Məhkəmə qərarları › İş №e-2-2(113)-871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-871/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-871/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əşyanın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qanunsuz sahiblik) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əşyanın geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əşyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda iddiaçı tərəfindən dəyəri ödənilmiş və quraşdırılmış şüşə arakəsmələrin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda iddiaçı tərəfindən dəyəri ödənilmiş və quraşdırılmış şüşə arakəsmələrin və ya dəyəri 3318 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməklə, cavabdehdən ödənilmiş iki aylıq icarə haqqı olaraq 25866 manatın (ƏDV xaric), müqavilə şərtlərinə uyğun olaraq 50408,40 manat çəkilmiş xərclərin, mediasiya prosesinə görə çəkilmiş xərcin 50 %-i, yəni 200 manatın, eyni zamanda ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə 76594,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbulediməsini xahiş etmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra iki ay ərzində iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində şüşə arakəsmələr quraşdırılmış, obyektin mühafizə edilməsi üçün işçilərlə əmək müqaviləsi bağlanmış, tərəflərindən kameralar quraşdırılmış, reklam-dizayn işləri həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, obyekti müqavilə şərtlərinə uyğun vəziyyətdə onlara təqdim etməmişdir. Belə ki, qaldırıcı kranlar onlara təhvil verilməmişdir. Bu səbəbdən onlar iddiaçıya pretenziya ünvanlamış, xx.xx.2021-ci il tarixdən müqaviləyə xitam vermək istədiklərini bildirmişlər və iddiaçı tərəfindən cavabdehə 25866 manat iki aylıq icarə haqqının, o cümlədən 50408,40 manat çəkilmiş xərclərin, eyni zamanda cavabdehin təqsiri səbəbindən Cəmiyyətə dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Bundan əlavə, obyektdə quraşdırılmış reklam lövhəsi, şüşə arakəsmələr ayrılması mümkün olan yaxşılaşdırmalar olmasına baxmayaraq, məhz həmin yerdə istifadə edilməsi üçün nəzərdə tutulmuş, bu səbəbdən həmin yaxşılaşdırmaların dəyərinin ödənilməli və çəkdiyi digər xərclər geri qaytarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2-2(113)-483/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra iş üzrə iddiaçı"xxxx" MMC qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinimülki kollegiyadan xahiş etmişdir. BakıApellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-722/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9484,2 manat və ödənilmiş dövlət rüsumlarına görə 80,6 manat məbləğində pul vəsait tutulması Qət edilmişdir. Lakin həmin qətnamənin icrası zamanı hal-hazırki cavabdeh qeyd olunan şüşə arakəsmələrinin tərəfimizdən götürülməsinə imkan vermir, şərait yaratmır və açıq aşkar bundan imtina edir. Xüsusilə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-722/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində görünür ki, cavabdehin nümayəndəsi bildirir ki, iddiaçı tərəfindən quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələr hələ də sahədədir, iddiaçı həmin yaxşılaşdırmaları ayırıb özünə götürə bilər, buna etirazları yoxdur. Lakin hal-hazırda cavbdehdən quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələri tələb etsək də, cavbdeh onları söküb götürməyimizə imkan vermir. Bildirir ki, “Quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələri həmin müddətdə verirdimsə, indi vermirəm. Gedin, verin, məhkəməyə”. Bunun üçün də, iddiaçı tərəf olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsi uzun müddət iddiaçının təqsiri üzündən cavabdeh tərəfindən icarəyə verilməmiş, cavabdeh bununla bağlı zərərə uğramışdır. Bu səbəbdən iddiaçı tərəfindən hazırda qeyri-yaşayış sahəsində olan şüşə arakəsmələrin qaytarılması ilə bağlı tələb əsassızdır.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC (iddiaçı) ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci il tarixli 01/21 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi müxtəlif növ təmir, quraşdırma işləri sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müxtəlif növ təmir quraşdırma üzrə işləri görməyi öhdəsinə götürür.

8. 03 may 2021-ci il tarixli 01/21 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 01 nömrəli əlavə qiymət razılaşdırma protokolundan görünür ki, sifarişçinin göstərişlərinə uyğun aluminium şüşə arakəsmə işlərinə (eleksuar rəng profil, şəffaf şüşə) görə 3318 manat vergilər daxil xidmət haqqı razılaşdırılmışdır.

9. "xxxx" MMC (iddiaçı) tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 01/2021 saylı hesab fakturadan görünür ki, aluminium şüşə arakəsmə işlərinə görə 3318 manat ödənilmişdir.

10. "xxxx" MMC (iddiaçı) tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 14331548 nömrəli ödəniş tapşırığı ilə “EBBC 949824 nömrəli elektron qaiməyə əsasən 1659 manat, xx.xx.2021-ci il tarixli 06/2021 saylı ödəniş tapşırığı ilə 01/2021 nömrəli xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən ilkin 50 % avans ödənişi qismində 1659 manat köçürülmüşdür.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiy Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-722/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 483/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-483/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9484,2 manat və ödənilmiş dövlət rüsumlarına görə 80,6 manat məbləğində pul vəsait tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

17. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

18. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. 681-ci maddəsinə əsasən kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.

20. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 20 may 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə müqavilə xitam edilmiş, icarə sahəsinin iddiaçının sahiblik və istifadəsində olduğu dövrdə iddiaçı tərəfindən öz hesabına ora şüşə arakəsmələr alınaraq quraşdırılmış, həmin arakəsmələr iddiaçıya qaytarılmamış, hazırda cavabdehin qanunsuz sahibliyindədir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda iddiaçı tərəfindən quraşdırılmış şüşə arakəsmələr iddiaçıya geri qaytarılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda İddiaçı MMC-yə məxsus ümumi dəyəri 3318 manat olan şüşə arakəsmələrin İddiaçı MMC-yə qaytarılması öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. İş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar