Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8908/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib oğlunun sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X1 Departameti tərəfindən çıxarılmış 12 sentyabr 2024-cü il tarixli №0419588 nömrəli aktın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanunsuz hesablanmış 1242 manat cərimənin Cavabdeh Bakı X1 Departametinin elektron bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində fəaliyyət göstərən “Qarabağ” kafesində sahibkarlıq fəaliyyəti göstərirəm. Obyektimdə 4 göz qazdan və istilik üçün kombidən istifadə edirəm. Qanunvericiliyə uyğun obyektə texniki şərtim var. Obyektdə quraşdırılmış sayğac göstəricimə uyğun nə qədər qazdan istifadə edirəmsə, ona uyğun vaxtlı-vaxtında ödənişlərimi aparıram. Obyektimdə 4 gözlü qaz peçim sıradan çıxdığından onu istismardan kənarlaşdırıb 2 gözlü qaz peçi istifadə edirəm. Qaz xəttinə sayğacdan kənar keç bir qoşulmam olmayıb. Obyektimə gələn Azəriqaz” İstehsalat Birliyinin Bakı X1 Departametinin Yasamal XS əməkdaşları qərəzli şəkildə qazdan texniki şərtdə nəzərdə tutulandan çox istifadə edirmişəm kimi akt tərtib edib mənə qanunsuz cərimə yazıblar. Sadə məntiqlə düşünülsə görünər ki, 4 göz qaz peçi əvəzinə 2 göz peçdən istifadə olunsa, sərfiyyat aşağı düşür. Amma qərəzli Azəriqaz əməkdaşları bunun əksi olduğu hala uyğun məndə sərfiyyatın artması və bununla mən pozuntu etmiş kimi göstərərək mənə cərimə yazıblar. Belə ki, Azəriqaz” İstehsalat Birliyinin Bakı X1 Departametinin Yasamal XS əməkdaşları 12 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində fəaliyyət göstərən fiziki şəxs İddiaçı məxsus “Qarabağ” kafesinə Azəriqaz” İstehsalat Birliyinin Bakı X1 Departametinin Yasamal XS əməkdaşları daxil olmuş və Cavabdeh Bakı RQSD tərəfindən şəxs İddiaçı barəsində ******* saylı akt tərtib olunmuşdur. Bu akt həqiqətə uyğun deyil və mənim qanuni sahibkarlıq fəaliyyətimə maneədir.
3. Cavabdeh xx.xx.2026-cı il tarixdə iddia tələbinə dair yazılı etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektinə xx.xx.2025-ci il tarixdə yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq iddiaçının istifadəsində olan G-6 tipli qaz sayğacının sərfölçmə gücünün qaz işlədicilərinin cəminin maksimal saatlıq qaz sərfinə uyğun olmadığı aşkar edilmişdir. Belə ki iddiaçının istifadəsində olan qaz sayğacı saatda 10 m3 dək sərfölçmə gücünə malikdir. İddiaçı tərəfindən faktiki istifadə olunan qaz işlədicilərinin cəminin saatlıq qaz sərfi isə 14,6 m3 təşkil edir. Belə olan halda qaz sayğacı 4,6 m3 qaz həcmini qeydə ala bilmir. Bu səbəbdən iddiaçı təbii qazdan sayğac tərəfindən hesabatı aparılmadan istifadə edir. Qeyd edilən hal əməkdaşlarımız tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və itirilmiş qazın dəyəri 1242 manat müəyyən edilərək iddiaçının qaz hesabına yüklənmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə zidd şəkildə qaz işlədicilərinin sayını artırmış və nəticədə təbii qazdan qeydiyyatı aparılmadan istifadə etmişdir. Bu səbəbdən hesab edirik ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
5. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1242 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 79 nömrəli müəssisədə (fərdi evdə, istixanada) istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal sərfölçmə qabiliyyətindən artıq olduğu müəyyən edilməsi haqqında bildirişdə istehlakçı f./ş. İddiaçı (abonent kodu **********0014001 olan) qeyri-yaşayış sahəsində (kafe) istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal sərfölçmə qabiliyyətindən artıq olduğunun müəyyən edildiyi qeyd edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cavabdehin nümayəndələri tərəfindən istehlakçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu müəyyən edildiyindən, bu səbəbdən qazdan istifadə qaydalarının 1.4-cü bəndinə əsasən əlavə qoşulmuş qaz cihazlarının şəbəkədən ayrılması, qazın alqı-satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinə əsasən dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir.
12. İş materialarına əlavə olunmuş, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 249 nömrəli hesab-fakturaya əsasən iddiaçının ******* saylı akta əsasən hesablanmış borcu 1242 manat təşkil edir.
13. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən istehlakçı İddiaçı dəymiş ziyan həcminin hesablanması aşağıdakı şəkildə qeyd edilmişdir: “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 14,6 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılır: 14,6- 10=4,6x12x90=4968 m3 ”.
14. İş materiallarına əlavə edilmiş KY242154180 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən İddiaçı məxsus qeyriyaşayış sahəsində (restroranda) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsasları ilə xx.xx.2024xx.xx.2024-cü il aralığında növbədənkənar yoxlama təyin edilmişdir.
15. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2024-cü ilin sentyabr ayında 1242 manat akt əsasında borc hesablanmışdır.
16. Məhkəmə iddiaçının izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirilmiş, baxış zamanı qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması müəyyən edildiyindən qazdan istifadə qaydalarının 1.4-cü bəndinə əsasən əlavə qoşulmuş qaz cihazlarının şəbəkədən ayrılması, qazın alqı-satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinə əsasən dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir.
18. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmışdır, cavabdeh tərəf yazılı etirazında göstərmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacı saatda 10 m3-dək sərfölçmə gücünə malikdir. İddiaçı tərəfindən faktiki istifadə olunan qaz işlədicilərinin cəminin saatlıq qaz sərfi isə 14,6 m3 təşkil edir. Belə olan halda qaz sayğacı 4,6 m3 qaz həcmini qeydə ala bilmir. Bu səbəbdən iddiaçı təbii qazdan sayğac tərəfindən hesabatı aparılmadan istifadə edir. Qeyd edilən hal cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və itirilmiş qazın dəyəri 1242 manat müəyyən edilərək iddiaçının qaz hesabına yüklənmişdir.
19. Məhkəmə hesab edir ki, cavabdehin adı çəkilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
20. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
21. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
22. Materiallardan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli tarixli aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın istehlak edilmiş təbii qazı tam həcmdə qeydə ala bilməməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır, əksinə xx.xx.2024-cü il tarixli akt ilə müəyyən edilir ki, sayğaca hər hansı kənar müdaxilə olmamışdır.
23. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. Materiallarda olan abonent saldosundan isə görünür ki, xx.xx.2024-cü il tarixli aktla iddiaçıya 90 günlük müddət üçün əlavə 1242 manat borc hesablansa da, həmin borcun hesablandığı müddət üçün iddiaçı tərəfindən cavabdehə sayğacın göstəriciləri üzrə mütəmadi ödənişlər edilmiş, istehlakçının həmin tarixə cavabdehə ödənilməli olan borcu olmamışdır. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1242 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 1242 (bir min iki yüz qırx iki) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X2