Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-89/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli AKİAD-00155-17/19A saylı Əsas kredit müqaviləsi və AKİAD-A0155-17/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 234273.26 (iki yüz otuz dörd min iki yüz yetmiş üç tam yüzdə iyirmi altı) manat, faiz borcu 12622.58 (on iki min altı yüz iyirmi iki tam yüzdə əlli səkkiz) manat, dəbbə pulu 31587.84 (otuz bir min beş yüz səksən yeddi tam yüzdə səksən dörd) manat, cəmi borc 278483.68 (iki yüz yetmiş səkkiz min dörd yüz səksən üç tam yüzdə altmış səkkiz) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 169 ( yüz altmış doqquz) manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1-ə, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADGB0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-ə, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-D0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti,ev 151, mənzil 43-ə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin mənzillərin boşaldılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasındaxx.xx.2019-cu il tarixli AKİAD-00155-17/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 400000 (dörd yüz min) manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKİADA0155-17/19A saylıƏlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 400000 (dörd yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 15(on beş) ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi iə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1-ni ipotekaya qoymuşlar. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə AKİADG-B0155-17/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-ü ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00040-17/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx"ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-00040-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə AKİADG-D0155-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti , ev 151, 43 saylı mənzili ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00029-17/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-00029-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Bank "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək, rədd edilməsini xahiş etdi.
5. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı ilə, “Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddianın “mənzillərin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli, AKİAD-00155-17/19A saylı “Əsas Kredit Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla maksimal faiz dərəcəsi 35% olmaqla 400 000 (dörd yüz min) manat məbləğində kredit verə bilər.
12. Bank "xxxx" ASC (ipoteka saxlayan), X3 (borcalan) və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.
13. Bank "xxxx" ASC (ipoteka saxlayan), X3 (borcalan, ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKİADG-D0155-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə X2 məxsus olan ünvan 2 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.
14. Bank "xxxx" ASC (ipoteka saxlayan), X3 (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKİADG-B0155-17/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.
15. Daha sonra "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli AKİAD-A0155- 17/19A saylı “Əlavə Kredit Xətti Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən bank illik 8 (səkkiz) faizlə 60 (altmış) ay müddətinə 400.000 (dörd yüz min) AZN məbləğində krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi, xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
16. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
20. X7 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
22. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.
23. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə X1 banka əsas borc məbləği 234.273,26 manat, faiz borcu 12.622,58 manat təşkil edir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 banka borcunun olduğunu qəbul etmiş, lakin tələb edilən məbləğin yüksək olduğunu bildirərək, borcun ödənilməsi üçün vaxt verilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-89/2025 saylı qərardına əsasən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025ci il tarixli rəyə əsasən X1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə olan əsas borcu 234.025,52 manat, faiz borcu isə 12.660,46 manat müəyyən olunmuşdur.
26. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.
27. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun tələb edilməsi hissəsində iddia qismən təmin edilməli, əsas borc üzrə 234.025,52 manat, faiz borcu üzrə 12.622,58 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.
29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
30. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 11.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
31. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1068/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 185/BTB/24 saylı hesabata əsasən ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzilin bazar qiyməti 250.000, likvid qiyməti 240.000 manat, xx.xx.2024-cü il tarixli, 186/BTB/24 saylı hesabata əsasən ünvan 5 ünvanında yerləşən 17 mənzilin bazar dəyəri 145.000, likvid dəyəri 135.000 manat, xx.xx.2024-cü il tarixli, 184/BTB/24 saylı hesabata əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 43 nömrəli mənzilin bazar dəyəri 175.000, likvid dəyəri 165.000 manat müəyyən edilmişdir.
33. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli AKİAD-A0155- 17/19A saylı Əlavə Kredit müqaviləsi üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 62.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 89.8 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiymətinin 165.000 (bir yüz altmış beş min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
34. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.
35. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul ödənmişdir.
36. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
37. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169 manat və bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
38. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 145 manat təşkil edir. Ona görə də, 145 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
39. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 234.025 (iki yüz otuz dörd min iyirmi beş) manat, 52 (əlli iki) qəpik, faiz borcu üzrə 12.622 (on iki min altı yüz iyirmi iki) manat, 58 (əlli səkkiz) qəpik, cərimə borcu üzrə 11.500 (on bir min beş yüz) manat olmaqla, cəmi 258.148 (iki yüz əlli səkkiz min yüz qırx səkkiz) manat, 10 (on) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 62.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 89.8 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 148 (bir yüz qırx səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov