə nəticəsində yaranmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmiş, ərizəni onunla əsaslandırmışdır ki, borc "xxxx" ASC-dən əvvəl, yəni 2005-ci ildən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmışdır. Bu qədər müddət ərzində iddiaçı tərəfindən ödəniş aparılmamışdır. Eyni zamanda hesab edirlər ki, iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin suala cavab olaraq bildirmişdir ki, borc barədə 2024-cü ildə transformotoru bir şəxsin adından başqa şəxsin adına keçirtmək istəyəndə məlumatlı olmuşlar. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildrimişdir ki, borc məbləği "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki, yəni 2015-ci ildən əvvəlki dövrü əhatə edir. Cavabdehə hesablanan borc cərimə, baxış aktı əsasında hesablanmış məbləğ deyil, 10468,19 manat məbləğində borc sərf olunan elektrik enerjisinin dəyəridir. Eyni zamanda borc məbləği uzun müddət keçməsinə baxmayaraq mübahisələndirilməmişdir. Həmçinin o, suallara cavab olaraq bildirmişdir ki, iddiaçıya borcu barədə hər ay hesabfaktura təqdim edilir, hesab-fakturanın aşağı hissəsində qalıq borc qeyd olunur. 3 il iddia müddətinin ötürülməsini təsdiq edən hesab-fakturalar elektron sistemə əlavə edilməmişdir. Hesab-fakturalarda cavabdehin hər dəfə iddiaçı tərəfə borc barədə məlumat veribvermədikləri aşkar görünəcəkdir. İddiaçının cavadehə ünvanladığı məktuba cavab olaraq təqdim etdikləri xx.xx.2024-cü il məktubundan əvvəl borc barədə məlumat verilməsinə dair rəsmi sənəd təqdim edilməmişdir. Artıq ödəmələr olduqda borcdan silinir, borcu olmadıqda isə ödəniş depozit məbləğ kimi qalır. Həmin illər üzrə tərəfə maliyyə arayışı da verilir. Onun borcun yaranma əsasları barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırlmışdır. Abonent saldosunda qeyd edilən məbləğlər üzrə hesablama aparılması üçün sayğac oxunuşu ilə aktlar toplanır daha sonra ödəmələr çıxılır. Təqdim edilən ən son abonent saldosunda da bu cür hesablama aparılmış və iddiaçının sərfiyyata görə 18698,48 manat borcu yaranmışdır. Bu sərfiyyata görə yazılmış borcla bağlı iddiaçı borc məbləğini mübahisələndirmir. Lakin digər məsələ-köhnə dövrün borcunun hansı akt əsasında, nəyin əsasında yaranması barədə məlumatları yoxdur. 2002-ci ildən sonrakı heç bir abonent saldosunda da borc məbləği göstərilməyib və hazırda borc məbləği köhnə manatla deyil, yeni dövr manatı ilə hesablanır. Tərəfin e-sistemə əlavə etdiyi bildirişlərlə, hesab-fakturalarla da tanış olublar və müvafiq borc məbləğinin tərəfin müraciət etməmişdən əvvəl məlumatlı olmadığı aydındır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyerstrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Binə sovxozu ərazisində yerləşən ümumi sahəsi 737.0 m2 torpaq sahəsinin ölçüsü 1.2662 ha olan əmlak kompleksi kimi müəssisəsi üzrə istifadə hüququ xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 X1 adına qeydiyyata alınmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-Y-5505-5/2024 nömrəli müraciətin araşdırılmasına dair məktubun məzmunundan görünür ki, "xxxx" ASC X7 müraciət edərək 03/2-857 nömrəli abunə kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsinin elektrik hesabatı təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixədək 10468,19 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödəniş aparılmamışdır. Həmin borcun ödənişi abonentdən yalnız abunə vərəqində ad dəyişdirilərkən yaxud borcun olmaması barədə arayış alınarkən tələb edilir. X8 X1 (03/2-857 saylı) abunə haqqında məlumatından görünür ki, **********11278 abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə sayğac göstəricilərinə əsasən yazılan 18698,40 manat Cavabdeh ASC, yazılan 10648,19 manat məbləğində borc isə "BŞEŞ" kimi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən abonent kodu – 03/2-857 olan abunəçiyə (Xəzər, Binə qəsəbəsi) təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-ödəniş vərəqindən görünür ki, istehlakçının xx.xx.2024-cü il tarixə olan qalıq borcu 29699,49 manat təşkil edir. "xxxx" ASC tərəfindən abonent kodu – 03/2-857 olan abunəçiyə (Xəzər, Binə qəsəbəsi) təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesab-ödəniş vərəqindən görünür ki, istehlakçının xx.xx.2025-ci il tarixə olan cəmi borcu 13765,50 manat təşkil edir. "xxxx" ASC tərəfindən abonent kodu – 03/2-857 olan abunəçiyə (Xəzər, Binə qəsəbəsi) təqdim edilmiş xx.xx.2009-cu il tarixli hesab-ödəniş vərəqindən görünür ki, istehlakçının xx.xx.2009-cu il tarixə olan qalıq borcu 3643,16 manat təşkil edir. 29 oktyabr 2024-cü il tarixli **********21 saylı qəbzdən görünür ki,iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 102 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin “Elektroenergetika haqqında” Qanunun: 5.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır: 5.1.1. enerji təhlükəsizliyinin təmin edilməsi; 5.1.2. elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması; 5.1.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi. 5.2.11-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlətin vəzifələrindən biri elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsidir. 9.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir. 9.4-cü maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur. 19.7.2-ci maddəsinə əsasən təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək elektrik enerjisi istehlakçısının hüququdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisinin ölkədaxili tarifləri cədvəlinin 4.2-ci bəndinə əsasən qeyri-əhali üzrə 1 kVts elektrik enerjisinin tarifi ticarət və xidmət sahələrində 0,11 manat (ƏDV ilə), digər sahələrdə isə 0,10 manat (ƏDV ilə) müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edildi ki, X8 X2 məxsus Abşeron rayonu, Binə sovxozu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisəyə elektrik enerjisi sərfiyyatı ilə bağlı xx.xx.2002-ci il tarixədək 10468,19 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 2009-cu illər üzrə hesab-fakturalarda onun əvvəlki illər üzrə 10468,19 manat borcu olduğu qeyd edilməmişdir. Lakin sonradan iddiaçının abonent kodunun adının dəyişdirilməsi ilə bağlı müraciətinə cavab olaraq göndərilən məktubda xx.xx.2002-ci il tarixə kimi iddiaçının 10468,19 manat borcu olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı müəssisə uzun illərdir fəaliyyət göstərir, cavabdeh daim müəssisəni elektrik enerjisi ilə təmin etmiş, bu müddət ərzində mübahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdən-birə iddiaçıdan tələb edilməsi sual doğurur ki, bu borc necə yaranmış, nə üçün indiyə qədər iddiaçıdan tələb edilməmiş, hesab-fakturalarda qeyd olunmamışdır. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini məntiqli şəkildə izah edə və əsaslandıra bilməmiş, həmçinin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 10468,19 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 10468,19 manat borc silinməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X8 X1 elektrik enerjisi hesabatında xx.xx.2002-ci il tarixədək hesablanmış 10468 (on min dörd yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-870/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-870/2025
18.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver