Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-899/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 6498,98 manat cərimə borcu olmaqla ümumilikdə 34921,88 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 194,77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01279 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir və həmin arayışdan görünür ki, mediasiya prosesinin tərəfləri iddiaçı ilə Cavabdeh1 və X2 olmuşdur. Məhkəməyə təqdim edilən vərəsəlik işi materiallarından Cavabdeh2 X1 vərəsəsi olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 58.2-ci maddəsindən çıxış edərək məhkəmə qeyd edir ki, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlərin hüquqi varisi üçün də məcburi olması məhkəmə icraatının gedişində tərəflərdən biri sıradan çıxdığı halda tərəfin hüquq varisi ilə əvəz edilməsi nəticəsində yaranmış prosessual hüquq varisliyinin məzmununu təşkil edir. Hazırkı iş üzrə isə iddiaçı maddi hüquqi mənada universal hüquq varisliyinə - vərəsəliyə əsaslanaraq Cavabdeh2 iddiasına cavab verməli olan şəxs-cavabdeh qismində qeyd etmişdir. Belə olan halda, X2 ilə iddiaçı arasında aparılmış mediasiya prosesi Cavabdeh2 üçün prosessual hüquqi nəticələr əmələ gətirmir və təqdim olunan mediasiya arayışı iddiaçının prosessual tələblərə riayət etməsi kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48, 50, 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-899/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-899/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver