Məhkəmə qərarları › İş №e-2-2(113)-890/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-890/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-890/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.289,36 (dörd min iki yüz səksən doqquz manat 36 qəpik) manat əsas, 1067,32 (bir min altmış yeddi manat 32 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 574,20 (beş yüz yetmiş dörd manat 20 qəpik) manat faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 (bir yüz on) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh4, Cavabdeh3 oğu, Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh3 oğu, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 12 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixə Cavabdeh4 kredit üzrə cəmi borcu 5930,88 (beş min doqquz yüz otuz manat 88 qəpik) manat təşkil edir. Bundan 4.289,36 (dörd min iki yüz səksən doqquz manat 36 qəpik) manat əsas, 1067,32 (bir min altmış yeddi manat 32 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 574,20 (beş yüz yetmiş dörd manat 20 qəpik) manat borcu təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında 12 dekabr 2018-ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir.

10. Daha sonra, 12 dekabr 2018-ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin təminatı olaraq Cavabdeh3 oğu, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 12 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

11. Kredit müqaviləsi və zaminlik müqaviləsi tərəflərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 banka əsas borc üzrə 4.289,36 manat, faiz borcu üzrə 1.067,32 manat və əsas borca illik 5 faiz hesablanmaqla 574,20 manat olmaqla, cəmi 5.930,88 manat borcu vardır.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-890/2024 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas və faiz borcunun, NBC Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsi üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun və Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışında göstərilən tarixə (xx.xx.2023-cü il tarixə) əsas borca illik 5% hesablanmaqla məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2144 nömrəli rəyinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 12 dekabr 2018ci il tarixli 01/1924/KBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixinə hesablanmış borc məbləği əsas borc üzrə 4.284,90 manat, faiz borcu üzrə 715,39 manat, 5% ilə gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği üzrə 569,53 manat olmaqla, cəmi 5.569,82 manat təşkil edir.

21. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.284,90 manat, faiz borcu üzrə 715,39 manat, 5% ilə gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği üzrə 569,53 manat olmaqla, cəmi 5.569,82 manat məbləğində pul Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır.

22. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia rədd edilməlidir.

23. Belə ki, kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti 2 il (24 ay) (xx.xx.2020) müəyyən edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, Bank əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

24. Məhkəmə, mediasiya xərcinin əvəzi olaraq 110 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 110 manat məbləğində pul Bakı 12 saylı mediasiya təşkilatına ödənmişdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində pul Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

27. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.284 (dörd min iki yüz səksən dörd) manat, 90 (doxsan) qəpik, faiz borcu üzrə 715 (yeddi yüz on beş) manat, 39 (otuz doqquz) qəpik olmaqla, cəmi 5.000 (beş min) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 569 (beş yüz altmış doqquz) manat, 53 (əlli üç) qəpik məbləğində pul Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh4 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar