Məhkəmə qərarları › İş №e-2-2(113)-8746/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8746/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8746/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı “Rabitəbank" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 10 noyabr 2022-ci il tarixli, RBYF-6703 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1597,71 manat, faiz borcuna görə 100,44 manat, dəbbə borcuna görə 78,61 manat, cəmi 1776,76 manat məbləğində pulun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, RBYF-6703 saylı kredit müqaviləsinə əsasən illik 23% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 10 noyabr 2022-ci il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh1,Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 10 noyabr 2022-ciil tarixli, RBYF-6703 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 10 noyabr 2022-ci il tarixli, RBYF-6703 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, RBYF- 6703 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 10-dan gec olmayaraq hər ay 418,99 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 10 noyabr 2022-ci il tarixli, RBYF- 6703 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1597,71 manat, faiz borcuna görə 100,44 manat, dəbbə borcuna görə 78,61 manat,cəmi 1776,76 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC-nin Yasamal Filialı (Borc verən) və Cavabdeh2 (Borc alan) arasında imzalanmış 10 noyabr 2022-ci il tarixli, RBYF-6703 saylı kredit müqaviləsinə əsasən Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana əsas vəsaitlərin artırılması məqsədilə 8000 AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 8000 AZN çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 23% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 24% təşkil edir. Müqavilənin 2.7-ci bəndinə əsasən Borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (“Kreditin ödəniş cədvəli”nə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu Müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində, yəni (46%) faiz, borc tam ödənilən günədək hesablanır və Borc alan tərəfindən tam ödənilməlidir. Həmin müqavilənin 2.13-cü bəndinə görə borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: 2.13.1. Hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.13.2 Hesablanmış faizlər silinir; 2.13.3. Əsas məbləğ silinir. 2.14.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 2.14.2. Müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); 2.14.3. Kreditin ödəniş cədvəlindən qabaqcadan artıq ödənilmiş əsas məbləğ – mütənasib olaraq növbəti ay (aylar) üzrə borc alanı əsas məbləğin ödənişindən azad edir. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın ödhəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 6.2-ci bəndinə görə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. 6.4-cü bəndinə əsasən təminat qoyulmuş əmlak aşağdakılardan ibarətdir: 3 və 4- Cavabdeh1 və Cavabdeh3 Şamil oğlunun zaminliyi. İddiaçı ASC-nin Yasamal Filialı (Borc verən) Cavabdeh2 və Cavabdeh1 (Zamin) arasında imzalanmış xx.xx.2022-ci il tarixli RBYF-6703 saylı və İddiaçı ASC-nin Yasamal Filialı (Borc verən) Cavabdeh2 və Cavabdeh3 Şamil oğlu (Zamin) arasında imzalanmış xx.xx.2022-ci il tarixli RBYF-6703 saylı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 və Cavabdeh3 Şamil oğlu Cavabdeh2 ilə kreditor (Bank) arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, RBYF-6703 nömrəli Kredit Müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə ötürür. Zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 8000 AZN; kreditin qaytarılması müdəti 24 ay; kreditin faiz dərəcəsi 23%; kreditin ödənilməsi (qaytarılma) qaydası: aylıq; cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən zamin borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 8000 manat olan illik faiz dərəcəsi 23% olan kredit üzrə Cavabdeh2 10 dekabr 2022-ci il tarixdən 10 noyabr 2024-cü il tarixinə qədər hər ayın 10-u olmaqla 419 manat, sonuncu ay 417,70 manat ödəməlidir. Kreditin tarixi haqqında məlumatdan (hesabdan çıxarış) görünür ki, xx.xx.2022-ci il tarixdə 8000 manat məbləğində pul vəsaiti Cavabdeh2 məxsus hesaba köçürülmüş, borc alan tərəfindən müxtəlif tarixlərdə ödənişlər icra edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 1597,71 manat məbləğində əsas, 100,44 manat məbləğində faiz və 78,61 manat məbləğində cərimə, cəmi 1776,76 manat borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 38 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2022-ci il tarixində 8000 manat məbləğində xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə illik 23 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit zə zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2022ci il tarixli RBYF-6703 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 1597,71 manat məbləğində əsas borc, 100,44 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli RBYF-6703 saylı kredit müqaviləsinin 2.14.1-ci və 2.14.2-ci bəndinə əsasən hesablanmış 78,61 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 78,61 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli RBYF-6703 saylı kredit müqaviləsinə əsasən 1597,71 manat məbləğində əsas borc, 100,44 manat məbləğində faiz borcu və 78,61 manat məbləğində cərimə, cəmi 1776 (bir min yeddi yüz yetmiş altı) manat 76 (yetmiş altı) qəpik, ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar