Məhkəmə qərarları › İş №e-2-2(113)-8709/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8709/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8709/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 04/24 saylı icarə müqaviləsi üzrə yaranmış 59534 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və “HAF" məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2025 tarixli 04/24 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, ərizəçi cavabdehə mexaniki nəqliyyat vasitələrini istifadəyə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi və icarə müddəti bitdikdən sonra texnikalarıərizəçiyə geri qaytarmağı öhdəsinə götürmüşdü. İddiaçı tərəfindən Cavabdehə tırtıllı ekskavator Hyundai R380 LC-9SH – dövlət qeydiyyat nömrəsi ** AB *** aylıq 7500 AZN və tırtıllı ekskavator Hyundai R300 LC-9 – dövlət qeydiyyat nömrəsi ** AB *** hər işlədiyi gün üçün 400 AZN olmaqla verilmişdi. Müqavilə şərtlərinə görə aylıq icarə haqqı hesablandıqdan sonra İddiaçının təqdim etdiyie-qaimə əsasında hər ayın 15-ci gününə qədər ödənməli idi. Hesablanmış borc məbləğie-qaimələrə əsasən aşağıda göstərilən kimi təşkil edir: Seriya: MT2502 Nömrə: 10013738 Tarix: xx.xx.2025 – 19500 AZN, Seriya: MT2503 Nömrə: 10943720 Tarix: xx.xx.2025 – 19500 AZN, Seriya: MT2504 Nömrə: 10769668 Tarix: xx.xx.2025 – 19500 AZN, Seriya: MT2505 Nömrə: 10699755 Tarix: xx.xx.2025 – 4034 AZN, Seriya: MT2505 Nömrə: 10699037 Tarix: xx.xx.2025 – 10000 AZN. Cavabdeh tərəfindən ödənilmiş pul vəsaiti isə yalnız 13000 AZN təşkil edir. Bu məbləğdən başqa cavabdeh iddiaçı heç bir pul vəsaitini ödəməmişdir və ödəməkdən yayınır. Hazırda "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu 59534 AZN təşkiledir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icarəyəverən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış 01 yanvar 2025ci il tarixli, 04/24 nömrəli icarə müqaviləsinə əsasən icarəyəverən Hyundai R380 LC-9SH markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatoru aylıq icarə haqqı 7500 AZN olmaqla, Hyundai R300 LC-9 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatoru hər işlədiyi iş günü üçün 400 AZN olmaqla icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarə haqqını ödəməyi və icarə müddəti bitdikdən sonra texnikalarını icarəyəverənə qaytarmağı öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən aylıq icarə haqqı hesablandıqdan sonra icarəyəverənin təqdim etdiyi e-qaimə əsasında hər ayın 15-ci iş gününə qədər ödənilməlidir.

9. Müqavilənin 1.3-cü bəndinə əsasən icarə haqqı icarəçi tərəfindən icarəyəverənin müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödəməlidir.

10. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə haqqı vaxtında ödənilməlidir.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10769668 nömrəli 19500 manat məbləğində, xx.xx.20205-ci il tarixli, MT2505 seriyalı, 10699755 nömrəli 4034 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 10943720 nömrəli 19500 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10699037 nömrəli 10000 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10013738 nömrəli 19500 manat məbləğində elektron-qaimə fakturalar göndərilmişdir.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 7000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 04/2024 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 72534 manat dəyərində e-qaimə göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 13000 manat ödəniş edilmiş, qalıq 59534 manat əsas borc isə ödənilməmişdir.

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 59534 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 269 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 59534 manat məbləğində pul, 269 manat dövlət rüsumu, ümumilikdə 59803 (əlli doqquz min səkkiz yüz üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar