Məhkəmə qərarları › İş №e-2-2(113)-879/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-879/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-879/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı BOKT MMC-nin cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcu kredit üzrə əsas borcun məbləği 19981,75 (on doqquz min doqquz yüz səksən bir manat yetmiş beş qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcunun məbləği 14425,59 (on dörd min dörd yüz iyirmi beş manat əlli doqquz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 668,07 (altı yüz altmış səkkiz manat yeddi qəpik) AZN,borc üzrə iddia tələbinin cəmi 35075,41 (otuz beş min yetmiş beş manat qırx bir qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdimedilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 196 (bir yüz doxsan altı) AZN məbləğdə dövlət rüsumunun,həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdeh – Abdullayev İslamNazimoğlundan tutularaq iddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14- 05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh – paylı mülkiyyət hüququ ilə cavabdeh - Abdullayev İslamNazimoğluna ½ hissə və Cavabdeh2½ hissə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzilə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Abdullayev İslam Nazimoğlundan tutularaq iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqi)lə cavabdeh - Abdullayev İslam Nazim oğlu arasında 11 mart 2019-cu il tarixli, 837 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Abdullayev İslam Nazim oğluna 36(otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % olmaqla, 43000 (qırx üç min) AZN məbləğdə kredit verilib. 11 mart 2019-cu il tarixli, 837 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC (ipoteka saxlayan) ilə cavabdeh – Abdullayev İslam Nazim oğlu və Cavabdeh2(ipoteka qoyanlar) arasında 11 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, paylı mülkiyyət hüququ ilə cavabdeh - Abdullayev İslamNazimoğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14- 05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınıb. 11 mart 2019-cu il tarixli, 837 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyirik ki, cavabdeh - Abdullayev İslam Nazim oğluuzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Abdullayev İslam Nazim oğlunun 11 mart 2019-cu il tarixli, 837 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 19981,75 (on doqquz min doqquz yüz səksən bir manat yetmiş beş qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcunun məbləği 14425,59 (on dörd min dörd yüz iyirmi beş manat əlli doqquz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 668,07 (altı yüz altmış səkkiz manat yeddi qəpik) AZN,borc üzrə iddia tələbinin cəmi 35075,41 (otuz beş min yetmiş beş manat qırx bir qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (əvvəlki adı "xxxx" BOKT MMC) ilə Abdullayev İslam Nazim oğlu arasında 11 mart 2019-cu il tarixli, 837 nömrəli Kredit Müqaviləsi bağlanmışdır.

8. Həmin müqavilənin:

9. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Borc verən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 26% olmaqla 43000 (qırx üç min ) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Borc verənə qaytarmağı öz öhdəsinə götürür.

10. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit islehlak məqsədi üçün götürülür.

11. 2.3-cü bəndinə əsasən Kredit müştərinin AZ80RBTA******************** № hesabına köçürmə yolu ilə verilir.

12. 2.4-cü bəndinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə № 1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir.

13. 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər.

14. Ödəniş cədvəlinə əsasən Abdullayev İslam Nazim oğlunun xx.xx.2019-cu il tarixli 837 saylı kredit müqaviləsi ilə cəmi ödəniləcək məbləğ 62369,88 manat, cəmin ödəniləcək faiz 19369,88 manat müəyyən edilmişdir.

15. İddiaçı ilə Abdullayev İslam Nazim oğlu arasında 29 mart 2021-ci il tarixli, 837/3 nömrəli Kredit Müqaviləsi bağlanmışdır.

16. Həmin müqavilənin:

17. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Borc verən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 26% olmaqla 43000 (qırx üç min ) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Borc verənə qaytarmağı öz öhdəsinə götürür.

18. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit islehlak məqsədi üçün götürülür.

19. 2.3-cü bəndinə əsasən Borclanan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə № 1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir.

20. 2.4-cü maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər.

21. Ödəniş cədvəlinə əsasən Abdullayev İslam Nazim oğlunun xx.xx.2021-ci il tarixli 837/3 saylı kredit müqaviləsi ilə cəmi ödəniləcək məbləğ 62369,88 manat, cəmin ödəniləcək faiz 19369,88 manat müəyyən edilmişdir.

22. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli 837 saylı kredit müqaviləsi üzrə Abullayev İslam Nazim oğlunun kredit üzrə əsas borc məbləği 19981,75 manat, faiz borcunun məbləği 14425,59 manat, kredit üzrə hesablanmış cərimə məbləği 668,07 manat, cəmi borc məbləği 35075,41 manat təşkil edir.

23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzili üzərində mülkiyyət hüquqları Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2 ½ hissə olmaqla adlarına qeydiyyata alınmışdır.

24. İddiaçı - "xxxx" MMC (əvvəlki adı "xxxx" BOKT MMC) (ipoteka saxlayan) ilə cavabdehlər – Abdullayev İslam Nazim oğlu və Cavabdeh2 (ipoteka qoyanlar) arasında 11 mart 2019-cu il tarixli ipoteka və 29 mart 2021-ci tarixli sonrakı ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, paylı mülkiyyət hüququ ilə cavabdeh - Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2 ½ hissə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.m olan 8 saylı mənzil 837 və 837/3 saylı kredit müqavilələrin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə - "xxxx" BOKT MMC ilə cavabdeh Abdullayev İslam Nazim oğlu arasında bağlanmış 11 mart 2019-cu il tarixli, 837 nömrəli və 29 mart 2021-ci il tarixli 837/3 saylı Kredit Müqavilələrin şərtləri, o cümlədən aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə və maliyy’ arayışında göstərilən xx.xx.2024-cü il tarixinə ayrı-ayrılıqda (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borclarının məbləğləri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

26. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə - Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.85 kv.molan 8 saylı mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/435 saylı ekspert rəyinə əsasən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 29 mart 2021-ci il tarixli, 837/3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Abdullayev İslam Nazim oğlunun iddiaçı "xxxx" BOKT MMC-nə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 19.632,80 manat, faiz borcu üzrə 5090,35 manat, xx.xx.2024-cü il (maliyyə arayışında göstərilən) tarixə: əsas borc üzrə 19.632,75 manat, faiz borcu üzrə 5090,35 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən sonra əsas borca illik 5% hesablanmaqla gecikdirilmiş faiz borcu – 542,63 manat, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 29 mart 2021-ci il tarixli, 837/3 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı təşkilat tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh Abdullayev İslam Nazim oğluna cərimə hesablanmadığı müəyyən edilmişdir.

28. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-208/2025 saylı mütəxəsis rəyinə əsasən Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.85 kv.molan 8 saylı mənzilin bazar qiyməti 168 000 manat, likvid qiyməti 150 000 manat müəyyən edilmişdir.

29. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

37. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği və əsas borca hesablanan faiz borcu ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli 837/3 saylı Kredit Müqaviləsinə əsasən hesablanmış 668,07 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 668,07 manat məbləğində müəyyən edilməlidir..

43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh Abdullayev İslam Nazim oğlundan kredit müqaviləsi üzrə 19,632,80 manat əsas borc, 5090,35 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 668,07 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdeh Abdullayev İslam Nazim oğlundan tutularaq iddiaçıya ödənilməlidir.

44. Bundan əlavə borc məbləği üzrə tutmanın Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.85 kv.molan 8 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı BOKT MMC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Abdullayev İslam Nazim oğlu və Cavabdeh2 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.

45. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Abdullayev İslam Nazim oğlu arasında bağlanmış 11 mart 2019-cu il tarixli və 29 mart 2021-ci il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2 ½ hissə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.m olan 8 saylı mənzil "xxxx" BOKT MMC -nin xeyrinə 11 mart 2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********14-05101-093003, qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.

46. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

47. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

48. “İpoteka haqqında” Qanunun:

49. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

50. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

51. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

52. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

53. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

54. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

55. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

56. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

57. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2 ½ hissə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.m olan 8 saylı mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT MMC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh Abdullayev İslam Nazim oğlundan tutulmalıdır.

58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

59. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

60. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-208/2025 saylı mütəxəsis rəyinə əsasən Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2na½ hissə məxsus: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.85 kv.molan 8 saylı mənzilin bazar qiyməti 168 000 manat, likvid qiyməti 150 000 manat müəyyən edilmişdir.

61. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.85 kv.molan 8 saylı mənzilin likvid qiyməti 150 000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

63. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 196 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu və ipotekaya tutma bildirşinin qeydiyyata alınması üçün 51 manat ödəniş edilmişdir.

64. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 167 manat və ipotekaya tutma bildirşinin qeydiyyata alınmasına görə 51 manat məbləğində pul vəsaiti cavabdeh Abdullayev İslam Nazim oğlundan iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə və məhkəmə əmlakın qiymətləndirilməsi ekpertizası üçün xərclənmiş 300 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə cavabdeh Abdullayev İslam Nazim oğlundan tutulmalıdır.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Abdullayev İslam Nazim oğlundan kredit müqaviləsi üzrə 19.632,80 manat əsas borc, 5090,35 manat faiz borcu, 668,07 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 167 manat və ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin əvəzi olaraq 51 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Tələb üzrə tutma cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14-05101-093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, Abdullayev İslam Nazim oğluna ½ hissə və Cavabdeh2½ hissə) məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 66.85 kv.molan 8 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT MMC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Abdullayev İslam Nazim oğluna və Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müvafiq olaraq cavabdeh Abdullayev İslam Nazim oğlundan tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdeh Abdullayev İslam Nazim oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdeh Abdullayev İslam Nazim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar