Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-897/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 əsas borc üzrə 20359,68 ABŞ dolları, ona hesablanmış 1421,14 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3841 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25621,82 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 108000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına kreditin əsas borcu 20359,68 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1421,14 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3841 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25621,82 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 №-li kredit müqaviləsinə əsasən sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 04 iyul 2019-cu il tarixli, 2019/00184-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 12.07.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri FM Consulting tərəfindən 02.07.2019-cu il tarixinə 108000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər tam ödənilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 20359,68 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 34109,59 ABŞ dolları borcun və dövlət borcunun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 20359,68 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4526,91 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9223 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 34109,59 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunarkən "xxxx" MMC-nin rəyi əsas götürülə bilməz. Belə ki, rəydə əmlakın sahəsi səhvən 99,2 kv.m göstərilmişdir. Halbuki, mülkiyyət hüququnu təsdiq edən sənəddən də görünür ki, əmlakın sahəsi 89 kv.m-dir. "xxxx" MMC tərəfindən tərtib olunmuş rəydə isə mənzilin sahəsi düzgün olaraq 89 kv.m və likvid dəyəri 110000 manat müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 60 ay müddətinə 23000 ABŞ dolları məbləğində illik 24% ödənilmək şərtilə kredit ayrılmışdır. Müqavilə öhdəliklərinin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 89 kv.m. ümumi, 46.1 kv.m. yaşayış və 42.9 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 80 nömrəli mənzil (çıxarış Seriya MA: № 0073149, Dövlət reyestrində 1156 nömrəli reyestr kitabının 104855 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********72-05301-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.05.2010) və 2017/00459-Z0 saylı zaminlik müqaviləsi) ipoteka qoyulmuşdur. - 04 iyul 2019-cu il tarixli, 2019/00184-01İP sonrakı ipoteka müqaviləsinə əsasən üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu Müqavilənin 2.2-ci bəndində qeyd olunmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 89 kv.m. ümumi, 46.1 kv.m. yaşayış və 42.9 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 80 nömrəli mənzil (çıxarış Seriya MA: № 0073149, Dövlət reyestrində 1156 nömrəli reyestr kitabının 104855 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********72-05301-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.05.2010) əmlak yüklü edilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2017-ci il tarixli 2017/00459-01 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə verilən 10000 ABŞ dolları məbləğində kredit və 04 iyul 2019-cu il tarixli 2019/00184-01 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə verilmiş 23000 ABŞ dolları məbləğində kredit, kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.07.2019-cu il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. - 18.12.2020-ci il tarixli, 1505-122020 saylı borc haqqında arayışa əsasən Cavabdeh2 04.07.2019-cu il tarixli 2019-0014-01 saylı İstehlak Kredi müqaviləsi üzrə 18.12.2020-ci il tarixinə borcu kreditə görə 20359,68 ABŞ dolları, faiz borcu 1421,14 ABŞ dolları, dəbbə pulu 3841 ABŞ dolları olmaqla cəmi 25621,82 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən üqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2n kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa məhkəmə tələbin ikinci hissəsini təşkil edən əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin 08.05.2021-ci il tarixli, 9/2148 saylı rəyinə əsasən 04 iyul 2019-cu il tarxdə bağlanmış 2019-00184-01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı BOKT ASC-yə maliyyə arayışının tarixinə 18.02.2020-ci il tarixinə olan borcu 21835,53 ABŞ dolları, əsas borc üzrə 20651,51 ABŞ dolları və faiz borcu 1184,02 ABŞ dolları təşkil etmişdir. Buna görə məhkəmə hesab edir ki, 04 iyul 2019-cu il tarxdə bağlanmış 2019- 00184-01 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcuna münasibətdə iddia tələbi təmin edilərkən ekspert rəyinə əsasən müəyyən olunmuş əsas borc iddia tələbində göstərilən məbləğdən çox olduğuna görə məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə iddia tələbinə uyğun olaraq təmin edilməlidir. Ekspert rəyi alındıqdan sonra iddia tələbi artırılaraq faiz borcu 4526,91 ABŞ dolları müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 18 dekabr 2020-ci il tarixə faiz borcunun 1421,14 ABŞ dolları hesablanması nəzərə alınarsa, 09 avqust 2021-ci il tarixə hesablanmış faiz borcunun 4526,91 ABŞ dolları olması ilə məbləğlər arasında kəskin fərq yaranmır və buna görə də iddianın faiz borcu ilə bağlı hissəsi də təmin olunmalıdır, faiz borcunun yenidən hesablanması ilə bağlı ekspertizanın təyin olunması işə ağlabatan müddət ərzində baxılmasını mümkünsüz etməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 20359,68 ABŞ məbləğində əsas borca tənasübsüz olaraq 9223 ABŞ dolları cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəliklər icra olunmadığı andan deyil, bir neçə ay keçdikdən sonra iddiaçı müraciət edərək zərərin artmasına şərait yaratdığına görə hesablanmış 9223 ABŞ dolları məbləğində dəbbə pulunun məbləği azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər aralarında bağlanmış kredit müqavilələrinin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 89 kv.m. ümumi, 46.1 kv.m. yaşayış və 42.9 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 80 nömrəli mənzil (çıxarış Seriya MA: № 0073149, Dövlət reyestrində 1156 nömrəli reyestr kitabının 104855 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********72-05301- 093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.05.2010) və 2017/00459-Z0 saylı zaminlik müqaviləsi) ipoteka qoyulmuşdur ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdeh əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyul mənzil sahəsinə tutmanın yönəldilməsi barədə tələb də əsaslıdır əsaslı və qanunidir. Lakin məhkəmə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsini əsassız hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 59.3-cu maddəsinə əsasən iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2(113)-897/2021 saylı qərardadına əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 80 saylı mənzilin likvid qiymətinin müəyyən olunması məqsədilə mütəxəssis rəyinin verilməsi “Leqal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “Leqal Prime” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli mütəxəssis rəyində ünvan 5 ünvanında yerləşən 80 saylı mənzilin likvid qiyməti 125000 manat müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi həmin rəyə etirazını onunla əsaslandırmışdır ki, rəydə əmlakın sahəsi səhvən 99,2 kv.m göstərilmişdir. Halbuki, mülkiyyət hüququnu təsdiq edən sənəddən də görünür ki, əmlakın sahəsi 89 kv.m-dir. Buna görə də iddiaçının özü tərəfindən məhkəməyə "xxxx" MMC-nin 19 avqust 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatı təqdim olunmuş və hesabatda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin həmin tarixə olan bazar dəyəri 122000 manat və likvid dəyəri 110000 manat müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəddə mənzilin sahəsi 89 kv.m göstərilməsnə baxmayaraq “Leqal Prime” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli mütəxəssis rəyində mənzilin sahəsi 99,2 kv.m göstərilmiş və hesablama da buna uyğun aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, likvid qiymət müəyyən olunarkən "xxxx" MMC-nin 19 avqust 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatı əsas götürülərək 110000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş pul vəsaiitinin 72 manat məbləğində hissəsi Cavabdeh2, 28 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 №-li kredit müqaviləsi ləğv edilsin. 04 iyul 2019-cu il tarixli, 2019/00184-01 №-li kredit müqaviləsi üzrə əsas borc 20359,68 ABŞ doları, 4526,91 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 25886,59 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 80 saylı mənzilə yönədilsin, həmin əmlakın likvid dəyəri 110000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 25886,59 ABŞ dolları məbləğində borc ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti Cavabdeh2, 28 manat məbləğində pul vəsaiti İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-897/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-897/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver