Məhkəmə qərarları › İş №e-2-2(113)-89/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-89/2023

07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-89/2023 07.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (abonent kodu: ********) itirilmiş su sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 7079,26 manat (yeddi min yetmiş doqquz manat iyirmi altı qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin ünvana su təhcizatının təmin edilməsi ilə bağlı iddiaçı ilə Cavabdeh ASC arasında müqavilə bağlanmışdır. Həmin ünvanda quraşdırılmış su sayğacı bir müddət bundan əvvəl oğurlanmışdır. İddiaçı bununla bağlı aidiyyəti üzrə Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmiş, lakin hər hansı bir nəticə əldə edə bilməmişdir. Cavabdeh ASC tərəfindən heç bir əsas olmadan iddiçıya məxsus yuxarıda qeyd olunan ünvanda quraşdırılmış su sayğacına görə akt tərtib edilmiş, itirilmiş su sərfiyyatının bərpa edilməsi məqsədi ilə 7079,26 manat məbləğində əsassız borc yazılmışdır. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixdə 19179381 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. Bununla əlaqədar olaraq iddiaçıya məxsus rayonu Sukanal İdarəsinin xidməti ərazisində qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən 52039150 nömrəli abonent kodu 081141 olan X3 məxsus obyektin su xətti üzərində 10 mart 2012-ci il tarixdə ALFASU/H-20 markalı su sayğacı quraşdırılmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara göstərilən xidmətin dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 aprel 2015-ci il tarixli, **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə ALFASU-20 su sayğacı beş ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları"nın 4-cü maddəsinin 4.1.7-ci bəndinin tələbinə əsasən Alfasu-20 markalı, plomb nömrəsi C238016 olan su sayğacının yoxlamadan keçirilməsi üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin struktur tərkibinə daxil olan Rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirilən zaman sayğacın mənfiyə işlədiyi məlum olmuşdur. Sayğac 14 yanvar 2021-ci il tarixli iş əmrlə çıxarılmış və Cəmiyyətin Nəzarət ölçü Cihazları İdarəsinin Suölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmiş və su xəttinə birbaşa qoşulma verilmişdir. İddiaçının nümayəndəsi X4 tərəfindən su sayğacı laboratoriyaya təqdim edilməyərək, naməlum şəraitdə itməsi bildirilmişdir. Bu barədə ******* saylı akt tərtib edilmiş, həmin ünvanın su təchizatında mövcud olan bütün nöqsanlar “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qeydə alınmışdır. Beləliklə, sayğacın elektron hissəsində yaranmış nasazlıq səbəbindən sayğacın elektron hissəsinə impuls getməmişdir. Bundan sonra su sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Qanunun tələbinə əsasən iddiaçıya göstərilən xidmətlərin dəyəri sayğacın gostəricisinə əsasən hesablanaraq hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc (3559 m3- qalan balans (-1867) m3 = 1692 m3 sayğaca birbaşa qoşulma verilən tarixdə xx.xx.2021-xx.xx.2022-ci il 1 il 4 ay sayğacsız istifadə) (1692+1867 = 3559*2=7118 manat məbləğində təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli, 472 nömrəli məktubda qeyd edilmişdir ki, mərhum – X2 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar İddiaçı ərizəsi əsasında notariat ofisi tərəfindən vərəsəlik işi açılaraq, vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı X2 vərəsəsidir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 104-646A nömrəli arayışda qeyd edilmişdir ki, sözügedən arayış verilir rayonu, M.Hadi küçəsi 71a, mənzil 16-da yaşayan vət. Nümayəndə1 ondan otru ki, həqiqətən o, xx.xx.2021-ci il tarixdə RPİ-nin 36cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünə məxsus olan rayonu, Xudu Məmmədov 224 ünvanında yerləşən restoranının 081141 nömrəli su sayğacı naməlum şəraitdə itmişdir. - Cavabdeh ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixinə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 7079,26 manat ödənilməmiş borcu vardır. - Cavabdeh ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli hesab fakturadan görünür ki, X3 2022-ci ilin aprel ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə ümumilikdə 7118 manat (ƏDV daxil) borc yazılmışdır. - Cavabdeh ASC tərəfindən tərtib edilmiş “13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi” adlı sənəddə qeyd edilmişdir ki, sayğac mənfi ilə işlədiyi üçün Cavabdeh ASC tərəfindən söküldü və Cəmiyyətin Nəzarət ölçü Cihazları İdarəsinin Suölçən X1 gətirilməsi üçün abonentə təhvil verildi. Su xətti birbaşa qoşuldu. Qeyd edilən sənədin müştəri bölməsi hissəsində “iştirak etmədi” qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 6904,26 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 ilə Cavabdeh ASC arasında 2012-ci ildə su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Sözügedən müqavilə məhkəməyə təqdim edilməsə də (təqdim olunması təklif olunmuş, lakin iddiaçı müqavilənin arxivdə olduğunu, arxivdən əldə edə bilmədiyini bildirmişdir), tərəflər müqavilənin mövcudluğunu mübahisələndirməmişlər. X4 vəfat etmiş, notariat ofisi tərəfindən vərəsəlik işi açılaraq, vərəsələrin dairəsi və İddiaçı X2 vərəsəsi olması müəyyən edilmişdir. Qeyd olunan ünvanda su sayğacının yoxlamadan keçirilməsi üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin struktur tərkibinə daxil olan Rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirilən zaman sayğacın mənfiyə işlədiyi məlum olmuş və sayğac 14 yanvar 2021-ci il tarixli əmrlə çıxarılmışdır. Cavabdeh laboratoriyaya gətirilməsi üçün sayğacın iddiaçıya təqdim edildiyini və su xəttinə birbaşa qoşulduğunu bildirmişdir. Həmin vaxt abonent X4 artıq vəfat etmişdi. İddiaçı qeyri-yaşayış sahəsinə quraşdırılmış su sayğacının naməlum şəraitdə oğurlandığını və bununla bağlı AR DİN Bakı Şəhər Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etdiyini bildirmişdir. Göstərilən ünvanda 1 il 3 ay ərzində (xx.xx.2021xx.xx.2022) sudan sayğacsız istifadə olunmuşdur. Hazırda iddiaçı sayğac olmayan dövrlər ərzində cavabdeh tərəfindən hesablanmış 7079,26 manat məbləğində pulun silinməsi tələbi ilə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.9-ci bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Məhkəmə hesab edir ki, sayğac olmayan dövlər ərzində əvvəlki illərlə müqayisədə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə həqiqətən artıq sərfiyyat hesablanmışdır. Məhkəmə abonentə sözügedən dövr üzrə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə artıq sərfiyyatın hesablandığı ilə razılaşsa da, həmin dövr üzrə hesablanmış iddiaçı tərəfindən iddia tələbində qeyd edilən 7079,26 manat borc məbləğinin silinməsini məqsədəmüvafiq hesab etmir. Çünki sözügedən dövrlərdə iddiaçı tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus ünvanda sayğacın olmadığı dövr ərzində (xx.xx.2021-xx.xx.2022, yəni 1 il 3 ay sayğacsız istifadə) iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsinin dəqiq məbləğini müəyyən etmək mümkün deyildir. Ona görə də, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq bəndlərinə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan Abonent haqqında məlumatdan da göründüyü kimi, sayğac olmayan ildən əvvəlki il (2020-ci il) üzrə sayğacın işlədiyi dövrdə iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən ümumilikdə 1500 manat məbləğində istifadə etmişdir. Sözügedən il üzrə abonentin orta aylıq sərfiyyatı 125 manat (1500 manat : 12 ay = 125 manat) məbləğində təşkil etmişdir. Beləliklə də, sayğac olmadan sudan istifadə dövrü xx.xx.2021-xx.xx.2022, yəni 1 il 3 ay təşkil etdiyindən, məhkəmə mübahisəli dövr üzrə istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin 1875 manat (125 manat x 1 il 3 ay, yəni 15 ay = 1875 manat) məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edərək, iddiaçıya həmin dövlər üzrə 5204 manat (7079 - 1875 = 5204) məbləğində artıq sərfiyyatın hesablandığı qənaətinə gəlmişdir.Qeyd olunmalıdır ki, abonent haqqında məlumata baxdıqda, başqa illər üzrə də təxminən bir-birinə yaxın məbləğlərdə su sərf edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, borcun silinməsinə dair iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 081141) sayğac olmayan dövrlər üzrə hesablanmış 5204 (beş min iki yüz dörd) manat məbləğində borc hesabdan silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (abonent kodu: 081141) sayğac olmayan dövrlər üzrə hesablanmış 5204 (beş min iki yüz dörd) manat məbləğində borc hesabdan silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar