Məhkəmə qərarları › İş №e-2-2(113)-891/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-891/2025

21.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-891/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi (oğlu) X1 iştirakları ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 44317,50 manat müqavilə üzrə borc, həmçinin məhkəməyə ödənilmiş 222,95 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2023-ci il tarixli “Yüklərin daşınması xidməti üzrə müqaviləsi” imzalanmışdır. Lakin müqavilənin üstündən neçə vaxt keçməsinə baxmayaraq cavabdeh öz öhdəsinə götürdüyü öhdəliklərini düzgün və lazimi şəkildə yerinə yetirməkdən imtina etmişdir. 238/5282 nömrəli, xx.xx.2023-cü il tarixli “Yüklərin daşınması xidmət müqaviləsi” üzrə öhdəliklərini düzgün və lazımı şəkildə yerinə yetirilmədiyinə görə cavabdehin 44317,50 (qırx dörd min üç yüz on yeddi manat əlli qəpik) manat borcu yaranmışdır. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 14242,60 manat maddi ziyan, 25800 manat əldə çıxmış fayda və 222,95 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) Ə.Yusifli iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Çin Şirkətindən bir dəfə endirim tətbiq edilməklə 4378 ABŞ dollara aldığı malın daşınmasını cavabdehə həvalə etmiş, cavabdeh ona malı yanması səbəbindən çatdıra bilməyəcəyi barədə məlumat vermişdir. Həmin daşıma bu günədək həyata keçirilməmişdir. İddiaçı məcburiyyət qarşısında həmin malı təkrarən almış, bu dəfə hər hansı endirim tətbiq edilmədən həmin məhsul onlara 8200 ABŞ dollarına eyni şirkət tərəfindən satılmışdır. Həmin mal ölkəyə vaxtında idxal olunsa idi, iddiaçı 25800 manat gəlir əldə edə bilərdi. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (sifariçi) və cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2023-ci il tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilənin 1.1-ci bəndinə görə müqavilə sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsilə beynəlxalq yükdaşınmasının həyata keçirilməsi ilə bağlıdır.

10. Müqavilənin 3.1-ci bəndinə görə sifarişçi bu müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq daşıyıcıya ödəyir. Müəyyən marşrut üzrə hər bir tarif əlavə razılaşmada/sifariş ərizəsində razılaşdırılır və onun yerinə yetirilmə müddəti ərzində qüvvədə olur. Bütün tariflər ƏDV-sizdir.

11. Müqavilənin 4.2.1-ci bəndinə görə daşıyıcı yükün sifarişçidən qəbul edildiyi gündən yükalana təhvil verilənə qədər yükün itirilməsinə və ya zədələnməsinə və yaxud plombun nasazlığına görə daşıma dəyəri həcmində məsuliyyət daşıyır.

12. Müqavilənin 4.1.2-ci bəndinə görə qarşə tərəfindən təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

13. İddiaçı ilə X2 Enginnering Co., LTD arasında xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satılan malın (EPS Bee Mould) dəyəri 8378 ABŞ dolları təşkil edir, satıcı tərəfindən alıcıya 4000 ABŞ dolları güzəşt edilməklə yekun satış qiyməti 4378 ABŞ dolları müəyyən edilmişdir.

14. X2 Enginnering Co., LTD tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən ödənilməli olan borcun məbləği 4378 ABŞ dolları təşkil edir.

15. 28.08.2024-cü il tarixli CMR sənədinə əsasən X2 Enginnering Co., LTD tərəfindən iddiaçıya satılmış mal daşınması üçün cavabdehə təhvil verilmişdir.

16. 02.08.2024-cü il tarixli Çin Xalq Respublikasının X3 əsasən X2 Enginnering Co., LTD tərəfindən iddiaçıya satılmış malı qəbul edəcək şəxs iddiaçıdır.

17. İddiaçı ilə X2 Enginnering Co., LTD arasında xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satılan malın (EPS Bee Mould) yekun dəyəri 8200 ABŞ dolları təşkil edir.

18. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 Enginnering Co., LTD Şirkətinə 3938 ABŞ dolları əsas borc ödənilmişdir. Ödənişin komissiya haqqı 12 ABŞ dolları təşkil etmişdir.

19. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 Enginnering Co., LTD Şirkətinə 3938 ABŞ dolları əsas borc ödənilmişdir. Ödənişin komissiya haqqı 12 ABŞ dolları təşkil etmişdir.

20. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 Enginnering Co., LTD Şirkətinə 2189 ABŞ dolları əsas borc ödənilmişdir. Ödənişin komissiya haqqı 0 ABŞ dolları təşkil etmişdir.

21. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 Enginnering Co., LTD Şirkətinə 2189 ABŞ dolları əsas borc ödənilmişdir. Ödənişin komissiya haqqı 0 ABŞ dolları təşkil etmişdir.

22. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizədə iddiaçıya məxsus malı daşıyan nəqliyyat vasitəsində yanğın baş verməsi səbəbindən yükün təyinat yerinə çatdırılmasının mümkün olmayacağı bildirilmiş, malın invoys dəyərinin sonrakı daşımalarda əvəzləşdirilməsi təklif edilmişdir.

23. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 2024/M-323 nömrəli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə bağlanmışdır.

24. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli MT 2412 10333726 nömrəli 34650 manat məbləğin elektron qaimə-faktura təqdim olunmuşdur.

25. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçıya 17325,56 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçıya 17325,56 manat məbləğində ödəniş olunmuşdur.

26. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Hazırda iddiaçı cavabdehdən vurulmuş zərərin əvəzi qismində 14242,60 manat pulun tutulmasını tələb edir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

30. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

31. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

32. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı X2 Enginnering Co., LTD-yə ümumilikdə 4378 ABŞ dolları vəsait ödəməklə aldığı malın daşınmasını cavabdehə həvalə etmiş, yük göndərən tərəfindən mal daşınması üçün cavabdehə təhvil verilsə də, hazırkı günə qədər bu öhdəlik cavabdeh tərəfindən icra edilməmiş, cavabdeh iddiaçıya göndərdiyi yazılı ərizədə yükün nəqliyyat vasitəsinin yanması nəticəsində məhv olması barədə məlumat vermişdir. İddiaçı daha sonra həmin malı təkrarən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında sifariş verərək X2 Enginnering Co., LTD-dən ümumilikdə 7900 ABŞ dolları ödəməklə almışdır.

34. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya məxsus olan əmlaka cavabdeh tərəfindən ziyan vurulmuş, pozulmuş hüququnun bərpası ilə bağlı iddiaçı tərəfindən əlavə xərc çəkilmiş, cavabdehin əməli ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, bununla da cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır.

35. İddiaçı daşınan malın real dəyərinin 8378 ABŞ dolları olmasını bildirsə də, materiallardan görünür ki, cavabdehə daşınma üçün verilmiş və çatdırılması bu günə qədər həyata keçirilməmiş mala görə iddiaçı tərəfindən satıcıya 4378 ABŞ dolları (7442,60 manat) vəsait ödənilmişdir.

36. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, cavabdehə daşınma üçün verilmiş və çatdırılması bu günə qədər həyata keçirilməmiş malın alışı ilə bağlı iddiaçı yenidən çin şirkəti ilə alqı-satqı müqaviləsi bağlamış, bu dəfə həmin mala görə satıcıya 7900 ABŞ dolları (13430 manat) vəsait ödənilmiş, bununla da iddiaçı malın təkrarən alışı ilə bağlı 5987,40 manat (13430 manat - 7442,60 manat) zərərə uğramışdır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 13430 manat (7442,60 manat + 5987,40 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

40. Məhkəmə iddia ərizəsini ikinci, 25800 manat əldə çıxmış fayda hissəsində əsassız hesab edir.

41. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

42. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

43. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

44. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (MM, maddə 443.4).

45. İddiaçı iddia ərizəsində cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona 25800 manat əldən çıxmış fayda şəklində zərər dəydiyini, malın ona vaxtında çatdırılması halında qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

46. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13430 manat (7442,60 manat + 5987,40 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

48. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 130,29 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 92,66 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13430 manat məbləğində pul, 130,29 manat dövlət rüsumu, ümumilikdə 13560,29 (on üç min beş yüz altmış manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 92,66 (doxsan iki manat altmış altı qəpik) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar