Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-889/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə əssasız olaraq köçürülmüş 1.850.00 manat məbləğin, eləcə də ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 60 manat xərcin, ümumilikdə 1910 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünü Cavabdeh MMC-nin əməkdaşı kimi təqdim edən Şahin adlı şəxs (+99450) ******* mobil nömrəsindən iddiaçının mühasibatlıq işləri üzrə məsul əməkdaşı Leyla Piriyevaya zəng edərək, qaimə göndərildiyini bildirmiş və ödənişin həyata keçirilməsini xahiş etmişdir. Göndərilmiş EBDP 959601 №-li qaiməyə əsas olan xidmət kimi “www.karchershop.az saytına bir illik yerləşməsi - 268 saylı müqavilə (xx.xx.2024-cü ilədək qüvvədədir)” göstərilmişdir. Daha öncə də, oxşar adda "xxxx" MMC şirkətinə (hər iki şirkətdə qanun təmsilçi Qanuni nümayəndə2 adlı şəxs olmuşdur) bir neçə dəfə oxşar xidmətlərlə bağlı ödəniş həyata keçirildiyi üçün xx.xx.2023-cü il tarixli EBDP 959601 saylı qaimə ilə bağlı banka BD1№-li ödəniş tapşırığı göndərilmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Mərkəz filialında olan iddiaçıya məxsus AZ95AİİB400600C**********102 saylı hesabdan həmin bankın Sahil filialında olan Cavabdeh MMC-yə məxsus AZ04AİİB400300F**********208 saylı hesaba EBDP 959601 №-li qaimə üzrə 1.850.00 manat məbləğində vəsait köçürülmüşdür. Əməkdaşlarına zəng edən şəxs iddiaçının rəhbər şəxsləri – direktor Ruslan İvanov və maliyyə və idarəetmə üzrə menecer Mirkamil Abbasovun ödənişi təsdiq etdiyini bildirsə belə, ödəniş icra edildikdən sonra araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş EBDP 959601 №-li qaimə və həmin qaimə əsasında həyata keçirilmiş ödəniş əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə göstərilmiş hər hansı xidmət və ya görülmüş iş mövcud deyildir, həmçinin, mal təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli EBDP 959601 №-li qaiməyə əsas kimi göstərilmiş 268 saylı Müqavilə tərəflər arasında bağlanmamışdır. Buna görə də “elektron qaimə” sistemdə qarşı tərəfə geri göndərilmişdir. Qarşı tərəflə əlaqə saxlanıldıqda həqiqətən də, tərəflər arasında hər hansı xidmət və müqavilə olmadığı və vəsaitin geri ödəniləcəyi bildirilsə də, vəsait hələ də hesaba qaytarılmamışdır. Cavabdehin bank hesabına əsassız olaraq köçürülmüş 1.850 manat məbləğin geri qaytarılmasını tələb edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Abbasov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1850 manat məbləğində pul köçürülmüşdür.
8. Cavabdeh tərəfindən iddiaçıya EBDP 959601 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmiş, qaimə cavabdeh tərəfindən düzəlişə göndərilmişdir.
9. İddiaçı və "xxxx" MMC arasında 15 iyul 2022-ci il tarixli 125 nömrəli müqavilə bağlanmışdır.
10. 18.07.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 1700 manat məbləğində pul köçürülmüşdür.
11. "xxxx" MMC tərəfindən iddiaçıya EBCA 094616 nömrəli elektron qaimə göndərilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda iddiaçı və cavabdeh arasında aparılmış elektron qaiməfaktura əməliyyatının müəyyən edilmədiyi göstərilmişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
15. Normadan açıq-aşkar göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz məhrum olanın hesabına əmlak, əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır.
16. Bundan başqa, normanın dispozitiv şərtlərindən də göründüyü kimi əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu zaman aşağıdakı 3 (üç) halı sübut etməlidir.
17. 1) əmlakından və ya əmlak hüququndan məhrum olmuşdur.
18. 2) əldə edən məhz onun hesabına, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etmişdir;
19. 3) əldə etmək üçün hər hansı hüquqi əsas olmamışdır və ya həmin hüquqi əsas aradan qalxmışdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
21. Həmin Məcəllənin 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1850 manat vəsait ödənilmiş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1850 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1850 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 1910 (bir min doqquz yüz on) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova