Məhkəmə qərarları › İş №e-2-2(113)-902/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-902/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-902/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "x" Fərdi şirkətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “x” Fərdi şirkəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə “x” fərdi şirkəti arasında bağlanmış 03i/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli Maşın mexanizmlərinin icarə Müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 20000 manat məbləğində borcun tutularaq “Qaraçay” fərdi şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “x” fərdi şirkəti arasında 03i/2017 saylı xx xxxxxx 2017-ci il tarixli Maşın mexanizmlərinin icarə Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “x” fərdi şirkəti **-JU-*** dövlət qeydiyyat nişanlı “TRUCK CRANE QX20H431” yük avtokranını “xxxx” MMC-nin istifadəsinə verməyi, “xxxx” MMC isə müqavilə ilə müəyyənləşdirilmiş 14 faiz ödəmə mənbəyindən tutulan vergi ilə birlikdə aylıq 10000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən avtokran “xxxx” MMC-nin istifadəsinə verilsə də, “xxxx” MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş icarə haqları tam ödənilməmişdir. xx xxxxxxx 2018-ci il tarixdə aralarında bağlanmış Üzləşmə aktına əsasən “xxxx” MMC-nin qeyd edilən müqavilə üzrə “x” fərdi şirkətinə 20000 manat borcu yaranmışdır. Tərəflərindən dəfələrlə “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin müqavilənin müddətinin bitməsindən artıq 15 ay müddətin keçməsinə baxmayaraq, “xxxx” MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddialarını müdafiə etdiyini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, tələb tamamilə əsassızdır. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddiaçı tərəfindən tələbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmayıb. Üzləşmə aktı sübut sayıla bilməz. Belə ki, həmin aktda cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü yoxdur. Ona görə iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş: - 03i/2017 saylı xx xxxxxx 2017-ci il tarixli Maşın və mexanizmlərin icarə müqaviləsinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən müqavilədə qeyd edilən **-JU-*** qeydiyyyat nömrə nişanlı TRUCK CRANE QX20H431 yük avtokranı (bundan sonra "icarə predmeti" adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş aylıq 14% ödəmə mənbəyindən, tutulan vergi ilə birlikdə 10000 (on min) AZN icarə haqqını bu müqavilə imzalandıqdan sonra və kranın 5 (beş) gün müddətinə istismara hazır olduğu gündən ödəməyi öhdəsinə götürür. - iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında bağlanmış 03i/2017 saylı xx xxxxxx 2017-ci il tarixli Maşın və mexanizmlərin icarə müqaviləsinin: 1.2-ci maddəsinə əsasən icarəyəverən bu Müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini İcarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhviltəslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır; 2.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği 14% ödəmə mənbəyindən tutulan vergi ilə birlikdə 10000 (on bir min dörd yüz) AZN təşkil edir; 2.2-ci maddəsinə əsasən icarəçi icarə haqqını İcarə verənə, tərəflərin qarşılıqlı razılığı ilə müqavilə hüquqi qüvvəyə mindiyi gündən hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında, bank hesabına köçürmək üsulu ilə və ya nəğd şəkildə ödəməyi öhdəsinə götürür; 3.1.1-ci maddəsinə əsasən aylıq icarə haqqının bu müqavilənin 2.1 və 2.2 bəndlərində göstərildiyi şəkildə ödənilməsini tələb etmək icarəyəverənin hüquqlarına daxil edilmişdir; 3.2.4-cü maddəsinə əsasən icarəçi icarə haqqını bu müqavilənin 2.1 və 2.2 bəndlərində göstərildiyi şəkildə ödəməlidir; 5.1-ci maddəsinə əsasən müqavilə imzalanan andan qüvvəyə minir və 6 (altı) ay müddətinə qədər qüvvədədir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, icarəyəverən aylıq icarə haqqının bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində göstərildiyi şəkildə ödənilməsini tələb edə bilər. 2.2-ci bəndə əsasən isə icarəçi icarə haqqını icarəyə verənə, tərəflərin qarşılıqlı razılığı ilə hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında ödəyir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hala dair sübut qismində müqavilə və üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Yalnız müqavilə özlüyündə tələbin təsdiqi üçün yetərli deyil. xx.xx.2018-ci il tarixli Üzləşmə hesabatında bir “məsul şəxs” qrafasında qarşısında imza, digər “məsul şəxs” qrafasında isə ad soyad göstərilməyərək, yalnız imza vardır. Cavabdehin nümayəndəsi hər hansı şəxsə belə bir aktı imzalamaq səlahiyyəti verilmədiyini və cavabdehin iddiyaçıya borcunun olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbinə qiymət verərək belə qənatə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərəkən öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, buna dair əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz və rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar