Məhkəmə qərarları › İş №e-2-2(113)-893/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-893/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-893/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətinə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34650,92 (otuz dörd min altı yüz əlli manat doxsan iki qəpik) manat əsas borc, 497,93 (dörd yüz doxsan yeddi manat doxsan üç qəpik) manat faiz borcu, 1763,05 (bir min yeddi yüz altmış üç manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 36911,90 (otuz altı min doqquz yüz on bir manat doxsan qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 1 (bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-00214961LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli, DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, 94818 (doxsan dörd min səkkiz yüz on səkkiz) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh2 MMCnin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank ilə Cavabdeh3 arasında DC00214961-12 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022ci il tarixli, DG**********456 saylı zaminlik müqaviləsi, Cavabdeh1 arasında isə DC00214961-12 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli, DG**********456 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34650,92 (otuz dörd min altı yüz əlli manat doxsan iki qəpik) manat əsas borc, 497,93 (dörd yüz doxsan yeddi manat doxsan üç qəpik) manat faiz borcu, 1763,05 (bir min yeddi yüz altmış üç manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 36911,90 (otuz altı min doqquz yüz on bir manat doxsan qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 183 gün. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 1 (bir) manat dövlət rüsumu ödəmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, OnGTC- 00214961LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

8. Ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu Müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.

9. xx.xx.2022-ci il tarixli, DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, 94818 (doxsan dörd min səkkiz yüz on səkkiz) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

10. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********456 saylı zaminlik müqaviləsinə əsasən zamin – Cavabdeh3 borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********456 saylı zaminlik müqaviləsinə əsasən zamin – Cavabdeh1 borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

12. xx.xx.2023-cü il tarixli, PB/PBŞ-OUT-01581-2023/4 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34650,92 manat əsas borc, 497,93 manat faiz borcu, 1763,05 manat cərimə borcu olmaqla, cəmi 36911,90 manat təşkil edir (gecikmə günün sayı – 183).

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2148 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 oktyabr 2022-ci il tarxli DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 51518,99 manat; faiz borcu üzrə 1013,21 manat; maliyyə arayında qeyd edildiyi yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 36082,27 manat; faiz borcu üzrə 1034,36 manat; məhkəməyə müraciət olunduğu tarixə yəni xx.xx.2024-cü il tarixə əsas borc üzrə 31586,71 manat; faiz borcu üzrə 715,97 manat məbləğində müəyyən edilir. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 12 oktyabr 2022-ci il tarixli DC00214961-12 nömrəli maliyyələşdirmə üçün ərizədə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 MMC-yə cərimə borcu hesablanmadı.

15. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00676-2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30417,01 manat əsas borc, 8545 manat cərimə borcu olmaqla, cəmi 38962,01 manat təşkil edir (gecikmə günün sayı – 590).

16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, OnGTC-00214961LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizə bağlanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, 94818 (doxsan dörd min səkkiz yüz on səkkiz) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Paşa Bank” ASC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********456 saylı; Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********456 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər – Cavabdeh3 və Cavabdeh1 borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

20. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34650,92 (otuz dörd min altı yüz əlli manat doxsan iki qəpik) manat əsas borc, 497,93 (dörd yüz doxsan yeddi manat doxsan üç qəpik) manat faiz borcunun tutulması təşkil edir.

21. Əvvəla, qeyd olunmalıdır ki, ekspert rəyində müqavilə müddətinin bitmə tarixinə əsas borcun 51518,99 manat, faiz borcunun 1013,21 manat; maliyyə arayında qeyd olunan tarixə əsas borcun 36082,27 manat, faiz borcunun 1034,36 manat, məhkəməyə müraciət olunan tarixə əsas borcun 31586,71 manat, faiz borcunun 715,97 manat məbləğində olması göstərilsə də, sonradan ödənişlər edilmişdir. Təqdim olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30417,01 manat əsas borc, 8545 manat cərimə borcu olmaqla, cəmi 38962,01 manat borcunun olduğu qeyd olunur.

22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00676-2024 nömrəli maliyyə arayışını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətindən birgə qaydada DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30417,01 manat (otuz min dörd yüz on yeddi manat bir qəpik) əsas borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, faiz borcunun olması müəyyən edilmədiyindən iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir.

22. İddia tələbinin digər hissəsini cavabdeh X1 1763,05 manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 1500 (min beş yüz) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.

25. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 1 (bir) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi kimi 173,60 manat (yüz yetmiş üç manat altmış qəpik) məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

27. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 86,50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətindən birgə qaydada, 13,50 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətindən birgə qaydada DC00214961-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30417,01 manat (otuz min dörd yüz on yeddi manat bir qəpik) əsas borc, 1500 (min beş yüz) manat cərimə, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 173,60 manat (yüz yetmiş üç manat altmış qəpik) olmaqla, ümumilikdə 32090,61 manat (otuz iki min doxsan manat altmış bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 86,50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyətindən birgə qaydada, 13,50 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar