Məhkəmə qərarları › İş №e-2-2(113)-878/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-878/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-878/2025 22.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada onun xeyrinə 15759,88 manat məbləğində əsas borcun, 2235,54 manat məbləğində faiz borcunun, 872,46 manat məbləğində cərimə borcunun, cəmi 18867,88 manat borcun və 148 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 20000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidir. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 428.4, 442, 445.2.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə, AR Mülki Prosseual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbindəki göstərilən və ekspertin verdiyi rəydəki əsas və faiz məbləğini qəbul etdiyini, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Hazırda maddi cəhətdən vəziyyətinin yaxşı olmadığı üçün borc məbləğini ödəyə bilmir. Yeni ödəniş qrafiki əsasında yenidən ödənişlər etməyə başlayacağını bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 (Müştəri) və Cavabdeh1 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı kredit sazişinə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Müqavilə çərçivəsində təqdim edilən hər bir Kredit məhsulu üzrə münasibətlərin predmeti bu Xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq Kredit sazişində qeyd edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə, Müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan /ABŞdolları/Avroda az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. Müqavilənin 7.4.1-ci bəndinə əsasən Cavabdeh1 zamin kimi xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı kredit sazişinin müqavilə üzrə müştəri üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımincə icra etmədikdə bankın ilk tələbi ilə zaminlikdə təmin edilmiş öhdəliyi dərhal etməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 (Müştəri) və Cavabdeh1 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 ümumi məbləği 20000 manat olan illik faiz dərəcəsi 23% (faktiki illik faiz dərəcəsi: 23.8%) olmaqla 36 ay müddətinə kredit verməyi öhdəsinə götürmüşdür. Cərimə xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 hesabına 12719,4 kredit ödənişi köçürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaic orderindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 7150 manat nağd kredit vermişdir. xx.xx.2024-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 15759,88 manat məbləğində əsas bоrcu, 2235,54 manat məbləğində faiz bоrcu və 872,46 manat məbləğində cərimə borcu borcu vardır. xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı kredit sazişi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 20000 manat olan illik faiz dərəcəsi 23% (faktiki illik faiz dərəcəsi: 23.8%) olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 07 aprel 2023-cü il tarixdən 09 mart 2026-ci il tarixinə qədər hər ayın 7-i (və ya 8, 9-u olmaqla) 774,19 manat, sonuncu ay 786,14 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 148 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/10679/2024 saylı ekspert rəyinə əsasən, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli MK/54562/90/25 saylı kredit sazişinə əsasən Cavabdeh2 ekspertiza qarşısında qoyulmuş suallar üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə və ekspert rəyinin verildiyi xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yaranmış borcu əsas borcu 15420,23 manat, faiz borcu 2206,81 manat, xx.xx.2025-ci il əsas borc üzrə 15420,23 manat, faiz borcu 3832,36 manat, məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı kredit sazişi üzrə illik faiz dərəcəsi 23% (faktiki illik faiz dərəcəsi: 23.8%) olmaqla 36 ay müddətinə 20000 manat kredit vermişdir. Həmçinin Cavabdeh1 zamin kimi xx.xx.2023-cü il tarixli, № MK/54562/90/25 saylı İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.1.9-cu bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 20000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməyərək kredit borcunun aylıq ödənişlərini ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı etiraz etməmişlər. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki iddiaçı 15759,88 manat əsas, 2235,54 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borc 15420,23 manat, faiz borcu isə 2235,54 manat hesablanmışdır. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, əsas və faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq müəyyən olunmalıdır. Bununla yanaşı iddiaçı 872,46 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 770 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 15420,23 manat məbləğində əsas borc, 2206,81 manat məbləğində faiz borcu, 770 manat məbləğində cərimə borcu, ümumilikdə 18397,04 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 148 manat dövlət rüsumunun 145,19 manatının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 2 manatı İddiaçı ASC-dən, 98 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15420,23 manat məbləğində əsas borc, 2206,81 manat məbləğində faiz borcu, 770 manat məbləğində cərimə borcu, ümumilikdə 18397 (on səkkiz min üç yüz doxsan yeddi) manat 04 (dörd) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 145 (yüz qırx beş) manat 19 (on doqquz) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 2 (iki) manatı İddiaçı ASC-dən, 98 (doxsan səkkiz) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar