Məhkəmə qərarları › İş №e-2-2(113)-88/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-88/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-88/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194- KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10 248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133 886.73 manat olmaqla, ümumilikdə 142164.04 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 142164.04 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30 faizdən çox olmamaq şərti ilə, 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit xətti ayrılmışdır. 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi: 1. Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli 4012-İZG/2 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 aktiv kredit öhdəliyinin bağlanılması məqsədi ilə illik 15 faiz dərəcəsi ilə 6 ay müddətinə 14000 manat məbləğində kredit verilmiş, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas vəsaitlərin artırılması məqsədi ilə illik 15 faiz dərəcəsi ilə, 36 ay müddətinə 121 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə əsasən vəsaitdən istifadə etmiş, hər iki kredit müqaviləsi üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər müqavilə üzrə tərtib edilən ödəniş cədvəllərinə müvafiq həyata keçirilməlidir. Cavabdehlər kredit müqavilələri üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194- KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133886.73 manat borcu qalmışdır. Ümumilikdə, Cavabdeh2 hər iki kredit müqaviləsi Banka ödənilməmişborcu 142164.04 manat borcu qalmışdır. Cavabdehlərə xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan əlavə, 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinədair təminat qismində olan əmlaka – əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəfimizdən göndərilmiş, həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 52.48 manat dövlət rüsumu tərəfimizdən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İlkin mediasiya sessiyası üçün tərəfimizdən 410 manat dövlət rüsumu ödənilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti 142 164.04 manat olduğundan, tərəfimizdən ilkin mediasiya sessiyası üçün tərəfimizdən 410 manat dövlət rüsumu ödəniş edildiyini nəzərə alaraq, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu 30.85 manat təşkil edir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 01,12.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əiavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı Ə|avə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 8219.09 manat əsas borc, 437.21 manat faiz borcu olmaqla, cəmi 8656.30 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu 121000 manat əsas borc, 26987.23 manat faiz borcu, 7695.25 manat cərimə borcu olmaqla, cəmi 155 682.48 manat olmaqla, ümumilikdə 164338.78 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun tutulması, Tələbin Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-cİ il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, Həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh2 xx.xx.2022~ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq 01,12.2022ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 164 338.78 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi; Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə münasibətdə bildirmişdir ki, hazırda maddi cəhətdən vəziyyəti yaxşı deyildir. O, krediti götürdüyü dövrdə işləri qaydasında olduğu üçün ödənişlər vaxtı-vaxtında etmişdir. Daha sonra Türkiyədə təbii fəlakətlərin baş verməsi, Rusiyada müharibənin başlanması səbəbindən fabrik-zavodların fəaliyyət dayanmış və nəticədə kredit üzrə ödənişləri ödəyə bilməmişdir. Hazırda işləri qismən düzəlmişdir. Kredit məbləği üzrə əsas və faiz borc məbləği dəqiqləşdirildikdən sonra yeni ödəniş qrafikinin açılması məqsədilə banka müraciət edəcəkdir. Əsas və faiz borcu ödəməkdən yayınmır, tələbdə qeyd olunan cərimə məbləğinin isə azaldılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012- ƏKM №-li əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 60 (altmış) ay müddətində (xx.xx.2017-ci il tarixədək) 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bi kredi limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyantı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir. Müqavilənin 5.4.11-ci bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bu müqavilə rəsmiləşdirildikdən sonra 15 bank günü ərzində Cavabdeh3 məxsus **********405101-093037 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən əmlakın borc verənin xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini, bununla əlaqədar borc verənlə Cavabdeh2 arasında ipoteka müqaviləsinin bağlanmasını təmin etmək; borc alan qeyd olunan öhdəliyini icra etmədikdə, borc verən birtərfli qaydada əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini 3 %-dək artırmaq hüququna malikdir. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində: 4012-İZG/1 saylı ipoteka müqaviləsi üzrə ipoteka olan əmlak; xx.xx.2022-ci il tarixli 4012-İZG/2 saylı zaminlik müqaviləsi çıxış edir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 121000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.8-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6 (altı) ay müddətində (xx.xx.2023-cü il tarixədək) 14000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.7-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 4012-İZG/2 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin 1.2-ci bənddə qeyd olunmuş Əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndinə göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən zamin borc alanın əsas və ya əlavə kredit müqavilələri üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq öhdəliyi daşıyır. "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh3 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 4012-İZG/1 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir. İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59,0 kv.m ümumi, 45,9 kv.m yaşayış, 13,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 48 nömrəli mənzil. Müqavilənin 1.7-ci bəndinə əsasən FM Consultin MMC qiymətləndirmə şirkətinin ******* saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 105000 (bir yüz beş min) manat, likvid dəyəri isə 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 59 kv.metr olan mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 8219,09 manat, ödənilməmiş faiz borcu 58,22 manat, ödənilməmiş cərimə faizi 0 manat olmaqla, ümumilikdə 8277,31 manat təşkil edir. xx.xx.2023-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 121000 manat, ödənilməmiş faiz borcu 10248,93 manat, ödənilməmiş cərimə faizi 2637,8 manat olmaqla, ümumilikdə 133886,73 manat təşkil edir. 06 noyabr 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 8219,09 manat, ödənilməmiş faiz borcu 437,21 manat, ödənilməmiş cərimə faizi 0 manat olmaqla, ümumilikdə 8656,3 manat təşkil edir. 06 noyabr 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 121000 manat, ödənilməmiş faiz borcu 26987,23 manat, ödənilməmiş cərimə faizi 7695,25 manat olmaqla, ümumilikdə 155692,48 manat təşkil edir. 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 121000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 16 yanvar 2023-cü il tarixdən 16 dekabr 2025-ci il tarixinə qədər hər ayın 16-ı olmaqla 4390,35 manat, sonuncu ay 4390,28 manat ödəməlidir. 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 14000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 6 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 01 yanvar 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixinə qədər hər ayın 1-i olmaqla 2436,47 manat, sonuncu ay 2436,49 manat ödəməlidir. 29 noyabr 2023-cü il tarixli MŞB/18-01581 nömrəli mediasiya arayışından məlum olur ki, tərəflər mediasiya prosesində iştirak etmişlər, iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. İddaçının cavabdehlərə göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə əsasən 8219,09 manat əsas borc, 58,22 manat faiz borcu, cəmi 8277,31 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat faiz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886,73 manat olmaqla, ümumilikdə 142164,04 manat məbləğin tam şəkildə 3 gün ərzində ödənilməsini tələb etmiş əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/5821 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4012-KQ saylı Əlavə Kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu sualda göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc 7431,48 manat, faiz borcu 0 manat və ekspert rəyi verilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 7431,48 manat olması müəyyən edilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/8003 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 17908,34 manat və ekspert rəyi verilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 25141,11 manat olması müəyyən edilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 9/9750 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 121000 manat, faiz borcu 26770,83 manat olması müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/16xx-xx/1634 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC 30,85 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.” Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012-ƏKM №-li əsas kredit müqaviləsi üzrə 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətində (xx.xx.2025-ci il tarixədək) illik 15% ilə 121000 manat məbləğində, 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsinə əsasən isə 6 ay müddətində (xx.xx.2023-cü il tarixədək) illik 15% ilə 14000 manat məbləğindəkredit verilmişdir. Öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4012-İZG/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59,0 kv.m ümumi, 45,9 kv.m yaşayış, 13,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 48 nömrəli mənzil Bankda ipoteka ilə yüklü edilmişdir. Həmçinin bankla Cavabdeh1 arasında bağlanmış 4012-İZG/2 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqavilələrindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdeh də kredit müqavilələri üzrə üzrlü səbəblərdən ödənişləri gecikdirdiyini, vaxtında öhdəliyini icra etmədiyini qəbul etmişdir. Nəticədə iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və zaminlik müqavilərləri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Lakin bununla belə məhkəmə iddiaçının iddia ərizəsini verdikdən sonra iddia tələbinin həcminin faiz borcları hissəsində artırılmasına münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərək 16 dekabr 2022-ci il tarixli, 4194- KQ №-li əlavə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcların tam ödənilməsini, yəni müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş, bununla da müqavilədən birtərəfli qaydada imtina edərək öz iradə ifadəsini göstərmişdir. Belə olan halda isə xx.xx.2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə ləğv edildikdən sonra faiz hesablana bilməz, iddiaçı yalnız müqavilədən imtina etdiyi müddətədək, yəni xx.xx.2023cü il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını əsas götürüb faiz borcunun müqavilənin ləğvinə qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə faiz borcu iddiaçının həmin müqavilədən birtərəfli qaydada imtina etdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 10248,93 manat məbləğində, əsas borc isə 121000 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin məhkəmə iddiaçının 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd edir ki, həmin müqavilə üzrə iddiaçı ilkin olaraq 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 8219.09 manat əsas, 437.21 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Halbuki həmin kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bir daha, yuxarıda qeyd edilmiş əsaslara, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, faiz borcu müqavilə müddətinin sonuna qədər hesablanmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizası ilə rəyin verildiyi tarixə əsas borcun 7431,48 manat olduğu, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin müqavilə üzrə ekspert rəyinə uyğun olaraq cəmi 7431,48 manat əsas borc tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehlərin 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə tutulması ilkin iddia ilə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilə üzrə 2637,8 manat məbləğində cərimə məbləği tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/16xxxx/1634 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin ilkin satış qiyməti 113000 manat məbləğində müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin borcu ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etdiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin 200 manatının, iddia ərizəsi üçün ödənilmiş 30,85 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeyda alınması üçün ödənilmiş 52.48 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki və mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat xərcin 100 manatı iddiaçıdan, 250 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən 7431 (yeddi min dörd yüz otuz bir) manat 48 (qırx səkkiz) qəpik əsas borc, xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat faiz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886 (yüz otuz üç min səkkiz yüz səksən altı) manat 73 (yetmiş üç) qəpik borc tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 52 (əlli iki) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin 200 (iki yüz) manatının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 85 (səksən beş) qəpik dövlət rüsumunun əvəzi tutulsun. Tələb, xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 113000 (bir yüz on üç min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və onun satışından əldə olunmuş vəsait cavabdehlərin borcunun ödənilməsinə yönəldilsin. Hərrac satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 250 (iki yüz əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 100 (yüz) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar