Məhkəmə qərarları › İş №e-2-2(113)-91/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-91/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-91/2020 25.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi Rəhimov Kənan Rövşən oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında “Nizami Plaza” Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 45 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəsi haqqında İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01/03/17/046 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 3935,05 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi ƏDV daxil 3965,45 manat məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış ünvan 1 1 ünvanında, “Nizami Plaza” Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 45 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında L-03/17/046 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən icarəyə verilən əmlak üçün aylıq icarə haqqı ƏDV daxil 700 manat müəyyən edilmiş, ödənişlərin hər cari ayın ilk 10 günü ərzində həyata keçirilərək müvafiq hesab-faktura təqdim olunan tarixdən 3 iş günündən gec olmayaraq iddiaçının bank hesabına köçürülməsi razılaşdırılmış, bununla belə cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən ona ƏDV daxil 3935,05 manat məbləğində borc hesablanmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə xx.xx.2018-ci il tarixində xitam verilmiş, xitam razılaşmasına əsasən cavabdehin, hər ay ƏDV daxil 700 manatdan az olmamaqla, xitam tarixindən 6 ay ərzində tam ödəmək öhdəliyini üzərinə götürmüş, lakin bu öhdəliyin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rəhimov Kənan Rövşən oğlu izahatında Cavabdeh MMC-nin iddiaçıya icarə haqqı kimi 3965,45 manat məbləğində borcu olduğunu etiraf etmiş, lakin hal-hazırda həmin borcu ödəmək üçün dövriyyədə və balansda maddi imkanlarının olmadığını bildirərək, bu barədə ərizə təqdim etmişdir. İşə əlavə edilmiş L-01/03/17/046 nömrəli xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC-nin arasında icarə haqqı 700 manat olmaqla müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən əsas borc etiraf edildiyindən iddia 3935,05 manat məbləğində pulun cavabdehdən tutulması və iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia dövlət rüsumu tələbi hissəsində təmin edilməli və 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 0,40 manat bank xərci olduğundan, iddiaçı isə onu dövlət rüsumunun əvəzi kimi tələb etdiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ünvan 1 ünvanında “Nizami Plaza” Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 45 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəsi haqqında 01/03/17/046 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixinə yığılmış ƏDV daxil 3935,05 manat məbləğində əsas borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia 0,40 manat tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar