Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-891/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan İddiaçı “X1 Sanayi LTD ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı “öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Sanayi LTD ŞTİ” (bundan sonra – İddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – Cavabdeh) qarşı “öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən 28 dekabr 2016-cı il tarixli öhdəlik bildirişinə əsasən 400,000 avro borcun tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə Cumhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən, süd və süd məhsullarının emalı, istehsalı ilə məşğul olmaq istəyən şirkətlərə fabriklərin tikintisində və qurulmasında yardım göstərən bir şirkətdir. 2006-cı il tarixdən başlayaraq İddiaçı, Cavabdehlə müqavilə bağlayaraq Azərbaycan Respublikası Qəbələ, Tərtər, Tovuz, Zaqatala və Ağcabədi rayonunda süd emalı fabrikləri tikmiş, avadanlıqlarla təchiz etmiş və tam işlək vəziyyətində Cavabdehin sərəncamına vermişdir. Qeyd edilən fabriklərin tikintisi, avadanlıqlarla təchiz edilməsi, süd məhsullarını emal edən avadanlıqların tam işlək vəziyyətdə verilməsinə görə 7,843,682 avronun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh 2016-cı ilin 26 dekabr tarixinə qədər İddiaçının hesabına 7,443,682 Avro pul ödəmişdir. Həmin tarixdə hesablaşma aparılmış və Cavabdeh hər rüb üçün 100,000 Avro, 15 dekabr 2017-ci il tarixinə qədər 400,000 avro ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin 26 dekabr 2016-cı il tarixli anlaşmadan sonra Cavabdeh İddiaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. Dəfələrlə elan edilən e-mail, telefon və məktub vasitəsilə xəbərdarlığa baxmayaraq bu günə qədər heç bir vəsait ödənməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-891/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(113)-891/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçının vəkili məhkəmə iclasında iştirak etməmişdir, xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, tərəfindən bütün yazılı sübutların təqdim edildiyini, həmin günü Sumqayıt Apellyasiya məhkəməsində mülki işinin olmasını nəzərə alaraq hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş “iddia müddətinin tətbiqi barədə” ərizəsini müdafiə edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Qeyd edilən “iddia müddətinin tətbiqi barədə” ərizədə göstərilmişdir ki, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə görə, İddiaçı müqavilə üzrə iddia müdətini ötürdüyündən hazırki məhkəmə işi üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, iddiadan görünür ki, tərəflər arasında 2006-cı il tarixdən başlayaraq müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı Qəbələ, Tərtər, Tovuz, Zaqatala və Ağcabədi rayonlarında süd emalı fabrikləri tikmiş, avadanlıqlarla təchiz etmiş və tam işlək vəziyyətində Cavabdehin sərəncamına vermişdir. Qeyd edilən fabriklərin tikintisi, avadanlıqlarla təchiz edilməsi, süd məhsullarını emal edən avadanlıqların tam işlək vəziyyətdə verilməsinə görə 7,843,682 avro ödənilməli idi. Cavabdeh 2016-cı ilin 26 dekabr tarixinə qədər İddiaçının hesabına 7,443,682 avro pul ödəmişdir. Sonra həmin tarixdə tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və qalıq borcu üzrə tərəflərin razılaşmasına dair Cavabdeh hər rüb üçün 100,000 avro, son tarix 15 dekabr 2017-ci ilə qədər İddiaçıya ümumilikdə, 400,000 avro ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdeh, İddiaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. Tərəflər arasında bağlanmış Alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə görə mal alıcıya təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində mal dəyərinin 100 faizi həcmində ödəniş etməli idi. İddiaçı tərəf son tarixdən, yəni xx.xx.2017-ci ildən 3 il 7 ay 14 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə onun müqavilə üzrə hüquqlarının pozulması barədə Cavabdehə rəsmi pretenziya göndərmişdir və bununla da İddiaçı öz iddia müddətini hər hansı bir üzürlü səbəb olmadan ötürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra - MM) əsasən, müqavilə üzrə iddia müddəti 3 ildir. İddianın rədd edilməsi barədə qətnəmə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi təqdim etmiş, ərizəsində qeyd etmişdir ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini 28 dekabr 2016-cı il tarixli borc bildirişinin son tarixindən, yəni 28 dekabr 2017-ci il tarixindən 3 ildən artıq müddət keçməsi ilə əlaqələndirir. Cavabdehin mülahizəsinə görə bu halda iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 28 dekabr 2016-cı il tarixli borc öhdəliyini əks etdirən sənəddə aydın göstərilir ki, öhdəlik Tovuz, Zaqatala, Qəbələ və Ağcabədidə tikilmiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin (zavodlarının) tikilməsindən yaranan borcu nəzərdə tutur. Yəni tərəflər arasında yaranan öhdəlik daşınmaz əmlakın tikilməsi, avadanlıqlarla təchiz edilməsi və cavabdehə təhvil verilməsindən ibarətdir. Bundan əlavə tərəflər arasında Tovuz, Zaqatala, Qəbələ və Ağcabədidə tikilmiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin tikilib təhvil verilməsindən başqa işçilərə ödəniləcək əlavə pul, xam duz satışı, süd zavodlarına əlavə məhsulların verilməsi, homojenizator, süd daşıma tankerinin bağlantısının bərpası kimi işlər də həyata keçirilmişdir. Lakin təqdim etdiyimiz borc bildirişinin qeyd hissəsində bütün digər müqavilə öhdəliklərinin yerinə yetirildiyi, yalnız 6.000.000 avro dəyərində olan G 160 müqaviləsinin yerinə yetirilmədiyi qeyd edilib. Həmin müqavilə isə dörd zavodun tikintisi, qurğu və avadanlıqlarla təchiz edilməsi və zavodun tam işlək vəziyyətdə cavabdehin mülkiyyətinə verilməsini nəzərdə tutur. Məhkəmə Cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh tərəfindən (baş icraçı direktoru Cəmil Muradov tərəfindən imzalanmaqla və hüquqi şəxsin möhürü vurulmaqla) 26 dekabr 2016-cı il tarixdə İddiaçıya göndərilmiş sənədə əsasən bildirilmişdir ki, ümumi dəyəri 7,843,682 avro təşkil edən 4 fabrik (Tovuz- Tərtər-Zaqatala-Ağcabədi)(GE160), Qəbələ fabriki (GE125), Soyudulmuş süd alış mərkəzi (GE161), Süd zavodlarına əlavə işçilər (GE179), Ağcabədi əlavə razılaşma (GE174), Süd daşıma tankeri bağlantısının bərpası (GE172), Homojenizator (GE196-2011), Süd zavodlarına əlavə məhsullar (GE180), Xam duz satışı (4TİR) layihələri təyin edilmiş müqavilə nömrələri ilə birlikdə İddiaçı tərəfindən müvafiq müqaviləyə uyğun olaraq tam şəkildə tamamlanmışdır. Cavabdeh olaraq İddiaçıya 400,000 avro məbləğində ödəniş etməyi qəbul edir və öhdələrinə götürürlər. GE160 saylı müqavilə istisna olmaqla, hamısı tam ödənilib, 400,000 Avro ödənilməmiş qalmışdır. 400,000 avro məbləğində borcun hər ay 100,000 avro olmaqla xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə ödənilməsini öhdələrinə götürürlər. - İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi barədə pretenziya ünvanlanaraq 400,000 avro əsas borc və 174,000 avro məbləğində faiz borcunun 20 iyul 2021-ci il tarixədək İddiaçıya ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan müqavilələrə əsasən, ümumi dəyəri 7,843,682 Avro təşkil edən layihələr İddiaçı tərəfindən tam şəkildə tamamlanmış, lakin Cavabdeh həmin müqavilə əsasında üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməmiş və İddiaçıya 400.000 avro ödənilməmiş borcu qalmışdır. Cavabdeh, İddiaçıya olan 400,000 avro məbləğində borcun hər ay 100,000 avro olmaqla xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə ödənilməsini öhdəsinə götürmüşdür. Proses iştirakçıları tərəfindən məhkəməyə müvafiq müqavilə təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçıya ünvalanmış 26 dekabr 2016-cı il tarixli sənəddə tərəflər arasında çoxsaylı müqavilələrinin bağlanıldığı qeyd edilmiş və hər iki tərəfin nümayəndələri məhkəmə prosesinin gedişində hazırkı tələbin müqavilə münasbətlərindən irəli gəldiyini təsdiq etmişlər. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri əmələ gəlmişdir. Belə ki, bu hüquq münasibəti çərçivəsində İddiaçının Cavabdehdən gördüyü işlərin qarşılığı olaraq pul tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh bu halı, yəni 400.000 avro məbləğində borcunun (şübhəsiz, İddiaçının subyektiv tələb hüququnun qarşılığını Cavabdehin müvafiq pul ödəmək öhdəliyi təşkil edir) mövcudluğunu qəbul edir, lakin iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, Cavabdeh 400.000 avro borcun hər ay 100.000 manat olmaqla ödəməyi öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, İddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa (26 dekabr 2016-cı il tarixli sənədə) görə, 400,000 avro məbləğində qalıq borc hər ay 100,000 avro olmaqla xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə ödənilməli idi. Lakin Cavabdeh tərəfindən həmin məbləğə dair hər hansı bir ödənişin həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili də izahatında bunu qeyd etmişdir. Müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2017-ci il tarixdə bitmiş və iddia müddəti başlamışdır. Lakin iş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə borcun ödənilməsinə dair pretenziya məktubu ilə Cavabdehə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə isə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. MM-in 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə, İddiaçının iddia müddətinin tətbiq edilməsinə qarşı etiraz ərizəsində qeyd etdiyi (tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə hazırkı iddia tələbinə 6 illik müddətinin şamil edilə biləcəyinə dair) dəlili əsaslı hesab etmir. Belə ki, MM-in 373.2-ci maddəsində “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi öz əksini tapsa da, qanunverici buna anlayış verməmişdir. Daşınmaz əşyanın anlayışı MM-in 135.4-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur. Buna görə, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu mənada, “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsini predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş müqavilə olaraq başa düşmək mümkündür. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin bu növ müqavilə olmadığı şübhəsizdir. Digər tərəfdən, daşınmaz əşya ilə bağlı müqavilələrə daha ciddi tələblər (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı) irəli sürülür (MM m. 144.1, m. 178.1 və s.). İddiaçı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin hüquqi əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ şərtlərə uyğun olaraq bağlandığını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, İddiaçının bu dəlilinin əsaslı hesab edilməsi ehtimalında, pul tələbinin müqavilədən irəli gəldiyini deməsi mümkün olmazdı. Çünki notariat formasına əməl edilməmiş müqavilə əhəmiyyətsiz hesab edilir, əhəmiyyətsiz müqavilədən isə, pul tələbi (yəni müqavilədən doğan) pul tələbi əmələ gələ bilməz (MM m. 337.1, m. 337.3, m. 337.4). Bu hal isə, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 6 illik iddia müddətinin tərəflər arasındakı münasibətlərə tətbiqini istisna edərdi. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən, Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunduğundan məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, tələb etmə müddəti keçdiyindən iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumu “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında vurğulamışdır ki, “İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur”. Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli Qərarında qeyd etmişdir ki, “... iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X1 Sanayi LTD ŞTİ” nin Cavabdeh MMC-yə qarşı “öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-891/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-891/2022
18.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver