Məhkəmə qərarları › İş №e-2-2(113)-88/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-88/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-88/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC xeyrinə 25 oktyabr 2016-cı il tarixli 15/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 89801.88 manat, faiz borcundan 16272.72 manat, cərimə borcundan 10826.76, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 AZN dövlət rüsumunun, 400 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 117342.36 manat məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə 29 noyabr 2016-cı il tarixli 2 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə (0.34 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi (0.34 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2 və onların ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) bank olmayan kredit təkilatı İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli 15/16 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % (yeddi faiz) ödənilməsi şərtilə, 100.000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı bank olmayan kredit təkilatı İddiaçı MMC ilə Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (0.34 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli 2 №-li ipoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetinə 29 noyabr 2016-cı il tarixli 1 №-li ipoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 1.2-ci və 8-ci bəndinə əsasən Cavabdeh1 krediti və ona hesablanmış faizləri vaxtında qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizləri ödəməmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kreditor qarşısında əsas borcundan 89801.88 (səksən doqquzmin səkkiz yüz bir manat 88 qəpik) manat, faiz borcundan 16272.72 (on altı min iki yüz yetmiş iki manat 72 qəpik) manat, cərimə borcundan 10826.76 (on min səkkiz yüz iyirmi altı manat 76 qəpik) manat olmaqla ümumilikdə 116901.36 (bir yüz on altı min doqquz yüz bir manat 36 qəpik) manat məbləğində borcu var. İddiaçı tərəfindən Cavabdeh3 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş verilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən Ərizənin surətində qəbul edilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, bundan əlavə qeyd etmişdir ki, iddia tələbində qeyd edilən borc hesablanarkən kassa mədaxil orderləri nəzərə alınmışdır. Həmin kassa mədaxil orderlərində Cavabdeh1 ödəyən şəxs kimi göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “Acessbank” bankdan olan çıxarışlarda isə Vasif Əsgərli adlı şəxs tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə ödəmələrin olduğu məlum olur. Həmin ödəmələr İddiaçı BOKT-un Kənd Təsərrüfatı Nazirliyi qarşısında olan ödəmələri ilə bağlı olmuşdur ki, Kənd Təsərrüfatı Nazirliyi həmin ödəmələrlə bağlı olaraq hazırki iş üzrə iddiaçını məhkəməyə vermişdir. Həmin iş üzrə də məhkəmə qətnaməsi qəbul edilmiş, apellyasiya instansiyasında baxılmış məhkəmə qətnaməsi qüvvədə saxlanılmış, kasassiya şikayəti verilsə də işə hələ baxılmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı tərəfin qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, qarşı tərəf təqdim edilmiş ödəmələri elə izah etməyə çalışır ki, guya həmin ödəmələr İddiaçı BOKT-un Kənd Təsərrüfatı Nazirliyi qarşısında olan öhdəlikləri ilə bağlı ödənilmişdir. Bununla belə təqdim edilmiş ödəniş tapşırıqlarından məlum olur ki, Vasif Əsgərli həmin ödəmələri İddiaçı BOKT-un hesabından yox, özünün şəxsi bank hesabından və özünün şəxsi vəsaiti hesabına ödəmişdir. Həmin şəxs isə əvəllər İddiaçı BOKT-un direktoru vəzifəsində işləmiş, eyni zamanda cavabdeh şəxsin qohumudur. Məhkəməyə də təqdim edilmiş məlumatda həmin şəxs ödəmələri Cavabdeh1nun borcu ilə bağlı ödədiyini qeyd etmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-ya bununla bağlı müraciət edildi, müraciətə cavabda isə həmin ödəmələrin İddiaçıa verildiyi bildirilmişdir. Hazırda isə iddiaçı özü izahat verməlidir ki, həmin ödəmələr hansı təyinat üzrə aparılmışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı Bank Olmayan Kredit Təkilatı (kreditor) Cavabdeh1 (borc alan) olmaqla aralarında imzalanmış 25 oktyabr 2016-cı il tarixli 15/16 №-li kredit müqaviləsinə əsasən borc verən borc alana heyvandarlığın inkişafı məqsədilə illik 7% -lə 100.000 manat məbləğində 60 ay müddətinə kredit verməyi öhdəsinə götürür. "xxxx" MMC-yə məxsus 25 oktyabr 2016-cı il tarixli 114 saylı kassa məxaric orderinə əsasən bir yüz min manat Cavabdeh1 verilmişdir. 25 oktyabr 2016-cı il tarixli 15/16 №-li kredit müqaviləsi üzrə ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixi sonuncu ödəniş tarixi olmaqla tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh1 məxsus ödənişlər üzrə çıxarışdan məlum olur ki, sonuncu dəfə xx.xx.2019-cu il tarixində 2.200 manat ödəniş olmuş, 2.199 manat əsas borc, 1 manat faiz borcundan silinmişdir. “ipoteka saxlayan” İddiaçı bank olmayan kredit təşkilatı MMC, “ipotekaqoyan” Cavabdeh3, “borcalan” Cavabdeh1 olmaqla imzalanmış xx.xx.2016-cİ il tarixli 2 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi (0.34 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. 4.1-ci bəndində qeyd edilmişdir ki, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil ediməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutumanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. Cavabdeh2 tərəfindən notariat kontoruna yazılmış xx.xx.2016-cı il tarixli ərizədə qeyd etmişdir ki, əri Cavabdeh3 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 0.34 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razılıq verir və yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi öhdəsinə götürür. MA seriyalı ******* nömrəli Əmlak Məsələləri Dövlət Komitəs yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Mehdili kəndi ərazisində yerləşən fəri yaşayış evi və 0.34 ha torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İddiaçı BOKT tərəfindən ƏMDX yanında DƏDRX 7 saylı Ərazi İdarəsinə göndərilmiş 16 avqust 2021-ci il tarixli GF-0006/08 saylı ərizədə 29 noyabr 2016-cı il tarixli 2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 0001/08 saylı bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. xx.xx.2021 tarixli 40109 nömrəli ödəniş qəbzinə əsasən 10 manat dövlət rüsumu, 40110 nömrəli xx.xx.2021 tarixli ödəniş qəbzinə əsasən 30 manat xidmət haqqı ƏMDK yanında DƏDRX Bərdə şöbəsinə ödənilmişdir. İddiaçı BOKT tərəfindən ipoteka qoyan Cavabdeh3 göndərilmiş xx.xx.2021 tarixli GF-0001/08 saylı ipoteka predmetinə tumanın yönəldilməsi barədə bildirişdə 89.801,88 manat əsas borc, 16.272,72 manat faiz borcu, 10.826,76 manat cərimə borcunun 30 gün müddətindən gec olmayaraq ödənilməsi tələb edilmiş, əks halda BOKT ipoteka predmetinə tutma yönədilməsi yolu ilə kredit üzrə borcun ödənilməsi üçün məhkəməyə müaciət olunacağı və ipoteka qoyulmuş əmlakın açıq hərracda satılması hüququndan istifadə olunacağı barədə xəbərdarlıq edilmişdir. RX seriyalı ******* nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Mehdili kəndi ərazisində yerləşən fərdi yaşayış evi 0.34 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2016-cı ildən etibarən 60 ay müddətinə İddiaçı BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı BOKT MMC-nin möhürü ilə təsdiq edilmiş müxtəlif tarixlərdə olan kassa mədaxil orderlərinə əsasən xx.xx.2018 tarixində 4.500 manat, xx.xx.2019 tarixində 2.778 manat, xx.xx.2018 tarixində 2.200 manat, xx.xx.2019 tarixində 2.778 manat, xx.xx.2018 tarixində 834 manat kredit ödənişi, 2017 dekabr ayında 1.750 (kreditlərdən faiz məbləği), 2017 iyun ayında 1.750 manat kreditlərdən faiz məbləği, 2017 sentyabr ayında 1.750 manat kreditlərdən faiz məbləği, 2017 mart ayında 1.750 manat kreditlərdən faiz məbləği, 2016 noyabr ayında 4.086 manat (kreditlərdən faiz məbləği-486 manat, əsas məbləğ 3.600 manat), 2018 mart ayında 1.750 manat kreditlərdən faiz məbləği, 2017 may ayında 4.032 manat (3600 manat kreditdən əsas borc, 432 manat kreditlərdən faiz məbləği) Cavabdeh1 tərəfindən ödəniş olmuşdur. İş üzrə əmlakın qiymətləndirilməsi həyata keçirilmiş "xxxx" MMC tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 23/222 saylı qiymətləndirmə rəyində Cavabdeh3 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən ümumi sahəsi 153 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 0.34 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 80.000 manat, likvid dəyəri 72.000 manat təşkil edir. xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli 15/16 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 qızma illik 7 faiz olmaqla 24 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit ayrılmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixə kimi əsas kredit borcundan 10198.12 manat, faiz borcundan 16671.88 manat olmaqla cəmi 26870 manat ödəmişdir. Son ödənişi xx.xx.2019-ci il tarixdə etmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixədək heç bir ödəniş etməmişdir. xx.xx.2016-cı il tarixli 15/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə 89801.88 manat əsas borcu, 16272.72 manat faiz borcu, 10826.76 manat cərimə borcu olmaqla cəmi 116901.36 manat borcu qalmışdır. Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə yazılmış ərizədə qeyd edilmişdir ki, 15 oktyabr 2016-Cİ il tarixdə İddiaçı bank olmayan kredit təşkilatına kredit üçün müraciət edib, 2-ədəd daşınmaz əmlak girov qoyaraq 100.000,00 (bir yüz min) manat məbləğində kredit götürmüşdür. Həmin vəsait isə Aqrar Kredit və inkişaf Agentliyinin vəsaiti idi. Həmin vaxtlar həmin təşkilat yəni İddiaçı BOKT MMC Bərdə şəhərində (şəhərdə kuruq deyilən) şəhərin mərkəzində yerləşirdi. Vaxtlı-vaxtında yaxınlaşıb ödənişlərini etmişdir. 2018-ci ilin avqust ayında ödəniş etmək üçün həmin ünvana getmiş, həmin yerin bağlı olduğunu görmüşdür. Maraqlanmış və bildirilmişdir ki, həmin təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir. Dərhal həmin təşkilatın əməkdaşları ilə əlaqə saxlamış ona bildirmişdir ki, təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir və ödənişləri ya Bakı şəhərinə yaxınlaşıb ödəçəli və ya bir qohumunun adına istənilən bankda cari hesab açıb və həmin hesab vaistəsi ilə Aqrar Kredit və inkişaf Agentliyinə ödəyib ödənişlə bağlı məlumat verə bilər, dərhal borcdan silinəcəkdir. Əvvəllər ödənişləri Bakı şəhərinə göndərsə də sonralar qohumu Vasif Əsgərovla ilə əlaqə saxlamış vəziyəti ona məlum etmiş, o da bildirmişdir ki, “AccessBankın” Bərdə filialında hesabı var köçürmələri oradan etsinlər. Ondan sonra Vasif ilə mütəmadi olaraq ödənişləri Vasifin hesabından Aqrar Kredit və İnkişaf Agentliyinə ödəyib, İddiaçı BOKT-a ödənişlə bağlı məlumat vermişdir. Həm “Accessbank”dan həm də Bakıdan ödənişlər etmişdir. Aşağıdakı ödəniş məbləğlərini Access Bankı ilə ödənmişdir. xx.xx.2018-ci il tarixdə 1389,00 manat xx.xx.2018-ci il tarixdə 2628,00 manat, xx.xx.2018-ci il tarixdə 1667,00 manat, xx.xx.2018ci il tarixdə 2161,22 manat, xx.xx.2019-cu il tarixdə 2777,78 manat, xx.xx.2019-cu il tarixdə 2100,00 manat, Accessbankla 12723,00 (on iki min yeddi yüz iyirmi üç) manat 00 qəpik, İddiaçı BOKT-a isə 20 870,00 (iyirmi min səkkiz yüz yetmiş) manat 00 qəpik. Cəmi əsas borcdan 33 593,00 (Otuz üç min beş yüz doxsan üç) manat 00 qəpik ödəniş etsə də ödənişdən çox az hissəsi silinmişdir. Əlavə olaraq, hesabından ödəniş etdiyi şəxs X6 yuxarıda göstərilən ödənişlərin Cavabdeh1 aid ödənişlər olduğunu təsdiqləyir və lazım olduğu zaman məhkəməyə gəlməyə hazır olduğunu bildirir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 1.389 manat, xx.xx.2018 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 2.628 manat, xx.xx.2018 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 1.667 manat, xx.xx.2018 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 4.939 manat, xx.xx.2019 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 7.800 manat, xx.xx.2019 tarixli ******* nöməli ödəniş tapşırığının surətinə əsasən 2.100 manat X2 məxsus bank hesabından Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin bank hesabına köçürülmüşdür. Ödənişlərin təyinatı olaraq “GOLD Finance BOKT kredit üzrə ödəniş” və ya “GOLD Finance BOKT kredit və faiz ödənişi” qeyd edilmişdir. “AccessBank Bərdə filialı”na məxsus mədaxil orderinin surətlərindən məlum olur ki, xx.xx.2018 tarixində 1.300 manat, xx.xx.2018 tarixində 691 manat, xx.xx.2018 tarixində 600 manat, xx.xx.2018 tarixində 2.630 manat, xx.xx.2018 tarixində 2.460 manat, xx.xx.2018 tarixində 4.630 manat, xx.xx.2018 tarixində 775 manat, xx.xx.2019 tarixində 7.804 manat, xx.xx.2019 tarixində 2.100 manat X5 tərəfindən mədaxil olmuşdur. X1 müraciətinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 17 yanvar 2023 tarixli MİHO/1.2.2-7-2-2022- 1154-22 nömrəli məktubda qeyd edilmişdir ki, agentliyin vəsaitindən istifadə üzrə müvəkkil kredit təşkilatı olan İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin qeyd edilən məsələ ilə bağlı müraciətləri agentlik tərəfindən aidiyyəti üzrə cavablandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-22/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazırliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazırliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 28 iyun 2016-cı il və 10 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr ləğv edilmiş, cavabdeh İddiaçı BOKT məhdud məsuliyyətli cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 37413,87 (otuz yeddi min dörd yüz on üç manat səksən yeddi qəpik) manat, faiz borca görə 879,21 (səkkiz yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat, cərimə borca görə 1000 (min) manat, cəmi 39293,08 (otuz doqquz min iki yüz doxsan üç manat səkkiz qəpik) manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 182718,13 (yüz səksən iki min yeddi yüz on səkkiz manat on üç qəpik) manat, faiz borcuna görə 5704,86 (beş min yeddi yüz dörd manat səksən altı qəpik) manat, cərimə borcuna görə 5000 (beş min) manat olmaqla, cəmi 193422,99 (yüz doxsan üç min dörd yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş 10 noyabr 2022-ci il tarixli 9/6665 nömrəli və 10 aprel 2023 tarixli 9/856 nömrəli məktublarla bildirilmişdir ki, İddiaçı BOKT MMC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə hesabdan çıxarış təqdim edilmədiyindən ekspertiza aparılması mümkün olmamışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, BOKT İddiaçı MMC və Cavabdeh1 arasında heyvandarlığın inkişafı məqsədilə kredit müqaviləsi imzalanmış, həmin müqavilə əsasında 100.000 manat məbləğində kredit cavabdehə ayrılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş, cavabdeh müqavilə öhdəliklərini pozaraq, ödəmələrini tam olaraq həyata keçirməmişdir. Cavabdeh1 adı qeyd edilən kassa mədaxil orderləri üzrə kredit ödəmələrinin həyata keçirilməsi işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh1 tərəfindən təqdim edilmiş Əsgərli Vasif adlı şəxsin özünün şəxsi hesabından Aqrar Kredit və İnkişaf Agentiliyinin hesabına ödənilmiş ödəmələrin əsas borc və faiz borcu hesablanarkən nəzərə alınmalı olduğunu bildirmişdir. İddiaçı bu ödəmələrinin Cavabdeh1 aid olmadığını, borc məbləği hesablanarkən ödəmə kimi qəbul edilmədiyini bildirmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.3-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili də borcun özünü mübahisələndirməmiş, kredit müqaviləsi üzrə təlb olunan məbləği mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzləri kredit müqaviləsi üzrə ödəmə kimi qəbul edilə bilməz. Belə ki, cavabdehin nümayəndəsi və vəkilinin də qeyd etdiyi kimi ödəniş qəbzlərindən məlum olur ki, şəxs ödəmələri özünün şəxsi bank hesabından aparmışdır. Bundan başqa isə ödənişlərin aparılma təyinatında köçürmənin hazırki müqavilə üzrə olması öz təsdiqini tapmır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili qeyd edilən ödəniş qəbzlərinin hazrki kredit müqaviləsi üzrə mübahisələndirsə də cavabdeh tərəfindən bununla bağlı əksi sübut edəcək hərhansı hal mövcud deyil. Cavabdeh tərəf ödəmələri həyata keçirən şəxsin məhkəmə iclasında bu halları təsdiq edəcəyini bildirsə də həmin şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə məhkəməyə hər-hansı vəsatət verməmişdir. Digər tərəfdən iddiaçı tərəf həmin ödəmələrin hazırki kredit müqaviləsi üzrə aparılmadığını bildirmiş, hesabdan çıxarışı olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı həmin ödənişlərin hazırki müqavilə üzrə aparılması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə olan etirazı əsaslı deyildir. Qeyd edilənlərdən başqa hazırda tərəflər arasında mübahisələndirilən İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış 25 oktyabr 2016-cı il tarixli 15/16 nömrəli kedit müqaviləsinin 4.2 bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesablanır. 4.3 bəndə əsasən borc alan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə kredit müqaviləsindəki Forma 1-ə əsasən aparılır (müvafiq cədvəl əlavə olunur). Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müvqavilə ilə borcun qaytarılması forması razılaşdırıldığından iddiaçının iddia tələbi təmin edilməli, 89801.88 manat (səksən doqquz min səkkiz yüz bir manat səksən səkkiz qəpik) manat əasas borc, 16.272,72 (on altı min iki yüz yetmiş iki manat yetmiş iki qəpik) manat faiz borcu Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə cərimənin tutulmasına münasibətdə qeyd edir ki, kredit müqaviləsinin 6.2 bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 50%-ə hesablanan cərimə faizləri ödəməlidir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri gecikdirməsi iş materialları ilə öz təsdiqini tapır. Bununla belə məhkəmə, hesablanmış cərimə məbləğinin əsas borca nisbətdə tənasübsüz dərəcədə yüksək olmasını nəzərə alaraq hesab edir ki, 4.490 manat (dörd min dörd yüz doxsan) manat cərimə məbləği də cavabdeh X3 tutulmaldır. Bundan başqa iddiaçı iddia tələbində tutumanın ipoteka predmeti olan əmlaka yönəldilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə (0.34 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ hüquqları yüklü edilmiş şəxsə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, əmlakın ilkin satış qiymətləri iş üzrə keçirilmiş əmlakın qiymətləndirməsinə uyğun olaraq, Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (0.34 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 72.000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin X4 tutulması hissəsinə münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan və tutulacaq məbləğ qətnamədə konkret göstərildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd edilənlərdən əlavə iddiaçı Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (0.34 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2 və onların ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmasını da tələb etmişdir. Yuxarıda qeyd edilən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin qeydiyyatdan çıxarılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyan-Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin mənzili biri ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. “İpoteka haqqında” Qanuna və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət hüququnun itirilməsi üçün ipoteka predmetinin satılması zəruridir. Mülki Məcəllənin 205.2-ci maddəsinə uyğun olaraq tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. İddianın ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzildən məcburi çıxarılma ipoteka predmetinin yeni mülkiyyətçisinin kim olacağı məlum olmadan iddia tələbinin təmin edilməsi digər şəxslərin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi mənzildən məcburi qaydada çıxarılma hissəsində rədd edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu, 400 manat mediasiya prosesi üçün ödənilmiş rüsum cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. İş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" məhdud məsuliyətli cəmiyyətinə ödənilməli olan 300 manat Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. "xxxx" məhdud məsuliyətli cəmiyyətinin bank rekvizitləri aşağıdakılardır: VÖEN **********, ABB Nərimanov filialı kod 805540, VÖEN **********. M/H: AZE03NABZ********************, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ********************. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC xeyrinə 25 oktyabr 2016-cı il tarixli 15/16 №-li kredit müqaviləsi üzrə 89.801,88 (səksən doqquz min səkkiz yüz bir manat səksən səkkiz qəpik) manat əsas borc, 16.272,72 (on altı min iki yüz yetmiş iki manat yetmiş iki qəpik) manat faiz borcu, 4.490 (dörd min dörd yüz doxsan) manat cərimə məbləği tutulsun. Cavabdeh1 və Cavabdeh3 ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu, 400 (dörd yüz) manat mediasiya prosesi üçün ödənilmiş rüsumu İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Tutma 29 noyabr 2016-cı il tarixli 2 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə (0.34 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin. Satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılsın. Bərdə rayonu, Mehdili kəndində 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153 kv.m, yaşayış sahəsi 110.9 kv.m, yardımçı sahəsi 42.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (0.34 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 72.000 (yetmiş ik min manat) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 300 manat qiymətləndirmə xərci tutularaq "xxxx" məhdud məsuliyətli cəmiyyətinə (bank rekvizitləri: VÖEN **********, ABB Nərimanov filialı kod 805540, VÖEN **********. M/H: AZE03NABZ********************, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ********************) ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar