Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-897/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X2 katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında 11 sentyabr 2023-cü il tarixli KT-CNT-230011 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə icarəyə verən və icarəyə götürən arasında aşağıda göstərilən xidmətləri sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. 1.2-ci bəndinə əsasən icarəyə verənin təqdim etdiyi xidmətlər aşağıdakılar daxildir: a) 10 ədəd yataq tipli və əlavə 1 ədəd hamam X4lərin icarəyə verilməsi b) İcarəyə götürənin tapşırığı ilə İcarəyə verən nəqliyyat-ekspedisiya xidmətlərin göstərilməsi. 3.1-ci bəndinə əsasən mövcud müqavilənin predmetinə əsasən göstərilən işin və icarəyə verilən konteynerlərin ilkin qiyməti və hesablaşmalar bu müqavilənin ayrılmaz hissəsi olan X1 (QRP) əlavədə öz əksini tapır və ödəmələr uyğun olaraq icarəyə verən tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında həyata keçirilir. 3.2-ci bəndinə əsasən ödəmə hesab-faktura əsasında təhvil təslim aktı imzalandığı gündən 3 iş günü müddətində təmin edilir. 3.3-cü bəndinə əsasən bank ödənişi ilə əlaqədar olan xərclər tərəflərin özlərinə aid ödəniş edir. 7.1-ci bəndinə əsasən mövcud müqavilə imzalandığı gündən güvvəyə minir və 31 dekabr 2023cü il tarixinədək etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2023-cü il tarixli KUR-İN23-058 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə əşyaların (X5 icarəsi (bir aylıq), X3 icarəsi (bir aylıq), X6 Xidməti, Kran Xidməti) müvafiq olaraq icarə və xidmət haqqısının (2884 manat ƏDV daxil) ümumilikdə 17784 manat olması barədə razılaşmışlar.
3. xx.xx.2023-cü il tarixli KUR-İN23-058 nömrəli hesab-fakturaya (invoice) əsasəm İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq icarəyə veriləcək əşyaların (X5 (bir aylıq), X3 (bir aylıq) və göstəriləcək xidmətlərin (X6 Xidməti, Kran Xidməti) ümumi dəyəri (2884 manat ƏDV daxil) ümumilikdə 17784 manat təşkil edir.
4. xx.xx.2023-cü il tarixli KUR-İN23-058 nömrəli xidmətlərin göstərilməsi haqqında akta əsasən icarəyə verən tərəfindən xx.xx.2023-cü il tarixli KUR-İN23-058 nömrəli hesab-fakturaya (invoice) əsasən (2884 manat ƏDV daxil) ümumilikdə 17.784 manat dəyərində müvafiq olaraq əşyalar (X5 (bir aylıq), X3 (bir aylıq) icarəyə verilmiş və xidmətlər (X6 Xidməti, Kran Xidməti) göstərilmişdir.
5. İddiaçı MMC tərəfindən KT-CNT-230011 nömrəli müqavilə üzrə əşyaların icarəyə verilməsinə (X5 (bir aylıq), X3 (bir aylıq) və göstərilmiş xidmətlərə görə (X6 Xidməti, Kran Xidməti) ümumlikdə (2484 manat ƏDV daxil) 17784 manat dəyərində EBDO seriyalı, 279701 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
6. 21.11.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə EBDO seriyalı, 279701 nömrəli elektron qaimə-fakturaya əsasən 1.027,16 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun xx.xx.2023-cü il tarixinə kimi ödənilməsi xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc kimi 17784 manat pul vəsaitinin və mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 210 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanılmış KT-CNT-230011 №-li , xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cəmiyyətlərinə məxsus 10 ədəd yataq tipli, 1 ədəd X3ləri icarəyə verilmişdir. Həmçinin bildirirlər ki, müqavilə üzrə öhdəliklər tərəflərindən tam olaraq yerinə yetirilməmiş və hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17784 manat məbləğində borcu yaranmışdır. Yuxarıda yazılanları nəzərə alıb 17784 manat məbləğindəki pul vəsaitinin 27 dekabr 2023cü il tarixinə kimi İddiaçı MMC-nin hesabına ödənilməsini xahiş etsələr də cavabdeh tərəf tələblərini təmin etməyib. Həmçinin bildirirlər ki, borc pul məbləğinin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün mediasiya sessiyasında iştirakla bağlı 210 manat məbləğində əlavə xərcləri çıxmışdır. Hesab edirlər ki, bu xərclər də cavabdehdən alınaraq onlara qaytarılmalıdır
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən bu günə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, belə ki, bu gün Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisələrə dair iş üzrə məhkəmə iclasında vəkil qismində iştirak etməsinin olduqca vacib olduğunu, amma buna baxmayaraq iddia tələblərini müdafiə etdiklərini və işə iddiaçının iştirakı olmadan baxılaraq, təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı çıxarılmasına etiraz etmədiklərini, yuxarıda yazılanları nəzərə alaraq işə təqdim edilmiş sübutlar əsasında baxılmasını, iddia tələbinin tam olaraq təmin edilməsini və bununla bağlı yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 sentyabr 2023-cü il tarixli KT-CNT-230011 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə qiymət razılaşdırma protokollarında göstərilmiş əşyaları (X5, X3) cavabdehə təhvil verərək eləcə də xidmətlər (X6 Xidməti, Kran Xidməti) göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə və xidmət haqqını tam və vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
21. Digər tərəfdən mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya olan borc məbləği ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya ödəməli olduğu icarə haqqı və göstərdiyi xidmət haqqı cəmi ƏDV daxil 17.784 manat təşkil etmiş və həmin məbləğdən cavabdeh tərəfindən 1.027,16 manat ƏDV ödənişi ödənilmişdir. Odur ki, hazırda Cavabdeh MMC-nin 11 sentyabr 2023-cü il tarixli KT-CNT-230011 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə olan cəmi borcu 16.756,84 (17.784-1027,16) manat təşkil edir.
22. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş əşyalara (X5, X3) və göstərilmiş xidmətlərə (X6 Xidməti, Kran Xidməti) görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 16.756,84 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
23. Hazırkı iş üzrə 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 143,35 manat təşkil edir.
25. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11 sentyabr 2023-cü il tarixli KT-CNT-230011 nömrəli icarə müqaviləsinə üzrə 16.756,84 manat məbləğində borc və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 190 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva