Məhkəmə qərarları › İş №e-2-2(113)-8950/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8950/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8950/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024cü il tarixli, 377615-CNS-62038 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4807,64 manat əsas borc, 387,29 manat faiz borcu olmaqla, ümumilikdə 5194,93 manat məbləğində və 71,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 6100 (altı min yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 4807,64 manat əsas borc, 387,29 manat faiz borcu olmaqla, ümumilikdə 5194,93 manat məbləğində borcu qalmışdır. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 2.1-ci bəndinə əsasən aksept - müştərinin banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan Bankın yazılı cavabıdır. Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən müəyyən edilir ki, Cavabdeh2“Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni kredit alanın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edilir ki, bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 71,95 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də dövlət rüsumu da Cavabdeh2 tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. İşdə olan sübutlar:

5. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı birdəfəlik kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 6100 manat məbləğində kredit verilmişdir. Razılaşma tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında “Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsi”nə dair razılıq ərizəsi bağlanılmışdır.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2nın xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 4807,64 manat, faiz borcu 387,29 manat olmaqla, ümumilikdə borcu 5194,93 manat təşkil edir.

8. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.

13. İddia tələbinin bir hissəsini İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4807,64 manat əsas borc, 387,29 manat faiz borcunun tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş faizlərlə birgə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı kredit müqaviləsi üzrə 4807,64 manat (dörd min səkkiz yüz yeddi manat altmış dörd qəpik) əsas borc, 387,29 manat (üç yüz səksən yeddi manat iyirmi doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

15. Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,95 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,95 manat (yetmiş bir manat doxsan beş qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 377615-CNS-62038 saylı kredit müqaviləsi üzrə 4807,64 manat (dörd min səkkiz yüz yeddi manat altmış dörd qəpik) əsas borc, 387,29 manat (üç yüz səksən yeddi manat iyirmi doqquz qəpik) faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,95 manat (yetmiş bir manat doxsan beş qəpik) olmaqla, cəmi 5266,88 manat (beş min iki yüz altmış altı manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar