Məhkəmə qərarları › İş №e-2-2(113)-8814/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8814/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8814/2024 29.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 021R********** saylı krеdit razılaşması üzrə 557,51 manat məbləğində krеdit bоrcu, 24,78 manat məbləğində faiz bоrcu və 8,92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 591 (beş yüz doxsan bir) manat 21 (iyirmi bir) qəpik məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 021L**********82 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 29442,49 manat ödəmiş, onun 557,51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 81 gün üçün hesablanmış faiz borcu 24,78 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 81 gün üçün hеsablanmış cərimə 8,92 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 021L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsindən məlum olur ki, Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 28% (iyirmi səkkiz) olan ******* (iki milyon) manat məbləğində kredit xətti açılmışdır.

6. İddiaçı QSC ilə kredit alan – Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh5 aylıq faiz dərəcəsi 1,6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir.

7. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********703 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 021S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh5nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh5nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı tərəfindən iddia ərizəsinə ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

12. İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh5nın xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 557,51 manat, faiz borcu 24,78 manat, cərimə borcu 8,92 manat olmaqla, ümumilikdə 591,21 manat təşkil edir.

13. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

14. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Lakin "xxxx" MMC-nin İddiaçı QSC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun məzumunundan görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixində İddiaçı QSC tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə 137314 nömrəli qaimə ünvan 2 ünvanına Cavabdeh2 adına məktub göndərilmişdir. Kuryer göstərilən əraziyə getmiş, lakin qeyd olunan ünvanda imtina olunduğuna görə məktub İddiaçı QSC-yə geri göndərilmişdir.

15. İddiaçı QSC-nin Cavabdeh4 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Lakin "xxxx" MMC-nin İddiaçı QSC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun məzumunundan görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixində İddiaçı QSC tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə 137314 nömrəli qaimə ünvan 2 ünvanına Cavabdeh4 adına məktub göndərilmişdir. Kuryer göstərilən əraziyə getmiş, lakin qeyd olunan ərazidə şəxsi tanıyan olmadığına görə məktub İddiaçı QSC-yə geri göndərilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan – Cavabdeh5arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh5 aylıq faiz dərəcəsi 1,6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********703 nömrəli zaminlik müqaviləsinə, Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 021S**********01 nömrəli zaminlik müqaviləsinə, Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********02 nömrəli zaminlik müqaviləsinə və Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 021S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh5nın məsuliyyətini öz üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdehlər müqavilə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.

19. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada qaydada 557,51 manat məbləğində krеdit bоrcu, 24,78 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam təmin olunmalı, hesablanmış faizlərin tutulması hissəsində isə təmin olunmamalıdır. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, İddiaçı QSC tərəfindən tərəflərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə olan faiz borcu 0 manat, xx.xx.2024-cü il tarixə olan faiz borcu isə 24,78 manat təşkil edir. Kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi sadəcə müqavilənin qüvvədə olduğu müddətdə mümkündür. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixə olan faiz borcu olmadığına görə (müqavilə müddəti ondan əvvəl bitmişdi) sonrakı tarixlərə hesablanmış fazi borcu cavabdehlərdən tələb edilə bilməz.

21. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 8,92 manat cərimə borcunun tutulması təşkil edir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 8,92 manat (səkkiz manat doxsan iki qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

24. Eləcə də, iddiaçı 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 28,74 manat (iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 557,51 manat (beş yüz əlli yeddi manat əlli bir qəpik) əsas borc, 8,92 manat (səkkiz manat doxsan iki qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,74 manat (iyirmi səkkiz manat yetmiş dörd qəpik) olmaqla, cəmi 595,17 manat (beş yüz doxsan beş manat on yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar